FƏSİL 15
Gördüyün işdən həzz al
«Hər kəs... zəhmətindən həzz almalıdır» (VAİZ 3:13).
1—3. a) Bir çoxları öz işinə necə yanaşır? b) Müqəddəs Kitabda iş haqqında nə deyilir və bu fəsildə hansı suallar araşdırılacaq?
BU GÜN dünyada bir çoxları işindən sevinc duymur. Ürəklərinə yatmayan bir işi saatlarla görməyə məcbur olan bu adamlar üçün hər gün işə getmək əsil sınaqdır. Bu cür əhval-ruhiyyəli adamlar öz işinə könülsüz yanaşırlarsa, ondan necə zövq ala bilərlər? Bu adamlara nə kömək edər?
2 Müqəddəs Kitabda əmək haqqında müsbət tərəfdən danışılır. Orada deyilir ki, əmək və onun bəhrəsi Allahın hədiyyəsidir. Süleyman padşah yazmışdı: «Hər kəs yeyib-içməli və zəhmətindən həzz almalıdır. Bu, Allahın bəxşişidir» (Vaiz 3:13). Bizi sevən və yaxşılığımızı düşünən Yehova Allah istəyir ki, biz əməyimizin bəhrəsini görək, ondan sevinc alaq. Allahın məhəbbətindən ayrılmamaq üçün Onun əməklə əlaqədar baxışlarına və prinsiplərinə müvafiq yaşamalıyıq. (Vaiz 2:24; 5:18 ayələrini oxu.)
3 Bu fəsildə dörd sual müzakirə ediləcək: biz gördüyümüz işdən necə həzz ala bilərik? Hansı iş məsihilər üçün məqbul deyil? Dünyəvi işimizlə ruhani fəaliyyət arasında tarazlığı necə qoruya bilərik? Biz hansı mühüm işi görməliyik? Amma əvvəlcə gəlin Kainatdakı iki ən dahi zəhmətkeşin — Yehova Allahın və İsa Məsihin nümunəsinə diqqət yetirək.
ALİ ZƏHMƏTKEŞ VƏ USTA
4, 5. Müqəddəs Kitabdan Yehovanın məhsuldar zəhmətkeş olduğu necə görünür?
4 Yehova Ali Zəhmətkeşdir. Yaradılış 1:1 ayəsində deyilir: «Başlanğıcda Allah göyü və yeri yaratdı». Allah yerlə əlaqədar yaradıcı işlərini bitirəndən sonra «gördü ki, hər şey çox yaxşıdır» (Yaradılış 1:31). Deməli, O, Öz işindən razı qalmışdı. Bəli, «xoşbəxt Allah» Yehova əməyinin bəhrəsindən həzz almışdı (1 Timutiyə 1:11).
5 Bizim əməksevər Allahımız həmişə işləyir. Yer və onun üzərindəki bütün xilqətin yaranmasından xeyli sonra İsa demişdi: «Atam indiyədək işləyir» (Yəhya 5:17). Yehova indiyədək nə ilə məşğul olub? O yaşadığı səmavi aləmdən həmişə bəşəriyyətə qayğı və yol göstərib. Allah ruhdan doğulmuş məsihilərdən ibarət yeni məxluqu yaradıb. Yeni məxluq İsa ilə birlikdə göydə hökmranlıq edəcək kəslərdir (2 Korinflilərə 5:17). Allah Onu sevənlərin yeni dünyada əbədi yaşamasını istəyir və bu niyyətini həyata keçirmək üçün çox çalışır (Romalılara 6:23). Yehova yəqin ki, əməyinin bəhrələrindən çox razıdır. O, milyonlarla insanı Padşahlıq xəbərinə cəlb edib. Bu insanlar Allahın məhəbbətindən ayrılmamaq üçün həyatlarında müəyyən dəyişikliklər ediblər (Yəhya 6:44).
6, 7. İsanın işə və xidmətə münasibəti barəsində nə demək olar?
