Fəsil 13
İlk sınaq
İSA MƏSİH vəftiz olandan dərhal sonra Allahın ruhu onu Yəhudeyadakı çöllüyə aparır. Vəftiz vaxtı «göylərin açılması» ilə İsa səmavi şeyləri dərk etməyə başladığından indi o, çox düşünməlidir. Bəli, götür-qoy etməli çox şey var.
İsa 40 gün, 40 gecə çöllükdə qalır və heç bir şey yemir. O, bərk acır. Elə bu zaman Şeytan gəlib onu sınamağa başlayır: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün». Amma İsa yaxşı bilir ki, xariqüladə qabiliyyətindən öz şəxsi istəkləri üçün istifadə etmək düzgün deyil. O, bu təklifi rədd edir.
Şeytan isə əl çəkmir, o, başqa fənd işlədir. Bu səfər o, İsaya deyir ki, Allahın məbədinin hasarının üstündən aşağı atılsın və qoy Allahın mələkləri onu xilas etsinlər. Lakin özünü bu yolla dünyaya nümayiş etdirmək İsanın heç ağlına da gəlmir və o, bu təklifi də rədd edir. O, Müqəddəs Yazılara istinad edərək göstərir ki, Allahı bu cür sınamaq olmaz.
Onda Şeytan dünyanın bütün padşahlıqlarını möcüzə yolu ilə İsaya göstərib belə bir təklif edir: «Əgər diz çöküb mənə səcdə qılsan, bütün bunları sənə verəcəyəm». İsa bilir ki, bu günah işdir və bu dəfə də şirnikdirici təklifə uymur. O, Allaha sadiq qalmaq əzmindədir.
İsanın üzləşdiyi bu sınaqlardan biz nə öyrənirik? İlk növbədə, bu sınaqlar təsdiq edir ki, Şeytan İblis bəzilərinin düşündüyü kimi, insan ürəyindəki pislik yox, real, gözəgörünməz şəxsiyyətdir. Həmçinin buradan görünür ki, dünyadakı bütün hökumətlər İblisə məxsusdur. Əgər bu belə olmasaydı, Şeytan onları İsaya necə təklif edə bilərdi?
Gəlin bir şeyə xüsusi diqqət yetirək. Şeytan dedi ki, əgər İsa Məsih cəmi bir dəfə əyilib ona səcdə qılsa, onu mükafatlandıracaq, hətta söz verdi ki, dünyanın bütün padşahlıqlarını ona peşkəş edəcək. İblis bizi də şirnikləndirmək üçün bu üsula əl ata bilər. Belə ki, bizə bu dünyada varlanmaq, hakimiyyət, şan-şöhrət sahibi olmaq kimi puç şeylərə baş qoşmağa imkanlar yarada bilər. Lakin hansı bir sınaq olursa olsun, İsa Məsih kimi, Allaha sadiq qalmaq ən ağıllı işdir! Matta 3:16; 4:1—11; Mark 1:12, 13; Luka 4:1—13.
▪ İsa Məsih 40 gün çöllükdə olarkən nələrin üzərində düşünür?
▪ İblis İsa Məsihi hansı şeylərlə şirnikdirir?
▪ İsa Məsihin üzləşdiyi sınaqlardan nə öyrənirik?