Fəsil 25
İsa cüzamlıya şəfqət göstərir
İSA MƏSİH dörd şagirdi ilə Qalileyanın şəhərlərini gəzərkən gördüyü xeyirxah işlərin səsi bütün bölgəyə yayılır. Bir şəhərdə cüzamlı bir adam olur. O da İsa haqqında eşidir. Həkim Luka yazdığı «Xoş xəbər»də o adamın «başdan-ayağadək cüzam içində» olduğunu göstərir. Bu qorxunc xəstəlik insanın bütün bədəninə yayılıb onu eybəcər hala salır. Bunun ucbatından cüzama tutulmuş bu kişi lap yazıq haldadır.
İsa həmin şəhərə gələndə cüzamlı ona yaxınlaşır. Əslində, Allahın Qanununa görə cüzama tutulmuş adam ucadan: «Murdaram! Murdaram!» — deyə qışqırıb xəbərdar etməlidir ki, adamlar ona yaxın gəlib xəstəliyə yoluxmasınlar. Kişi İsanın qarşısında üzüqoylu yıxılıb yalvarır: «Ağa, əgər istəsən, məni təmizləyə bilərsən».
Görün bu adamın qəlbində İsa Məsihə necə böyük inam var! Amma xəstəlik onu yaman acınacaqlı hala salıb. Görəsən, İsa nə edəcək? Bəs siz nə edərdiniz? İsa bu kişinin halına acıyır. Şəfqətlə əlini uzadır və ona toxunub deyir: «İstəyirəm. Təmizlən». Həmin anda onun cüzamı yox olur.
İstəyərdiniz, sizin belə mərhəmətli rəhbəriniz olsun? İsa Məsihin bu adamla şəfqətlə davranması bizi əmin edir ki, o, məhz belə rəhbər olacaq. Allah onu səmavi Padşahlıqda padşah təyin edib. Bu Padşahlıq yeri idarə edəcək. İsanın hakimiyyəti dövründə «Zəbur» kitabındakı: «Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir», peyğəmbərliyi yerinə yetəcək. Bəli, İsa Məsih bütün əzab çəkənlərə böyük həvəslə kömək edəcək.
İsanın işləri hələ bu möcüzədən əvvəl də hər yerə səs salmışdı. Buna görə də o, sağaltdığı adama bərk-bərk tapşırır: «Məbada bunu kiməsə danışasan» (bununla Yeşaya peyğəmbərin sözləri yerinə yetir). Sonra İsa əlavə edir: «Get özünü kahinə göstər və onlara şəhadət olsun deyə, təmizləndiyin üçün Musanın əmr etdiyi şeyləri təqdim et».
Lakin kişi sevindiyindən susa bilmir, o gedir və bu möcüzəni hamıya danışır. Beləcə, camaatda o qədər maraq oyanır ki, İsa artıq heç bir şəhərə açıq-aşkar girə bilmir və kimsəsiz yerlərdə qalır. Hər tərəfdən adamlar onu dinləmək və şəfa tapmaq üçün axışıb onun yanına gəlirlər. Luka 5:12—16; Mark 1:40—45; Matta 8:2—4; Levililər 13:45; 14:10—13; Məzmur 72:13; Yeşaya 42:1, 2.
▪ Cüzam xəstəliyi insanı hansı hala salır və cüzama tutulmuş adam qışqırıb nə deməli idi?
▪ Cüzama tutulmuş adam İsaya nə deyir və İsanın rəftarından biz nə öyrənə bilərik?
▪ Sağalmış adam İsanın göstərişinə əks olaraq nə edir və bunun nəticəsi necə olur?