Fəsil 41
İxtilaf mərkəzində
FƏRİSEY Şimonun evindəki qonaqlıqdan bir az sonra İsa ikinci dəfə Qalileya bölgəsinə yola düşür. Ötən səfər onu ilk 4 şagirdi Peter, Andreas, Yaqub və Yəhya müşayiət edirdi, indi isə 12 həvarisi və bir neçə qadın da onunla gedir. Qadınların arasında Məcdəlli adlanan Məryəm, Suzanna və padşah Hirodun məmurlarından birinin arvadı Yohanna vardır.
İsanın fəaliyyəti vüsət aldıqca onun barəsində söz-söhbət də çoxalır. Onun yanına cinə tutulmuş, kor və lal bir adamı gətirirlər. İsa cini ondan qovur, onun dili və gözləri açılır. Camaat buna heyran qalıb deyir: «Bəlkə Davud Oğlu elə budur?»
İsanın qaldığı evə o qədər adam toplaşır ki, nə o, nə də şagirdləri yemək yeməyə belə macal tapmırlar. İsanın «Davud Oğlu» olduğunu hesab edənlərdən başqa buraya Yerusəlimdən onu gözdən salmaq istəyən mirzələr və fəriseylər gəliblər. İsa ilə bağlı söz-söhbəti eşidən doğmaları da durub onun dalınca gəlirlər. Nəyə görə?
Birincisi, İsanın qardaşları hələ də onun Allahın Oğlu olduğuna inanmırlar. İkincisi, Nazaretdə boya-başa çatdığı vaxt tanıdıqları İsa heç də camaat arasında ixtilaf salan adama oxşamır. Beləcə, İsanın başına hava gəldiyini düşünən qohumları: «O, ağlını itirib», — deyərək onu tutub aparmaq istəyirlər.
İsanın cinə tutulmuş adamı sağaltdığı göz qabağındadır və mirzələrlə fəriseylər bunu heç cür dana bilməzlər. Bununla belə, İsanı gözdən salmaq üçün onlar camaata deyirlər: «O, cinləri elə cinlərin hökmdarı Beelzebubun əli ilə qovur!»
Mirzələrlə fəriseylərin nə düşündüklərini bilən İsa onları çağırıb deyir: «Daxildən parçalanmış hər bir padşahlıq bərbad olacaq və daxildən parçalanmış şəhər və ya ev durmayacaq. Eynilə də, əgər Şeytan Şeytanı qovursa, deməli, o, daxildən parçalanıb. Belə isə, onun padşahlığı necə duracaq?»
Bu inkaredilməz məntiqdir! Fəriseylərin özləri iddia edirlər ki, onlardan bəziləri cinləri qovmuşlar. Buna görə də İsa soruşur: «Əgər mən cinləri Beelzebubun əli ilə qovuramsa, görəsən, sizin davamçılarınız onları kimin əli ilə qovurlar?» Başqa sözlə desək, İsaya qarşı yürüdülən ittiham, elə onların özlərinə aiddir. İsa xəbərdarlıq edir: «Yox əgər mən cinləri Allahın müqəddəs ruhu vasitəsilə qovuramsa, deməli, Allahın padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur».
Cinləri qovmaqla Şeytanın üzərində hakimiyyətə malik olduğunu əyani şəkildə göstərmək üçün İsa deyir: «Kimsə güclü bir adamın evinə necə girib var-dövlətini talaya bilər? Gərək əvvəlcə onun əl-qolunu bağlasın, sonra evini qarət etsin. Mənim tərəfimdə olmayan mənim əleyhimədir və mənimlə bir yerdə yığmayan dağıdır». Fəriseylər açıq-aşkar İsanın əleyhinədirlər və bununla Şeytanın əlində bir alət olduqlarını göstərirlər. Onlar «dağıtmaq», yəni israilliləri İsadan uzaqlaşdırmaq istəyirlər.
İsa Şeytanın tərəfində olan düşmənlərinə xəbərdarlıq edir: «Müqəddəs ruha qarşı söylənilmiş küfr bağışlanmayacaq». Sonra bunu izah edir: «Kimsə insan Oğluna qarşı pis bir söz desə, bağışlanacaq, ancaq müqəddəs ruha qarşı pis bir söz deyən bağışlanmayacaq. O, nə bu dövrdə, nə də gələcək dövrdə əfv olunmayacaq». Bu mirzələr və fəriseylər məhz belə bağışlanmaz günah işləyirlər. Paxıllıqdan irəli gələrək onlar Allahın müqəddəs ruhunun vasitəsilə edilən möcüzələri Şeytana aid edirlər. Matta 12:22—32; Mark 3:19—30; Luka 8:1—3; Yəhya 7:5.
▪ İsanın Qalileyaya ikinci səfəri əvvəlkindən nə ilə fərqlənir?
▪ İsanın qohumları nə üçün onun dalınca gəliblər?
▪ Fəriseylər İsanın möcüzələrini necə gözdən salmağa çalışırlar? İsa onları necə ifşa edir?
▪ Bu fəriseylər nədə təqsirkardırlar və nə üçün?