İYİRMİ İKİNCİ FƏSİL
O, sınaqlar zamanı sadiq qaldı
1, 2. Butrus nəyə ümid edir, ancaq nə olur?
BUTRUS Kəfərnahumda sinaqoqdadır. O, həyəcan içindədir, İsa Məsihə qulaq asan camaata baxır. Butrus bu şəhərdə yaşayır. Burada, Cəlilə dənizinin şimal sahilində balıqçılıqla məşğul olur. Onun burada çoxlu dost-tanışı, qohum-əqrəbası və balıqçı yoldaşları var. Şübhəsiz, Butrus çox istəyir ki, Kəfərnahum əhli də onun kimi İsanın Məsih olduğunu qəbul etsin və ən dahi müəllimin Allahın Padşahlığı barədə verdiyi təlimi ürəkdən qəbul etsin. Amma hər şey əksinə olur.
2 Camaatın çoxu artıq İsa Məsihə qulaq asmaq istəmir. Bəziləri onun sözlərindən narazı qalıb deyinir. Butrusa ən pis təsir edən isə odur ki, Məsihin şagirdlərinin də arasında belələri var. Əvvəllər onlar İsa Məsihin təlimlərini eşidəndə üzləri işıq saçardı, hər dəfə yeni şeylər öyrənəndə cuşa gələrdilər. Amma indi bu sevincdən əsər-əlamət yoxdur. Onlar dilxor və əsəbi görünürlər. Məsihin sözlərini bəyənmədiklərini açıq-aşkar bildirirlər. Ona qulaq asmaq istəməyib sinaqoqdan çıxırlar. Onlar daha onun şagirdi olmaq istəmir. (Yəhya 6:60, 66 ayələrini oxu.)
3. Butrusun imanı ona nədə kömək edir?
3 İndi Butrus və digər həvarilər üçün çətin vaxtdır. Butrus İsa Məsihin bir az əvvəl dediyi sözləri tam anlamayıb. Şübhəsiz, o başa düşür ki, İsanın sözləri ilk baxışdan onlara pis gələ bilər. Bəs görəsən, Butrus nə edəcək? İndi onun Ağasına sədaqəti sınağa çəkilir. Bu nə birinci, nə də axırıncı sınaqdır. Gəlin görək Butrusun imanı ona bu cür sınaqlar zamanı Ağasına sadiq qalmağa necə kömək edir.
O, sadiq qaldı
4, 5. İsa Məsihin hansı hərəkətləri camaata qəribə gəlirdi?
4 Bəzən İsa Məsihin hərəkətləri, sözləri Butrusa təəccüblü gəlirdi. Hərdən Ağası insanların gözlədiklərinin əksini edirdi, onların gözləmədiyi sözləri deyirdi. Götürək elə bir gün əvvəli. İsa Məsih möcüzəvi şəkildə minlərlə adamı doyurmuşdu. Camaat da onu özlərinə padşah etmək istəmişdi. Amma o, gözləmədikləri halda onlardan ayrılmış və şagirdlərinə qayığa minib Kəfərnahuma üzməyi buyurmuşdu. Şagirdlər gecə dənizdə ikən o, fırtınalı Cəlilə dənizində suyun üstü ilə yeriyərək onları çaşbaş qoymuş və Butrusa imanla bağlı mühüm bir dərs vermişdi.
5 Səhər açılanda həvarilər görmüşdülər ki, camaat qayığa minib onların dalınca gəlir. Görünür, camaat İsa Məsihdən təlim almaq üçün yox, qarnını doyurmaq üçün gəlmişdi. Buna görə İsa Məsih onları məzəmmət etmişdi (Yəh. 6:25—27). Məsih bu barədə Kəfərnahumda sinaqoqda da söz açmışdı. O, orada camaata vacib bir həqiqət barədə danışmışdı, camaatsa ona qulaq asmaq istəməmişdi.
6. İsa Məsih nə demişdi və camaat onun sözlərinə necə yanaşmışdı?
