Ərlər, Məsihin başçılığını qəbul edin
‘Hər ərin başı Məsihdir’ (1 KORİNFLİLƏRƏ 11:3).
1, 2. a) Yaxşı ər necə olmalıdır? b) Nikahın Banisinin Allah olduğunu qəbul etmək nəyə görə vacibdir?
SİZİN fikrinizcə, yaxşı ər necə olmalıdır? Çox pul qazanmalı, ağıllı, güclü olmalı, yoxsa arvad-uşağı ilə mehriban, xeyirxah davranmalıdır? Bir çox ərlərdə adını çəkdiyimiz sonuncu xüsusiyyətlər çatışmır, çünki dünyanın ruhu və insan fikri onlara öz tə’sirini göstərir. Bunun əsas səbəbi ondadır ki, onlar ‘insandan götürdüyü qabırğadan qadını düzəldib, onu insanın yanına gətirən’ nikahın Banisinin rəhbərliyini nə qəbul edir, nə də ki həyatlarında tətbiq edirlər (Yaradılış 2:21-24).
2 İsa Məsih nikahın Banisinin Allah olduğunu təsdiqləyərək tənqidçilərə dedi: «Oxumamısınızmı ki, Yaradan başlanğıcdan “onları kişi və qadın yaratdı”? Və demişdir: “Buna görə insan ata-anasını buraxacaq və arvadına bağlanacaqdır. İkisi də bir bədən olacaqdır”. Belə ki, onlar artıq iki deyil, bir bədəndirlər. Beləliklə, Allahın [nikahda] birləşdirdiyini insan ayırmamalıdır» (Matta 19:4-6). Bəli, ailənin firavanlığı üçün nikahın Banisinin Allah olduğunu və səadətin Onun Kəlamı olan Müqəddəs Kitabın məsləhətlərinə əməl etməkdən asılı olduğunu qəbul etmək zəruridir.
Yaxşı ər olmaq üçün nə etməli?
3, 4. a) İsanın nikah haqqında hərtərəfli biliyə malik olduğunu haradan bilirik? b) İsanın simvolik arvadı kimdir və ərlər arvadları ilə necə rəftar etməlidirlər?
3 Yaxşı ər olmağa İsanın tə’limlərini öyrənmək və onlara əməl etmək kömək edər. İsa ailə haqqında hərtərəfli biliyə sahibdir, belə ki, ilk kişi və qadının yaranmasında və onların nikahının bağlanmasında o da iştirak etmişdi. Yehova Allah ona demişdi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq» (Yaradılış 1:26). Bəli, Allah bu sözlərlə hər kəsdən və hər şeydən əvvəl yaratdığı, «yanında me’mar» olan şəxsə müraciət etmişdi (Süleymanın məsəlləri 8:22-30). O, ‘bütün xilqətin fövqündə durur’. «Allahın xilqətinin Banisi» olan bu şəxs hətta fiziki kainatın yaranmasından da öncə mövcud idi (Koloslulara 1:15; Vəhy 3:14).
4 «Allah Quzusu» adlanan İsa rəmzi mə’nada ər kimi təsvir olunur. Bir dəfə bir mələk dedi: «Gəl, mən sənə gəlini, Quzunun arvadını göstərəcəyəm» (Yəhya 1:29; Vəhy 21:9). Bəs bu ‘gəlin’ və ya ‘Quzunun arvadı’ kimdir? O, Məsihlə birgə göydə padşahlıq edəcək məsh olunmuş sadiq məsihçiləri təmsil edir (Vəhy 14:1, 3). Buna görə də, İsanın yer üzündə olarkən şagirdləri ilə rəftarı ərlər üçün nümunədir.
5. İsa kimlər üçün nümunədir?
5 Bəli, İsa Müqəddəs Kitabda bütün davamçılarına nümunə olaraq çəkilir: «Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək» (1 Peter 2:21). Ancaq o, xüsusilə kişilər üçün nümunədir. Allahın Kəlamında deyilir: «Hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır» (1 Korinflilərə 11:3). Məsih ərin başı olduğundan ərlər onu təqlid etməlidirlər. Beləliklə, ailənin xoşbəxt və firavan olması üçün başçılıq prinsipinə riayət etmək zəruridir. Deməli, İsanın öz ‘arvadı’, yə’ni məsh olunmuş şagirdləri ilə nəvazişlə rəftar etdiyi kimi, ərlər də öz arvadları ilə nəvazişlə rəftar etməlidirlər.
