Fəsil 43
Məsih məsəllərlə öyrədir
GÖRÜNÜR, İsa Məsihin fəriseylərlə söhbəti Kapernahumda baş verir. Həmin gün, bir qədər sonra o durub yaxınlıqdakı Qalileya gölünə gedir. Orada böyük izdiham toplaşıb. İsa qayığa minir, sahildən aralanır və sahildə toplaşmış adamlara səmavi Padşahlıq barədə təlim verməyə başlayır. O, məsəllərlə öyrədir. Bu məsəllər insanlara yaxşı tanış olan şeylərdən götürülüb.
Əvvəlcə o, toxum səpən əkinçidən danışır. Toxumlardan bəzisi yol kənarına düşür və quşlar gəlib onları dənləyir. Digərləri daşlığa düşür, burada torpaq az olduğundan kökü dərinə gedə bilmir və cücərən bitkilər günəşin istisindən solur. Bir başqaları tikanlığa düşür və böyüyəndə tikan onları boğur. Bəziləri isə münbit torpağa düşür və bar gətirir; biri yüzqat, digəri altmışqat, o birisi isə otuzqat.
Digər məsəldə İsa Allahın Padşahlığını toxum səpən bir adama bənzədir. Günlər keçir, həmin adam yatır, durur, toxum isə yavaş-yavaş böyüyür. O, bunun necə baş verdiyini bilmir. Toxum öz-özünə böyüyüb bar gətirir. Taxıl yetişəndə isə adam onu biçir.
Üçüncü məsəldə İsa yaxşı toxum əkmiş adamdan danışır. «Adamlar yatanda» onun düşməni gəlib buğda arasına alaq toxumu səpir. Həmin adamın nökərləri soruşurlar ki, bəlkə alaq otlarını yığsınlar. Ağaları isə deyir: «Yox, qoyun qalsın. Alaq otlarını yığanda, səhvən buğdanı da çıxara bilərsiniz. Qoy ikisi də biçinə qədər bir yerdə böyüsünlər. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: “Əvvəlcə alaq otlarını yığıb dərz bağlayın və yandırın, sonra isə buğdanı mənim anbarıma toplayın”».
İsa sahildə toplaşmış camaata daha iki məsəl danışır. O, səmavi Padşahlığı bir adamın əkdiyi «xardal toxumuna» bənzədir. İsa deyir ki, xardal toxumu bütün toxumlardan ən xırdası olsa da, böyüyəndə bostan bitkiləri arasında ən yekəsi olur. Bu toxum böyüyüb ağac olur və göy quşları gəlib onun budaqlarında yuva salır.
Bu gün bəziləri xardal toxumundan da kiçik toxumların mövcud olduğunu deyirlər. Amma İsa həmin məsəllə botanika dərsi vermir. Onun günlərində yaşayan qalileyalıların tanıdığı toxumlardan ən kiçiyi xardal toxumu idi. Buna görə də dinləyicilər başa düşürlər ki, İsa toxumun boy atıb, heyrətamiz dərəcədə böyüməsindən danışır.
Axırda İsa səmavi Padşahlığı «mayaya» bənzədir: bir qadın mayanı götürüb üç böyük təknə una qatır və bir azdan maya bütün xəmiri acıdır.
Bu beş misalı danışandan sonra İsa camaatı yola salır və evə qayıdır. Bir azdan 12 həvarisi və digər şagirdləri onun yanına gəlirlər.
İsanın məsəlləri bizə nə öyrədir?
İsanın bu yeni təlim vermə üsulu şagirdlərində böyük maraq doğurub. Düzdür, İsa əvvəllər də məsəllərlə öyrədirdi, amma bu cür geniş şəkildə yox. Buna görə də şagirdlər onun yanına gəlib soruşurlar: «Niyə onlara hər şeyi məsəllərlə danışırsan?»
İsanın bu cür təlim verməsinin səbəblərindən biri odur ki, bununla «ağzımı məsəllərlə açacağam, bəşərin təməli qoyulandan bəri gizli saxlanılmış sirləri bəyan edəcəyəm» peyğəmbərliyi yerinə yetir. Bunun başqa səbəbi də var: məsəllər insanın ürəyinin niyyətlərini üzə çıxarır.
