Uşaqlarınızı öyrədin
Mark təslim olmadı
İSANIN həyatı haqda olan dörd Müjdədən birini Mark yazmışdır. O, Müjdələrdən ən qısası və ən asan oxunanıdır. Mark kim idi? Necə düşünürsən, o, İsanı tanıyırdı? ~a Gəl görək Mark hansı çətin sınaqlarla üzləşmişdi və bir məsihçi kimi nəyə görə heç vaxt təslim olmamışdı.
Müqəddəs Kitabda Markın adı birinci dəfə hökmdar Hirod Aqrippanın həvari Peteri zindana atmasından sonra çəkilir. Bir gecə mələk Peteri azad edir və o, dərhal Markın Yerusəlimdə yaşayan anası Məryəmin evinə gedir. Bu hadisə, İsanın eramızın 33-cü ilinin Pasxasında öldürülməsindən təxminən on il sonra baş vermişdi (Həvarilərin işləri 12:1-5, 11-17).
Bilirsən, Peter nəyə görə Məryəmin evinə gəldi? ~ Ola bilsin, Peter onun ailə üzvlərini tanıdığına və İsanın şagirdlərinin onun evində görüşlər keçirdiklərini bildiyinə görə bura gəlmişdi. Markın yaxın qohumu Barnaba çoxdan, ən azı eramızın 33-cü ilinin Pentikost bayramından İsanın şagirdi olmuşdu. Müqəddəs Kitabda deyilir ki, o zaman Barnaba yeni şagirdlərə kömək etmək üçün böyük səxavətlilik göstərmişdi. Beləliklə, İsa, ola bilsin, Barnabanı, onun ya xalası, ya da bibisi olan Məryəmi, həmçinin Məryəmin oğlu Markı tanıyırdı (Həvarilərin işləri 4:36, 37; Koloslulara 4:10).
Mark öz Müjdəsində yazırdı ki, İsa həbs olunan gecə orada «çılpaq bədəninə... örtük sarımış» bir gənc vardı və düşmənlər İsanı tutanda həmin gənc qaçdı. Səncə bu gənc kim ola bilərdi? ~ Bəli, ehtimal ki, o, Mark idi! Deməli, İsa həvariləri ilə həmin gecə Pasxadan sonra evdən çıxıb gedəndə, görünür, Mark tələm-tələsik kətan örtüyə bürünüb, onların ardınca getmişdi (Mark 14:51, 52).
Doğrudan da, Markın ruhani fəaliyyətlərlə zəngin keçmişi vardı. Çox ehtimal ki, eramızın 33-cü ilinin Pentikost günündə şagirdlərin üzərinə müqəddəs ruh töküləndə onların arasında Mark da vardı və o, Allahın Peter kimi sadiq xidmətçiləri ilə yaxın əməkdaşlıq edirdi. O, həmçinin İsa Şaula görüntüdə göründükdən təxminən üç il sonra Şaula Peterlə tanış olmağa kömək edən yaxın qohumu Barnabanı müşayiət etmişdi. İllər keçdikdən sonra Barnaba Şaulu axtarmaq üçün Tarsusa göndərilmişdi (Həvarilərin işləri 9:1-15, 27; 11:22-26; 12:25; Qalatiyalılara 1:18, 19).
Eramızın 47-ci ilində Barnaba və Şaul missioner xidmətini icra etmək üçün seçilmişdilər. Onlar Markı da özləri ilə götürmüşdülər, lakin o, bəzi məlum olmayan səbəblərə görə onları tərk edib Yerusəlimə, evinə qayıtmışdı. Qeyri-yəhudilər arasında Pavel adı ilə tanınan Şaul hirslənmişdi. O, Markın bu hərəkətinin ciddi səhv olduğunu hesab etdiyi üçün buna göz yummadı (Həvarilərin işləri 13:1-3, 9, 13).
Missioner səyahətindən qayıtdıqdan sonra Pavel və Barnaba gözəl nailiyyətləri haqda məlumat verdilər (Həvarilərin işləri 14:24-28). Aylar keçdikdən sonra onlar təbliğ etdikləri yerlərə qayıdıb yeni şagirdlərə baş çəkmək qərarına gəldilər. Barnaba Markı özləri ilə götürmək istəyirdi. Bəs heç bilirsən Pavel bu haqda nə fikirləşirdi? — O bunu «məsləhət bilmədi», çünki keçən dəfə Mark onları qoyub evlərinə qayıtmışdı. Şübhəsiz, bundan sonra baş verən hadisə Markı kədərləndirdi!
Pavel ilə Barnaba özlərindən çıxıb «kəskin mübahisə» etdikdən sonra bir-birindən ayrıldılar. Barnaba Markı özü ilə götürüb Kiprdə təbliğ etməyə getdi, Pavel isə Silanı seçib planlaşdırdığı kimi, yeni şagirdlərə baş çəkməyə yollandı. Yəqin, Mark Pavel ilə Barnaba arasında xoşagəlməz vəziyyətin yaranmasına səbəb olduğuna görə çox kədərlənmişdi (Həvarilərin işləri 15:36-41).
Biz Markın birinci dəfə onları tərk edib evinə qayıtmasının səbəbini bilmirik. Ehtimal ki, onun ciddi səbəbi vardı. Hər necə olsa da, görünür, Barnaba əmin idi ki, bu bir daha təkrarlanmayacaq. O haqlı imiş. Mark təslim olmadı! Sonralar o, Peterlə birlikdə uzaq Babildə missioner xidmətində oldu. Peter oradan göndərdiyi salamlara növbəti sözləri də əlavə etmişdi: «Oğlum Mark da sizi salamlayır» (1 Peter 5:13).
Peter ilə Markı bir-birinə necə də möhkəm ruhani tellər bağlayırdı! Bunu «Markın Müjdəsi»ni oxuyanda da aydın görürük. Burada Mark Peterin canlı şahidi olduğu hadisələri təsvir edir. Nümunə üçün Qalileya dənizində baş verən fırtına haqqındakı məlumatı müqayisə edin. Mark İsanın qayığın harasında və nəyin üstündə yatdığı haqda təfsilatları əlavə edir, bu kimi təfsilatlara yalnız balıqçı olan Peter diqqət yetirə bilərdi. Bunun həqiqətən də belə olduğunu görmək üçün gəl Matta 8:24, Mark 4:37, 38 və Luka 8:23 ayələrini oxuyaq və müqayisə edək.
Sonralar Pavel Romada həbsdə olanda Markı ona sədaqətlə dayaq olduğu üçün tərifləmişdi (Koloslulara 4:10, 11). Pavel ikinci dəfə orada həbsdə olanda Timoteyə yazmışdı ki, Markı özü ilə gətirsin və səbəbini belə izah etmişdi: «O mənə xidmət üçün yararlıdır» (2 Timoteyə 4:11). Həqiqətən də, Mark təslim olmadığı üçün şərəfli xidmətə layiq görülmüşdü!
Suallar:
○ Mark harada yaşayırdı və nəyə görə demək olar ki, o, İsanı tanıyırdı?
○ Marka xüsusilə kim kömək və dayaq olmuşdu?
○ Markın təslim olmasına nə səbəb ola bilərdi?
○ Haradan məlumdur ki, axırda Pavel Markdan razı qaldı?
[Haşiyə]
a Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.
[25-ci səhifədəki şəkil]
Bu gənc kim ola bilər? Onunla nə baş verir və nə üçün?
[26-cı səhifədəki şəkil]
Təslim olmadığı üçün Mark hansı xeyir-duaları aldı?