6 İsa Məsih istəmirdi ki, camaat onun yanına qarnını doyurmaq üçün gəlsin. O, camaata başa salmaq istəyirdi ki, Allah onun vasitəsilə onlara əbədi həyat bəxş edəcək. Bunun üçün onun fidyə qurbanlığına iman gətirməli və onun izləri ilə getməlidirlər. O, özünü Musa peyğəmbərin vaxtında göydən yağan mannaya bənzətmişdi. Bəziləri narazılığını bildirəndə daha güclü misal çəkib izah etmişdi ki, əbədi həyata qovuşmaq üçün onun bədənini yeyib, qanını içməlidirlər. Onlar bu sözləri eşitcək özlərindən çıxıb demişdilər: «Bu nə danışır?! Bu sözlərə necə qulaq asmaq olar!» İsa Məsihin şagirdlərindən bir çoxu onun ardınca getməkdən vaz keçmişdiləra (Yəh. 6:48—60, 66).
7, 8. a) Butrus nəyi başa düşmür? b) Butrus İsa Məsihin həvarilərə verdiyi suala necə cavab verir?
7 Bəs Butrus nə edəcək? Yəqin İsa Məsihin sözləri başqa şagirdlər kimi, onu da çaşbaş qoyub. O, hələ də başa düşmür ki, İsa Məsih Allahın iradəsini yerinə yetirmək üçün ölməlidir. Görəsən, Butrus da səbatsız şagirdlər kimi ondan üz döndərəcək? Xeyr, Butrus onlar kimi deyil.
8 İsa Məsih üzünü həvarilərə tutub deyir: «Bəlkə, siz də getmək istəyirsiniz?» (Yəh. 6:67). O, bu sualı bütün həvarilərə versə də, həmişəki kimi, birinci Butrus dillənir. Ola bilsin, Butrus bütün həvarilərdən böyük idi. Bir də ki, o, heç vaxt sözünü deməyə çəkinmirdi, nə düşünürdüsə, onu da deyirdi. Bu vəziyyətdə o, çox gözəl, yaddaşlardan silinməyən bir söz deyir: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir» (Yəh. 6:68).
9. Butrus İsa Məsihə sədaqətini necə göstərdi?
9 Bu, doğrudan da, təsirli sözlərdir! Butrus imanı sayəsində özündə sədaqət kimi gözəl xüsusiyyəti yetişdirmişdi. Butrus başa düşürdü ki, İsa Məsihdən başqa xilaskar yoxdur və o, insanları «əbədi həyatın sözləri», yəni Allahın Padşahlığı barədə verdiyi təlimlə xilas edəcək. Butrus bilirdi ki, nəyisə başa düşməsə belə, Allahın lütfünü və əbədi həyatı qazanmaq istəyirsə, başqa yerə getməməlidir.
İsa Məsihin təlimlərini başa düşməsək də, ürəyimizcə olmasa da, onlara uyğun yaşamalıyıq
10. Butrus kimi sədaqətli olduğumuzu necə göstərə bilərik?
10 Siz də belə düşünürsünüz? Təəssüf ki, bu gün bəzi ölkələrdə insanların əksəriyyəti İsa Məsihi sevdiyini iddia etsə də, ona sadiq deyil. Amma biz Məsihə həqiqətən sadiq olduğumuzu Butrus kimi onun təlimlərini sevməklə göstərə bilərik. Hətta bu təlimləri başa düşməsək də, ürəyimizcə olmasa da, onları öyrənməli, məğzini başa düşməli və onlara uyğun yaşamalıyıq. Yalnız İsa Məsihə sadiq qaldığımız halda əbədi həyatı almağa ümid edə bilərik. (Zəbur 97:10 ayəsini oxu.)
O, məzəmməti qəbul etdi
11. İsa Məsih davamçıları ilə hara gedir? (Həmçinin haşiyəyə bax.)
