FƏSİL 1
«Allahın Yehovaya səcdə qıl»
MƏZMUN: Pak ibadət dirçəlməlidir
1, 2. Necə oldu ki, İsa Yəhudiyyə çöllüyünə gəldi və orada nə baş verdi? (Fəslin əvvəlindəki şəklə baxın.)
ERAMIZIN 29-cu ilinin payız fəslidir. Ölü dənizdən şimalda, Yəhudiyyə çöllüyündə mühüm bir hadisə vaqe olur. Çılpaq qayalardan, yarğanlardan ibarət olan bu çöllükdə bir nəfər 40 gündür ki, oruc tutub dua edir, dərin düşüncələrə dalır. Söhbət İsa Məsihdən gedir. Qırx gün bundan əvvəl o vəftiz olunub məsh edilmişdi. Sonra müqəddəs ruh onu bura gətirmişdi. İns-cins olmayan bu çöllükdə keçirdiyi günlər ərzində, yəqin ki, Yehova Allah onunla danışıb, onu gələcək hadisələrə hazırlamışdı.
2 İndi isə aclıq İsanı haldan salıb. Təbii ki, Şeytan bu fürsəti fövtə verə bilməzdi. O, dərhal İsaya yaxınlaşır. Bundan sonra baş verənlər mühüm bir məsələni üzə çıxarır. Bu məsələnin pak ibadəti sevən hər kəsə, o cümlədən, sizə də birbaşa aidiyyəti var.
«Əgər sən Allahın oğlusansa...»
3, 4. a) Şeytan ilk iki sınağa hansı sözlərlə başlayır və ehtimal ki, İsanın ürəyinə hansı şübhələri səpmək istəyir? b) Şeytan bu gün necə fənd işlədir?
3 Mətta 4:1—7 ayələrini oxuyun. Şeytan ilk iki sınağa «əgər sən Allahın oğlusansa» deyərək eyhamlı sözlərlə başlayır. Məgər Şeytan İsanın Allahın Oğlu olduğuna şübhə edir? Xeyr. Haqq yoldan azmış bu mələyə çox yaxşı məlumdur ki, İsa Allahın ilk Oğludur (Kol. 1:15). Həmçinin ola bilməz ki, İsa vəftiz olarkən Yehovanın göydən dediyi sözlərdən Şeytanın xəbəri olmasın. Yehova o zaman demişdi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam» (Mət. 3:17). Yəqin, Şeytanın məqsədi o idi ki, İsanın ürəyində Atasının etibarlı olduğuna, onun qeydinə qaldığına şübhə yaransın. Şeytan ilk sınaqda «daşı çörəyə çevir» deyəndə, mahiyyət etibarı ilə, demişdi: «Əgər sən Allahın Oğlusansa, nəyə görə Atan səni bu çöl-biyabanda ac-susuz qoyub?» İkinci sınaqda isə İsaya özünü məbədin ən hündür yerindən atmağı söyləməklə Şeytan, bir növ, demişdi: «Deyirsən mən Allahın Oğluyam, bəs inanırsan Atan səni hifz edəcək?»
4 Şeytan bu gün də eyni fəndlərə əl atır (2 Kor. 2:11). İblis məqam gözləyir ki, Allahın mömin bəndələri zəifləyib ruhdan düşsün. Bunu görən kimi dərhal hücuma keçir. Özü də çox vaxt bunu altdan-altdan edir (2 Kor. 11:14). Şeytan bizə yeritmək istəyir ki, Yehova heç vaxt bizi sevməz və heç vaxt bizdən razı qalmaz. O, həmçinin bizi inandırmağa çalışır ki, Yehova etibarsızdır və Kəlamında verdiyi vədləri yerinə yetirməyəcək. Bu, ağ yalandır! (Yəh. 8:44). Bəs biz nə edək ki, bu yalanlara uymayaq?
5. İsa ilk iki sınaq qarşısında Şeytana necə cavab verdi?
5 Gəlin görək İsa bu iki sınaq qarşısında Şeytana necə cavab verdi. İsa Atasının sevgisinə zərrə qədər də şübhə etmirdi. Onun Atasına etibarı sarsılmaz idi. İsa bir an belə tərəddüd etmədi, Atasının Kəlamından sitat gətirərək Şeytanın iddialarını rədd etdi. Maraqlıdır ki, İsa məhz Yehovanın adı çəkilən ayələri sitat gətirdi (Qan. 6:16; 8:3). Oğul Atanın adını çəkir. Bu, Oğulun Atasına etibar etdiyini göstərən ən güclü sübutdur. Çünki Yehova adı Allahın bütün vədlərini yerinə yetirəcəyinə zəmanətdira.
