Fəsil 34
İsa həvarilərini seçir
VƏFTİZÇİ YƏHYANIN İsa Məsihi «Allahın Quzusu» kimi təqdim etməsindən və İsanın təbliğ xidmətinə başlamasından təxminən bir il yarım keçib. İsa xidmətə başlayanda Şimon Peter, Andreas, Yəhya, ola bilsin, onun qardaşı Yaqub, Filip və Natanael (digər adı Bartolomey) onun ilk şagirdləri oldular. Sonradan başqaları da onlara qoşulub Məsihin ardınca getməyə başlayır.
Artıq vaxt yetişib, indi İsa həvarilərini təyin etməlidir. Bu həvarilər onun yaxın dostları olacaq və o, onlara xüsusi təlim verəcək. Seçim etməzdən əvvəl İsa dağa qalxır və bütün gecəni orada qalıb dua edir. Yəqin ki, o, Allahdan hikmət və xeyir-dua diləyir. Səhər açılanda o, şagirdlərini çağırıb aralarından on iki nəfəri seçir. Bu on iki nəfər həvari olmaqla yanaşı, həm də şagird adlanır, ona görə ki, İsadan təlim almaqda davam edirlər.
On iki həvaridən altısı yuxarıda adları çəkilən şagirdlərdir. Daha bir nəfər vergiyığan Mattadır. Qalan beş nəfər isə bunlardır: Yəhuda (digər adı Taday), Yəhuda İskariot, Şimon (ləqəbi «Qeyrətli»), Tomas və Alfey oğlu Yaqub. Bu Yaquba «Balaca Yaqub» da deyilirdi, yəqin ona görə ki, o biri Yaqubdan boyu balaca idi, yaxud da ondan yaşca kiçik idi.
Bu on iki kişi artıq xeyli vaxtdır ki, İsanın yanındadır, buna görə də o, onları yaxşı tanıyır. Üstəlik, onlardan bir neçəsi onun qohumlarıdır. Misal üçün, Yaqub və Yəhya gərək ki, onunla xalaoğludurlar. Həmçinin, güman edilir ki, o biri Yaqubun atası Alfey İsanın atalığı Yusifin qardaşıdır. Belə olduqda, bu Yaqub İsaya əmioğlu gəlir.
Adətən, çoxlu adamın adını dərhal yadda saxlamaq çətin olur. Biz həvarilərin adlarını belə yadda saxlaya bilərik: iki nəfərin adı Şimondur, ikisinin adı Yaqub, ikisininki Yəhuda. Şimonun qardaşının adı Andreasdır, Yaqubun qardaşının adı Yəhya. Bu oldu səkkiz nəfər. Qalan dörd həvari: vergiyığan Matta, Tomas (İsa dirilib şagirdlərə görünəndə, o, onlarla olmadığından buna şübhə etmişdi), Natanael (o çağırılanda əncir ağacının altında idi) və onun dostu Filip.
Həvarilərdən on bir nəfəri İsa kimi qalileyalıdır: Natanael Kana şəhərindəndir; Şimon Peter, Andreas və Filip Beytsaydadan (sonradan Şimon Peter və Andreas Kapernahuma köçmüşdülər). Matta Kapernahumda olurdu; əvvəllər balıqçılıq edən Yaqubla Yəhyanın da həmin şəhərdə, ya da onun yaxınlığında yaşadığı güman edilir. Görünür, təkcə Yəhuda İskariot (bu şagird sonradan İsa Məsihi satmışdı) yəhudeyalı idi. Mark 3:13—19; Luka 6:12—16.
▪ Həvarilərdən kimlərin İsa ilə qohum olduğu güman edilir?
▪ Biz həvarilərin adlarını necə yadda saxlaya bilərik?
▪ Həvarilər haralı idilər?