Fəsil 3
Yolu hazırlayan doğulur
ELİZABETİN doğmaq vaxtı yaxınlaşır. Son üç ay ərzində Məryəm onun yanında idi. İndi isə Məryəm onunla sağollaşıb uzun bir yol qət edərək evinə, Nazaretə qayıtmalıdır. Təxminən altı aydan sonra Məryəmin də uşağı olacaq.
Məryəm getdikdən bir qədər sonra Elizabet doğur. Xoşbəxtlikdən, doğuş rahat keçir, ana da, körpə də sağlamdırlar. Elizabet uşağı qohum-əqrəbasına, qonşularına göstərəndə hamı çox sevinir.
İsraildə oğlan uşağı doğulanda, Allahın qanununa əsasən, səkkizinci gündə sünnət edilirdi. Bu mərasimə görə bütün qohumlar və dostlar Zəkəriyyəgilə toplaşır. Onlar uşağa atası Zəkəriyyənin adını qoymaq istəyirlər. Lakin Elizabet: «Yox! Onun adı Yəhya olacaq», — deyə etiraz edir. Xatırlayırsınızsa, Cəbrayıl mələk demişdi ki, uşağa bu ad qoyulmalıdır.
Oradakılar razılaşmırlar və bir ağızdan: «Axı qohumlarınız arasında bu adda adam yoxdur», — deyirlər. Sonra işarələrlə atasından uşağa hansı adı qoymaq istədiyini soruşurlar. Zəkəriyyə bir lövhəcik götürüb yazır: «Uşağın adı Yəhyadır». Hamı məəttəl qalır.
Bu an bir möcüzə baş verir — Zəkəriyyənin dili açılır! Yəqin yadınızdadır ki, Zəkəriyyə Elizabetin uşaq doğacağını xəbər verən mələyə inanmamışdı, buna görə də onun dili tutulmuşdu. İndi isə, Zəkəriyyə danışmağa başlayanda oradakılar heyrətə gəlir və ürəklərində deyirlər: «Görəsən, bu uşaq nəçi olacaq?»
Zəkəriyyə müqəddəs ruhla dolub sevinə-sevinə deyir: «İsrailin Allahı Yehovaya şükürlər olsun! Çünki Onun Öz xalqına rəhmi gəldi, ona nicat yolunu açdı. Qulu Davudun evindən bizə güclü bir xilaskar verdi». Əlbəttə ki, «xilaskar» sözü hələ doğulmamış İsa Məsihə işarə edir. Zəkəriyyə deyir ki, Allah bu xilaskarın vasitəsilə «bizi düşmənlərin əlindən qurtardıqdan sonra Ona ömür boyu cəsarətlə, sədaqət və salehlik içində ibadət etmək şərəfini bizə nəsib edəcək».
Sonra Zəkəriyyə öz oğlu Yəhya ilə əlaqədar bir peyğəmbərlik söyləyir: «Ey körpə, sən isə Allah-Taalanın peyğəmbəri adlanacaqsan, ona görə ki, Yehovanın qarşısında gedib Onun yollarını hazırlayacaqsan, Allahımızın rəhmi sayəsində, günahların bağışlanması vasitəsilə Onun xalqına xilas haqqında bilik verəcəksən. Bu rəhmin sayəsində göydən gələn şəfəq üzərimizə nur saçacaq, zülmətdə və ölüm kölgəsində oturanlara işıq verəcək, addımlarımızı sülh yoluna istiqamətləndirəcək».
Bu ərəfədə hələ ərdə olmayan Məryəm Nazaretə, öz evinə gəlib çatır. Bəs görəsən, onun hamiləliyi aşkar olanda başına nələr gələcək? Luka 1:56—80; Levililər 12:2, 3.
▪ Yəhya İsadan nə qədər böyükdür?
▪ Yəhyanın anadan olmasının səkkizinci günündə nələr olur?
▪ Allah Öz xalqına necə rəhm göstərdi?
▪ Qabaqcadan deyildiyi kimi, Yəhya nə edəcəkdi?