6, 7. Şeytanın altdan-altdan qurduğu fəndlərə uymamaq üçün nə etməliyik?
6 Şeytanın altdan-altdan qurduğu fəndlərə uymamaq bizim öz əlimizdədir. Əgər Yehovanın Kəlamına etibar etsək, Onun adının mənası barədə düşünsək, buna müvəffəq olacağıq. Müqəddəs Kitabdan Yehovanın mömin, ələlxüsus da pərişan bəndələrinə məhəbbət bəslədiyini, qayğı göstərdiyini oxuyanda bunu özümüzə də aid etməliyik ki, Şeytanın yalanına aldanmayaq. Axı o, bizə yeritməyə çalışır ki, Yehova bizim kimi adamı heç vaxt sevməz, bizdən heç vaxt razı qalmaz (Zəb. 34:18; 1 But. 5:8). Həmçinin Yehovanın həmişə Öz adının mənasını doğrultduğunu yadımızda saxlasaq, vədlərini gerçəkləşdirən Yaradanımızın etibarlı olduğuna şübhə etməyəcəyik (Məs. 3:5, 6).
7 Bəs Şeytanın əsas məqsədi nədir? Əslində, o nəyə nail olmaq istəyir? Üçüncü sınaq vaxtı onun İsaya dediyi sözlərdən bu sualların cavabı aydın olur.
«Diz çöküb mənə səcdə qıl»
8. Üçüncü sınaq vaxtı Şeytan əsl məqsədini necə üzə çıxardı?
8 Mətta 4:8—11 ayələrini oxuyun. Üçüncü dəfə İsanı sınağa çəkəndə Şeytan eyhamlı sözləri kənara qoyub əsl məqsədini üzə çıxardı. O, ehtimal ki, görüntüdə İsaya «dünyanın bütün səltənətlərini və onların calalını» göstərdi, iyrəncliklərini isə, təbii ki, ört-basdır etdi. Sonra dedi: «Əgər diz çöküb mənə səcdə qılsan, bütün bunları sənə verərəm»b. Səcdə! Budur Şeytanın məqsədi. İblis istəyirdi ki, İsa Atasından üz döndərib onu özünə allah bilsin. İlk baxışdan elə görünə bilərdi ki, o, İsaya rahat həyat təklif edir. Sanki deyirdi: «Dünya üzərində hakimiyyətə sahib olacaqsan, dünyanın bütün var-dövləti sənin olacaq, nəyə görə əzab çəkəsən, başına tikandan çələng qoyulsun, qamçılanasan, nəyə görə işgəncə dirəyində edam olunasan». Şeytanın bu təklifi boş sözlər deyildi. İsa da onun dünya hökumətləri üzərində ağa olduğunu inkar etmədi (Yəh. 12:31; 1 Yəh. 5:19). Şeytan İsaya hər şey verərdi, təki o, Atasına xəyanət edib pak ibadətdən dönsün.
9. a) Allahın mömin bəndələri ilə bağlı Şeytanın məqsədi nədir və Şeytan onları nə ilə şirnikdirməyə çalışır? b) İbadət özünə nəyi daxil edir? («İbadət nədir?» adlı çərçivəyə baxın.)
9 Şeytanın bu gün də istəyi odur ki, biz birbaşa və ya dolayısı ilə ona ibadət edək. Şeytan «bu dövrün allahı» olduğu üçün Böyük Babilə daxil olan dinlərdə icra edilən ibadətin son nöqtəsi onda dayanır (2 Kor. 4:4). Ancaq milyardlarla insanın yalan dinlərə etiqad etməsi ona azlıq edir, o, Yehovanın mömin bəndələrini də haqq yoldan döndərmək istəyir. O istəyir ki, bizi var-dövlətlə, vəzifə ilə şirnikdirib məsihilik yolundan, bəzən, «salehlik uğrunda» əzab çəkdiyimiz pak yoldan uzaqlaşdırsın (1 But. 3:14). Əgər biz Şeytana uyub pak ibadət yolunu tərk etsək, Şeytan dünyasına qaynayıb-qarışsaq, mahiyyət etibarı ilə, Şeytana səcdə qılmış, onu özümüzə allah seçmiş olarıq. Bəs nə edə bilərik ki, bu, baş verməsin?