Nikahda yaranan problemləri necə həll etməli?
6. Ərlər arvadları ilə necə rəftar etməlidirlər?
6 Bugünkü narahat dünyada ərlərə İsadan nümunə götürərək, səbirlə, məhəbbətlə davranmaq və salehlik prinsiplərinə ciddi riayət etmək xüsusilə vacibdir (2 Timoteyə 3:1-5). İsanın qoyduğu nümunə haqqında Müqəddəs Kitabdan oxuyuruq: ‘Ey ərlər, siz də arvadlarınızla ağıllı davranın’ (1 Peter 3:7, İ–93). Bəli, ərlər ailədəki problemləri İsadan nümunə götürərək «ağıllı», yə’ni biliyə əsasən həll etməlidirlər. İsanın mə’ruz qaldığı sınaqlar heç kimin başına gəlməmişdir, bununla belə o heç vaxt yadından çıxarmırdı ki, onlara görə Şeytan, onun cinləri və bu pis dünya cavabdehdir (Yəhya 14:30; Efeslilərə 6:12). İsa sınaqlara heç vaxt təəccüblənmirdi, eləcə də ər-arvad ‘əziyyətlə’ üzləşdikdə heyrətə düşməməlidirlər. Müqəddəs Kitab xəbərdarlıq edir ki, evlənənlər belə əziyyətlərin olacağını gözləməlidirlər (1 Korinflilərə 7:28).
7, 8. a) Arvadla ‘ağıllı davranmaq’ nə deməkdir? b) Arvadlar nəyə görə hörmətə layiqdirlər?
7 Müqəddəs Kitaba əsasən ərlər ‘zəif cinsə hörmət edər kimi, arvadlarına hörmət edib, onlarla ağıllı davranmalıdırlar’ (1 Peter 3:7, İ–93). Allahın Kəlamında kişilərin arvadlarına kobudluqla ağalıq edəcəkləri qabaqcadan deyilmişdi, ancaq Allahın ondan razı qalmasını istəyən kişi arvadına hörmət bəsləyəcək (Yaradılış 3:16). O, arvadı ilə qiymətli bir şey kimi rəftar edəcək, heç zaman gücündən istifadə edərək onu incitməyəcək. Əksinə, onunla həmişə hörmətlə davranaraq, hisslərini nəzərə alacaq.
8 Ər nə üçün arvadına hörmət etməlidir? Müqəddəs Kitab cavab verir: «Onlar... həyat ən’amının həmvarisləri olduqlarından onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin» (1 Peter 3:7). Ər başa düşməlidir ki, Yehovanın gözündə Ona ibadət edən kişi heç bir şeydə Ona ibadət edən qadından üstün deyil. Allahın lütfünü qazanan qadınlar kişilərlə birlikdə eyni ən’amı, əbədi həyatı alacaqlar. Bir çoxlarına hətta göylər mükafatı veriləcəkdir, orada isə «nə kişi, nə də qadın vardır» (Qalatiyalılara 3:28, İ–93). Beləliklə, ərlər yadda saxlamalıdırlar ki, insanı Allahın gözündə dəyərli edən onun kişi, qadın, ər, arvad və hətta uşaq olması deyil, sadiqliyidir (1 Korinflilərə 4:2).
9. a) Peterin sözlərinə əsasən, ərlər nəyə görə arvadlarına hörmət etməlidirlər? b) İsa qadınlara hörmətlə yanaşdığını necə göstərirdi?
