FƏSİL 32
Şənbə günü hansı işləri görmək olar?
MƏTTA 12:9—14 MARK 3:1—6 LUKA 6:6—11
İSA PEYĞƏMBƏR ŞƏNBƏ GÜNÜ BİR KİŞİNİN QURUMUŞ ƏLİNİ SAĞALDIR
Başqa bir şənbə günü İsa Məsih ehtimal ki, Cəlilədə bir sinaqoqa gedir. Orada o, sağ əli qurumuş bir adamı görür (Luka 6:6). Din xadimləri olan mirzələrlə fərisilər İsanı gözdən qoymurlar. Nəyə görə? Onların niyyəti verdikləri sualdan bəlli olur: «Qanuna görə şənbə günü adam sağaltmaq olar?» (Mətta 12:10).
Yəhudi din xadimlərinin fikrincə, şənbə günü yalnız insanın həyatı təhlükə altında olanda onu müalicə etmək olar. Misal üçün, onlar öyrədirlər ki, şənbə günü çıxmış sümüyü yerinə salmaq, yaxud burxulmuş yeri sarımaq ölümcül olmadığı üçün qanuna ziddir. Sözsüz ki, mirzələrlə fərisilər bu sualı İsa Məsihə həmin yazıq adama canları yandığı üçün yox, Məsihi təqsirləndirməyə bəhanə tapmaq üçün verirlər.
Ancaq İsa peyğəmbər onların təhrif olunmuş fikirlərindən agahdır. O, yaxşı bilir ki, onların şənbə günü əmrinə dair baxışları ifrata varıb və Müqəddəs Yazılara əsaslanmır (Çıxış 20:8—10). Bu, birinci dəfə deyil ki, savab iş gördüyünə görə onu tənqid edirlər. İsa Məsih həmin kişiyə: «Dur, ortaya keç», — deyir və beləcə, qarşıdurmaya zəmin yaradır (Mark 3:3).
İsa mirzələrə və fərisilərə müraciət edir: «Aranızda elə adam varmı ki, bircə qoyunu olsa və həmin qoyun şənbə günü çalaya düşsə, onu oradan çıxarmasın?» (Mətta 12:11). Qoyun sahibinin gəlir mənbəyi olduğu üçün heyvanın səhərə kimi çalada qalmasına imkan verməz. Axı qoyun gecə ölsə, sahibinə ziyan dəyər. Üstəlik, Müqəddəs Yazılarda belə deyilir: «Saleh adam heyvanlarının da qayğısına qalar» (Məsəllər 12:10).
Sonra İsa müqayisə edərək deyir: «Gör insan qoyundan nə qədər qiymətlidir! Bəli, qanuna görə şənbə günü savab iş görmək olar» (Mətta 12:12). Deməli, İsa həmin kişini sağaltsa, şənbə gününü pozmuş olmaz. Din xadimləri bu cür məntiqli və mərhəmət dolu dəlilin qarşısında aciz qalıb susurlar.
Onların səhv düşüncələrinə görə İsa Məsih qəzəblənir, eyni zamanda bərk təəssüflənir. O, ətrafa baxıb deyir: «Əlini uzat» (Mətta 12:13). Həmin adam əlini uzadır və əli dərhal sağalır. Bu möcüzə sağalan adamı çox sevindirir. Bəs bu, İsaya quyu qazanlara necə təsir edir?
Fərisilər şikəst adamın şəfa tapdığına sevinmək əvəzinə, çölə çıxıb, «İsanı öldürmək barədə Hirodun ardıcılları» ilə plan qurmağa gedirlər (Mark 3:6). Hirodçular siyasi qrupdur, görünür, bu qrupa din xadimləri olan saddukilər də daxildir. Əslində, saddukilərlə fərisilər açıq-aşkar düşmənçilik edir, lakin İsa Məsihə qarşı çıxmaq üçün onlar əlbir olurlar.