Bəşəriyyətin problemlərinin kökü dindədirmi?
“DİN düşmənçiliyə sövq etməyən hallarda, vicdanı hissiyyatsız edən və gerçəklikdən uzaq fantaziyalar oyadan narkotik kimi tə’sir edir. [...] O, insanların ürəyinə xurafat və mövhumat, ədavət və qorxu toxumu səpir”. Bu sözləri metodist kilsəsinin keçmiş missioneri yazır və sonra o, əlavə edir: “Bu ittiham düzgündür. Dinlər müxtəlif cür — yaxşı və pis olur” (“Start Your Own Religion”).
Kim isə e’tiraz edə bilər ki, bu cür tənqid əsassızdır. Lakin tarixi faktları inkar etməyə kim boyun ola bilər? “Allahın, yə’ni fövqəltəbiiliyin bu və ya digər növünün reallığına inamı əsas götürən davranış və spesifik fəaliyyət” kimi müəyyən olunan din tarixdə çoxlu dəhşətli izlər buraxmışdır. Din maarifləndirmək və ruhlandırmaq işinə xidmət etməlidir. Lakin əslində isə din çox vaxt münaqişə, dözümsüzlük və ədavət toxumu səpir. Bu kimi şeylər nəyə görə baş verir?
“Nur mələyi”
Müqəddəs Kitabda bu suala çox sadə cavab verilir. Şeytan İblis özünü “nur mələyi” kimi qələmə verərək, milyonlarla insanları Allahın deyil, onun tə’limlərinə riayət etməyə təhrik edərək aldadır (2 Korinflilərə 11:14). Həvari Yəhyanın sözlərinə görə, Şeytanın tə’siri o dərəcədə geniş yayılmışdır ki, “bütün dünya... şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19). Yəhya bilirdi ki, Şeytan ‘bütün dünyanı aldadır’ (Vəhy 12:9).
Bu nəyə gətirib çıxarmışdır? Şeytanın tə’siri altında elə dinlər yaranmışdır ki, onlar zahirən doğru və hətta “Allah yolunda imiş kimi” görünür. Lakin onların günahlı bəhrələri onların əsl mahiyyətlərini üzə çıxarır (2 Timoteyə 3:5; Matta 7:15-20). Din bəşəriyyətin problemlərini həll etmək əvəzinə, onlara səbəb olur.
Bu fikrin əsassız olduğunu düşünərək, onu inkar etməyə tələsməyin. Unutmayın: yalan elə ondan ibarətdir ki, aldadılan insanın heç nədən xəbəri olmur. Həvari Pavel bunu izah edərkən belə bir nümunə gətirir: “Bütpərəstlər qurbanı Allaha deyil, cinlərə gətirirlər” (1 Korinflilərə 10:20). Həmin insanlar cinlərə xidmət etdiklərini bilsəydilər, ehtimal ki, böyük sarsıntı keçirərdilər. Onlar öz qurbanlarını xeyirxah allaha və ya allahlara təqdim etdiklərini güman edirdilər. Bununla belə onlar “səmavi aləmdə olan” və insanları azdırmaqda Şeytana kömək edən “pis ruhi qüvvələr” tərəfindən aldadılmışdılar (Efeslilərə 6:12).
Gəlin, həvari Yəhyanın cinlərin zərərli tə’sirinə dair dediyi sözlərə diqqət yetirməyən Xristian dünyasına mənsub olan çoxsaylı insanları Şeytanın necə aldadıb azdırdığına nəzər salaq (1 Korinflilərə 10:12).
Məsihin tə’limləri Allahdan idi
İsa Məsih demişdir: “Verdiyim tə’lim Mənim deyil, Məni Göndərənindir” (Yəhya 7:16). Bəli, İsanın tə’limləri doğrudan da hər şeyə Qadir olan Allahdan idi. Buna görə də, bu tə’limlər onu dinləyənlərə güclü müsbət tə’sir göstərirdi. Onlar ‘vicdanı hissiyyatsızlaşdırmır və gerçəklikdən uzaq olan fantaziyalar oyatmırdı’. Əksinə, İsanın tə’limləri insanları, İblisin yalanlarına uyduqları üçün ‘zehni qaranlıqlaşmış’ bir dünyada törənən dini yalanlardan və insan fəlsəfələrindən azad edirdi (Efeslilərə 4:18; Matta 15:14; Yəhya 8:31, 32).
Məsihin həqiqi davamçıları yalnız dindarlıqdan danışmaqla fərqlənmirdilər, onlar həmçinin Allahın müqəddəs ruhunun hasil etdiyi gözəl keyfiyyətləri də təzahür etdirirdilər (Qalatiyalılara 5:22, 23; Yaqub 1:22; 2:26). Bu keyfiyyətlər arasında ən görkəmlisi və ən yüksəyi — Məsihin həqiqi davamçılarını fərqləndirən məhəbbətdir (Yəhya 13:34, 35).