9 Ərin arvadı ilə hörmətlə rəftar etməsinin vacibliyi həvari Peterin «dualarınıza maneçilik törədilməsin» sözlərində vurğulanıb. Bu maneçilik çox təhlükəli ola bilər. Ərin arvadına hörmət etməməsi dualarının qarşısına sədd çəkilməsinə gətirib çıxarar. Keçmişdə Allahın əmrlərinə başısoyuq yanaşan bə’zi xidmətçilərlə də belə bir hadisə baş vermişdi (Mərsiyələr 3:43, 44). Yaxşı olardı ki, istər ailəli, istərsə də ailə qurmağa hazırlaşan məsihçi İsanın qadınlarla rəftarını diqqətlə nəzərdən keçirsin. İsanı xidmətdə müşayiət edənlərin arasında qadınlar da var idi. İsa onlarla xeyirxahlıqla və hörmətlə davranırdı. Bir dəfə o, hətta vacib xəbəri əvvəlcə qadınlara açdı və tapşırdı ki, onu kişilərə çatdırsınlar! (Matta 28:1, 8-10; Luka 8:1-3).
Xüsusilə kişilər üçün nümunə
10, 11. a) Nəyə görə xüsusilə ərlər İsanın nümunəsini araşdırmalıdırlar? b) Ər arvadını sevdiyini necə göstərməlidir?
10 Yuxarıda qeyd edildiyi kimi, Müqəddəs Kitabda ərlə arvadın münasibəti Məsihlə ‘arvadı’, yə’ni məsh olunmuşların yığıncağı arasındakı münasibətlə müqayisə edilir: «Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi, ər də arvadın başıdır» (Efeslilərə 5:23). Bu sözlər ərləri İsanın öz davamçıları üzərində necə başçılıq etdiyini araşdırmağa təşviq etməlidir. Ancaq belə olduğu təqdirdə, İsanın yığıncağı məhəbbət və qayğı ilə əhatə etdiyi və ona rəhbərlik verdiyi kimi, ərlər də onun nümunəsini düzgün izləyərək arvadları ilə belə davranacaqlar.
11 Allahın Kəlamı məsihçiləri çağırır: «Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi» (Efeslilərə 5:25). Pavelin efeslilərə yazdığı məktubun əvvəlki fəslində ‘imanlılar cəmiyyəti’, yə’ni yığıncaq ‘Məsihin bədəni’ adlanır. Bu simvolik bədənin həm kişilərdən, həm də qadınlardan ibarət çoxlu üzvü var və onların hər biri bədənin yaxşı fəaliyyət göstərməsinə kömək edir. Əlbəttə, İsa ‘bədənin, yə’ni imanlılar cəmiyyətinin Başıdır’ (Efeslilərə 4:12; Koloslulara 1:18; 1 Korinflilərə 12:12, 13, 27).
12. İsa simvolik bədənini sevdiyini necə göstərdi?
12 İsa simvolik bədəninə, yə’ni yığıncağa məhəbbətini əsas e’tibarilə onun gələcək üzvlərinin qayğısına qalmaqla göstərdi. Məsələn, şagirdləri yorulub taqətdən düşəndə o dedi: «Sakit bir yerə gedin və bir az dincəlin» (Mark 6:31). Həvarilərdən biri İsanın yer üzündəki həyatının son saatlarını təsvir edərək yazırdı: «İsa.. Özünə aid olanları [simvolik bədəninin üzvlərini] sevmiş olaraq, onları sona qədər sevdi» (Yəhya 13:1). İsa ərlərin arvadları ilə rəftarına dair necə də gözəl nümunə qoyub!
13. Ərlər arvadlarını necə sevməlidirlər?
13 Məsihin nümunəsindən istifadə edərək Pavel ərlərə nəsihət verir: «Ərlər də öz arvadlarını, öz bədənləri qədər sevməlidirlər. Öz arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin Rəbb cəmiyyəti etdiyi kimi, onu yedirir və bəsləyir... Qoy hər kəs öz arvadını özü kimi sevsin» (Efeslilərə 5:28, 29, 33).
14. Ər qeyri-kamil bədəni ilə necə rəftar edir və bu onun arvadı ilə rəftarı haqqında nə deyir?
14 Gəlin Pavelin sözləri üzərində düşünək. Məgər ağlı başında olan adam bilə-bilə özünə zərər yetirərmi? Kiminsə ayağı dolaşıb yıxılanda, o qalxıb ayağını döyür? Əlbəttə ki, yox! Ər özünü dostlarının yanında alçaldırmı və ya öz səhvlərini başqalarına yayırmı? Xeyr! Onda nəyə görə arvadı səhvə yol verəndə onu sözlərlə qamçılamalı və ya döyməlidir? Ər yalnız özünün deyil, arvadının da maraqlarını nəzərə almalıdır (1 Korinflilərə 10:24; 13:5).
