FƏSİL 118
Kim daha böyükdür?
MƏTTA 26:31—35 MARK 14:27—31 LUKA 22:24—38 YƏHYA 13:31—38
İSA MƏSİH VƏZİFƏ BARƏDƏ MƏSLƏHƏT VERİR
BUTRUSUN İSA MƏSİHİ İNKAR EDƏCƏYİ PEYĞƏMBƏRLİK OLUNUR
MƏHƏBBƏT MƏSİHİN DAVAMÇILARININ FƏRQLƏNDİRİCİ ÖZƏLLİYİDİR
Bir az əvvəl İsa Məsih həvarilərinin ayaqlarını yumaqla onlara başqalarına təvazökarlıqla xidmət etməyə dair gözəl dərs verib. Nəyə görə bu, yerində verilən məsləhətdir? Çünki onlar bu sahədə zəiflik göstərmişdilər. Onlar özlərini Allaha həsr ediblər, lakin hələ də kimin ən böyük olduğunun dərdini çəkirlər (Mark 9:33, 34; 10:35—37). Onların zəifliyi bu axşam özünü yenə göstərir.
Həvarilər arasında kimin daha böyük olduğuna dair qızğın mübahisə düşür (Luka 22:24). İsa Məsih onların bu barədə yenə də mübahisə etdiyini görəndə çox təəssüflənir. Bəs o, nə edir?
Bu cür düşüncələrinə və hərəkətlərinə görə həvarilərini danlamır, əksinə, səbirlə onları başa salır: «Xalqların hökmdarları onlara ağalıq edir, onların üzərində hakimiyyət sürənləri Hami kimi ucaldırlar. Siz isə belə olmamalısınız... Kim daha böyükdür: süfrədə oturan, yoxsa qulluq edən?» Sonra onlara indiyə kimi qoyduğu nümunəni xatırladaraq deyir: «Mən isə sizə qulluq edirəm» (Luka 22:25—27).
Həvarilər qeyri-kamil olmalarına baxmayaraq, İsa peyğəmbərin qarşılaşdığı sınaqlarda ona sadiq qalmışlar. Buna görə də o deyir: «Atam mənimlə əhd bağladığı kimi, mən də padşahlıqda hökmranlıq etmək üçün sizinlə əhd bağlayıram» (Luka 22:29). Onlar İsa Məsihin sadiq davamçılarıdır. Məsih şagirdlərini əmin edir ki, onlarla bağladığı əhd sayəsində Allahın Padşahlığında onunla birgə hakimiyyət sürəcəklər.
Həvariləri belə bir möhtəşəm gələcək gözləsə də, hələ ki, onlar cismani varlıqdırlar və qeyri-kamildirlər. İsa Məsih onlara deyir: «Şeytan sizi buğda kimi xəlbirdən keçirməyi tələb edirdi». Buğda xəlbirlənəndə hərəsi bir tərəfə düşür (Luka 22:31). Məsih onları həmçinin xəbərdar edir: «Bu gecə hamınız məndən üz döndərəcəksiniz. Çünki yazılıb: “Çobanı vuracağam, qoyunlar pərən-pərən olacaq”» (Mətta 26:31; Zəkəriyyə 13:7).
Butrus özündən razı şəkildə etiraz edir: «Hamı səndən üz döndərsə də, mən ömrümdə səndən üz döndərmərəm!» (Mətta 26:33). Peyğəmbər Butrusa deyir ki, xoruz bu gecə iki dəfə banlamamışdan qabaq Butrus onu inkar edəcək. Bununla belə, İsa Məsih deyir: «Mən sənin üçün Allaha yalvardım ki, imanın tükənməsin. Sən də qayıdanda qardaşlarının imanını möhkəmləndir» (Luka 22:32). Lakin Butrus arxayınlıqla vurğulayır: «Səninlə birgə ölmək lazım gəlsə belə, səni danmaram» (Mətta 26:35). Digər həvarilər də eyni sözləri deyirlər.
Məsih şagirdlərinə deyir: «Artıq yanınızda çox qalmayacağam, siz məni axtaracaqsınız. Yəhudilərə dediyim sözü indi sizə deyirəm: siz getdiyim yerə gələ bilməyəcəksiniz. Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Bir-birinizi mən sizi sevdiyim kimi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:33—35).
Eşidəndə ki, İsa peyğəmbər onlarla birgə az qalacaq, Butrus soruşur: «Ağa, sən hara gedirsən?» Peyğəmbər deyir: «Getdiyim yerə sən indi gələ bilməzsən, amma sonra gələcəksən». Çaş-baş qalan Butrus deyir: «Ağa, mən niyə indi sənin ardınca gələ bilmərəm? Sənin yolunda canımı da verərəm» (Yəhya 13:36, 37).
Sonra İsa Məsih həvarilərini Cəliləyə təbliğə göndərəndə onlara kisə və heybə götürməməyi tapşırdığını yadlarına salır (Mətta 10:5, 9, 10). O soruşur: «Bir şeydə korluq çəkdiniz?» Onlar: «Xeyr», — deyə cavab verirlər. Bəs bundan sonra onlar nə etməlidirlər? İsa Məsih onlara yeni göstəriş verir: «Pul kisəsi olan kisəsini, həmçinin heybəsini də götürsün. Qılıncı olmayan üst paltarını satıb qılınc alsın. Bunu bilin ki, mənim haqqımda yazılmış: “Cinayətkarlara tay tutuldu”, — sözləri yerinə yetməlidir. Çünki haqqımda yazılanlar artıq həyata keçir» (Luka 22:35—37).
İsa Məsih cinayətkarlarla birgə dirəyə mıxlanacağı vaxtdan danışır. Bunun ardınca onun davamçıları ciddi təqiblərə məruz qalacaqlar. Onlar bütün bunlara hazır olduqlarını düşünərək deyirlər: «Ağa, burada iki qılınc var». O: «Kifayətdir», — deyir (Luka 22:38). Yanlarında qılınc olmasından istifadə edərək İsa peyğəmbər onlara daha bir mühüm ibrət dərsi verəcək.