Fəsil 115
Mübahisə qalxır
BİR AZ əvvəl İsa həvarilərinin ayaqlarını yumaqla onlara gözəl təvazökarlıq dərsi verib. Bunun ardınca o, yaxınlaşan ölümünün Xatirə Gecəsini təsis edir. İndi, bütün bunların müqabilində, çox qəribə bir hadisə baş verir. Həvarilər arasında kimin ən böyük olduğu barədə qızğın mübahisə düşür. Görünür, bu çoxdankı mübahisənin davamıdır.
Xatırlayaq ki, dağda İsanın görkəminin dəyişməsi hadisəsindən sonra da həvarilər kimin böyük olduğu barədə mübahisə qaldırmışdılar. Bundan əlavə, Yaqubla Yəhya İsadan səmavi Padşahlıqda onlara şərəfli yer verməyi istəmişdilər və bu, həvarilərin arasında böyük mübahisəyə səbəb olmuşdu. Təsəvvür edirsiniz, indi həvarilərlə keçirdiyi bu son gecədə onların bir-biri ilə didişməsini görmək İsa üçün nə qədər ağırdır? Bəs o nə edir?
Bu hərəkətlərinə görə həvariləri danlamaq əvəzinə, İsa yenə də səbirlə onları başa salır: «Xalqların hökmdarları onlara ağalıq edir, onların üzərində hakimiyyət sürənləri Hami kimi göylərə ucaldırlar. Siz isə belə olmamalısınız... Kim daha böyükdür: süfrədə oturan, yoxsa qulluq edən? Məgər böyük, süfrədə oturan deyil?» Onlara verdiyi nümunəni xatırladaraq deyir: «Mən isə aranızda qulluq edirəm».
Həvarilər qeyri-kamil olmalarına baxmayaraq, İsanın qarşılaşdığı sınaqlarda ona sadiq qalmışlar. Buna görə də İsa deyir: «Atam mənimlə padşahlığa aid əhd bağladığı kimi, mən də sizinlə padşahlığa aid əhd bağlayıram». İsanın bu sadiq davamçıları ilə bağladığı əhd sayəsində onlar Allahın Padşahlığında onunla birgə hakimiyyət sürəcəklər. Bu padşahlıq əhdinə nəhayətdə 144 000 adam qəbul ediləcək.
Həvarilərə Padşahlıqda Məsihlə birgə hakimiyyət sürmək ənamı bəxş ediləcəyi halda, indi onlar ruhani cəhətdən zəifdirlər. İsa deyir: «Bu gecə başıma gələcək hadisələrə görə hamınız məndən üz döndərəcəksiniz». Bunun ardınca Peterə onun üçün dua etdiyini bildirir və ona tapşırır: «Sən də qayıdanda qardaşlarına ürək-dirək ver».
Sonra İsa həvarilərə deyir: «Balalarım, artıq yanınızda çox qalmayacağam, siz məni axtaracaqsınız. Yəhudilərə dediyim sözü indi sizə deyirəm: siz getdiyim yerə gələ bilməzsiniz. Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Mən sizi sevdiyim kimi, siz də bir-birinizi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz».
— Ağa, sən hara gedirsən? — Peter soruşur.
— Getdiyim yerə sən indi gələ bilməzsən, amma sonra gələcəksən.
— Ağa, mən niyə indi sənin ardınca gələ bilmərəm? Sənin yolunda canımı da verərəm.
— Mənim yolumda canını verərsən? Bunu bil ki, bu gün, elə bu gecə xoruz iki dəfə banlamamış sən məni düz üç dəfə danacaqsan.
Peter dərhal cavab verir: «Mənə səninlə birgə ölmək lazım gəlsə belə, səni əsla danmaram». Digər həvarilər də belə deyirlər, Peter isə lovğalanır: «Hamı səndən üz döndərsə də, mən əsla səndən üz döndərmərəm!»
İsa həvarilərini Qalileyaya təbliğə göndərəndə onlara kisə və heybə götürməməyi tapşırdığını yadlarına salaraq soruşur:
— Bir şeydə korluq çəkdiniz?
— Xeyr! — onlar cavab verirlər.
— İndi isə pul kisəsi olan kisəsini, həmçinin heybəsini də götürsün. Qılıncı olmayan əbasını satıb qılınc alsın. Bunu bilin ki, mənim haqqımda yazılmış: «Cinayətkarlara tay tutuldu», — sözləri yerinə yetməlidir. Çünki haqqımda yazılanlar artıq həyata keçir.
İsa cinayətkarlarla birgə dirəyə mıxlanacağı vaxtdan danışır. O həmçinin bildirir ki, bunun ardınca onun davamçıları ciddi təqiblərə məruz qalacaqlar. Onlar deyirlər: «Ağa, burada iki qılınc var».
İsa deyir: «Kifayətdir». Qabaqda görəcəyik ki, yanlarında qılınc olmasından istifadə edərək İsa onlara daha bir mühüm ibrət dərsi verir. Matta 26:31—35; Mark 14:27—31; Luka 22:24—38; Yəhya 13:31—38; Vəhy 14:1—3.
▪ Həvarilərin mübahisəsi nəyə görə qəribədir?
▪ İsa bu mübahisəni necə yoluna qoyur?
▪ İsanın şagirdləri ilə bağladığı əhd sayəsində nə mümkün olur?
▪ İsa hansı yeni əmri verir və bu əmr nə dərəcədə vacibdir?
▪ Peter özünə arxayın olduğunu necə göstərir və İsa ona nə deyir?
▪ Nəyə görə İsa həvarilərinə indi kisə və heybə götürməyi tapşırır?