Əslində, İsa onu dinləyən adamların əksəriyyəti üçün sadəcə mahir bir hekayətçi və möcüzəçidir. İsanı Ağa olaraq qəbul edib, ona xidmət etmək və fədakarcasına ardınca getmək onların heç ağlına da gəlmir. Onlar nə həyatlarında, nə də düşüncələrində heç bir dəyişiklik etmək istəmirlər. Bu adamlar istəmirlər ki, İsanın gətirdiyi xəbər onların həyatına belə güclü təsir göstərsin.
İsa deyir: «Buna görə də onlarla danışanda məsəl çəkirəm, çünki baxanda heç nə görmürlər, eşitdikləri bir qulaqdan girib o birisindən çıxır və mənasını anlamırlar. Yeşaya peyğəmbərin bu sözləri onların üzərində yerinə yetir: “...Çünki bu xalqın ürəyi daşlaşıb”».
İsa davam edir: «Sizin isə gözləriniz xoşbəxtdir, çünki görür, qulaqlarınız bəxtəvərdir, çünki eşidir. Bunu bilin ki, bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüyünüzü görməyi arzulamış, amma görməmişlər, sizin eşitdiklərinizi eşitmək istəmiş, amma eşitməmişlər».
Bəli, 12 həvarinin və onlarla olan digər şagirdlərin ürəyi öyrənməyə hazırdır. Buna görə də İsa deyir: «Sizə səmavi padşahlığın müqəddəs sirlərini başa düşmək qabiliyyəti verilib, onlara isə verilməyib». Şagirdlər biliyə can atdıqlarına görə İsa onlara əkinçi barədə məsəli izah edir:
«Toxum Allahın sözüdür». Torpaq isə insan ürəyinin rəmzidir. Tapdanmış yol kənarına düşən toxum barədə İsa deyir: «İblis gəlir və sözü onların ürəyindən götürüb aparır ki, onlar inanıb xilas olmasınlar».
Toxum düşmüş daşlıq torpaq Allahın sözünü sevinclə qəbul edən adamların ürəyini bildirir. Amma söz ürəklərində dərin kök sala bilmədiyindən sınaq və təqiblərlə üzləşəndə bu adamlar geri çəkilirlər.
Tikanlığa düşmüş toxum sözü eşidən adamlara aiddir. Belələri həyat qayğılarına, var-dövlət və eyş-işrətə qapılıb boğulur və bəhrə vermirlər.
Münbit torpağa əkilmiş toxum pak və yaxşı ürəklə sözü eşidib bəsləyən və səbirlə bar verən adamlara aiddir.
İsanın öyrətdiklərini dərindən anlamaq üçün onun yanına gəlmiş şagirdlər necə də xoşbəxtdirlər! İsa istəyir ki, adamlar onun məsəllərini başa düşsünlər və bu məsəllər vasitəsilə həqiqəti öyrənsinlər. O soruşur: «Heç görmüsünüz ki, çırağı zənbilin və ya çarpayının altına qoysunlar?» Xeyr, «onu masanın üstünə qoyurlar». Sonra əlavə edir: «Buna görə də necə qulaq asdığınıza fikir verin».
Şagirdlər daha çox şey öyrənirlər
Şagirdlər əkinçi barədə məsəlin mənasını anladıqdan sonra daha çox şey öyrənmək istəyirlər. «Tarladakı alaq otları məsəlini bizə izah et», — deyə İsadan xahiş edirlər.
Şagirdlərlə sahildəki camaatın İsanın dediklərinə münasibəti tamam fərqlidir. O adamlarda İsanın danışdığı məsəllərin mənasını dərk etmək istəyi yoxdur, onlara sadəcə eşitdikləri bəs edir. İsa öyrənməyə can atan və buna görə onun yanına qayıtmış şagirdlərini bu adamlara qarşı qoyaraq deyir:
«Hansı ölçü ilə ölçürsünüzsə, o ölçü ilə də sizə ölçəcəklər, hələ üstünə əlavə də edəcəklər». Şagirdlər İsaya böyük «ölçüdə» maraq və diqqət göstərirlər və bunun əvəzində daha çox şey öyrənib xeyir-dua alırlar. İstəklərinin müqabilində İsa izah edir:
«Yaxşı toxumu əkən insan Oğludur. Tarla dünyadır; yaxşı toxum padşahlığın oğulları, alaq otları isə Şəririn oğullarıdır. Alaq otunu əkən düşmən İblisdir. Biçin dövrün yekunu, biçinçilər isə mələklərdir».
