Fəsil 28
Orucla bağlı sual
ERAMIZIN 30-cu ilindəki Pasxa bayramından təxminən bir il keçib. Vəftizçi Yəhya artıq bir neçə aydır ki, həbsxanadadır. O istəyirdi ki, onun şagirdləri İsanın ardınca getsinlər, amma onların hamısı bunu etməyib.
Yəhya ilə qalmış şagirdlərdən bir neçəsi İsanın yanına gəlib soruşurlar: «Nə üçün biz də, fəriseylər də oruc tuturuq, amma sənin şagirdlərin tutmur?» Fəriseylər dini adətlərinə görə həftədə iki dəfə oruc tuturlar. Görünür, Yəhyanın şagirdlərində də belə adət var. Bəlkə də onlar müəllimlərinin həbsdə olmasından hüznlü olduqlarına görə oruc tuturlar. Bu səbəbdən təəccüblənirlər ki, İsanın şagirdləri onların dərdinə şərik olmurlar.
İsa izah edir: «Heç təzəbəy dostları ilə olanda dostlar yas tutarlar? Lakin gün gələcək, bəyi aralarından götürəcəklər, bax onda onlar oruc tutacaqlar».
Yəqin, Yəhyanın şagirdlərinin yadında qalıb ki, o, İsanı «Təzəbəy» adlandırmışdı. Deməli, hələ ki «Təzəbəy» buradadır, «dostları», yəni Yəhya və İsanın şagirdləri oruc tutmağı münasib saymırlar. Bir müddət sonra, İsa öləndə şagirdləri hüzn saxlayıb oruc tuturlar. Daha sonra o dirilib göyə qalxdıqda artıq kədərlənib oruc tutmağa ehtiyac qalmır.
Sonra İsa onlara iki misal çəkir: «Heç kəs köhnə paltara təzə parçadan yamaq tikməz, çünki təzə yamaq yığılanda paltar cırılar və yırtılmış yer daha da korlanar. Həmçinin təzə şərabı köhnə tuluqlara tökməzlər, yoxsa tuluq yırtılar, şərab da dağılar və tuluq yararsız hala düşər. Təzə şərabı təzə tuluqlara tökərlər». Bəs bu misalların oruc tutmaqla nə əlaqəsi var?
İsa istəyir ki, Vəftizçi Yəhyanın şagirdləri bir şeyi başa düşsünlər: heç kim onun davamçılarından yəhudilərin köhnə adətlərinə riayət etməyi, o cümlədən oruc tutmağı gözləməməlidir. İsa yer üzünə artıq köhnəlmiş və tezliklə ləğv ediləcək din sistemini «yamayıb», onun ömrünü uzatmaq üçün gəlməyib. Məsihçilik insan ənənələri ilə korlanmış yəhudi dininin qəlibinə salınmayacaq. Bəli, məsihçilik «köhnə paltara vurulmuş təzə yamaq», yaxud «köhnə tuluqlara tökülmüş təzə şərab» olmayacaq. Matta 9:14—17; Mark 2:18—22; Luka 5:33—39; Yəhya 3:27—29.
▪ Kimlər oruc tutur və nə üçün?
▪ İsa şagirdləri ilə olduğu zaman nəyə görə onlar oruc tutmurlar? Nə üçün bir azdan oruc tutmağa ehtiyac olmayacaq?
▪ İsa hansı iki misalı çəkir və onlar nə məna kəsb edir?