15. a) Şagirdləri zəiflik göstərəndə İsa nə etmişdi? b) Onun nümunəsində hansı ibrət dərsi var?
15 Gəlin görək İsa ölümündən qabaqkı gecə şagirdləri zəiflik göstərəndə onların qayğısına necə qalmışdı. Getsamani bağında İsanın dəfələrlə onlardan dua etməyi xahiş etdiyinə baxmayaraq, onlar üç dəfə yuxuya getdilər. Qəflətən silahlanmış dəstə onları mühasirəyə aldı. İsa «kimi axtarırsınız?» deyə soruşdu. «Nazaretli İsanı» cavabını eşidəndə o dedi: «Mənəm». Ölüm ‘saatının gəldiyini’ bilən İsa söylədi: «Əgər Məni axtarırsınızsa, bunları buraxın getsinlər». İsa həmişə şagirdlərinin — simvolik arvadının bir hissəsinin — rifahını düşünürdü, bu dəfə də onların qaçması üçün imkan yaratdı. Ərlər İsanın şagirdləri ilə rəftarını araşdıraraq, arvadları ilə münasibətdə tətbiq edə biləcəkləri bir çox prinsipləri tapacaqlar (Yəhya 18:1-9; Mark 14:34-37, 41).
İsanın məhəbbəti təkcə hisslərə əsaslanmamışdı
16. İsa Martanı çox sevsə də, ona hansı məsləhəti verdi?
16 İsa tez-tez Lazarın evində qonaq olurdu. Müqəddəs Kitabda deyilir ki, o, «Martanı, onun bacısını və Lazarı sevirdi» (Yəhya 11:5). Ancaq bir dəfə Marta yemək hazırlamağa həddən artıq diqqət verdiyindən İsanın ruhani nəsihətlərinə qulaq asmağa vaxtı qalmayanda İsa çəkinmədən ona məsləhət verdi: «Marta! Marta! Sən çox şeylər üçün üzülüb təlaş edirsən. Ancaq bircə şeyə ehtiyac var» (Luka 10:41, 42). Marta İsanın onu sevdiyini bildiyi üçün məsləhətini asanlıqla qəbul etdi. Eynilə ər arvadı ilə xeyirxah, nəvazişlə rəftar etməli, elə sözlər seçməlidir ki, yoldaşının qəlbinə toxunmasın. Ancaq hansısa hərəkətinə düzəliş vermək lazım gələndə, İsa kimi öz fikrini açıq söyləməlidir.
17, 18. a) Peter İsanı nə üçün məzəmmət etdi və nəyə görə Peterin düzəlişə ehtiyacı var idi? b) Ərlərin hansı məs’uliyyəti var?
17 Digər halda isə İsa şagirdlərinə ‘Yerusəlimə getməli, ağsaqqallar, baş kahinlər və din alimlərinin əlindən çox əzab çəkməli, öldürülməli və üçüncü gündə dirilməli’ olduğunu bildirdi. Bunu eşidən Peter İsanı qırağa çəkib onu məzəmmət etdi: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!». Aydındır ki, hisslər Peterin gözünü tutmuşdu. Onun məsləhətə ehtiyacı var idi. Buna görə də, İsa ona dedi: «Rədd ol Məndən, şeytan! Sən Mənə mane olursan. Çünki sənin fikirlərin Allahın deyil, insan fikirləridir» (Matta 16:21-23).