6 İsa da zəhmətkeşliyi sayəsində gözəl ad qazanıb. Yerə gəlməzdən əvvəl o, Allahın yanında «göydə və yerdə olan» hər şeyin yaradılmasında «usta» kimi çalışırdı (Məsəllər 8:22—31; Koloslulara 1:15—17). Yer üzündə olanda da İsa zəhməti sevir, ağır işdən qorxmurdu. Hələ uşaq ikən o, dülgərlik sənətinə yiyələnmişdi və hamı onu «dülgər» kimi tanıyırdı (Mark 6:3). Bu sənət insandan çoxlu qüvvə və bacarıq tələb edir. Ələlxüsus taxta-şalban zavodları, texniki avadanlıq dükanları və elektrik alətləri olmayan dövrdə bu, çox ağır iş idi. İsanın meşəyə getdiyini, ağacı necə kəsib yıxdığını, sonra onu işlədiyi yerə necə çəkib gətirdiyini təsəvvür edirsən? Bəs onun ağacdan tir yonub evin damını tikdiyini, qapı-pəncərə və bəzi mebel əşyaları düzəltdiyini xəyalında canlandırırsan? İsa öz təcrübəsindən bilirdi ki, bacarıqla görülən hər bir iş adama məmnunluq gətirir.
7 Müqəddəs xidməti icra etməkdə də İsa çox çalışqan idi. O, təxminən üç il yarım ərzində bu mühüm işlə fəal surətdə məşğul idi. O, sübh tezdən ta gecəyə kimi dayanmadan çalışır, Allah haqqında həqiqəti daha çox adama çatdırmaq üçün əlindən gələni edirdi (Luka 21:37, 38; Yəhya 3:2). «İsa şəhərbəşəhər, kəndbəkənd gəzərək Allahın Padşahlığı haqqında müjdəni təbliğ edirdi» (Luka 8:1). O, müjdəni insanlara çatdırmaq üçün yüzlərlə kilometr tozlu-torpaqlı yolu piyada qət edirdi.
8, 9. İsa gördüyü işdən necə həzz alırdı?
8 İsa xidmətdə gördüyü işdən həzz alırdı? Əlbəttə! O, Padşahlıq haqqında müjdə toxumunu səpmiş, özündən sonra biçinə hazır tarlalar qoymuşdu. Allahın işini icra etmək İsanı elə qüvvətləndirirdi ki, bu işi axıra qədər görmək üçün o, yeməksiz qalmağa da hazır idi (Yəhya 4:31—38). Yerdəki xidmətini başa çatdırdıqdan sonra İsanın duyduğu məmnunluq hissini təsəvvürünə gətir. O, alnıaçıqlıqla Atasına demişdi: «Mənə tapşırdığın işi başa çatdırdım, Səni yerdə şərəfləndirdim» (Yəhya 17:4).
9 Sözsüz, Yehova Allah və İsa Məsih gördükləri işdən həzz alırlar və bizim üçün ən gözəl nümunədirlər. Yehovaya məhəbbət bizi Ona bənzəməyə təşviq edir (Efeslilərə 5:1). İsa Məsihə məhəbbət isə bizi onun izi ilə getməyə sövq edir (1 Butrus 2:21). İndi gəl görək biz gördüyümüz işdən necə zövq ala bilərik.
İŞİMİZDƏN NECƏ HƏZZ ALA BİLƏRİK?
10, 11. İşə münasibəti yaxşılaşdırmaqda bizə nə kömək edə bilər?
10 Dünyəvi iş məsihilərin həyatının tərkib hissəsidir. Biz işimizdən sevinc duymaq və zövq almaq istərdik, lakin iş ürəyə yatmayanda bu, çox çətin olur. Belə vəziyyətdə biz nə edə bilərik?
11 Nikbin əhval-ruhiyyə inkişaf etdir. Biz düşdüyümüz vəziyyəti həmişə dəyişə bilməsək də, münasibətimizi dəyişə bilərik. İşə müsbət münasibət bəsləmək üçün Allahın nöqteyi-nəzəri haqqında düşünməyin bizə köməyi dəyə bilər. Misal üçün, əgər sən ailə başçısısansa, diqqət yetir ki, sənin işin, hətta fəhləlik olsa belə, ailənin zəruri tələbatlarını ödəməyə imkan verir. Öz ailə üzvlərinin qeydinə qalanları Allah çox qiymətləndirir. Allahın Kəlamında deyilir ki, ailəsinin qeydinə qalmayan insan «imansızdan da betərdir» (1 Timutiyə 5:8). Sənin işin çox vacib bir məqsədə xidmət edir. Onun sayəsində, Allahın sənə həvalə etdiyi vəzifəni yerinə yetirirsən. Bunu yadda saxlasan, işindən əməkdaşlarının duya bilmədiyi məmnunluğu duyacaqsan.
