Oxucuların Sualları
Nəyə görə İsa Məsih son nəfəsini verməzdən əvvəl Davudun Zəbur 22:1 ayəsindəki sözlərini sitat gətirdi?
İsa Məsihin ölümündən əvvəl dediyi son sözlərdən biri də Mətta 27:46 ayəsində yazılıb: «Allahım, Allahım, niyə məni tərk etdin?» Bu sözlərlə İsa Davudun Zəbur 22:1 ayəsində yazdığı peyğəmbərliyi yerinə yetirdi (Mark 15:34). İsanın bu sözləri məyus olduğu üçün, yaxud bir anlıq imanını itirdiyi üçün dediyini düşünmək yanlış olardı. İsa nə üçün ölməli olduğunu tam başa düşürdü və buna hazır idi (Mət. 16:21; 20:28). İsa həm də başa düşürdü ki, Yehova onu son anında heç bir şəkildə qorumayacaq (Əyy. 1:10). Yehova İsanı qorumamaqla izin verdi ki, İsa hər nə qədər dəhşətli ölümlə üzləşsə də, sadiq qalacağını sübut etsin (Mark 14:35, 36).
Bəs nəyə görə İsa bu məzmurdan sitat gətirdi? Biz bu barədə qəti heç nə deyə bilməsək də, gəlin bəzi ehtimallara baxaqa.
Ola bilsin, İsa bu sözlərlə ölüm anında Yehovanın onun yanında olmadığını vurğulamaq istəyirdi. İsa fidyəni Yehovanın köməyi olmadan ödəməli idi. O, «hər kəsin əvəzinə ölümü» dadmalı idi (İbr. 2:9).
Ola bilsin, İsa bu sözlərlə bütün məzmura diqqət çəkmək istəyirdi. Həmin dövrdə yəhudilərin bir çox məzmuru əzbər bilməsi adi hal idi. Məzmurdan bir ayə eşidəndə, ehtimal ki, bütün məzmur yadlarına düşəcəkdi. Əgər İsanın məqsədi bu idisə, onda o, yəhudi davamçılarına bu məzmurda yerləşən bir çox peyğəmbərliyi xatırlamağa kömək etmişdi. Çünki 22-ci məzmurda İsanın ölümü ərəfəsindəki hadisələrlə bağlı peyğəmbərliklər var (Zəb. 22:7, 8, 15, 16, 18, 24). Həmçinin məzmurun son ayələri Yehovanı ucaldır və Onu bütün dünyanın Padşahı kimi təsvir edir (Zəb. 22:27—31).
Ola bilsin, İsa Davudun bu sözlərini sitat gətirməklə özünün günahsız olduğunu vurğulamaq istəyirdi. Ölümündən əvvəl qanunsuz məhkəmə qurub, İsanı küfr etməkdə təqsirli bildilər (Mət. 26:65, 66). Bu məhkəmə tez-tələsik gecənin bir aləmində quruldu və heç bir qayda-qanuna riayət edilmədən İsaya hökm oxundu (Mət. 26:59; Mark 14:56—59). Ola bilsin, İsa: «Allahım, Allahım, niyə məni tərk etdin?» — deməklə bu cür cəzaya layiq heç bir günah işlətmədiyini vurğulamaq istəyirdi.
Ola bilsin, İsa xatırlatmaq istəyirdi ki, Yehova bu məzmurun yazarı Davudun əzab çəkməsinə izin versə də, əslində ondan narazı deyildi. Davudun sözləri onun imanını itirdiyini göstərmirdi. Bu sözlərdən sonra Davud Yehovanın xalqını xilas edəcəyinə iman etdiyini dilə gətirmişdi. Yehova da ona nemətlər verməyə davam etmişdi (Zəb. 22:23, 24, 27). Eynilə, «Davud Oğlu» İsanın işgəncə dirəyində əzab çəkməsi Yehovanın ondan narazı olduğunu göstərmirdi (Mət. 21:9).
Ola bilsin, İsa bu sözlərlə, Yehovanın onu tək buraxmalı olduğuna görə kədərini ifadə edirdi. Oğlunun əzab çəkərək ölməsi əzəldən Yehovanın niyyətində olmayıb. Adəmlə Həvva Yehovaya üsyan edəndən sonra buna ehtiyac yarandı. İsa Məsih heç bir günah işləməmişdi. Amma o əzab çəkib ölməli idi ki, Şeytanın iddialarına cavab versin və Adəmin itirdiyini geri almaq üçün lazım olan fidyəni ödəsin (Mark 8:31; 1 But. 2:21—24). Bunun üçün isə Yehova bir anlıq Öz müdafiəsini İsadan çəkməli idi. Belə bir hal İsanın ömründə birinci dəfə idi, baş verirdi.
Ola bilsin, İsa bu sözlərlə şagirdlərinin diqqətini dirəkdə edam edilməsinin səbəbinə yönəltmək istəyirdib. İsa bilirdi ki, Onun dirəkdə cinayətkar kimi edam edilməsi çoxlarını büdrədəcək (1 Kor. 1:23). Amma İsanın davamçıları diqqətlərini onun ölümünün əsl səbəbinə cəmləsələr, bunun mahiyyətini başa düşəcəklər (Qal. 3:13, 14). Onda İsaya cinayətkar kimi yox, Xilaskar kimi baxacaqlar.
İsanın bu sözləri hansı məqsədlə deməsindən asılı olmayaraq, o başa düşürdü ki, dirəkdə edam olunmaqla Allahın iradəsini yerinə yetirir. İsa bu məzmurdan sitat gətirəndən sonra dedi: «Tamam oldu!» (Yəh. 19:30; Luka 22:37). Bəli, Yehovanın ani olaraq İsanı tək qoyması sayəsində o, yer üzünə gəlişinin məqsədini tamlıqla icra etdi. Həmçinin «Musanın Tövratında, Peyğəmbərlərin kitabında və Zəburda» onun haqda yazılan peyğəmbərlikləri yerinə yetirdi (Luka 24:44).
a Həmçinin bu saydakı «Məsihin son sözlərindən nə öyrənirik?» adlı məqalənin 9 və 10-cu abzaslarına baxın.
b Xidməti zamanı bəzən İsanın fikir deməkdə, yaxud sual verməkdə məqsədi özünün nə düşündüyünü bildirmək yox, şagirdlərinin fikrini öyrənmək olurdu. (Mark 7:24—27; Yəh. 6:1—5; həmçinin «Gözətçi qülləsi»nin 2010-cu il 15 oktyabr sayının 4 və 5-ci səhifələrinə baxın.)