Fəsil 57
Dərdli insanlara mərhəmət
İSA MƏSİH fəriseyləri özlərinə sərf edən adətlərinə görə açıq-aşkar ifşa etdikdən sonra şagirdləri ilə oradan gedir. Yadınızdadırsa, onlar bir qədər bundan əvvəl sakit bir guşəyə çəkilib dincəlmək istəmişdilər, lakin camaat axtarıb onları tapmış və istirahətlərinə mane olmuşdu. Bu səfər İsa şagirdləri ilə birgə şimala, neçə-neçə kilometr uzaqlıqda olan Sur və Sidon bölgəsinə yol alır. Görünür, bu yeganə haldır ki, İsa və şagirdləri İsrail ərazisindən qırağa çıxırlar.
Onlar qalmağa bir ev tapırlar və İsa istəmir ki, kimsə onların qaldığı yeri bilsin. Lakin burada da, İsrailin xaricində belə, onu rahat qoymurlar. Bu ərazidə Suriya Finikiyasında doğulmuş bir yunan qadın onu tapır və yalvarmağa başlayır: «Ağa, Davud Oğlu, mənə rəhmin gəlsin. Cinlər qızıma zülm edirlər». Amma İsa ona bir kəlmə də söz demir.
Axırda şagirdlər İsadan xahiş edirlər: «Nə olar, ona de çıxıb getsin. Bayaqdan dalımızca düşüb qışqırır». Onda İsa qadına nə üçün məhəl qoymadığını izah edir: «Mən yalnız və yalnız İsrail evinin itmiş qoyunlarının yanına göndərilmişəm».
Qadın isə əl çəkmir. O yaxınlaşıb İsanın ayaqlarına yıxılır və yalvar-yaxar edir: «Ağa, məndən köməyini əsirgəmə!»
Görünür, qadının yalvarışı İsaya təsir edir. Amma yenə də qeyd edir ki, o, ilk növbədə Allahın xalqına, israillilərə xidmət etmək üçün göndərilib. Bununla belə, İsa, yəqin ki, qadının imanını sınamaqdan ötrü, yəhudilərin başqa millətlərə yuxarıdan aşağı baxmalarına işarə ilə deyir: «Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil».
Şübhəsiz, İsanın səsindən və üzündən mərhəmət yağır və bu, onun qeyri-yəhudilərə rəğbət bəslədiyini təzahür etdirir. İsa hətta burada «küçük» deməklə yəhudilərin başqa millətlərə aid etdikləri «köpək» bənzətməsini yumşaldır. Qadın bundan incimir, əksinə, İsanın eyhamını (yəhudilərin baxışlarına qarşı) tutub təvazökarlıqla deyir: «Düz deyirsən, Ağa, amma küçüklər də ağalarının süfrəsindən tökülən qırıntıları yeyirlər».
«Ey qadın, sən böyük iman sahibisən, — deyə İsa cavab verir, — qoy istədiyin kimi olsun». Elə də olur! Qadın evə qayıtdıqda görür ki, qızı sapsağlam yatağında uzanıb.
İsa şagirdləri ilə Sidonun sahilboyu ərazisindən çıxıb bütün ölkədən keçərək İordan çayının yuxarılarına tərəf gedirlər. Onlar haradasa, Qalileya gölündən yuxarı bir yerdə çayı keçirlər və gölün şərq tərəfində yerləşən Dekapol bölgəsinə gəlirlər. Onlar bir dağa qalxırlar, amma orada da onları tapırlar. Camaat axışıb gəlir və topal, şikəst, kor, lal və digər xəstələrini gətirirlər. Bu xəstələri az qala İsanın ayaqlarına atırlar və o, onların hamısını sağaldır. Camaat lalların danışdığını, korların gördüyünü, topalların yeridiyini görəndə heyrətə gəlir və İsrailin Allahını mədh edir.
İsa kar və pəltək bir adama xüsusi diqqət yetirir. Kar adamlar, adətən, çox utanırlar, ələlxüsus da kütlənin arasına düşəndə. İsa bəlkə də bu adamın pərt olduğunu hiss edir. Buna görə də ona mərhəmət göstərib kənara çəkir. İkisi təklikdə qaldıqda İsa nə edəcəyini işarələrlə göstərir. O, barmaqlarını həmin adamın qulaqlarına qoyur və tüpürüb onun dilinə toxunur. Sonra göyə baxıb dərindən ah çəkir və: «Açıl», — deyir. Kişi artıq eşidir və normal danışa bilir.
Beləliklə, İsa çoxlu insana şəfa verir və camaat ona alqış edir: «Onun hər bir işi mükəmməldir. O, hətta karların qulağını, lalların dilini açır». Matta 15:21—31; Mark 7:24—37.
▪ İsa yunan qadının uşağını niyə dərhal sağaltmır?
▪ Sonra İsa şagirdləri ilə hara gedir?
▪ İsa kar və pəltək adama necə mərhəmət göstərir?