Fəsil 52
İsa minlərlə adamı möcüzə ilə doydurur
VƏFTİZÇİ YƏHYANIN ölümündən qısa müddət keçib. Bu arada İsa Məsihin 12 həvarisi Qalileyanı başdan-başa gəzib təbliğ etmiş və indi geri qayıdıblar. Onlar öz təəssüratlarını sevinə-sevinə İsaya danışırlar. İsa görür ki, həvarilər çox yorulub, üstəlik, gəlib-gedənlərin də ardı-arası kəsilmir. Onlar hətta çörək yeməyə macal tapmırlar. O təklif edir: «Gəlin sakit bir yerə gedək, bir az dincinizi alın».
Onlar qayığa minib (ehtimal ki, Kapernahumun yaxınlığında) sakit bir yerə yola düşürlər. Yəqin ki, onlar İordanın şərqində yerləşən Betsaydanı ötüb o tərəfə gedirlər. Kimlərsə onların yola düşdüyünü görür, digərləri bunu eşidir. Bütün camaat gölün sahili boyu qaçır və qayıq sahilə yan alanda artıq orada onları gözləyir.
İsa qayıqdan çıxır və bu izdihama baxıb onlara yazığı gəlir, çünki bu adamlar «çobansız qoyun kimi»dirlər. O, xəstələri sağaldır və camaata çoxlu təlim verir.
Vaxt tez keçir və İsanın şagirdləri ona yaxınlaşıb deyirlər: «Bura çöllükdür və artıq gecdir. Camaatı burax, ətraf kəndlərə, obalara gedib özləri üçün yeməyə bir şey alsınlar».
Lakin İsa şagirdlərə: «Siz onlara yemək verin», — deyir. Sonra o, Filipi sınamaq üçün ondan soruşur: «Bu adamlar üçün haradan çörək alaq?» Əslində, İsa nə edəcəyini bilirdi.
Filip üçün bu, ağlasığmaz bir şeydir. Axı orada beş mindən artıq kişi var və qadınlarla uşaqları hesablayanda on mindən çox adam edir. Buna görə də Filip belə cavab verir: «Bu qədər adama heç iki yüz dinarlıq [dinar bir günlük əmək haqqı idi] çörək də bəs eləməz ki, heç olmasa hərəsi bir tikə yesin».
Yəqin ki, bu qədər adamı yedizdirməyin mümkün olmadığını göstərmək üçün Andreas deyir: «Burada bir oğlan uşağında beş arpa çörəyi və iki balaca balıq var». Sonra əlavə edir: «Amma bu qədər adam üçün bunlar nədir ki?»
Bahar fəsli olduğundan (qeyd eləyək ki, 32-ci ilin Pasxa bayramına az qalırdı) yerdə ot qalxıb. İsa şagirdlərinə tapşırır ki, qoy camaat əlli-əlli, yüz-yüz otun üstündə əyləşsin. Sonra o, 5 çörəyi və 2 balığı götürüb göyə baxır və bərəkət diləyir. Onları şagirdlərə verir, şagirdlər də camaata paylayırlar. Bu, bir möcüzədir: hamı yeyib doyur!
Yeyib qurtardıqdan sonra İsa şagirdlərinə buyurur: «Artıq qalan tikələri yığın ki, heç nə zay olmasın». Şagirdlər artıq qalan tikələrdən 12 zənbil doldururlar! Matta 14:13—21; Mark 6:30—44; Luka 9:10—17; Yəhya 6:1—13.
▪ Nəyə görə İsa həvariləri üçün sakit bir yer axtarır?
▪ İsa şagirdlərini hara aparır, amma nə üçün onlar dincələ bilmirlər?
▪ Axşam düşəndə şagirdlər İsaya nə deyirlər və İsa camaatın qayğısına necə qalır?