Çoxlu məhsul verin
“Çox məhsul vermənizlə... Mənim şagirdlərim olacaqsınız” (YƏHYA 15:8).
1. a) Həvariləri ilə söhbətində İsa şagirdlərinə aid olan hansı tələbi xatırlatdı? b) Özümüzə hansı sualları verməliyik?
ÖLÜMÜNDƏN əvvəlki axşam İsa həvariləri ilə xeyli səmimi söhbət edərək onları ruhlandırdı. Ehtimal ki, artıq gecə yarıdan keçmişdi, lakin İsa əziz dostlarına olan məhəbbətindən irəli gələrək söhbətinə davam edir. Söhbət zamanı o, daha bir tələbi xatırladır ki, onun şagirdi olaraq qalmaq üçün bu tələbə riayət etmək lazımdır. O deyir: “Atam çox məhsul vermənizlə izzətlənir; beləliklə Mənim şagirdlərim olacaqsınız” (Yəhya 15:8). Onun şagirdləri üçün olan bu tələbə riayət edirikmi? ‘Çox məhsul vermək’ nə deməkdir? Bunu bilmək üçün gəlin həmin axşamkı söhbətə qayıdaq.
2. İsa ölümündən əvvəlki axşam məhsul vermək barədə hansı məsəli çəkdi?
2 İsanın məhsul vermək barədə verdiyi məsləhət həvarilərinə çəkdiyi məsəlin bir hissəsi idi. O dedi: “Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. Məndə olub meyvə verməyən hər budağı O qoparır; və hər meyvə verəni daha çox versin deyə budayıb təmizləyir. Sizə söylədiyim söz sayəsində, siz artıq təmizsiniz. Siz Məndə qalın və Mən sizdə. Budaq meynədə qalmasa, özlüyündə məhsul verə bilmədiyi kimi, siz də beləcə, Məndə qalmasanız, məhsul verə bilməzsiniz. Mən Meynəyəm, siz də budaqlarsınız. [...] Atam çox məhsul vermənizlə izzətlənir; beləliklə Mənim şagirdlərim olacaqsınız. Atam Məni sevdiyi kimi, Mən də sizi sevdim; Mənim məhəbbətimdə qalın. Mən Atamın əmrlərini yerinə yetirib Onun məhəbbətində qalıram. Əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız” (Yəhya 15:1-10).
3. Məhsul vermək üçün Məsihin davamçıları nə etməlidirlər?
3 Bu məsəldə Yehova — Bağban, İsa — meynə, İsanın müraciət etdiyi həvarilər isə budaqlardır. Həvarilər İsada ‘qalmağa’ çalışsaydılar, məhsul verərdilər. İsa bu vacib birliyi qorumağın üsulunu həvarilərinə izah etdi: “Əgər siz də Mənim əmrlərimi yerinə yetirsəniz, Mənim məhəbbətimdə qalacaqsınız”. Həvari Yəhya da sonradan həmimanlılarına buna bənzər sözlər yazdı: “[Məsihin] əmrlərinə riayət edənlər Onda... yaşayır”a (1 Yəhya 2:24; 3:24). Beləliklə, Məsihin əmrlərinə riayət etməklə onun davamçıları onda qalırlar, bunun sayəsində isə məhsul vermək mümkündür. Bəs biz hansı məhsulu verməliyik?
Böyümək üçün imkanlar
4. Yehovanın məhsul verməyən hər bir budağı ‘qoparmasından’ nə öyrənirik?
4 Meynə haqqındakı məsəldə Yehova məhsul verməyən budaqları “qoparır”. Bu nəyi göstərir? Birincisi onu göstərir ki, şagirdlərin hamısı məhsul verməlidir. İkincisi isə, şəraitləri nə dərəcədə məhdud olsa da, bunu etməyə hər bir şagirdin gücü çatar. Axı sevən Allahımız Yehova, gücü çatmadığına görə hansısa bir işi yerinə yetirməyən şagirdi “qoparmaz”, yə’ni ondan üz döndərməz (Məzmur 103:14; Koloslulara 3:23; 1 Yəhya 5:3).
5. a) İsanın çəkdiyi məsəl daha çox məhsul verə biləcəyimizi necə göstərir? b) Hansı iki cür məhsulu nəzərdən keçirəcəyik?
5 İsanın meynə haqqında çəkdiyi məsəl həmçinin göstərir ki, böyüməyimiz üçün, yə’ni məsihçi fəaliyyətini genişləndirmək üçün şəraitimizin yol verdiyi qədər imkanlar axtarmalıyıq. İsanın buna necə işarə etdiyinə diqqət yetirin: “Məndə olub meyvə verməyən hər budağı O qoparır; və hər meyvə verəni daha çox versin deyə budayıb təmizləyir” (Yəhya 15:2). Məsəlin sonunda İsa davamçılarını “çox məhsul” verməyə təşviq edir (8-ci ayə). Bu özünə nəyi daxil edir? Məsihin şagirdləri kimi, biz heç zaman təkəbbürlü olmalı deyilik (Vəhy 3:14, 15, 19). Bunun əvəzində daha çox məhsul vermək üçün imkanlar axtarmalıyıq. Bəs hansı məhsulu bol-bol verməliyik? Bu, 1) “ruhun səmərəsi” və 2) Padşahlığın məhsuludur (Qalatiyalılara 5:22, 23; Matta 24:14).
