Fəsil 124
İsa edama aparılır
BU QƏDƏR işgəncə qarşısında sakit vüqarla durmuş İsaya heyrətlənən Pilat yenə də onu azad etməyə cəhd göstərir. Bu da öz növbəsində böyük kahinləri lap hövsələdən çıxarır. Onlar istəmirlər ki, mənfur niyyətlərinə nəsə mane olsun və yenidən qışqırırlar: «Onu dirəyə mıxla! Dirəyə mıxla!»
«Aparın özünüz dirəyə mıxlayın», — deyə Pilat cavab verir. Görünür, yəhudilərin ağır dini cinayət törətmiş adamları edam etməyə ixtiyarı var idi. Sonra Pilat, ən azı beşinci dəfə, İsanın günahsız olduğunu bəyan edir: «Mən onda heç bir günah görmürəm».
Siyasi ittihamlardan bir şey çıxmadığını görən yəhudilər bir neçə saat əvvəl Sinedrionda irəli sürdükləri dini ittihamlara qayıdıb İsanı Allaha qarşı küfr danışmaqda günahlandırırlar. Onlar deyirlər: «Bizim bir qanunumuz var və həmin qanuna görə o ölməlidir, çünki o, iddia edir ki, Allahın oğludur».
Pilat bunu ilk dəfədir ki, eşidir və o, bərk qorxur. Pilat artıq başa düşür ki, İsa qeyri-adi insandır; arvadının yuxusu, İsanın heyrət doğuran daxili gücü buna açıq-aydın sübutdur. Amma «Allahın oğlu»... Pilat bilir ki, İsa Qalileyadandır. Məgər o, əvvəllər də yaşayıb? Pilat İsanı yenidən saraya aparır və soruşur: «Sən haradansan?»
Lakin İsa susur. O, daha əvvəl Pilata padşah olduğunu, amma padşahlığının bu dünyadan olmadığını demişdi. Artıq əlavə izahata ehtiyac yoxdur. Lakin İsanın susması Pilatın qüruruna toxunur və o, özündən çıxır: «Sən mənə cavab vermirsən? Məgər bilmirsən ki, səni azad etməyin də, dirəyə mıxlamağın da ixtiyarı mənim əlimdədir?»
İsa hörmətlə deyir: «Sənə göydən verilməsəydi, mənim üzərimdə heç bir ixtiyarın olmazdı». İsa bu sözlərlə Allahın yeri idarə etmək üçün insan hakimiyyətlərinə verdiyi səlahiyyəti nəzərdə tutur. İsa əlavə edir: «Buna görə də məni sənə təslim etmiş adamın günahı daha ağırdır». Həqiqətən də, İsaya edilən haqsızlıqlara gəldikdə, baş kahin Kayafa ilə onun tərəfdarları və Yəhuda İskariot Pilatdan daha böyük məsuliyyət daşıyırlar.
Bu sözlər Pilata güclü təsir bağışlayır. Üstəlik, o, İsanın ilahi mənşəyi olmasından qorxur. Buna görə də bir daha onu azad etməyə çalışır. Lakin yəhudilər qəti etirazlarını bildirirlər. Onlar yenidən siyasi ittihamlarını təkrar edib Pilatı hiyləgərcəsinə hədələyirlər: «Sən bu adamı azad etsən, sezara dost deyilsən. Özünü padşah elan edən hər bir adam sezara qarşı çıxır».
Pilat camaatın sözünə əhəmiyyət vermir. O, İsanı bir daha onların qarşısına çıxarıb deyir:
— Bu da sizin padşahınız!
— Ona ölüm! Ona ölüm! Onu dirəyə mıxla!
— Deyirsiniz, padşahınızı dirəyə mıxlayım? — Pilat ümidsiz halda soruşur.
Roma ağalığı yəhudilərin çiynində ağır yükdür. Onların Roma hakimiyyətindən zəhlələri gedir. Lakin böyük kahinlər riyakarcasına deyirlər: «Bizim sezardan başqa padşahımız yoxdur».
Öz adına və kürsüsünə görə narahat olan Pilat axırda yəhudilərin tələblərinə boyun əyir. O, İsanın edamına əmr verir. Əsgərlər İsanın əynindəki xələti çıxarıb öz paltarını geyindirirlər. Onu edam yerinə aparanda işgəncə dirəyini də özünə daşıtdırırlar.
Bütün bunlar nisanın 14-ü, günün birinci yarısında baş verir; bəlkə də indi günortaya az qalıb. İsa dünənki gün səhərdən ta indiyədək ayaq üstədir, bir-birinin ardınca ağır sınaqlara məruz qalıb. Buna görə də dirəyin ağırlığı altında tezliklə onun taqəti kəsilir. Onda əsgərlər yolnan gedən bir adamı, kirenalı Şimonu tutub (Kirena Afrikada yerləşirdi), İsanın işgəncə dirəyini daşımağa məcbur edirlər. İsanın ardınca xeyli adam gedir, qadınlar onun üçün ağlayır və dərddən sinələrinə vururlar.
İsa dönüb qadınlara deyir: «Ey Yerusəlim qızları, mənim üçün ağlamayın. Özünüzün və uşaqlarınızın gününə ağlayın. Çünki elə bir vaxt gəlir ki, onda insanlar deyəcəklər: “Sonsuz, uşaq doğmamış və döş əmizdirməmiş qadınlar nə xoşbəxtdir!”... Əgər ağacın canında su var ikən belə edirlərsə, görün o quruyanda nə olacaq!»
İsa burada yəhudi xalqını təmsil edən ağacı nəzərdə tutur. Nə qədər ki İsa və ona iman gətirənlər onların arasındadır «ağacın canında su var». Lakin bu adamlar xalqın arasından götürüldükdə qupquru qurumuş ağac, yəni ruhani cəhətdən ölü xalq qalacaq. Roma ordusu Allahın hökmünü icra etməyə gələndə yəhudi xalqı üçün ağlamaq vaxtı gələcək. Yəhya 19:6—17; 18:31; Luka 23:24—31; Matta 27:31, 32; Mark 15:20, 21.
▪ Siyasi ittihamlarından bir şey çıxmayanda din rəhbərləri hansı ittihamı irəli sürürlər?
▪ Pilat nəyə görə bərk qorxur?
▪ İsaya edilən pisliklərə görə kimlərin günahı daha böyükdür?
▪ Kahinlər İsanı edam etməyə Pilatı necə vadar edirlər?
▪ İsa ağlayan qadınlara nə deyir? O, «canında su» olan və «qurumuş» ağac deyərkən nəyi nəzərdə tutur?