Lakin qeyd etmək lazımdır ki, nə İsa, nə də onun həvariləri məsihçi yığıncağının başlanğıcda necə yaranmışdısa, eləcə də mövcud olmağa davam edəcəyini gözləmirdilər. Onlar bilirdilər ki, dönüklük dövrü gələcək və həqiqi din bir müddət nəzərə çarpmayacaq.
Həqiqi dinin nəzərə çarpmadığı bir dövr
İsa dəlicələr və buğda məsəlində qabaqcadan demişdi ki, həqiqi dini müəyyən etməyin çətin olduğu bir vaxt gələcəkdir. Zəhmət olmasa, sərbəst olaraq Matta 13:24-30, 36-43 ayələrindən ibarət olan parçanı oxuyun. İsa tarlaya, ilk məsihçi yığıncağını təşkil edən, onun sadiq şagirdlərini təmsil edən buğda, yə’ni “yaxşı toxum” səpdi. O xəbərdarlıq etdi ki, “düşmən” — Şeytan İblis sonradan buğdaların arasına “dəlicələr”, yə’ni İsa Məsihin ardınca getdiklərini iddia edən, əslində isə onun tə’limlərini inkar edən insanlar səpəcəkdir.
Demək olar ki, Məsihin həvarilərinin ölümündən dərhal sonra, məsəldə “dəlicələrlə” təmsil olunan insanlar peyda oldular. Onlar dönük insan tə’limlərini ‘Rəbbin [“Yehovanın”, YD] sözündən’ üstün tutdular (Yeremya 8:8, 9; Həvarilərin işləri 20:29, 30). Beləliklə, Müqəddəs Kitabda deyildiyi kimi, “qanunsuz adam”ın — “hər növ haqsız hiylə” (İ–93) içində batıb qalmış satqın ruhanilər sinfinin aparıcı rol oynadığı təhrif edilmiş xristianlıq peyda oldu (2 Saloniklilərə 2:6-10). İsa qabaqcadan xəbər vermişdir ki, vəziyyət mövcud olan sistemin sonunda dəyişəcəkdir. Buğda ilə təmsil olunan məsihçilər bir yerə toplanılacaq, “dəlicələr” isə məhv ediləcəkdir.
“Yüzilliklər boyu vəhşiliklərə” və Xristian dünyasının əsrlərlə ruhani zülmətdə olmasına görə məhz xristianlıq cavabdehdir. Həvari Pavel bunları və həmçinin din naminə törədiləcək pozğun və amansız işləri qabaqcadan görərək xəbərdarlıq edirdi ki, “onların [xristianların] üzündən həqiqət yolu küfr olunacaqdır” (2 Peter 2:1, 2).
“Hiddət və nifrət teologiyası”
Əlbəttə, dinin pis ad qazanmasında cavabdeh olan təkcə Xristian dünyası deyil. Misal üçün, fundamentalistlərin “təcavüzkar mö’minliyini” yada salın: keçmiş rahibə Karen Armstronqun sözlərinə görə, bu, “dünya dinlərinin hər birində” təbliğ olunmuşdur. Armstronq hesab edir ki, iman yalnız “əməldə şəfqət” göstərməyə təşviq etdiyi hallarda həqiqi adlanmağa layiqdir. Bu cəhətdən fundamental dini hərəkatlar özlərini necə qələmə vermişlər? Karen Armstronq yazır: “Əgər iudaizmdəki, xristianlıqdakı və islamdakı fundamental cərəyanlar hiddət və nifrət teologiyasını izzətləndirirlərsə, onlar bu tələblərə müvafiq deyillər” (“The Battle for God—Fundamentalism in Judaism, Christianity and Islam”). Bəs bu tələbə müvafiq olmayan və “hiddət və nifrət teologiyasını” izzətləndirən yalnız fundamental cərəyanlardırmı? Tarix göstərir ki, yox.
Qeyd etmək lazımdır ki, Şeytan qəzəb, nifrət və demək olar ki, arası kəsilməyən qırğınlarla tanınan yalan dinin dünya imperiyasını yaratmışdır. Müqəddəs Kitabda bu imperiya “Böyük Babil, dünyanın... iyrəncliklərinin anası” adlanır və canavara bənzər siyasi sistemin belində oturan fahişə kimi təsvir olunur. Diqqətəlayiqdir ki, “yer üzündə qətl edilənlərin hamısının qanı”na görə məs’uliyyətə məhz o cəlb olunur (Vəhy 17:4-6; 18:24).