12. İşində çalışqan və dürüst insanın mükafatı nədir?
12 Çalışqan və dürüst ol. İşimizə can yandırmaqla və təcrübəmizi artırmaqla biz xeyir tapa bilərik. Sahibkarlar, adətən, çalışqan və bacarıqlı işçiləri yüksək qiymətləndirirlər (Məsəllər 12:24; 22:29). Həqiqi məsihilər, həmçinin işdə dürüst olmalı, iş vaxtını, pulu və ya digər şeyləri oğurlamamalıdırlar (Efeslilərə 4:28). Keçən fəsildən dürüstlüyün insana nə qədər xeyir gətirdiyini öyrəndik. Yəqin razılaşarsan ki, dürüst işçiyə digərlərinə nisbətən daha çox etibar edirlər. Sahibkar necə çalışdığımızı görsə də, görməsə də, vicdanımızın təmiz olduğunu və əziz Allahımızı məmnun etdiyimizi bilmək bizə böyük sevinc gətirir (İbranilərə 13:18; Koloslulara 3:22—24).
13. İşdə yaxşı davranışımız hansı bəhrələri gətirə bilər?
13 Davranışınla Allaha şərəf gətir. İşdə yüksək məsihi normalarına uyğun davrandığımız başqalarının gözündən yayınmır. Bu, hansı bəhrələri gətirir? Biz davranışımızla «Xilaskarımız Allahın təlimini» bəzəyə bilərik (Titusa 2:9, 10). Bəli, nümunəvi davranışımızın sayəsində başqaları ibadətimizin gözəlliyini görəcək. Bu isə onları həqiqətə cəlb edə bilər. Təsəvvür edirsən, sənin nümunəvi davranışın əməkdaşlarından kiməsə həqiqətə hay verməyə kömək edə bilər! Amma ən vacibi odur ki, sənin yaxşı davranışın Yehovanı şərəfləndirir, Onun qəlbini sevindirir (Məsəllər 27:11; 1 Butrus 2:12 ayələrini oxu.)
İŞ SEÇİMİNDƏ DƏRRAKƏNİN ROLU
14—16. İş seçimi ilə üz-üzə dayananda ilk növbədə hansı suallar üzərində düşünməliyik?
14 Müqəddəs Kitabda hansı işin məsihiyə məqbul, hansının qeyri-məqbul olduğu təfərrüatı ilə açıqlanmır. Lakin bu, o demək deyil ki, qarşımıza çıxan hər bir iş bizim üçün məqbuldur. Müqəddəs Yazılar Allahın bəyəndiyi yaxşı, dürüst bir işi seçməkdə, həmçinin Onun bəyənmədiyi işlə məşğul olmamaqda bizə kömək edə bilər (Məsəllər 2:6). İş seçimi ilə üz-üzə duranda iki başlıca suala cavab verməliyik.
15 Bu işi icra etsəm, Müqəddəs Kitabda ittiham edilən hansısa bir hərəkəti görmərəm? Oğurluq, yalan və büt düzəltmək Allahın Kəlamında birmənalı surətdə ittiham edilir (Çıxış 20:4; Həvarilərin işləri 15:29; Efeslilərə 4:28; Vəhy 21:8). İşin icrası özünə bu hərəkətləri daxil edirsə, biz belə işdən imtina edəcəyik. Yehovaya olan məhəbbətimiz heç vaxt yol verməz ki, biz Onun əmrlərini pozan bir işlə məşğul olaq. (1 Yəhya 5:3 ayəsini oxu.)
16 Bu işi icra etsəm, günahda əlim olmaz ki, yaxud da başqalarını günaha cəlb etmərəm ki? Bir nümunəyə baxaq. Katibə vəzifəsi öz-özlüyündə pis iş deyil. Bəs məsihiyə abort üzrə ixtisaslaşdırılmış klinikada katibə vəzifəsini təklif etsələr, o, buna razı olacaq? Düzdür, katibədən abort əməliyyatında bilavasitə iştirak tələb olunmur. Bəs bu vəzifə abort əməliyyatı aparılan müəssisənin fəaliyyətinə kömək etmir? Məsihi bilir ki, abort Allahın Kəlamına ziddir (Çıxış 21:22—24). Yehovanı sevdiyimiz üçün, biz Müqəddəs Kitaba zidd gedən əməllərdə iştirak etmək istəmirik.
