“Qızıl qanun” bu gün tətbiq ediləndir
Çoxları İsa Məsihi “qızıl qanunun” müəllifi hesab etsələr də, o özü belə demişdir: “Verdiyim tə’lim Mənim deyil, Məni Göndərənindir” (Yəhya 7:16).
BƏLİ, İsa Məsihin bütün tə’limləri, o cümlədən sonradan çoxlarına “qızıl qanun” kimi mə’lum olan əxlaqa aid nəsihəti də, onu yer üzünə göndərəndən - bəşəriyyətin Yaradanı olan Yehova Allahdandır.
Allah istəyirdi ki, insanlar özləri ilə necə rəftar edilməsini arzu edirlərsə, başqaları ilə də o cür rəftar etsinlər. Yaradan “insanı öz surətində yaratdı, onu Allahın surətində yaratdı; onları kişi və qadın olaraq yaratdı” və bunu etməklə başqalarının rifahı üçün qayğıkeşlik göstərməyin nə demək olduğuna dair gözəl nümunə verdi (Təkvin 1:27). Başqa sözlərlə desək, Allah özünə xas olan gözəl keyfiyyətləri müəyyən dərəcədə insanlara da bəxş etdi. İnsanlar tam harmoniya, sülh və xoşbəxtlik içində həyat sürürdülər; belə həyat isə əbədiyyən davam edə bilərdi. Allahın bəxş etdiyi təmiz və düzgün tərbiyə edilmiş vicdan, özləri ilə necə rəftar edilməsini istədikləri kimi, başqaları ilə də o cür rəftar etməkdə gözəl rəhbərlik kimi xidmət edərdi.
Eqoizmin hökmranlığı
Bəs belə gözəl başlanğıca malik olan bəşəriyyətlə nə baş verdi? Sadə dillə desək, dünya eqoizmin tə’siri altına düşdü. İnsanların əksəriyyəti, ilk insan cütünün başına gələnlərə dair Müqəddəs Kitabda söylənilən hekayə ilə tanışdır (Təkvin 3-cü fəsil). Adəm və Həvva, Allahın ədalətli normalarının düşməni olan Şeytanın təhriki ilə Yaradanlarından tamamilə asılı olmamağı seçərək, onun rəhbərliyini eqoistcəsinə inkar etdilər. İlk insanların üsyanı yalnız onların özlərinə deyil, həmçinin gələcək nəsillərinə də kədər və iztirab gətirdi. Bu hadisə, Allahın “qızıl qanun” kimi tanınan prinsipinin pozulmasının nə ilə nəticələndiyinə açıq-aydın şəhadət etdi. Nəticədə “necə ki, günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir” (Romalılara 5:12).
İnsanlar, Yehova Allahın məhəbbət və qayğısından tamamilə imtina etsələr də, Yaradan onları tərk etmədi. Misal üçün, Yehova İsrail xalqına rəhbərlik kimi xidmət edən qanun verdi. Qanun onları, özləri ilə necə rəftar edilməsini arzu edirdilərsə, başqaları ilə də o cür rəftar etməyi öyrədirdi. Qanunda kölələr, yetimlər və dullarla necə davranmaq barədə göstəriş verilirdi. Orada insan oğurluğunun, oğurluğun və təhqirin nə ilə nəticələnəcəyi qabaqcadan bildirilirdi. Tə’sis edilmiş gigiyena qaydaları ətrafdakıların sağlamlığına münasibətdə məhəbbət təzahür etdirildiyinə şəhadət edirdi. Qanunda, hətta cinsi əlaqə ilə bağlı suallara da toxunulurdu. Yehova qanunun əsas məğzinin nədən ibarət olduğunu “qonşunu özün kimi sevəcəksən” əmrini verməklə göstərdi. Sonradan bu sözləri İsa Məsih də sitat gətirdi (Levililər 19:18; Matta 22:39, 40). Qanunda həmçinin aralarında yaşayan qəriblərə qarşı israillilərin necə münasibət göstərməli olduqlarına da diqqət yetirilirdi. Qanun tələb edirdi: “Qəribi sıxışdırmayacaqsan; siz qəribin könlünü bilirsiniz, çünki Misir diyarında qərib idiniz”. Başqa sözlərlə desək, israillilər təcrid olunmuşlara və özlərindən daha aşağı səviyyədə olanlara şəfqət və xeyirxahlıq təzahür etdirməli idilər (Çıxış 23:9; Levililər 19:34; Təsniyə 10:19).
