Oxucuların sualları
Müqəddəs Yazılarda ‘Yaşar kitabı’ və «“Rəbbin Döyüşləri” kitabı» xatırlanır (Yeşua 10:13; Say. 21:14). Bu kitabların heç birinə Müqəddəs Kitab kanonunda rast gəlinmir. Bu yazıların Allahdan ilham aldığını, sonra isə itirildiyini hesab etmək olarmı?
Bu iki kitabın Allahdan ilham aldığı, sonralar isə itirildiyi qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Allahdan ilham almış Müqəddəs Kitab yazıçıları bəzi başqa yazılara da istinad edirdilər. Ola bilsin, onlardan bəziləri həqiqətən də Müqəddəs Kitaba daxildir, ancaq o dövrdə müasir oxucular üçün məlum olmayan ad ilə tanınırdı. Məsələn, 1 Salnamələr 29:29 ayəsində ‘görücü Şamuelin kitabı’, ‘peyğəmbər Natanın kitabı’ və ‘görücü Qadın kitabı’ xatırlanır. Ehtimal var ki, bu üç kitab ya «Birinci və İkinci Şamuel» kitabları kimi tanıdığımız yazılara, yaxud da «Hakimlər» kitabına istinad edir.
Digər tərəfdən isə, Allahın Kəlamında xatırlanan bəzi kitabların adı Müqəddəs Yazıların bəzi kitablarının adı ilə eyni olsa da, əslində onlar Müqəddəs Kitabın hissəsi deyil. Nümunə üçün növbəti dörd qədim kitabın adını çəkmək olar: ‘Yəhuda padşahlarının salnamələr kitabı’, ‘Yəhuda və İsrail padşahlarının kitabı’, ‘İsrail padşahlarının kitabı’ və ‘İsrail və Yəhuda padşahlarının kitabı’. Bu adlar bizə Müqəddəs Yazılardan «Birinci Padşahlar və İkinci Padşahlar» kimi məlum olan kitabların adlarına oxşasa da, onlar nə Allahdan ilham alıb, nə də ki Müqəddəs Kitab kanonuna daxil olub (1 Pad. 14:29; 2 Saln. 16:11; 20:34; 27:7). Ehtimal ki, bu, Yeremya peyğəmbərin və Ezranın Müqəddəs Kitaba daxil olan yazıları qələmə aldıqları dövrdə mövcud olan tarixi sənədlər idi.
Bəli, bəzi Müqəddəs Kitab yazıçıları mövcud olan, lakin Allahdan ilham almayan tarixi yazılara və ya sənədlərə istinad etmiş, yaxud oradan məlumat götürmüşlər. Ester 10:2 ayəsində ‘Midiya və Fars padşahlarının salnamələr kitabına’ istinad edilir. Luka da öz «Müjdə»sini tərtib etmək üçün ‘hər şeyi əvvəldən diqqətlə araşdırmışdı’. Görünür, o, «Müjdə»sində haqqında oxuduğumuz İsanın nəsil şəcərəsini tərtib etmək üçün öz günlərində mövcud olan yazılı sənədlərə müraciət etdiyini nəzərdə tuturdu (Luka 1:3; 3:23-38). Həmin yazılar ilhamlanmış olmasa da, Lukanın «Müjdə»sinin Allahdan ilham aldığına heç bir şübhə yoxdur. Və həmin «Müjdə» indiyədək də öz dəyərini itirməyib.
Sualda xatırlanan iki kitaba — ‘Yaşar kitabına’ və «“Rəbbin Döyüşləri” kitabı»na gəldikdə isə, görünür, onlar o dövrdə mövcud idilər, ancaq Allahın ruhunun təsiri altında yazılmamışdılar. Bu səbəbdən Allah onları qoruyub saxlamadı. Müqəddəs Yazılar bu kitablara istinad etdiyi üçün alimlər belə qənaətə gəlmişlər ki, onlar İsrail ilə onun düşmənləri arasındakı döyüşlərdən bəhs edən şeir və nəğmələr toplusudur (2 Şam. 1:17-27). Bir Müqəddəs Kitab ensiklopediyasında fərz edilir ki, həmin kitabların məzmununu «İsrailin epik və lirik əsərlərini qoruyub saxlayan peşəkar müğənnilərin məşhur şifahi repertuarı» təşkil edirdi. Allahın bəzən peyğəmbər və ya görücü kimi istifadə etdiyi müəyyən insanlar Yehovanın ilhamlandırmadığı, yaxud bizim günlərdə ‘təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalı’ olan Müqəddəs Yazılara daxil etməyi məqsədəuyğun saymadığı kitablar yazmışlar (2 Tim. 3:16; 2 Saln. 9:29; 12:15; 13:22).
Bəzi kitabların Müqəddəs Yazılarda xatırlandığı və onlardan mənbə kimi istifadə edildiyi üçün onların Allahdan ilham aldığı qənaətinə gəlməməliyik. Lakin Yehova Allahımız Öz ‘sözündən’ ibarət olan bütün yazıları qoruyub saxlamışdır və onlar ‘əbədi qalacaqdır’ (Yeşaya 40:8). Bəli, Yehova bizim ‘kamil olub, hər cür xeyirli iş üçün təchiz edilməmiz’ üçün lazım olan hər şeyi Müqəddəs Yazıların 66 kitabına daxil edib (2 Tim. 3:16, 17).