Fəsil 37
Dul ananın kədəri sevincə çevrilir
İSA MƏSİH romalı zabitin nökərini sağaltdıqdan bir qədər sonra Nain şəhərinə gedir. Nain Kapernahumdan 30 kilometr aralıda, cənub-qərb istiqamətdə yerləşir. Şagirdləri ilə yanaşı İsanı xeyli adam müşayiət edir. Onlar Nain şəhərinə, yəqin ki, axşam düşəndə yaxınlaşırlar. Bu vaxt şəhər darvazasından cənazə aparan bir dəstə adam çıxır. Həmin dəstə cavan bir oğlanı dəfn etməyə aparır.
Mərhumun anası yas içindədir; o dul qalmışdı, indi də gözünün ağı-qarası yeganə övladını itirib. Əri öləndən sonra o, bu oğlu ilə nəfəs alırdı, bütün arzuları və ümidi bu uşaqla bağlı idi. İndi isə ona dayaq olacaq bir kimsə yoxdur. Budur, dərddən qəddi bükülmüş ana oğlunu dəfn etməyə aparır və şəhərin xeyli sakini də onunla gedir.
İsa bu qadını gördükdə ürəyi sızıldayır. O, şəfqətli, eyni zamanda xatircəmlik yaradan bir səslə anaya deyir: «Ağlama». Onun belə rəftarı adamların diqqətini cəlb edir. İsa yaxınlaşıb mafəyə toxunur və mafəni aparanlar ayaq saxlayırlar. Camaat intizar içindədir: görəsən, o nə edəcək?
İsa ilə gələnlər onun müxtəlif cür xəstəlikləri möcüzə ilə sağaltdığının dəfələrlə şahidi olublar. Amma bu vaxtacan kimisə diriltdiyini, deyəsən, heç görməyiblər. Görəsən, o, bunu edə biləcək? İsa mərhuma amiranə səslə deyir: «Ey cavan, səninləyəm, ayağa qalx!» Ölən oğlan qalxıb oturur və danışmağa başlayır. İsa onu anasına verir.
Camaat oğlanın dirildiyini görəndə deyir: «Aramızda böyük bir peyğəmbər zühur edib». Digərləri isə: «Allahın öz xalqına rəhmi gəlib», — deyir. Bu möcüzənin sorağı sürətlə bütün Yəhudeyaya və ətraf bölgələrə yayılır.
Vəftizçi Yəhya hələ də həbsdədir və İsanın daha nələr edə biləcəyi ilə maraqlanır. Yəhyanın şagirdləri ona bu möcüzələri danışırlar. Bəs Yəhya eşitdiklərinə necə münasibət göstərir? Luka 7:11—18.
▪ İsa Nain şəhərinə yaxınlaşanda orada nə baş vermişdi?
▪ Bu hadisə İsaya necə təsir göstərir və o nə edir?
▪ Camaat İsanın möcüzəsini necə qarşılayır?