10. İsa üçüncü sınaq vaxtı nə etdi və nəyə görə məhz belə davrandı?
10 Görək üçüncü sınaq vaxtı İsa Şeytana necə cavab verdi. O: «Rədd ol, Şeytan!» — deyib dərhal onu qovdu və bununla Yehovaya sədaqətinin sonsuz olduğunu göstərdi. Əvvəlki iki sınaqda olduğu kimi İsa «Qanunun təkrarı» kitabından Allahın adı çəkilən bir ayəni sitat gətirdi: «Yazılıb: “Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et”» (Mət. 4:10; Qan. 6:13). Beləliklə, İsa Şeytanın yüksək mənsəb, əzabsız, rahat həyat təklifinə uymadı. O bilirdi ki, bu cür həyat çox sürməyəcək. Bundan əlavə, başa düşürdü ki, yalnız Atası ibadətə layiqdir və bircə dəfə belə, Şeytana səcdə qılsa, onun tabeliyinə düşəcək. İsa mətin qaldı, onun allahı olmaq sevdasına düşən İblisin arzusunu gözündə qoydu. Şeytan rədd edildiyini görüb «ondan əl çəkdi»c.
11. Biz Şeytana və onun sınaqlarına qarşı durmaq üçün nə etməliyik?
11 Biz də Şeytanın və bu şər dünyanın sınağından alnıaçıq çıxa bilərik, çünki İsa kimi, bizim də ixtiyarımız öz əlimizdədir. Yehova bizə iradə azadlığı kimi qiymətli bir nemət bəxş edib. Buna görə də, heç kəs, hətta qüdrətli ruhani varlıq olan İblis belə, bizi pak ibadətdən dönməyə məcbur edə bilməz. Biz Yehovaya sadiq qalıb güclü imanla Şeytana müqavimət göstərəndə ona, sanki: «Rədd ol!» — deyirik (1 But. 5:9). Unutmayın, İsa qətiyyətlə Şeytanı rədd edəndən sonra o, çıxıb getdi. Müqəddəs Kitab bizi əmin edir: «İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaq. 4:7).
Pak ibadətin düşməni
12. Şeytan pak ibadətin düşməni olduğunu Ədən bağında necə göstərmişdi?
12 Üçüncü sınaq vaxtı Şeytan pak ibadətin əzəli düşməni olduğunu açıq-aydın göstərdi. Şeytanın pak ibadətə nifrəti ilk dəfə minilliklər öncə Ədən bağında özünü büruzə vermişdi. O, Həvvanı yoldan çıxarmışdı, Həvva da Adəmi Yehovanın əmrindən çıxmağa təhrik etmişdi. Beləliklə, onlar Şeytanın hakimiyyəti və təsiri altına düşmüşdülər. (Yaradılış 3:1—5 ayələrini oxuyun; 2 Kor. 11:3; Vəhy 12:9.) Bununla da, Şeytan onların allahı olmuşdu. Adəmlə Həvva əslində onları yoldan çıxaranın kim olduğunu bilməsə də, Şeytana ibadət etmiş oldular. Üstəlik, Ədən bağında üsyan qaldırmaqla Şeytan təkcə Yehovanın ali hakimiyyətini, yəni hakimiyyət sürmək hüququnu sual altına almadı, həmçinin pak ibadətə hücum etdi.
13. Hakimiyyət məsələsi pak ibadətlə necə bağlıdır?
13 Hakimiyyət məsələsi pak ibadətlə zəncirvari bağlıdır. İbadətə təkcə yerin-göyün Hökmdarı, «hər şeyin yaradanı» Yehova Allah layiqdir (Vəhy 4:11). Yehova kamil insanları, Adəmlə Həvvanı yaradıb Ədən bağında məskun edəndə niyyət etmişdi ki, yer üzü əvvəl-axır kamil insanlarla dolsun və onlar könül xoşluğu ilə Ona ibadət etsinlər. Bir sözlə, pak qəlblərdən gələn pak ibadət bütün dünyanı bürüsün (Yar. 1:28). Şeytan yalnız Külli-İxtiyar Yehovaya məxsus olan şeyə, yəni ibadətə göz dikdiyi üçün Yehovanın hakimiyyətini sual altına aldı (Yaq. 1:14, 15).
