FƏSİL 37
Peyğəmbər dul qadının oğlunu dirildir
NAİN ŞƏHƏRİNDƏ DİRİLMƏ HADİSƏSİ
İsa Məsih Roma zabitinin nökərini sağaltdıqdan bir qədər sonra Nain şəhərinə gedir. Nain Kəfərnahumdan 32 kilometr aralıda, cənub-qərb istiqamətində yerləşir. Şagirdləri ilə yanaşı İsa peyğəmbəri xeyli adam müşayiət edir. Onlar Nain şəhərinin girəcəyinə, ehtimal ki, axşam düşəndə çatırlar. Bu vaxt şəhər darvazasından cənazə aparan bir dəstə adam çıxır. Onlar cavan bir oğlanı dəfn etməyə aparırlar.
Ən çox ağlayıb-sızlayan isə bu oğlanın anasıdır. O, ərini itirmişdi, indi də gözünün ağı-qarası yeganə övladını itirib. O, dul qalandan bəri oğlu ilə nəfəs alırdı. Oğlu ona çox əziz idi, bütün arzuları bu uşaqla bağlı idi, onun böyüyüb anasına dayaq olacağına ümidi edirdi. Amma onu da dəfn etməyə aparır. Bəs indi kim onun yanında olub dəstək olacaq?
Bu ananın göz yaşlarını, tək qaldığını görmək peyğəmbərə ürək ağrısı verir. O, şəfqətli, eyni zamanda xatircəmlik yaradan bir səslə ona deyir: «Ağlama». O bununla kifayətlənmir, yaxınlaşıb mafəyə toxunur (Luka 7:13, 14). Mafəni aparanlar onun etdiklərini görüb ayaq saxlayırlar. Camaat intizar içindədir: o, niyə belə edir? Görəsən, nə olacaq?
İsa peyğəmbərlə gələnlər onun insanlara şəfa vermək kimi möhtəşəm işlər gördüyünün şahidi olublar. Amma bu vaxtacan kimisə diriltdiyini, deyəsən, heç görməyiblər. Düzdür, keçmişdə Allahın mömin bəndələri bəzi insanları diriltmişdilər, bəs görəsən, İsa peyğəmbərdə belə bir şey edə biləcək? (1 Padşahlar 17:17—23; 2 Padşahlar 4:32—37). İsa peyğəmbər mərhuma amiranə səslə deyir: «Ey cavan, səninləyəm, ayağa qalx!» (Luka 7:14). Elə o andaca ölən oğlan qalxıb oturur və danışmağa başlayır. Anası oğlunun sağ olduğunu görəndə gözlərinə inana bilmir, onun sevinci aşıb-daşır. Bəli, o daha tək deyil.
Camaat bu cavan oğlanın dirildiyini görəndə Yaradana şükür edib deyir: «Aramızda böyük bir peyğəmbər zühur edib». Digərləri İsa peyğəmbərin göstərdiyi möcüzənin nə məna kəsb etdiyini başa düşüb: «Allah öz xalqına nəzər salıb», — sözlərini dilə gətirirlər (Luka 7:16). Bu xəbər ətrafa elə tez yayılır ki, sorağı doğulduğu şəhərə, Nain şəhərindən təxminən 10 kilometr uzaqda yerləşən Nasirəyə, hətta cənuba, Yəhudiyyəyə gedib çıxır.
Bu vədədə Vəftizçi Yəhya hələ də həbsxanadadır. İsa peyğəmbərin nələr etdiyi onu çox maraqlandırır. Yəhyanın şagirdləri onun yanına gəlib İsa peyğəmbərin göstərdiyi möcüzələr haqda danışırlar. Eşitdikləri ona necə təsir edir?