Fəsil 112
İsanın sonuncu Pasxa bayramı yaxınlaşır
HADİSƏLƏRLƏ DOLU nisanın 11-i başa çatır. İsa Zeytun dağında həvarilərinə təlim verib qurtarır və yəqin ki, onlar gecələmək üçün Betaniyaya qayıdırlar. Yolda İsa həvarilərinə deyir: «Siz bilirsiniz ki, iki gündən sonra Pasxa bayramıdır, insan Oğlu ələ verilib dirəyin üzərində edam ediləcək».
İndi nisanın 12-dir. İsa bilir ki, bu saat din rəhbərləri onu öldürmək üçün axtarırlar, çünki dünən o, camaatın qarşısında onları ifşa etmişdi. Buna görə də bütün günü həvarilərlə olur və camaatın arasına çıxmır. O istəmir ki, sabah axşam həvarilərlə birgə keçirəcəyi Pasxa bayramına kimsə mane olsun.
Bu arada böyük kahinlər və xalqın ağsaqqalları baş kahin Kayafanın həyətində toplaşıblar. Onlar İsanın əlindən yanıqlıdırlar və onu hiylə ilə tutub öldürmək üçün yol axtarırlar. Bununla belə, onlar İsaya rəğbət bəsləyən xalqdan qorxurlar və deyirlər: «Amma bayramda olmasın, yoxsa xalq ayağa qalxar».
Həmin vaxt oraya bir adam gəlir. Onlar gözlərinə inanmırlar, çünki bu gələn İsanın həvarisi Yəhuda İskariotdur. Şeytan onun ürəyinə alçaq bir fikir, Ağasına xəyanət etmək fikrini qoyub. Yəhuda onlardan soruşur: «Onu sizə satsam, mənə nə verərsiniz?» Bu, onlar üçün lap göydən düşmə olur! Onlar Yəhudaya otuz gümüş (Musanın Qanununa görə bir qulun qiyməti) verməyə boyun olurlar. Bu andan etibarən Yəhuda İsanı xalqdan xəlvət onların əlinə vermək üçün fürsət axtarır.
Günəşin qürubuyla nisanın 13-ü başlayır. İsa Yerixodan nisanın 8-i başlayanda gəlib. Deməli, bu onun Betaniyada qaldığı altıncı və sonuncu gecədir. Gündüz Pasxa bayramına axırıncı hazırlıq işləri görüləcək. Axşam, gün batandan sonra bayram başlayacaq və həmin vaxt bayram quzusunu kəsib bütövlüklə qızardacaqlar. Bəs İsa və həvariləri bayramı harada keçirəcəklər və bütün bunları kim hazırlayacaq?
İsa bu barədə heç nə deməyib. Bəlkə də ona görə deməyib ki, Yəhuda İskariot böyük kahinlərə xəbər verər və onlar bayram vaxtı gəlib onu yaxalayarlar. İndi, nisanın 13-ü, haradasa günortadan sonra İsa Peterlə Yəhyanı göndərib deyir:
— Gedin və bizə pasxa yeməyi hazırlayın.
— Harada hazırlayaq? — onlar soruşurlar.
— Şəhərə girəndə saxsı səhəngdə su aparan bir adam görəcəksiniz. Onun girdiyi evə gedin və ev sahibinə belə deyin: «Bizi Müəllim göndərib. O bilmək istəyir ki, şagirdləri ilə pasxa yeməyini hansı qonaq otağında yeyəcək». O adam sizə yuxarı mərtəbədə hazırlanmış böyük bir otaq göstərəcək. Yeməyi orada hazırlayın.
Şübhəsiz, ev sahibi İsanın şagirdidir və yəqin, o gözləyir ki, İsa bayramı onun evində keçirəcək. Peterlə Yəhya Yerusəlimə gələndə hər şey İsanın dediyi kimi olur. Onlar ikisi Pasxa quzusunu və 13 nəfərlik (İsa və 12 həvari üçün) bayram tədarükünü hazırlayırlar. Matta 26:1—5, 14—19; Mark 14:1, 2, 10—16; Luka 22:1—13; Çıxış 21:32.
▪ Nisanın 12-i İsa nə edir və nəyə görə?
▪ Baş kahinin evində hansı məşvərət keçirilir? Yəhuda din rəhbərlərinin yanına hansı məqsədlə gəlir?
▪ Nisanın 13-ü İsa Yerusəlimə kimləri göndərir və nə üçün?
▪ Bu həvarilər orada növbəti dəfə İsanın xariqüladə qabiliyyətinin necə şahidi olurlar?