18 Bəli, İsa şagirdlərinə Allahın iradəsini, yə’ni çoxlu əzablara mə’ruz qalacağını və öldürüləcəyini açdı (Məzmur 16:10; Yeşaya 53:12). Ona görə də, Peter İsanı məzəmmət etməklə səhvə yol verdi. Bəli, hamımızın hərdən ehtiyacı olduğu kimi, Peterin də açıq məsləhətə ehtiyacı vardı. Bir ailə başçısı kimi ərin, arvadı da daxil olmaqla ailə üzvlərinə düzəliş verməyə nəinki səlahiyyəti çatır, bu həm də onun məs’uliyyətidir. Qətiyyət tələb olunsa da, ər düzəliş verərkən xeyirxah və nəzakətli olmalıdır. İsa Peterə vəziyyətə düzgün baxmağa kömək etdiyi kimi, ərə də hərdən arvadına düzəliş vermək lazım gələ bilər. Məsələn, arvadın geyimi, makiyajı və ya bəzək əşyaları Müqəddəs Kitabın tövsiyə etdiyi sadəlik çərçivəsindən kənara çıxanda ər nəzakətlə arvadına nə üçün bə’zi düzəlişlərin lazım olduğunu izah edə bilər (1 Peter 3:3-5).
Ərlərə səbirli olmaq lazımdır
19, 20. a) İsanın həvariləri arasında hansı problem yaranmışdı və İsa onu necə həll etdi? b) İsanın sə’yləri nə dərəcədə müvəffəqiyyətli oldu?
19 Ciddi səhvə yol veriləndə, ərlər səmimi məsləhətlərinin dərhal səmərə gətirəcəyini gözləməməlidirlər. Həvarilərinin düşüncə tərzini düzəltmək üçün İsa həmişə sə’y göstərirdi. Məsələn, onların arasındakı rəqabət İsanın xidmətinin sonuna yaxın yenidən özünü büruzə verdi. Onlar kimin ən böyük olması barədə mübahisə edirdilər (Mark 9:33-37; 10:35-45). İkinci mübahisədən çox keçməmiş İsa həvariləri ilə təklikdə özünün son Pasxasını qeyd etməyə hazırlaşırdı. Həmin gecə onlardan heç biri, alçaq iş sayıldığı üçün başqalarının tozlu ayaqlarını yumağı öz üzərinə götürmədi. Bunu İsa etdi. Sonra dedi: «Sizə bir nümunə göstərdim» (Yəhya 13:2-15).
20 İsa kimi təvazökar olan ərlərin arvadları çox ehtimal ki, onlarla məmnuniyyətlə əməkdaşlıq edəcək və onlara dayaq olacaqlar. Lakin səbirli olmaq lazımdır. Həmin Pasxa gecəsində, bir az sonra həvarilərin arasında yenə də mübahisə düşdü ki, kim ən böyük sayılmalıdır (Luka 22:24). Düşüncə tərzində və davranışda dəyişikliklər birdən-birə baş vermir, bunun üçün adətən vaxt tələb olunur. Ancaq həvarilərin düşüncə tərzi düzəldiyi kimi, bu gün də yaxşı nəticələr əldə ediləndə, çox sevindirici olur!
21. Bu gün ailələrin qarşılaşdığı problemləri nəzərə alaraq, ərlər nəyi yadda saxlamalı və nə etməlidirlər?
21 Bu gün ailələrdə problemlər əvvəlkindən çoxdur. Artıq çoxları evlilik andına ciddi yanaşmırlar. Ancaq ərlər, nikahın mənşəyi barədə düşünün. Məhəbbətli Yehova Allahın onun Banisi olduğunu unutmayın. O Öz Oğlunu bizə yalnız fidiyə qurbanı və Xilaskar olaraq verməyib, həmçinin ərlər üçün nümunə kimi qoyub (Matta 20:28; Yəhya 3:29; 1 Peter 2:21).
Necə cavab verərdiniz?
• Nikahın Banisinin Allah olduğunu qəbul etmək nəyə görə vacibdir?
• Ərlər arvadlarını necə sevməlidirlər?
• İsanın şagirdləri ilə rəftarından ərin başçılığı həyata keçirməsi haqda nə öyrənirik?
[9-cu səhifədəki şəkil]
Şagirdləri yorulanda İsa onlara qayğı göstərdi.
[10-cu səhifədəki şəkil]
Ərlər arvadlarına məsləhət verəndə xeyirxah olmalı və elə sözlər seçməlidirlər ki, onların qəlbinə toxunmasın.
[12-ci səhifədəki şəkil]
Nəyə görə ərlər İsanın qadınlarla rəftarını diqqətlə nəzərdən keçirməlidirlər?