11 Çox keçməmiş İsa Məsih həvarilərini və bir neçə şagirdini götürüb şimala, Hərmun dağına yol alır. Vəd edilmiş diyarın şimal qurtaracağında yerləşən başıqarlı Hərmun dağı Cəlilə dənizindən də görünür. İsa Məsih şagirdləri ilə Filipi Qeysəriyyəsinə yaxın kəndlərə qalxdıqca bu dağ daha da əzəmətli görünürb. Buradan vəd edilmiş diyarın böyük qisminə mənzərə açılır. Elə bu gözəl yerdə İsa Məsih davamçılarına vacib bir sual verir.
12, 13. a) Nəyə görə İsa Məsih şagirdlərindən camaatın onun haqqında nə fikirləşdiyini soruşur? b) Butrusun İsa Məsihə dediyi sözlərdən onun əsil iman sahibi olduğu necə görünür?
12 İsa Məsih onlardan soruşur: «Camaat nə deyir? Mən kiməm?» Yəqin bu zaman Butrus İsa Məsihin mənalı gözlərində mehribanlıq, iti zəka görür. Məsih bilmək istəyir ki, camaat onun haqqında nə düşünür. Şagirdlər onunla bağlı camaat arasında yayılmış yanlış təsəvvürləri söyləyirlər. Lakin İsa Məsih başqa şeyi bilmək istəyir. Bilmək istəyir ki, şagirdləri də belə fikirləşir, ya yox. Buna görə də onlardan soruşur: «Bəs siz nə deyirsiniz, mən kiməm?» (Luka 9:18—20).
13 Yenə də Butrus cəld dillənir. Şagirdlərin çoxunun ağlından keçənləri əminliklə söyləyir: «Sən Məsihsən, var olan Allahın Oğlusan». Yəqin İsa Məsih bu sözlərdən sonra Butrusa razılıqla baxıb gülümsəyir və onu ürəkdən tərifləyir. Ona söyləyir ki, bu vacib həqiqəti ona insan yox, Allah açıb. Allah bu həqiqəti ürəkdən iman gətirən kəslərə açır. Yehova Allah Butrusa insanlara əyan etdiyi ən vacib həqiqətlərdən birini, çoxdan gözlənilən Məsihin kim olduğunu açmışdı. (Mətta 16:16, 17 ayələrini oxu.)
14. İsa Məsih Butrusa hansı vacib məsuliyyətləri verdi?
14 Məsih barədə bir peyğəmbərlikdə deyilmişdi ki, o, bənnaların rədd etdiyi daş olacaq (Zəb. 118:22; Luka 20:17). İsa Məsih bu peyğəmbərliyə əsasən, şagirdlərinə deyir ki, Yehova Allah yığıncağı bu daşın, bir az əvvəl Butrusun Məsih adlandırdığı adamın üzərində quracaq. Sonra Butrusa həmin yığıncaqda bir neçə vacib məsuliyyət verir. İsa Məsih, bəzilərinin fikirləşdiyi kimi, Butrusu başqa həvarilərdən üstün mövqeyə qaldırmadı. Sadəcə ona daha çox məsuliyyət həvalə etdi, ona «Padşahlığın açarlarını» verdi (Mət. 16:19). Butrus Allahın Padşahlığına girmək ümidini üç qrup insana — ilk öncə yəhudilərə, sonra səməriyyəlilərə, axırda isə qeyri-yəhudilərə bildirməli idi.
15. Butrus İsa Məsihi nəyə görə və necə məzəmmət edir?
15 İsa Məsih sonralar demişdi ki, kimə çox verilibsə, ondan çox tələb olunacaq. Bu sözlər Butrusa da aid idi (Luka 12:48). İsa şagirdlərinə Məsihlə bağlı digər vacib məlumatlar da verir, Yerusəlimdə əzab çəkəcəyini və edam olunacağını söyləyir. Bunları eşidəndə Butrus pis olur və onu qırağa çəkib məzəmmət edir: «Özünə yazığın gəlsin, Ağa! Belə şey heç vaxt ola bilməz!» (Mət. 16:21, 22).