Nə qədər ki, israillilər qanunu sədaqətlə yerinə yetirirdilər, Yehova onlara xeyir-dua verirdi. İsrail, Davudun və Süleymanın rəhbərliyi altında çiçəklənir, insanlar isə sülh və məmnunluq içində yaşayırdılar. Müqəddəs Kitabda deyilir: “Yəhuda və İsrail sayca dəniz kənarında olan qum kimi çox idi, yeyib içməkdə və sevincdə idilər. Və Süleymanın bütün günlərində Dandan Beer-şebaya qədər Yəhuda və İsrail, hər kəs öz asması və əncir ağacı altında, sülh içində yaşadılar” (1 Krallar 4:20, 25).
Təəssüflər olsun ki, bu xalqın sülh və təhlükəsizlikdə keçirdikləri günlər uzun sürmədi. İsraillilər Allahın verdiyi qanuna malik olsalar da, artıq onda yazılanlara riayət etmirdilər. Onlar öz xudbin ehtiraslarının tə’siri altına düşüb ətraflarında olan başqa insanlara şəfqət göstərməkdən əl çəkdilər. Bu, imandan dönməklə yanaşı onların hər birinə ayrılıqda, eləcə də vahid bir xalq kimi, çox çətinliklər gətirdi. Nəhayət, b. e. ə. 607-ci ildə Yehova babillilərə Yəhuda padşahlığını, onun mərkəzi Yerusəlimi və hətta möhtəşəm mə’bədi belə məhv etməyə ixtiyar verdi. Nəyə görə? Müqəddəs Kitabda deyilir: “Budur, mən də göndərib bütün şimal qəbilələrini alacağam, Rəbb deyir və Babil padşahı Navuxodonosor quluma göndərib bu diyara qarşı və onda yaşayanlara qarşı və ətrafındakı bütün millətlərə qarşı onları gətirəcəyəm; və bunları bütün bütün yox edəcəyəm və heyrət doğuracaq və ələ salınacaq bir şey və əbədi viranələr edəcəyəm” (Yeremya 25:8, 9). Bu, Yehovanın təmiz ibadətini tərk etdiklərinə görə, necə də dəhşətli cəza idi!
Təqlid ediləsi nümunə
İsa Məsih “qızıl qanuna” əsasən yaşamağı başqalarına öyrətməklə kifayətlənmirdi, özü də bu qanuna əsasən yaşayaraq gözəl nümunə verirdi. O, başqalarının rifahı üçün ürəkdən qayğı göstərirdi (Matta 9:36; 14:14; Luka 5:12, 13). Bir dəfə İsa, Nain şəhərinin yaxınlığında dəfn mərasimi zamanı yeganə oğlu üçün kədər içində göz yaşı axıdan dul qadını gördü. Müqəddəs Kitabda deyilir: “Rəbb ananı gördükdə ona yazığı gəldi” (Luka 7:11-15). “Vaynın Əhdi Ətiq və Əhdi Cədidin sözlərinə dair izahlı lüğəti”ndə “yazığı gəlmək” ifadəsi “ürəyin istəyi ilə hərəkətə gəlmək” mə’nasını verir. İsa, qadınla baş verən böyük itkinin nə dərəcədə acı olduğunu bütün ürəyi ilə hiss etmiş və ona kömək etmək istəmişdi. İsa gənci dirildib “onu anasına verdi”yi zaman, dul qadın necə də təsviredilməz sevinc hissi keçirmişdi!
Nəhayət, Allahın iradəsini yerinə yetirib bəşəriyyəti günah və ölümün köləsindən azad etmək üçün, İsa əziyyətə hazırlıqla tab gətirib öz həyatını fidiyə olaraq qurban verdi. Bununla o, “qızıl qanuna” əsasən yaşamağın nə demək olduğuna dair gözəl nümunə verdi (Matta 20:28; Yəhya 15:13; İbranilərə 4:15).
