FƏSİL 60
Məsihin calalını əks etdirən görüntü
MƏTTA 16:28—17:13 MARK 9:1—13 LUKA 9:27—36
İSA MƏSİHİN GÖRKƏMİ DƏYİŞİLİR
HƏVARİLƏR ALLAHIN SƏSİNİ EŞİDİR
İsa Məsih Hərmun dağından 25 kilometr aralıda yerləşən Filipi Qeysəriyyəsində həvarilərə və camaata təlim verir. O, həvarilərinə açıqlayır: «Eşidin və agah olun, burada duranlardan bəziləri insan Oğlunun öz Padşahlığında gəldiyini görməyincə əsla ölməyəcək» (Mətta 16:28).
Yəqin, şagirdlər düşünürlər: görəsən, peyğəmbər nə demək istəyir? Təxminən bir həftə sonra İsa peyğəmbər Butrusu, Yaqubu və Yəhyanı götürüb uca dağa qalxır. Ehtimal ki, bu, gecə vaxtı olur, çünki şagirdlər yuxuludurlar. İsa peyğəmbər dua edir və bu vaxt onların gözü qarşısında onun görkəmi dəyişir: üzü günəş kimi şəfəq saçır, paltarı ağappaq olub par-par parıldayır.
Sonra Musa peyğəmbər və İlyas peyğəmbərin görüntüsü peyda olur. Onlar İsa peyğəmbər ilə Yerusəlimdə baş verəcək hadisədən, onun dünyadan ayrılmasından söhbət etməyə başlayırlar (Luka 9:30, 31). Dünyadan ayrılması, İsa peyğəmbərin özünün də təzəlikcə danışdığı kimi, onun öləcəyini və sonra diriləcəyini bildirir (Mətta 16:21). Bu söhbətdən aydın olur ki, Butrusun dediklərinin əksinə olaraq, peyğəmbər onu gözləyən şərəfsiz ölümdən qaçmamalıdır.
Artıq şagirdlərin gözlərindən yuxu qaçıb. Onlar baş verənlərə heyrətlə baxır və qulaq asırlar. Bu, görüntü olsa da, elə gerçəkdir ki, Butrus söhbətə qoşulub deyir: «Rabbi, bizim bura gəlməyimiz nə yaxşı oldu! Qoy biz üç çadır quraq: birini sənə, birini Musaya, birini də İlyasa» (Mark 9:5). Görəsən, Butrus görüntünün davam etməsi üçünmü çadır qurmağı təklif edir?
Butrus hələ danışarkən parlaq bir bulud topası onları bürüyür və buluddan bir səs gəlir: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın». Qorxu içində olan şagirdlər Allahın səsini eşidəndə üzüstə düşürlər. Amma İsa peyğəmbər onlara deyir: «Durun, qorxmayın» (Mətta 17:5—7). Onlar duranda Məsihdən savayı heç kimi görmürlər. Görüntü yox olur. Səhər onlar dağdan enəndə İsa peyğəmbər onlara tapşırır: «İnsan Oğlu dirilməyincə gördüyünüzü heç kimə danışmayın» (Mətta 17:9).
Görüntüdə İlyas peyğəmbərin peyda olması şagirdlərdə sual doğurur: «Nəyə görə mirzələr deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» İsa peyğəmbər cavab verir: «İlyas artıq gəlib. Heyif ki, onu tanımadılar» (Mətta 17:10—12). O, Vəftizçi Yəhyanı nəzərdə tutur. Yəhya İlyas peyğəmbərin gördüyü işə bənzər bir iş görmüşdü: İlyas peyğəmbər Əlyəsə peyğəmbərə yol hazırladığı kimi, Yəhya da Məsih üçün yol hazırlamışdı.
Bu görüntü həm İsa Məsihi, həm də şagirdləri çox möhkəmləndirir. Görüntü Məsihin padşahlıq calalını qabaqcadan nümayiş etdirir. Beləcə, o vəd etdiyi kimi, şagirdlər «insan Oğlunun öz Padşahlığında gəldiyini» görürlər (Mətta 16:28). Dağda olarkən onlar Məsihin «ehtişamının şəxsən şahidi» olurlar. Fərisilər ondan seçilmiş Padşah olduğunu təsdiq edən əlamət göstərməsini tələb edəndə o, bunu etmədi. Amma onun ən yaxın şagirdlərinə səmavi Padşahlıqla bağlı peyğəmbərlikləri təsdiq edən hadisəni, yəni İsa peyğəmbərin görkəminin dəyişməsi görüntüsünü görmək nəsib oldu. Buna görə də Butrus sonralar yazır: «Biz peyğəmbərlik sözünün doğruluğuna daha da əmin olmuşuq» (2 Butrus 1:16—19).