16. İsa Məsih Butrusu necə məzəmmət edir və biz bundan özümüz üçün hansı dərsi götürə bilərik?
16 Sözsüz ki, Butrus bu sözləri yaxşı niyyətdən irəli gələrək deyir. Amma İsa Məsihdən gözləmədiyi sözləri eşidir. O, arxasını Butrusa çevirib, yəqin ki, onunla eyni fikirdə olan o biri şagirdlərə baxıb deyir: «Çəkil qabağımdan, Şeytan! Sən mənə mane olursan. Çünki sənin ağlındakı Allahın fikirləri deyil, insan fikirləridir» (Mət. 16:23; Mark 8:32, 33). İsa Məsihin sözlərindən biz də özümüz üçün dərs götürə bilərik. Biz insanlar asanlıqla müəyyən məsələyə Allahın yox, insanın nöqteyi-nəzəri ilə baxa bilərik. Kiməsə kömək etmək istədiyimiz halda, özümüz də bilmədən, həmin adamı Allahı yox, Şeytanı razı salmağa təhrik edərik. Bəs görəsən, Butrus İsa Məsihin sözlərinə necə münasibət göstərir?
17. İsa Məsih «çəkil qabağımdan» sözlərilə nə demək istəyirdi?
17 Şübhəsiz, Butrus başa düşür ki, İsa Məsih onu sözün əsil mənasında Şeytan adlandırmır. Axı o, Butrusla Şeytanla danışdığı kimi danışmadı. O, Şeytana «rədd ol» demişdi. Butrusa isə «çəkil qabağımdan» dedi. Bu sözlərlə o, Butrusu rədd etmədi, çünki onda çox gözəl xüsusiyyətlər görürdü. Sadəcə məsələyə düzgün yanaşmadığı üçün onu məzəmmət etdi. Butrus İsa Məsihin yolunda çəpər olmamalıydı, arxasına keçib ona dayaq olmalı idi.
Məzəmməti qəbul etsək və bundan nəticə çıxarsaq, getdikcə Yehova Allaha və İsa Məsihə daha yaxın olacağıq
18. Butrus sədaqətini necə sübut edir və biz onu necə təqlid edə bilərik?
18 Butrus nə narazılıq edir, nə əsəbiləşir, nə də inciyir. O, təvazökarlıqla məzəmməti qəbul edir. Butrus bu dəfə də sədaqətini sübut edir. Bəzən hər birimiz hansısa hərəkətimizə görə məzəmmət olunuruq. Əgər təvazökarlıqla məzəmməti qəbul etsək və bundan nəticə çıxarsaq, getdikcə Yehova Allaha və İsa Məsihə daha yaxın olacağıq. (Məsəllər 4:13 ayəsini oxu.)
Sədaqəti mükafatsız qalmadı
19. İsa Məsih nə deyir və bununla bağlı Butrus nə düşünür?
19 Bir qədər sonra İsa Məsih təəccüb doğuran daha bir şey deyir: «Eşidin və agah olun, burada duranlardan bəziləri insan Oğlunun öz Padşahlığında gəldiyini görməyincə əsla ölməyəcək» (Mət. 16:28). Sözsüz ki, bu sözlər Butrusda böyük maraq oyadır. Görəsən, İsa Məsih nə demək istəyir? Yəqin Butrus düşünür ki, ciddi məzəmmətdən sonra çətin ki, belə şərəfə layiq görülsün.
20, 21. a) Butrusun şahidi olduğu hadisəni təsvir edin. b) Qeybdən peyda olan iki nəfərin İsa Məsihlə söhbəti Butrusa nəyi başa salır?
20 Bu hadisədən təxminən bir həftə sonra İsa peyğəmbər Yaqubu, Yəhyanı və Butrusu götürüb bir neçə kilometr uzaqlıqda yerləşən uca bir dağın, ehtimal ki, Hərmun dağının başına qalxır. Görünür, gecədir, çünki həvarilərin gözündən yuxu tökülür. Ancaq İsa Məsih dua edərkən baş verən hadisə onların yuxusunu qaçırır (Mət. 17:1; Luka 9:28, 29, 32).
