Saat neçədir?
SAATIN neçə olduğunu bilmək istəyəndə nə edirsiniz? Yəqin ki, qol saatınıza və ya divar saatına baxırsınız. Tutaq ki, saata baxanda gördünüz ki, günortadan saat yarım keçib. Həmin vaxt sizdən saatı soruşsalar, necə cavab verəcəksiniz?
Bu, sizin harada yaşamağınızdan asılıdır. Misal üçün, «1:30» və ya «13:30» deyə cavab vermək olar. Bəzi ərazilərdə «ikinin yarısı» deyə cavab verirlər və bununla 30 dəqiqədən sonra saatın iki olacağını nəzərdə tuturlar.
Müqəddəs Kitabı oxuyan bir şəxs kimi, yəqin qədimdə insanların saatı necə dediyini bilmək sizə maraqlı olar. Onlar da saatı müxtəlif üsullarla deyirdilər. Müqəddəs Kitabın ibranicə yazılmış hissəsində «səhər», «günorta» və «axşam» ifadələrinə rast gəlirik (Yar. 8:11; 19:27; Qan. 28:29; 1 Pad. 18:26). Bununla belə, bəzi hallarda vaxtın daha dəqiq qeyd olunduğuna da rast gəlirik.
Müqəddəs Kitabın yazıldığı dövrdə gözətçilər olurdu. Onlar xüsusilə də gecələr növbə çəkirdi. İsa Məsihin doğulmasından əsrlər əvvəl israillilər gecəni üç növbəyə bölürdülər (Zəb. 63:6). Hakimlər 7:19 ayəsində «ikinci gecə növbəsi» barədə yazılıb. İsa Məsihin yaşadığı dövrdə isə yəhudilər artıq yunanlar və romalılar kimi gecəni dörd növbəyə bölmüşdülər.
Müjdələrdə bu növbələrə bir neçə dəfə toxunulur. Misal üçün, İsa Məsih qayıqda olan şagirdlərinə doğru suyun üzü ilə yeriyəndə «gecənin dördüncü növbəsi» idi (Mət. 14:25, haş.). İsa Məsih çəkdiyi bir nümunədə demişdi: «Əgər ağa [ikinci növbədə], hətta [üçüncü növbədə] gəlib onları oyaq taparsa, o nökərlər necə də xoşbəxtdirlər!» (Luka 12:38, haş.).
İsa Məsih şagirdlərinə «oyaq qalın, çünki ev sahibinin nə vaxt gələcəyini: axşam, gecə yarısında, xoruz banında, yaxud səhər tezdən gələcəyini bilmirsiniz» deyən zaman bu dörd növbənin hamısını sadalamışdı (Mark 13:35). İsanın «axşam» adlandırdığı birinci növbə gün batandan axşam saat doqquza qədər hesablanırdı. İkinci növbə, yəni «gecə yarısı» axşam saat doqquzdan gecənin yarısına qədər hesablanırdı. «Xoruz banı», üçüncü növbə gecə yarısından səhər saat üçə qədər davam edirdi. Çox güman ki, İsa Məsih həbs olunan gecə xoruz banlayanda elə bu növbə idi (Mark 14:72). «Səhər tezdən», yəni dördüncü növbə isə səhər saat üçdən gün doğana qədər davam edirdi.
Gördüyümüz kimi, qədim dövrdə yaşayan insanların bizim dövrdəki kimi saatları olmasa da, vaxtı demək üçün xüsusi üsulları var idi.