Fəsil 99
İsa Yerixoda təlim verir
TEZLİKLƏ İsagil və onlarla gedən camaat Yerixo şəhərinə çatırlar. Bu şəhərdən Yerusəlimə birgünlük yoldur. Yerixo iki hissədən ibarətdir. Şəhərin qədim yəhudi hissəsi romalıların sonradan tikdiyi hissədən təxminən bir kilometr yarım aralıda yerləşir. Onlar köhnə hissədən keçib təzə hissəyə çataçatda iki kor dilənçi yaxınlaşan izdihamın səsini eşidir. Onlardan birinin adı Bartimeydir.
Bartimey yoldan keçənlərin arasında İsanın olduğunu biləndə yoldaşı ilə qışqırmağa başlayır: «Ağa, Davud Oğlu, bizə rəhm et!» İzdiham onları susdurmağa çalışır, amma onlar daha ucadan qışqırırlar: «Ağa, Davud Oğlu, bizə rəhm et!»
İsa onların səsini eşidəndə ayaq saxlayır və onları yanına çağırtdırır. Onun göndərdiyi adamlar yaxınlaşıb korlardan birinə deyir: «Qorxma, dur, səni çağırır». O, həyəcan içində əbasını tullayıb yerindən sıçrayır və İsaya doğru gedir.
— Nə istəyirsiniz? Sizin üçün nə edim? — İsa soruşur.
— Ağa, gözlərimizi aç, — onlar yalvarırlar.
İsanın onlara yazığı gəlir və onların gözlərinə toxunur. Bu hadisəni təsvir edən Mark yazır ki, İsa onlardan birinə: «Get, imanın səni sağaltdı», — deyir. Bu kor dilənçilərin dərhal gözləri açılır və onlar Allaha şükür etməyə başlayırlar. Hadisənin şahidi olan camaat da Allaha şükür edir. Bartimey və yoldaşı vaxt itirmədən İsanın ardınca gedirlər.
İsa Yerixodan keçdikcə izdiham böyüyür. Hamı korları sağaldan adamı görmək istəyir. Camaat hər tərəfdən İsanı sıxışdırmağa başlayır, bu səbəbdən də bəziləri onu görə bilmir. Yerixo və ətrafyanı ərazilərdə vergiyığanların rəisi olan Zakkay boyu balaca olduğundan baş verənləri görmür.
Zakkay qabağa qaçır və İsanın getdiyi yolun üstündəki bir əncir ağacına dırmaşır. Buradan o, hər şeyi görə bilir. İzdiham o yerə çatanda İsa Zakkayı səsləyir: «Zakkay, tez aşağı düş. Mən bu gün sənin evində qalmalıyam». O, sevincək ağacdan düşür və tez evinə gedib bu mötəbər qonağı qarşılamaq üçün hazırlıq görməyə başlayır.
Camaat isə bunu görəndə bir ağızdan deyinir. Onlar hesab edirlər ki, xalqı soyaraq əyri yolla varlanmış bu vergiyığan İsanı evində qonaq etməyə layiq deyil.
Xeyli adam İsanın dalınca düşüb gedir və İsa Zakkayın evinə girəndə onlar narazılıqla: «Siz bir buna baxın, günahkarın evinə qonaq gedir», — deyirlər. Amma İsa görür ki, bu kişi tövbə edə bilər. Elə də olur. Zakkay ayağa qalxıb deyir: «Ağa, malımın yarısını yoxsullara verəcəyəm, kimdən haqsızlıqla nə isə almışamsa, dördqat qaytaracağam».
Zakkay sözlərinin səmimi olduğunu onunla sübut edir ki, əmlakının tən yarısını kasıblara paylayır, digər yarısını isə aldatdığı adamlara verir. Yəqin, o, kimə nə qədər borclu olduğunu tutduğu siyahıdan öyrənə bilərdi. Zakkay Allahın Qanunundakı tələbə uyğun olaraq hər şeyi dördqat qaytaracağına and içir. Qanunda deyilir ki, qoyun oğurlamış adam əvəzində dörd heyvan qaytarıb zərəri ödəməlidir.
İsa Zakkaydan razı qalır. O deyir: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. İnsan Oğlu yolundan azanları tapıb xilas etməyə gəlib».
Bir qədər bundan əvvəl İsa «itmiş oğul» məsəlini danışaraq «yolundan azanların» vəziyyətini təsvir etmişdi. İndi isə bu, real həyatda baş verir. Din xadimləri və onların ardıcılları İsanın Zakkay kimi insanlara diqqət göstərdiyinə deyinsələr də, İsa İbrahimin itmiş oğullarını tapıb düz yola yönəltməyə davam edir. Matta 20:29—34; Mark 10:46—52; Luka 18:35—19:10; Çıxış 22:1.
▪ İsa iki kor dilənçiyə harada rast gəlir və onlar üçün nə edir?
▪ Zakkay kimdir və o, ağaca nə üçün dırmaşır?
▪ Zakkay tövbə etdiyini necə göstərir?
▪ İsanın Zakkayla rəftarından nə öyrənə bilərik?