17. a) İşlə bağlı qərar verərkən hansı amilləri götür-qoy etməliyik? («Bu işə razı olum, ya yox?» adlı çərçivəyə bax.) b) Vicdanımız bizə Allahı sevindirən qərarlar qəbul etməyə necə kömək edəcək?
17 İş seçimi ilə əlaqədar bir çox məsələni necə həll etmək olar? Bunun üçün 15 və 16-cı abzaslardakı iki başlıca sualı diqqətlə təhlil etmək lazımdır. Üstəlik, bir qərara gəlməzdən əvvəl bir neçə amili götür-qoy etməliyika. Biz üzləşdiyimiz hər bir vəziyyətlə bağlı sadiq nökərdən qaydalar gözləməməliyik. Məhz belə vəziyyətlərdə məsihilərdən dərrakə tələb olunur. 2-ci fəsildən gördük ki, biz vicdanımızı Allahın Kəlamını gündəlik həyatımızda tətbiq etməyi öyrənməklə tərbiyələndirməliyik. Ağlımızı daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirsək, vicdanımız bizə Allahın bəyəndiyi qərarlar verməyə və Onun məhəbbətini qoruyub-saxlamağa kömək edəcək (İbranilərə 5:14).
İŞƏ TARAZLI MÜNASİBƏT
18. Ruhani tarazlığı qorumaq nə üçün asan deyil?
18 Bu çətin «axırzamanda» ruhani tarazlığı qorumaq heç də asan deyil (2 Timutiyə 3:1). İş tapmaq və bu işdə qalmaq həqiqətən müşkül məsələdir. Məsihilər başa düşürlər ki, ailəni dolandırmaq üçün səylə çalışmalıdırlar. Amma biz ehtiyatlı olmalıyıq ki, iş yoldaşlarımızın təzyiqi və dünyadakı maddi şeylərə hərislik ruhu ibadətimizə mane olmasın (1 Timutiyə 6:9, 10). Gəl görək «daha vacib şeyləri» ayırd etməklə tarazlığı necə qoruya bilərik (Filippililərə 1:10).
19. Biz nəyə görə Yehovaya tam etibar edə bilərik və bu, bizi nədən qoruyacaq?
19 Bütün qəlbinlə Yehovaya etibar et. (Məsəllər 3:5, 6 ayələrini oxu.) Yehova etibara layiq Allahdır. O, bizim qeydimizə qalır (1 Butrus 5:7). Allah tələbatlarımızı özümüzdən də yaxşı bilir və hər vaxt dadımıza çata bilər (Zəbur 37:25). Buna görə də biz Onun Kəlamındakı məsləhətə hay veririk: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun, çünki Allah deyib: “Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm”» (İbranilərə 13:5). Bir çox tammüddətli xidmətçilər Allahın onları zəruri şeylərlə təmin etməyə qadir olduğunu təsdiq edə bilərlər. Yehovanın qeydimizə qalacağına tam etibar ediriksə, onda ailəmizi necə dolandırmaq barəsində həddindən artıq narahat olmayacağıq (Mətta 6:25—32). Biz yol verməyəcəyik ki, dünyəvi işə görə ruhani fəaliyyətimiz, məsələn, müjdənin təbliği və yığıncaq görüşləri kölgədə qalsın (Mətta 24:14; İbranilərə 10:24, 25).
20. Gözü tox saxlamaq nə deməkdir və sən bunu necə edə bilərsən?
20 Gözünü tox saxla. (Mətta 6:22, 23 ayələrini oxu.) Gözü tox saxlamaq sadə yaşamaq deməkdir. Məsihinin gözü bir məqsədə — Allahın iradəsini icra etməyə cəmlənməlidir. Gözümüz buna cəmlənibsə, biz yalnız yüksək məvacibli iş axtarmayacaq və həyatımızı daha komfortlu etmək üçün dəridən-qabıqdan çıxmayacağıq. Bu gün reklamçılar bizi inandırmağa çalışırlar ki, guya müəyyən əşyaları alsaq, işlərimiz yaxşı gedəcək, xoşbəxt olacağıq. Məsihilər bu vədlərə aldanmır, dəbdəbəli, brend malların dalınca qaçmırlar. Bəs sən gözünü necə tox saxlaya bilərsən? Mənasız yerə borca girmə. Həddindən artıq vaxt və diqqət tələb edən əşyalar alma. Müqəddəs Kitabın «yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq» məsləhətinə qulaq as (1 Timutiyə 6:8). Həyatını mümkün qədər sadələşdir.
