Fəsil 49
Qalileyada növbəti təbliğ işi
TƏXMİNƏN iki ildir ki, İsa Məsih yorulmadan təbliğ edir. İndi də o dincəlmir, həvəslə Qalileya bölgəsinə üçüncü dəfə təbliğ səyahətinə çıxaraq fəaliyyətini daha da genişləndirir. O, bir-bir şəhər və kəndləri gəzir, Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ edir. Bu səyahət zamanı gördüyü şeylər onu əmin edir ki, təbliğ işini gücləndirmək lazımdır.
İsa hansı yerə gəlirsə ruhani cəhətdən yoxsul, təsəlliyə möhtac kütlələri görür. İsa onların halına acıyır, çünki bu adamlar «çobansız qoyunlar kimi yazıq və pərakəndə halda»dırlar. O, şagirdlərinə deyir: «Bəli, məhsul bol, işçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmaq üçün biçinçi göndərsin».
İsanın bu barədə planı var. O, bir il bundan qabaq seçdiyi 12 həvarisini çağırıb təbliğ etmək üçün iki-iki ayırır və onlara tapşırıq verib deyir: «Başqa xalqların yanına aparan yola çıxmayın və samariyalıların şəhərlərinə girməyin. Yalnız İsrail evinin itmiş qoyunlarının yanına gedin. Getdiyiniz yerlərdə: “Səmavi Padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin».
Onlar səmavi Padşahlıq haqqında təbliğ etməlidirlər. Nümunə üçün verdiyi duada İsa şagirdlərinə bu Padşahlıq haqqında dua etməyi öyrətmişdi. Bu Padşahlıq artıq yaxınlaşıb, çünki Allahın təyin etdiyi padşah, yəni İsa Məsih onlarladır. Şagirdlər səmavi hökumətin nümayəndələri olduqlarını təsdiq edə bilsinlər deyə İsa onlara şəfa vermək və diriltmək qabiliyyəti verir. Həmçinin onlara tapşırır ki, bunu havayı etsinlər.
Sonra İsa şagirdlərinə deyir ki, təbliğə gedərkən maddi ehtiyacları üçün tədarük görməsinlər: «Kisənizə qızıl, gümüş və ya mis pul qoymayın. Özünüzlə nə heybə, nə dəyişək köynək, nə səndəl, nə də əsa götürməyin, çünki zəhmətkeş ruziyə layiqdir». Xoş xəbərə minnətdarlıqla hay verənlər onları yemək və yataqla təmin edəcəkdi. İsa deyir: «Hansı şəhərə və ya kəndə girsəniz, layiqli adamları axtarın və başqa yerə gedənə qədər orada qalın».
Bunun ardınca İsa şagirdlərinə, ev sahibləri ilə Padşahlıq haqqında necə söhbətə başlamağı öyrədir: «Bir evə girəndə ev sakinlərini salamlayın. Əgər o evdəkilər layiqlidirlərsə, qoy dilədiyiniz sülh onların üzərinə gəlsin, yox əgər layiqli deyillərsə, qoy sülhünüz özünüzə qayıtsın. Hansı yerdə sizi qəbul etməsələr və ya sözünüzü dinləməsələr, o evdən, yaxud o şəhərdən çıxanda ayağınızın tozunu da çırpın».
İsa deyir ki, şagirdlərin gətirdiyi xəbəri qəbul etməyən şəhər məhkum ediləcək. O bəyan edir: «Əmin olun ki, Sodom və Homorra torpağı üçün Hökm günündə tab gətirmək o şəhərə nisbətən daha asan olacaq». Matta 9:35—10:15; Mark 6:6—12; Luka 9:1—5.
▪ İsa Qalileyaya üçüncü təbliğ səfərinə nə vaxt başlayır və bu səfər zamanı nəyə əmin olur?
▪ İsa 12 şagirdini təbliğə göndərəndə onlara hansı göstərişləri verir?
▪ Şagirdlər hansı səbəbə görə səmavi Padşahlığın yaxınlaşdığı haqqında öyrədə bilərdilər?