Hamı aldadılmayıb
Tarixin şəhadət etdiyi kimi, hamı aldadılmamışdır. Melvin Breqqin sözlərinə görə, hətta ən zülmət dövrlərdə belə, “çoxlarının şərəfsizliklə məşğul olduqları halda, bir çox yaxşı insanlar xeyirxah işlər görmüşlər”. Məsihin həqiqi davamçıları “[Allaha] ruhən və həqiqətən” ibadət etməyə davam edirdilər (Yəhya 4:21-24). Onlar “hərbi qüvvələri dəstəkləməklə” zina ilə məşğul olan ümumdünya din sistemindən kənar dururdular. Onlar, tarixin sübut etdiyi kimi, “Nazaretli İsa ilə olan ittifaqdan çox, Şeytanla bağlanmış ittifaqa bənzəyən”, kilsə və dövlət arasında qüvvədə olan ittifaqa daxil olmaqdan imtina edirdilər (“Two Thousand Years—The Second Millennium: From Medieval Christendom to Global Christianity”).
Bizim günlərdə Yehovanın Şahidləri xeyirxahlıq etməyə sə’y göstərməklə tanınırlar. Özlərini yalan din ilə ləkələməmək üçün, onlar iman və əməllərini müstəsna olaraq Allahın Kəlamına, Müqəddəs Kitaba əsaslandırırlar (2 Timoteyə 3:16, 17). İlk məsihçilər kimi, onlar da Məsihin “dünyadan” olmamaq əmrinə əməl edirlər (Yəhya 15:17-19; 17:14-16). Misal üçün, onlar nasist Almaniyasında məsihçi prinsiplərində güzəştə getmirdilər, bu səbəbdən də nasistlərin nöqteyi-nəzərincə, onların rejiminə yaramırdılar. Hitler, tutduqları mövqeyə görə onlara nifrət edirdi. Bir məktəb dərsliyində deyilir: “Yehovanın Şahidləri... şəraitdən asılı olmayaraq, əllərinə silah almamaq əmrinə əməl edirdilər. Buna görə də əsgərliyə getməkdən və ya nasistlərlə əməkdaşlıq etməkdən imtina edirdilər. Buna cavab olaraq SS mühafizəçiləri Yehovanın Şahidlərini ailəliklə həbsə atırdılar. [Almaniyada] Yehovanın Şahidlərinin təxminən üçdə bir hissəsi həbs düşərgələrində amansızcasına öldürülmüşdür” (“Almaniya. 1918-1945”).
Əlbəttə, başqa dinlərdə də cəsarət göstərən və öz imanlarına görə əziyyət çəkməyə hazır olan adamlar var idi. Lakin Yehovanın Şahidləri arasında isə bu cür davranan ayrı-ayrı imanlılar deyildi — bu, onların ümumilikdə dini təşkilatlarının mövqeyi idi. Şahidlərin böyük əksəriyyəti Müqəddəs Kitabın əsasını təşkil edən “insanlardan artıq, Allaha itaət etmək gərəkdir” prinsipinə riayət edirdilər (Həvarilərin işləri 5:29; Mark 12:17).
Problemlərin kökü
Beləliklə, problemlərin kökünün dində olması iddiası qismən doğrudur. Bu sözlər, Allahın çox tezliklə bütün yer üzündən silmək niyyətində olduğu yalan dinə münasibətdə tamamilə doğrudur (Vəhy 17:16, 17; 18:21). O, ədaləti və doğruluğu sevən hər bir kəsə buyurur: “Ey xalqım, oradan [yalan dinin dünya imperiyası olan Böyük Babildən] çıxın ki, onun günahlarına şərik olmayasınız və onun bəlalarının birinə düçar olmayasınız. Çünki onun günahları göyə qədər çatdı və Allah onun haqsızlıqlarını yada saldı” (Vəhy 18:4, 5). Bəli, Allah Özü, vicdanı hissiyyatsız edən və gerçəklikdən uzaq fantaziyalar oyadan, insanların ürəyinə xurafat və mövhumat, ədavət və qorxu toxumu səpən din üzündən bərk təhqir olunur!
Bizim günlərdə Allah doğruluğu sevən insanları məhəbbətli, ədalətli və şəfqətli Yaradanın prinsip və tə’limlərinə möhkəm riayət edən həqiqi dinə toplayır (Mika 4:1, 2; Tsefanya 3:8, 9; Matta 13:30). Siz də bu dinin bir hissəsi ola bilərsiniz. Əgər siz həqiqi dini müəyyən etməyə dair daha artıq mə’lumat almaq istəyirsinizsə, xahiş edirik, bu jurnalın naşirlərinə yazın, yaxud da Yehovanın Şahidlərindən birinə müraciət edin.
[7-ci səhifədəki şəkil]
Müxtəlif mənşəli insanlar həqiqi dində sevinc tapmışlar.