Fəsil 48
İsa yenidən Nazaretə gedir
HƏMİN gün İsa Məsih çox çalışmışdı: o, Dekapoldan qayıqla Kapernahuma qayıtmış, qanaxmadan əziyyət çəkən qadını sağaltmış və Yairin qızını diriltmişdi. Amma gün hələ qurtarmayıb. Yairin evindən qayıdanda iki nəfər kor kişi onun dalınca düşüb bərkdən çığırır: «Davud Oğlu, bizə rəhmin gəlsin!»
«Davud Oğlu» deməklə bu kişilər İsanın Davud padşahın taxt-tacının varisi, deməli, vəd edilmiş Məsih olduğuna inandıqlarını göstərirlər. Amma İsa, ola bilsin onların inadını yoxlamaq məqsədilə, özünü elə aparır ki, guya onların xahişini eşitmir. Kişilər isə əl çəkmirlər. Onlar ta İsanın qaldığı evə qədər onun ardınca gedir, o, evə girəndə onlar da içəri girirlər.
Orada İsa onlardan soruşur: «Sizcə, mən bunu edə bilərəm? Buna inanırsınız?»
Onlar: «Bəli, Ağa, inanırıq», — deyə qətiyyətlə cavab verirlər.
İsa onların gözlərinə toxunur və deyir: «Qoy inandığınız kimi olsun». Onların gözləri dərhal açılır. İsa onlara bərk-bərk tapşırır: «Baxın ha, bunu heç kəsə danışmayın!» Onlar isə sevindiklərindən İsanın əmrini unudub, bütün ətrafda onun haqqında danışırlar.
Kişilər gedər-getməz İsanın yanına cinə tutulmuş bir adam gətirirlər, cin onu lal etmişdi. İsa cini qovan kimi bu adamın dili açılır. Camaat heyrətlə deyir: «İndiyəcən İsraildə belə şey olmayıb».
Burada fəriseylər də var. Onlar möcüzələri inkar edə bilmirlər, lakin bədxah olduqlarından inamsızlıq göstərir və İsanın möcüzələrinin arxasında kimin durduğunu danıb yenə də: «Bu adam cinlərin hökmdarının əli ilə cin qovur», — deyirlər.
Bundan bir az sonra İsa Məsih boya-başa çatdığı Nazaretə yollanır, bu səfər şagirdləri də onunladır. Təxminən bir il qabaq o, burada sinaqoqda söhbət etmişdi. Əvvəlcə camaat onun xoş sözlərini heyrətlə dinləmiş, sonra isə verdiyi təlimdən inciyib qəzəblənərək onu öldürmək istəmişdi. Ancaq İsanın keçmiş qonşularına rəhmi gəlir və təzədən onlara kömək əlini uzadır.
Başqa yerlərdə camaat axışıb İsanın başına toplaşırdı, burada isə deyəsən belə olmur. Buna görə də o, şənbə günü sinaqoqa gedir və orada təlim verir. Onu dinləyənlərin çoxu mat-məəttəl qalıb soruşur: «Bu adamda bu qədər hikmət və möcüzə haradandır? Məgər bu, dülgərin oğlu deyil? Məgər anasının adı Məryəm deyil? Məgər bu, Yaqub, Yusif, Şimon və Yəhudanın qardaşı deyil? Bütün bacıları da aramızda deyillərmi? Elə isə, bu adamda bütün bunlar haradandır?»
Bəli, onların fikrincə İsa adi bir insandır, onların gözü qabağında böyüyüb, onun ailəsini tanıyırlar. Axı o, necə Məsih ola bilər? Bütün sübut-dəlillərə, ondakı hikmətə və göstərdiyi möcüzələrə baxmayaraq, onlar İsanı qəbul etmirlər. Hətta yaxın qohum-əqrəbası da ona inanmır. Bu səbəbdən İsa deyir: «Peyğəmbər təkcə öz yurdunda, öz evində və qohumlarının arasında hörmət görmür».
İsa onların bu inamsızlığına məəttəl qalır. Buna görə də o, Nazaretdə cəmi bir neçə xəstənin üzərinə əlini qoyub sağaldır, daha başqa möcüzə göstərmir. Matta 9:27—34; 13:54—58; Mark 6:1—6; Yeşaya 9:7.
▪ Kor kişilər İsaya «Davud Oğlu» deyə müraciət etməklə nəyə inandıqlarını göstərirlər?
▪ Fəriseylər İsanın möcüzələrini kimlə əlaqələndirirlər?
▪ İsanın Nazaret əhlinə rəhmi gəldiyi nədən görünür?
▪ İsa Nazaretdə necə qarşılanır və nə üçün?