“Qızıl qanuna” əsasən yaşayanlar
Bizim zəmanəmizdə “qızıl qanuna” əsasən həyat sürən insanlar varmı? Bəli, belə insanlar var və onlar, hətta özlərinə rahat olmayan vaxtlarda belə bu qanuna əsasən həyat sürməyə davam edirlər. Misal üçün, İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasında Yehovanın Şahidləri, “qızıl qanunu” pozmaqdan imtina etməklə Allaha sədaqətlərini və yaxınlarına olan məhəbbətlərini qorudular. Ölkədə yəhudilərə qarşı ədavət və irqi ayrı-seçkilik hökm sürən zaman, Yehovanın Şahidləri bu qanuna riayət etməyə davam edirdilər. Hətta düşərgələrdə olduqları bir vaxtda belə, onlar ətrafdakılara qayğı göstərməyə çalışır və çox olmayan qida ehtiyatlarını yəhudilərlə və başqa dustaqlarla bölüşürdülər. Bundan əlavə onlar, nasist hakimiyyətinin tələblərini yerinə yetirməkdən imtina edirdilər. Onlar əllərinə silah götürüb insanları öldürmür - özlərinə edilməsini istəmədikləri işləri başqalarına etmirdilər. Məgər onlar özləri kimi sevməli olduqları kəsləri, öldürə bilərdilərmi? Onlardan çoxu tutduqları möhkəm mövqeyə görə düşərgələrə atılmış, bə’ziləri isə, hətta həyatlarından belə keçməli olmuşlar (Matta 5:43-48).
Sizin bu jurnalı əldə etməyiniz də “qızıl qanunun” yerinə yetdiyini göstərir. Yehovanın Şahidləri başa düşürlər ki, bu gün bir çox insanlar ümidsizlik və acizlik kimi hisslərə qapılırlar. Onlar bu işə laqeyd yanaşmır, Müqəddəs Kitabın verdiyi ümid və rəhbərliyi əldə edə bilmələri üçün başqalarına da kömək göstərməyə çalışırlar. Bu cür fəaliyyət, görünməmiş dərəcədə vüs’ət almış ümumdünya tə’lim proqramının bir hissəsidir. Bu fəaliyyət sayəsində nəyə nail olunur? İşayanın peyğəmbərliyində 2:2-4 ayələrində qeyd olunan “çox xalqlar” - bütün dünya üzərində isə onlar altı milyondan çoxdur - Yehovanın yollarına öyrədilir və bu yollarla yeriyirlər. Təşbehlərlə desək, onlar “qılınclarını kotan dəmirləri və mizraqlarını bağça bıçaqları” ediblər. Bəli, onlar bu çətin anlarda həqiqi sülh və təhlükəsizlik əldə ediblər.
Seçim sizdən asılıdır
Sadəcə düşünün: Şeytan İblisin Eden bağında üsyan qaldırdığı gündən e’tibarən “qızıl qanunun” pozulması bəşəriyyətə nə qədər kədər və iztirablar gətirmişdir. Çox tezliklə Yehova nizam-intizamı bütün dünyada bərpa edəcək. Necə? “Allahın Oğlu da buna görə zühur etdi ki, iblisin əməllərini puç etsin” (1 Yəhya 3:8). Bu, “qızıl qanunu” başqalarına öyrədib, öz həyatında da tətbiq edən İsa Məsihin göylər Padşahlığında rəhbərlik etdiyi zaman həyata keçəcək (Məzmur 37:9-11; Daniel 2:44).
Qədim İsrailin padşahı Davud bir dəfə demişdi: “Gənc idim və indi ixtiyar oldum; və salehin buraxıldığını görmədim, nə də zürriyyətini çörək diləməkdə. Bütün günü mərhəmət edər və ödünc verər və zürriyyəti xeyir-dualı olar” (Məzmur 37:25, 26). Bu gün “mərhəmət etmək və ödünc vermək” əvəzinə insanlar daha çox almağa və varlanmağa çalışırlar. Ancaq həqiqi sülh və təhlükəsizliyə yalnız “qızıl qanuna” əsasən həyat sürməyə çalışanlar nail olacaqlar, çünki məhz bu cür davrananlar necə indi, eləcə də Allahın gələcək Padşahlığı zamanı bol-bol xeyir-dualar alacaqlar. Bu Padşahlıq eqoizm və qəddarlığa birdəfəlik son qoyub, insanların yaratdığı satqın hakimiyyət sistemini, Allahın idarə edəcəyi yeni dünya ilə əvəz edəcək. O vaxt bütün insanlar “qızıl qanunu” öz həyatlarında tətbiq edəcəklər (Məzmur 29:11; 2 Peter 3:13).
[4 və 5-ci səhifələrdəki şəkillər]
İsa Məsih “qızıl qanuna” əsasəsən yaşamağı başqalarına öyrətməklə kifayətlənmirdi, özü də bu qanuna əsasən yaşayaraq gözəl nümunə verirdi.
[7-ci səhifədəki şəkillər]
“Qızıl qanunu” tətbiq etmək həqiqi sülh və təhlükəsizlik gətirir.