Fəsil 24
İsa Məsih yer üzünə nə üçün gəlmişdir?
O GÜNÜ Kapernahumda İsagilin işi başdan aşırdı. Üstəlik, axşamüstü camaat xəstələri İsanın yanına gətirməyə başladı. Onların təklikdə qalıb dincəlməyə vaxtları olmamışdı.
İndi isə səhərdir. İsa alaqaranlıqdan durub çölə çıxır. O, Yaradana, səmavi Atasına dua etmək üçün kimsəsiz bir yerə gedir. Bir azdan Peter və başqaları görəndə ki, İsa yoxdur, durub onu axtarmağa başlayırlar.
Onlar İsanı tapanda Peter deyir: «Hamı səni axtarır». Kapernahum əhli İsanın möcüzə ilə gördüyü xeyirxah işlərə görə çox minnətdardır və istəyir ki, o, burada qalsın. Görəsən, İsa nə deyəcək? Axı o, yer üzünə təkcə möcüzə göstərmək, adamları sağaltmaq üçün gəlməyib.
İncildən məlum olur ki, İsa şagirdlərinə belə deyir: «Gəlin başqa yerə, bu yaxın kəndlərə gedək ki, mən xoş xəbəri oralarda da təbliğ edim, axı mən bunun üçün gəlmişəm». Camaat yalvar-yaxar edib onu saxlamaq istəyir, amma İsa onlara deyir: «Mən Allahın padşahlığı haqqında xoş xəbəri başqa şəhərlərə də bəyan etməliyəm, axı Allah məni bu iş üçün göndərib».
Bəli, İsa Məsih ilk növbədə yerə Allahın Padşahlığı barədə təbliğ etmək üçün gəlib. Bu Padşahlıq onun səmavi Atasının adını ucaldacaq və bəşəriyyətə qurtuluş gətirəcək. Möcüzə ilə verdiyi şəfalar isə onun Allah tərəfindən göndərildiyini təsdiq edir. Bundan bir neçə əsr əvvəl yaşamış Musa peyğəmbər də Allahın qulu olduğunu möcüzələrlə sübut etmişdi.
İsa Kapernahumdan çıxıb təbliğ etmək üçün başqa şəhərlərə gedir. Dörd şagird — Peterlə qardaşı Andreas, Yəhya və qardaşı Yaqub onu müşayiət edirlər. Yadınızdadırsa, bir həftə bundan qabaq İsa onları özü ilə təbliğ işinə çağırmışdı və bu şagirdlər onun ilk əməkdaşları oldular.
İsa bu dörd şagirdi ilə Qalileyanı gəzə-gəzə təbliğ edir və bu təbliğ çox uğurlu alınır. İsanın gördüyü işlərin sorağı hətta gedib Suriyaya çatır. Qalileyadan, Yəhudeyadan və İordan çayının o biri tayından çoxlu adam İsagilin ardınca gedir. Mark 1:35—39; Luka 4:42, 43; Matta 4:23—25; Çıxış 4:1—9, 30, 31.
▪ Kapernahumdakı hadisələrlə dolu gündən sonrakı gün necə başlayır?
▪ İsa Məsih yer üzünə nə üçün göndərilib və onun möcüzələri nəyi təsdiq edir?
▪ Qalileya ərazisindəki təbliğ zamanı İsanı kimlər müşayiət edir və onun gördüyü işlərə necə hay verilir?