21 Onların gözü qarşısında İsa Məsihin görkəmi dəyişir. Siması nur saçıb günəş kimi par-par parıldamağa başlayır. Libası dümağ ağarır. Sonra onun yanında Musa və İlyas peyğəmbərin görkəmində iki nəfər peyda olur. Onlar İsa Məsihlə «Yerusəlimdə baş verəcək hadisədən, İsanın dünyadan ayrılmasından», ehtimal ki, onun ölüb dirilməyindən danışırlar. Bunu görəndə Butrus başa düşür ki, Məsihin başına gələcək şeylərlə razılaşmamaqla böyük səhvə yol verib (Luka 9:30, 31).
22, 23. a) Butrusun canıyanan və xeyirxah olduğu nədən görünür? b) Butrusa, Yaquba və Yəhyaya daha hansı şərəf nəsib olur?
22 Butrus bu möhtəşəm səhnəyə sadəcə qıraqdan durub tamaşa etmək istəmir. Musa və İlyas peyğəmbər İsa Məsihin yanından ayrılmaq istəyəndə yəqin Butrus bu səhnənin bitməsini istəmədiyi üçün deyir: «Müəllim, bizim bura gəlməyimiz nə yaxşı oldu! Qoy biz üç çadır quraq: birini sənə, birini Musaya, birini də İlyasa». Sözsüz ki, bu, bir görüntü idi, çünki Musa və İlyas peyğəmbər çoxdan ölmüşdülər. Buna görə də çadıra ehtiyac yox idi. Əslində, Butrus nə dediyini heç özü də bilmirdi. Amma görün o, necə canıyanan, necə xeyirxah insan idi. Heç belə insanı sevməmək olar?! (Luka 9:33).
23 Həmin gecə Butrusa, Yaquba və Yəhyaya daha bir şərəf nəsib olur. Onların başı üstünə bulud yığılır. Buluddan bir səs gəlir. Bu, Yehova Allahın səsidir! O deyir: «Bu, Mənim Oğlumdur, onu seçmişəm. Ona qulaq asın». Sonra görüntü bitir və həvarilər dağda İsa Məsihlə təklikdə qalırlar (Luka 9:34—36).
24. a) İsa Məsihin görkəminin dəyişməsinin şahidi olmaq Butrusa nədə kömək etdi? b) Bu ilahi görüntü bizə nədə kömək edir?
24 İsa Məsihin görkəminin dəyişməsi həm Butrus üçün, həm də bizim üçün dərin məna daşıyır. Onilliklər sonra Butrus bu gecə layiq görüldüyü şərəf barədə yazmışdı. Yazmışdı ki, İsa Məsihi səmavi Padşah calalında görmüş və «onun əzəmətinin» şəxsən şahidi olmuşdu. Bu ilahi görüntü Allahın Kəlamındakı bir sıra peyğəmbərlikləri təsdiq etmişdi. Həmçinin Butrusun imanını möhkəmləndirmiş və onu gələcək sınaqlara hazırlamışdı. (2 Butrus 1:16—19 ayələrini oxu.) Əgər Butrus kimi Yehova Allahın üzərimizə qoyduğu Ağaya sadiq qalsaq, onun təlimlərini, məzəmmətini qəbul etsək və günbəgün təvazökarlıq göstərib onun izləri ilə getsək, bizim də imanımız möhkəmlənəcək.
a Gördüyümüz kimi, sinaqoqda toplaşan camaat səbatsız idi. Dünən İsanın peyğəmbər olduğunu bəyan edən bu adamlar bu gün onun sözlərini rədd edirdilər (Yəh. 6:14).
b Onlar dəniz səviyyəsindən 210 metr aşağıda yerləşən Cəlilə dənizinin sahilindən yola çıxıb 50 kilometr yol qət etmişdilər. Füsunkar mənzərəli yerlərdən keçib dəniz səviyyəsindən 350 metr hündürlüyə qalxmışdılar.