FƏSİL 34
İsa peyğəmbər on iki həvari seçir
ON İKİ HƏVARİ
Vəftizçi Yəhyanın İsa Məsihi «Allahın Quzusu» kimi təqdim etməsindən təxminən bir il yarım keçib. İsa peyğəmbər xidmətə başlayanda bir çox sadiq kişilər — Andreas, Şimon Butrus, Yəhya, ola bilsin, Yaqub (Yəhyanın qardaşı), Filip və Bartolmay (digər adı Natanail) onun ilk şagirdləri olurlar. Sonradan başqaları da onlara qoşulub Məsihin ardınca getməyə başlayırlar (Yəhya 1:45—47).
İndi isə İsa peyğəmbər özünə həvarilər seçir. Bu həvarilər onun yaxın dostları olacaq və o, onlara xüsusi təlim verəcək. Seçim etməzdən əvvəl İsa Məsih Cəlilə dənizinin yaxınlığında və Kəfərnahumdan elə də uzaq olmayan dağa qalxır və bütün gecəni orada qalıb dua edir. Yəqin ki, o, Allahdan hikmət və xeyir-dua diləyir. Səhər açılanda isə şagirdlərini çağırıb aralarından on iki nəfəri həvari seçir.
On iki həvaridən altısı yuxarıda adları çəkilən şagirdlərdir. Daha bir nəfər vergiyığan Məttadır. Qalan beş nəfər isə bunlardır: Yəhuda (həmçinin ona Taday və «Yaqub oğlu» deyirlər), Qeyrətli ləqəbi verilmiş Şimon, Tomas, Alfay oğlu Yaqub və Yəhuda İskəryut (Mətta 10:2—4; Luka 6:16).
Bu on iki kişi artıq xeyli vaxtdır ki, Məsihin yanındadır, buna görə də o, onları yaxşı tanıyır. Üstəlik, onlardan bir neçəsi onun qohumudur. Misal üçün, Yaqub və Yəhya onunla xalaoğludurlar. Həmçinin, güman edilir ki, Alfay İsanın atalığı Yusifin qardaşıdır. Deməli, onun oğlu Yaqub İsanın əmisi oğludur.
İsa peyğəmbər üçün həvarilərinin adını yadda saxlamaq heç də çətin deyil. Bəs sizin üçün necə? Biz həvarilərin adlarını belə yadda saxlaya bilərik: ikisinin adı Şimon, ikisinin adı Yaqub, ikisininki isə Yəhuda. Şimonun (Butrus) qardaşının adı Andreas, Yaqubun (Zəbədinin oğlu) qardaşının adı Yəhyadır. Bu, sizə həvarilərdən səkkizinin adını yadda saxlamağa kömək edər. Qalan dörd həvari: Mətta (vergiyığan), Tomas (İsa dirilib şagirdlərə görünəndə, o, onlarla olmadığından buna şübhə edir), Natanail (o çağırılanda əncir ağacının altında idi) və onun dostu Filip.
Həvarilərin on biri İsa peyğəmbər kimi cəliləlidir: Natanail Qanə şəhərindəndir; Filip, Butrus və Andreas Beytsəydadandır. Sonradan Butrus və Andreas Məttanın yaşadığı Kəfərnahum şəhərinə köçürlər. Yaqubla Yəhya da ehtimal ki, ya həmin şəhərin özündə, ya da onun yaxınlığında yaşayırlar. Əvvəllər onlar oralarda balıqçılıq edərdilər. Görünür, təkcə Yəhuda İskəryut (bu şagird sonradan İsa Məsihi satmışdı) yəhudiyyəli idi.