Bu məsəli təfsilatı ilə izah etdikdən sonra İsa axırda nə olacağını göstərir. O deyir ki, dövrün yekunu ərzində biçinçilər, yəni mələklər alaq otuna bənzəyən saxta məsihçiləri (Xristian dünyasını) «padşahlığın oğullarından» ayıracaqlar. Sonra «Şəririn oğulları» məhv edilmək üçün işarələnəcək, Allahın Padşahlığının oğulları olan «salehlər» isə «Atalarının padşahlığında günəş kimi parlayacaqlar».
Sonra İsa biliyə susayan şagirdlərinə daha üç məsəl danışır. O deyir: «Səmavi padşahlıq çöldə gizlədilmiş xəzinəyə bənzəyir. Bir adam onu tapdı və gizlətdi. Sonra sevincindən gedib hər şeyini satdı və oranı aldı».
İsa davam edir: «Səmavi padşahlıq həmçinin əla mirvarilər axtaran tacirə bənzəyir. O, çox qiymətli bir mirvari tapanda gedib dərhal hər şeyini satdı və o mirvarini aldı».
İsa Məsih xəzinə tapmış adama və qiymətli mirvari tapmış tacirə bənzəyir. O, adi insan olmaq üçün göydəki şərəfli mövqeyini qoyduqda, sanki hər şeyini satdı. Sonra yerdə təhqirlərə və olmazın zülmlərə məruz qaldı və Allahın Padşahlığını idarə etməyə layiq olduğunu göstərdi.
İsanın davamçılarından da «hər şeylərini satmaq» tələb olunur. Bu təqdirdə onları ya İsa Məsihlə birgə hakimiyyət sürmək, ya da Allahın Padşahlığının yerdəki təbəəsi olmaq mükafatı gözləyir. Bəs Allahın Padşahlığında pay almaq bizim üçün də varlı bir xəzinə və ya çox bahalı mirvari qədər qiymətlidir?
Axırda İsa Allahın Padşahlığını balıqçı toruna bənzədir. Bu tor cürbəcür balıqla doludur. Balıqları ayırıb yararsızını tullayır, yaxşısını qablara yığırlar. İsanın sözlərindən məlum olur ki, bu dövrün yekununda da belə olacaq: mələklər pisləri saleh adamlardan ayıracaq və məhv üçün toplayacaqlar.
İsa ilk şagirdlərini «insan tutmağa» çağırmaqla balıq ovuna bənzəyən bu işi özü başladı. Həmin iş mələklərin nəzarəti altında yüzilliklər boyu davam edir. Nəhayət bu toru çəkmək vaxtı yetişir. Tor Padşahlıq barədə təbliğ işini bildirir və bunun vasitəsilə cürbəcür adamlar toplanır.
Bəli, yararsız balıq məhv olunursa, yaxşı balıq qorunub saxlanılır. Əgər biz də İsanın şagirdləri kimi daha çox öyrənməyə və anlamağa can atırıqsa, həm çoxlu biliyə yiyələnəcək, həm də Allahdan əbədi həyat ənamı alacağıq. Matta 13:1—52; Mark 4:1—34; Luka 8:4—18; Məzmur 78:2; Yeşaya 6:9, 10.
▪ İsa harada və nə vaxt məsəllərlə öyrədir?
▪ İsa camaata hansı beş məsəli danışır?
▪ Nə üçün İsa xardal toxumunun bütün toxumlardan kiçik olduğunu deyir?
▪ İsa nəyə görə məsəllərlə danışır?
▪ İsanın şagirdlərinin başqa adamlardan fərqləndiyi nədən görünür?
▪ İsa əkinçi haqqındakı məsəli necə izah edir?
▪ Şagirdlər sahildə İsanı dinləyən adamlardan nə ilə seçilir?
▪ Əkinçi, tarla, yaxşı toxum, düşmən, biçin və biçinçilər kimi və ya nəyi bildirir?
▪ İsa daha hansı üç məsəli danışır və biz onlardan nə öyrənirik?