21. Nə üçün həyatda müəyyən şeylərə üstünlük vermək lazımdır və bizim üçün birinci yerdə nə durmalıdır?
21 Ruhani işlərə üstünlük ver. Gücümüz və vaxtımız məhdud olduğundan həyatda müəyyən şeylərə üstünlük vermək lazımdır. Əks təqdirdə az əhəmiyyətli şeylər qiymətli vaxtımızı oğurlayacaq və vacib şeylər kənarda qalacaq. Həyatımızda birinci yerə nəyi qoymalıyıq? İndi bir çoxları gəlirli karyera qurmaq məqsədilə ali təhsil almağa böyük əhəmiyyət verirlər. Lakin İsa öz davamçılarını Padşahlığı hər şeydən üstün tutmağa təşviq edirdi (Mətta 6:33). Bəli, məsihilər Allahın Padşahlığını həyatlarında hər şeydən üstün tuturlar. Həyat tərzimiz — seçimimiz, məqsədlərimiz, fəaliyyətimiz göstərməlidir ki, bizim üçün Padşahlığın maraqları və Allahın iradəsi maddi şeylərdən və dünyəvi məqsədlərdən daha önəmlidir.
XİDMƏTDƏ CANLA-BAŞLA ÇALIŞ
22, 23. a) Məsihilər üçün birinci dərəcəli iş hansıdır və bu işin bizim üçün vacib olduğunu necə göstərə bilərik? («Qərarım mənə sevinc dolu və mənalı həyat bəxş etdi» adlı çərçivəyə bax.) b) Dünyəvi işə necə münasibət bəsləməliyik?
22 Biz axırzamanın sonunda yaşadığımızı yaddan çıxarmır və var gücümüzlə zəmanəmizin ən vacib işində — təbliğ və şagird hazırlamaq işində iştirak edirik (Mətta 24:14; 28:19, 20). Bizim üçün ən parlaq nümunə İsadır və biz də bu xilasedici işdə onun kimi canla-başla çalışmaq istəyirik. Bu işin bizim üçün önəmli olduğunu necə göstərə bilərik? Allahın xalqı bu işdə ürəkdən iştirak edir. Bəzi məsihilər işlərini elə qurmuşlar ki, öncül və xüsusi təyinatlı müjdəçi kimi xidmət edə bilsinlər. Bir çox valideynlər ruhani məqsədlərin vacibliyini dərk etdikləri üçün uşaqlarını tammüddətli xidmətə təşviq edirlər. Bəs Padşahlığın bu zəhmətkeş müjdəçiləri gördükləri işdən həzz alırlar? Əlbəttə! Yehovaya ürəkdən edilən xidmət sevinc, məmnunluq və bol mükafat gətirən həyat yoludur. (Məsəllər 10:22 ayəsini oxu.)
23 Bir çoxumuz ailəmizi dolandırmaq üçün işə çoxlu vaxt sərf etməli oluruq. Unutma ki, Yehova gördüyümüz işdən həzz almağımızı istəyir. Əhval-ruhiyyə və əməllərimiz Onun baxışları və prinsiplərinə müvafiq olmalıdır. O zaman biz gördüyümüz işdən sevinc tapacağıq. Ona görə də gəlin heç vaxt yol verməyək ki, dünyəvi işimiz diqqətimizi ən mühüm işdən — Allahın Padşahlığı haqqındakı müjdəni bəyan etmək işindən yayındırsın. Buna həyatda üstünlük verməklə Yehovanı nə qədər sevdiyimizi göstərir və Onun məhəbbətindən ayrılmırıq.
a İşlə bağlı daha ətraflı məlumatı «Gözətçi qülləsi» jurnalının 1999-cu il 15 aprel sayının 28—30 səhifələrində (rus.) və 1983-cü il 1 mart sayının 17-ci səhifəsində (rus.) tapmaq olar.