14. Şeytanın pak ibadətə hücumu nə dərəcədə uğurlu oldu?
14 Şeytanın pak ibadətə hücumu nə dərəcədə uğurlu oldu? O, Adəmlə Həvvanı Allahdan uzaqlaşdırmağa müvəffəq oldu. O vaxtdan bəri Şeytan həqiqi ibadətlə mübarizə aparır, mümkün qədər çox insanı Yehova Allahdan uzaqlaşdırmağa çalışır. Şeytan məsihilikdən öncə yaşamış mömin bəndələri Yehovanın yolundan döndərmək üçün əlindən gələni edirdi. Eramızın birinci əsrində o, məsihi yığıncağında dönüklüyün baş qaldırmasına bais oldu. Nəticədə, məsihi yığıncağı haqq yoldan azdı və pak ibadətə, sanki, son qoyuldu (Mət. 13:24—30, 36—43; Həv. 20:29, 30). İkinci əsrdən başlayaraq Yehovaya ibadət edənlər bütün saxta dinlərin məcmusu olan Böyük Babilin əsarətinə düşdülər və uzun müddət bu ruhani əsarətdə qaldılar. Lakin Şeytan Allahın pak ibadətlə bağlı niyyətini pozmağa müvəffəq ola bilmədi. Allaha Öz niyyətini yerinə yetirməyə heç kim və heç nə mane ola bilməz (Əşy. 46:10; 55:8—11). Bu, bilavasitə Onun adı ilə bağlıdır və O, həmişə Öz adını doğruldur. Yehova dediyini edən Allahdır!
Pak ibadətin mühafizi
15. Yehova Ədən bağında üsyankarlara qarşı hansı ölçünü götürdü və niyyətinin həyata keçməsi üçün nə tədbir gördü?
15 Yehova Ədən bağında dərhal üsyankarlara qarşı ölçü götürdü və Öz niyyətinin həyata keçməsi üçün tədbir gördü. (Yaradılış 3:14—19 ayələrini oxuyun.) Adəmlə Həvva hələ bağda ikən Yehova bu üç üsyankara hökm kəsdi. Əvvəlcə birinci günah edən Şeytana, sonra ikinci olaraq günah yoluna qədəm qoyan Həvvaya, ən axırda isə Adəmə hökm kəsdi. Üsyanın gözəgörünməz səbəbkarı olan Şeytana ünvanladığı sözlərdə Yehova «övladın» peyda olacağını və bu «övladın» üsyanın acı nəticələrini aradan qaldıracağını söylədi. Vəd olunmuş «övlad» Yehovanın pak ibadətlə bağlı niyyətinin həyata keçməsində həlledici rol oynayacaq.
16. Ədən bağındakı üsyandan sonra Yehova niyyətini yerinə yetirmək üçün nə etdi?
16 Ədəndəki üsyandan sonra da Yehova niyyətinin yerinə yetməsi üçün çalışdı. O, qeyri-kamil insanların düzgün şəkildə ibadət etməsi üçün tədbir gördü (İbr. 11:4—12:1). Bu barədə növbəti fəsildə danışacağıq. Yehova həmçinin Müqəddəs Kitabı qələmə alan peyğəmbərlərə, məsələn, Əşiyaya, Ərəmyaya, Hizqiyala pak ibadətin dirçəlməsi ilə bağlı möhtəşəm peyğəmbərlikləri yazdırdı. Bu dirçəliş Müqəddəs Kitabda qələmə alınan mühüm mövzulardan biridir. Bu peyğəmbərliklərin hamısını vəd olunmuş «övlad» çin edəcəkdi. Həmin «övlad» birinci növbədə İsa Məsih oldu (Qal. 3:16). Üçüncü sınaq vaxtı Şeytana verdiyi cavabdan aydın olur ki, İsa Məsih pak ibadətin mühafizidir. Bəli, Yehova dirçəlişlə bağlı peyğəmbərlikləri yerinə yetirmək üçün məhz İsa Məsihi seçib (2 Kor. 1:20; Vəhy 19:10). O, Allahın xalqını ruhani əsarətdən xilas edəcək və pak ibadəti bərpa edəcəkdi.
Siz nə etmək əzmindəsiniz?
