Allaha yaxınlaşın
Allah bizi dəyərləndirir
‘ÜRƏYİMİZ bizi məhkum edə’ bilər. Müqəddəs Kitab bu sözlərlə göstərir ki, özümüzə həddindən artıq tənqidi yanaşmağımıza hərdən ürəyimiz səbəb ola bilər. O bizdə elə fikir yarada bilər ki, sanki Allahın məhəbbət və qayğısına layiq deyilik. Lakin Müqəddəs Kitab bizi əmin edir: «Allah ürəyimizdən üstündür və hər şeyi bilir» (1 Yəhya 3:19, 20). Allah bizi özümüzdən daha yaxşı tanıyır. Onun bizim haqqımızda olan rəyi bizimkindən çox fərqlənə bilər. Belə isə, nöqteyi-nəzəri daha əhəmiyyətli olan Yehova Allahın gözündə nə dərəcədə dəyərliyik? Bu sualın cavabını, İsanın iki dəfə çəkdiyi təsirli nümunədən öyrənmək mümkündür.
Bir dəfə İsa demişdir ki, ‘iki sərçə bir assariyə satılır’ (Matta 10:29, 31). Digər halda isə, Luka 12:6, 7 ayələrinə əsasən, İsa belə demişdir: «Məgər beş sərçə iki assariyə satılmırmı? Və Allahın yanında onlardan heç biri unudulmamışdır... Odur ki, qorxmayın; siz bir çox sərçədən daha dəyərlisiniz». Bu sadə, ancaq təsirli nümunə, Yehovanın hər bir xidmətçisinə necə yanaşdığını göstərir.
Qida üçün istifadə edilən quşlar arasında ən ucuzu sərçə idi. Şübhəsiz ki, İsa yoxsul qadınların — bəlkə öz anasının da — ailələrinə yemək hazırlamaq üçün bu balaca quşları bazardan aldıqlarını görmüşdü. İki sərçəni bir assariyə, müasir pul vahidi ilə desək, beş sentdən aşağı qiymətə almaq olardı. Bu quşlar o qədər ucuz idi ki, iki assariyə dörd yox, beş sərçə almaq olardı — beşincini müftə verirdilər.
İsa izah etdi ki, «Allahın yanında onlardan [sərçələrdən] heç biri unudulmamışdır» və ya Atanın xəbəri olmadan «onlardan heç biri yerə düşməz» (Matta 10:29). Yehova, bəlkə də, yaralanıb yerə düşən, yaxud yem axtarmaq üçün yerə enən hər bir sərçəni görür. Əhəmiyyətsiz kimi görünən bu quşları Yehova yaradıb və buna görə də onları unudaraq qayğısız qoymaz. Əslində, Yehova sərçələri dəyərləndirir, çünki Onun üçün qiymətli varlıqlardır. İsanın çəkdiyi bu nümunənin məğzini başa düşürsünüzmü?
İsa xalqı öyrədərkən çox vaxt müqayisədən istifadə edər və böyük məna kəsb edən şeyləri kiçik nümunələr əsasında izah edərdi. Məsələn, İsa həmçinin demişdir: «Alaqarğalara baxın: onlar nə əkir, nə biçir; onların nə anbarı, nə də taxıl mənbəyi vardır və Allah onları yedizdirir. Siz quşlardan nə qədər çox dəyərlisiniz!» (Luka 12:24). İndi İsanın sərçələr haqqında dediyi sözlərin mənası aydındır: əgər Yehova bu balaca quşların qeydinə qalırsa, onda Onu sevən və Ona xidmət edən insanlara nə qədər çox qayğı göstərir?!
Bununla da İsanın sözlərindən aydın olur ki, biz ‘ürəyimizdən üstün’ olan Allahın diqqət və məhəbbətinə layiq olmadığımızı düşünməli deyilik. Məgər təsəlliverici deyilmi ki, hərdən özümüzdə görə bilmədiyimiz şeyləri Yaradanımız görməyə qadirdir?
[İcazə ilə]
Sərçələr: © ARCO/D. Usher/age fotostock