FƏSİL 131
Günahsız padşah işgəncə dirəyində
MƏTTA 27:33—44 MARK 15:22—32 LUKA 23:32—43 YƏHYA 19:17—24
İSA MƏSİH İŞGƏNCƏ DİRƏYİNƏ MIXLANIB
MƏSİHİN BAŞININ ÜSTÜNDƏKİ YAZIYA LAĞ EDİLİR
İSA MƏSİH YERÜZÜ CƏNNƏTDƏ YAŞAMAĞA ÜMİD BƏXŞ EDİR
İsa Məsihin edam olunacağı yer şəhərdən uzaq deyil. Onunla birgə iki cinayətkar edam olunacaq. Bu yer Qolqota və ya Kəllə adlanır. Bura uzaqdan da görünür (Mark 15:40).
Məhbusların üçünü də soyundururlar. Sonra mürr və acı bir şey qatılmış şərab verirlər. Ola bilsin, bu içkini Yerusəlim qadınları hazırlayıb. Roma əsgərləri bu bihuşedici içkini ölümə məhkum edilmiş adamlara verməyi qadağan etmirlər. İsa Məsih bu şərabın dadına baxır, ancaq içmir. Çünki o, sınaqlarının son pilləsində əqlən və cismən ayıq olmaq və ölənədək sadiq qalmaq istəyir.
İsa peyğəmbəri dirəyə uzadırlar (Mark 15:25). Sonra isə əsgərlər onun əllərini və ayaqlarını dirəyə mıxlayırlar. Mıxlar əti dəlib keçəndə peyğəmbər ağrıdan qıvrılır. Dirəyi yuxarı qaldıranda mıxların açdığı yaralar bədənin ağırlığı altında yırtılır və ağrı lap dözülməz olur. Amma o, əsgərləri hədələmir. Əksinə, onlar üçün dua edir: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər» (Luka 23:34).
Romalılar, adətən, cinayətkarın törətdiyi cinayəti lövhəciyə yazırdılar. Bu dəfə Pilat lövhənin üzərinə «Yəhudilərin padşahı nəsrani İsa» sözlərini yazdırır. Hamının oxuya bilməsi üçün Pilat bu sözləri, ibranicə, latınca və yunanca yazdırır. Bununla o, İsa Məsihə ölüm hökmü çıxarmağa onu vadar edən yəhudilərə nifrətini göstərir. Böyük kahinlər etiraz edirlər: «“Yəhudilərin padşahı” yox, özünün dediyi kimi: “Mən yəhudilərin padşahıyam” yaz». Pilat onların əlində növbəti dəfə oyuncağa çevrilmək istəmədiyi üçün cavab verir: «Nə yazmışam, yazmışam» (Yəhya 19:19—22).
Kahinlər Sinedriondakı məhkəmə zamanı verilmiş yalan şəhadəti təkrar edirlər. Buna görə yoldan keçənlər də İsa Məsihi söyür və başlarını yırğalaya-yırğalaya deyirlər: «Məbədi dağıdıb üç günə tikənə bax! Ay-hay! Sən hələ özünü xilas et, işgəncə dirəyindən düş». Böyük kahinlərlə mirzələr də öz aralarında onu lağa qoyub deyirlər: «Qoy İsrailin padşahı Məsih gözümüzün qabağında işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq» (Mark 15:29—32). İş o yerə çatır ki, onu hətta solunda və sağında edam olunan cinayətkarlar da təhqir edir, halbuki onların içində yeganə günahsız adam odur.
İsa Məsihi həmçinin dörd Roma əsgəri də ələ salır. Görünür, onlar əvvəlcə turş şərabı özləri içirlər sonra da Məsihə uzadırlar, amma içməyə imkan vermirlər. Onlar Məsihin başının üstündəki lövhəyə baxıb lağ edirlər: «Əgər sən yəhudilərin padşahısansa, özünü xilas et!» (Luka 23:36, 37). İşə bir bax, yol, həqiqət və həyat olan şəxs indi haqsız olaraq təhqirlərə və rişxəndə məruz qalıb. İndi o, mərd-mərdanə bütün bu əzablara dözür, amma ona baxan yəhudilərə, onu ələ salan Roma əsgərlərinə və yanındakı cinayətkarlara güldən ağır söz demir.
Sonra əsgərlər İsa peyğəmbərin üst paltarlarını götürüb dörd yerə bölürlər və püşk atıb öz aralarında bölüşdürürlər. Ancaq köynəyi çox keyfiyyətli, tikişsiz, yuxarıdan-aşağıya bütöv toxuma idi. Ona görə də bir-birilərinə deyirlər: «Gəlin bunu cırmayaq, püşk ataq görək kimə düşəcək». Beləcə, Müqəddəs Yazıların: «Paltarımı aralarında bölüşdürdülər, libasım üçün püşk atdılar», — sözlərini yerinə yetirirlər (Yəhya 19:23, 24; Zəbur 22:18).
Bir qədər keçir. Cinayətkarlardan biri başa düşür ki, İsa, doğrudan da, padşah olmalıdır. Buna görə də o, öz yoldaşını danlayır: «Sən heç Allahdan qorxmursan? Axı özün də eyni cəzanı çəkirsən. Bizə əməllərimizə görə cəza veriblər, düz də ediblər, bu adam isə heç bir pis iş görməyib». Sonra üzünü İsa peyğəmbərə tutub yalvarır: «İsa, Padşahlığına gələndə məni yada sal» (Luka 23:40—42).
Məsih ona cavab verir: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!» (Luka 23:43). Maraqlıdır ki, peyğəmbər ona «Padşahlıqda» yox, «Cənnətdə» olacağını deyir. Bu vəd həvarilərinə verdiyi vəddən fərqlənir. İsa Məsih həvarilərinə demişdi ki, onlar onunla birgə Padşahlıqda taxtlarda oturacaqlar (Mətta 19:28; Luka 22:29, 30). Bu cinayətkar, ola bilsin, Yehova Allahın Adəmlə Həvvaya və onların nəslinə verdiyi yerüzü Cənnət haqda eşidib. İndi bu quldur ümidlə ölə bilər.