17. Pak ibadətin dirçəlişi ilə bağlı peyğəmbərliklər nəyə görə ürəyimizi isindirir?
17 Müqəddəs Kitabda pak ibadətlə bağlı peyğəmbərlikləri araşdırmaq insanın imanını möhkəmləndirir. Bu peyğəmbərliklər bizim ürəyimizi isindirir, çünki biz yerdə və göydə olan varlıqların Külli-İxtiyar Yehovaya vəhdət içində, pak şəkildə ibadət edəcəyi vaxtı səbirsizliklə gözləyirik. Həmçinin bu peyğəmbərliklər ümidimizi möhkəmləndirir. Çünki onlarda qəlbimizi cuşa gətirən vədlər yer alır. Hansımız Yehovanın vədlərinin gerçəkləşəcəyi dövranı səbirsizliklə gözləmirik? Vəfat etmiş doğmalarımızın dirilməsini, yer üzünün cənnətə çevrilməsini, tam sağlam şəkildə əbədi yaşamağı hansımız arzulamırıq? (Əşy. 33:24; 35:5, 6; Vəhy 20:12, 13; 21:3, 4).
18. Bu nəşrdə hansı mövzu araşdırılır?
18 Bu nəşrdə «Hizqiyal» kitabındakı möhtəşəm peyğəmbərliklər araşdırılır. Bu peyğəmbərliklərin çoxu pak ibadətin dirçəlişi haqqındadır. Həmçinin «Hizqiyal» kitabındakı peyğəmbərliklərin digər peyğəmbərliklərlə necə əlaqəli olduğu, Məsih vasitəsilə necə yerinə yetəcəyi və bizə hansı aidiyyəti olduğu nəzərdən keçirilir. («“Hizqiyal” kitabının icmalı» adlı çərçivəyə baxın.)
19. Siz nə etmək əzmindəsiniz və nə üçün?
19 Eramızın 29-cu ilində Yəhudiyyə çöllüyündə Şeytan İsanı pak ibadətdən döndərməyə müvəffəq olmadı. Bu gün Şeytan var-gücü ilə bizi də haqq yoldan sapdırmağa çalışır (Vəhy 12:12, 17). Qoy bu nəşr bizi İblislə mübarizədə daha da əzmli etsin. Qoy sözlərimiz və hərəkətlərimiz göstərsin ki, «Allahın Yehovaya səcdə qıl» sözləri ürəyimizə həkk olunub. Belə olduqda biz Yehovanın möhtəşəm niyyətinin həyata keçəcəyi günü öz gözlərimizlə görəcəyik. O günü ki, göydə və yerdə olan hər kəs vəhdət içində, pak qəlbdən, pak şəkildə Yehovaya ibadət edəcək. Bəli, Yehova Allah məhz belə ibadətə layiqdir!
a Bəzi alimlərin nəzərincə, Yehova adının mənası «olmasına səbəb olur» deməkdir. Yehova həm Yaradan, həm də niyyətlərini həyata keçirən Allah olduğu üçün bu ad Ona tam yaraşır.
b Müqəddəs Kitab üzrə bir elmi əsərdə Şeytanın sözləri belə şərh edilir: «Adəmlə Həvvanın uğursuz çıxdığı sınaqda olduğu kimi,.. bu sınaqda da əsas məsələ Şeytanın iradəsi ilə Allahın iradəsi arasında seçim etməkdir. Bu da dolayısı ilə ikisindən birinə ibadət etməyi özünə daxil edir. Şeytan tək olan Allahın yerini tutub allahlıq etmək iddiasındadır».
c Lukanın yazdığı müjdədə İsanın sınaqları fərqli ardıcıllıqla yazılıb. Məttanın yazdığı müjdədə isə bu sınaqlar, ehtimal ki, xronoloji ardıcıllıqla qələmə alınıb. Bu qənaətə gəlməyə üç səbəb var: 1) Mətta ikinci sınağı «sonra» sözü ilə başlayaraq bu sınağın növbəti olduğunu göstərir. 2) İki dəfə «əgər sən Allahın Oğlusansa» sözləri ilə fənd işlədərək İsanı yoldan çıxarmağa müvəffəq olmayan Şeytan məntiqəuyğundur ki, sonra onu açıq-açığına Qanundakı birinci əmri pozmağa təhrik etmişdi (Çıx. 20:2, 3). 3) İsanın «rədd ol, Şeytan!» sözlərini üçüncü, yəni sonuncu sınaqdan sonra deməsi daha ağlabatandır (Mət. 4:5, 10, 11).