Məsihçi keyfiyyətlərinin məhsulu
6. İsa Məsih ruhun səmərəsinin birinci keyfiyyətinin vacibliyini necə vurğuladı?
6 “Ruhun səmərəsi”ni təşkil edən keyfiyyətlərin arasında birinci yerdə məhəbbət durur. Allahın müqəddəs ruhu məsihçilərdə məhəbbət hasil edir, çünki onlar İsanın meynə haqqındakı məsəli çəkməzdən bir az əvvəl verdiyi əmrinə tabe olurlar. O, həvarilərinə dedi: “Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm” (Yəhya 13:34). İsa yerdəki həyatının son gecəsində həvariləri ilə söhbəti zamanı onlara bu keyfiyyəti göstərməyin gərəkliyini dəfələrlə xatırlatdı (Yəhya 14:15, 21, 23, 24; 15:12, 13, 17).
7. Həvari Peter necə göstərdi ki, məhsul gətirmək Məsihə xas olan keyfiyyətləri təzahür etdirməklə bağlıdır?
7 Həmin gecə orada olan Peter anladı ki, Məsihin həqiqi şagirdləri məhəbbətdə İsadan nümunə götürməli, həmçinin məhəbbətlə əlaqəli keyfiyyətləri təzahür etdirməlidirlər. İllər keçdikdən sonra, Peter məsihçiləri nəfsə hakim olmaq, qardaş sevgisi və məhəbbət kimi keyfiyyətləri inkişaf etdirməyə təşviq edirdi. Peter onu da vurğuladı ki, belə davranmaqla “fəaliyyətsiz və səmərəsiz” qalmayacağıq (2 Peter 1:5-8). Şəraitimizdən asılı olmayaraq, ruhun səmərəsini təzahür etdirmək iqtidarındayıq. Gəlin, Məsihə xas olan məhəbbət, yaxşılıq, həlimlik və digər keyfiyyətləri daha çox təzahür etdirməyə çalışaq, çünki “bu kimi şeylərə qarşı qanun”, yaxud məhdudiyyət yoxdur (Qalatiyalılara 5:23). Beləliklə, gəlin “çox məhsul” verək.
Padşahlığın məhsulu
8. a) Ruhun səmərəsi ilə Padşahlığın məhsulu arasında hansı əlaqə mövcuddur? b) Hansı sual diqqətimizə layiqdir?
8 Rəngli və ləzzətli məhsul bitkini bəzəyir. Lakin məhsulun dəyəri ilk növbədə onun gözəlliyi ilə müəyyən edilmir. Tərkibində toxumlar olan məhsullar bitkinin artmasında vacib rol oynayır. Eyni tərzdə, ruhun səmərəsinin oynadığı rol da yalnız məsihçi şəxsiyyətimizi bəzəməklə məhdudlaşmır. Onun tərkibini təşkil edən məhəbbət və iman kimi keyfiyyətlər bizi Allahın Kəlamında yazılmış Padşahlıq haqqında xəbərin toxumlarını yaymağa təşviq edir. Pavelin bu vacib əlaqəyə necə işarə etdiyinə diqqət yetirək. O dedi: “Biz də [ruhun səmərəsinin hissəsi olan] imanı təzahür etdirir və ona görə söyləyirik” (2 Korinflilərə 4:13). Beləliklə, Pavelin digər məktubunda izah etdiyi kimi, biz “Allaha həmd qurbanını, yə’ni... dodaqların bəhrəsini” təqdim edirik, bu isə verməli olduğumuz məhsulun ikincisidir (İbranilərə 13:15). “Çox məhsul” verərək Allahın Padşahlığının daha səmərəli təbliğçiləri olmaq imkanımız varmı?
9. Demək olarmı ki, məhsul vermək şagirdlər hazırlamaqdan ibarətdir? İzah edin.
9 Düzgün cavabı tapmaq üçün, əvvəlcə Padşahlığın məhsuluna nəyin daxil olduğunu anlamaq lazımdır. Məhsul verməyin şagirdlər hazırlamaqdan ibarət olduğunu düşünmək düzgündürmü? (Matta 28:19). Verməli olduğumuz məhsul altında, başlıca olaraq, Yehovanın vəftiz olunmuş xidmətçiləri olmaq üçün kömək etdiyimiz insanlarmı nəzərdə tutulur? Xeyr. Əks təqdirdə, illərlə insanların Padşahlıq haqqındakı xəbərə e’tinasız yanaşdığı ərazilərdə təbliğ edən əziz bacı-qardaşlarımız üçün vəziyyət olduqca sarsıdıcı olardı. Əgər verdiyimiz Padşahlığın məhsulu ancaq yeni şagirdləri təmsil etsəydi, onda həmin çalışqan Şahidlər İsanın məsəlindəki məhsul verməyən budaqlar olardı! Əlbəttə ki, bu belə deyil. Bəs onda xidmətdə verdiyimiz Padşahlığın məhsulu əslində nədir?
Padşahlıq toxumu səpərək məhsul veririk
10. İsanın əkinçi və müxtəlif torpaq növləri haqqında çəkdiyi məsəl, Padşahlığın məhsulunun nə olduğunu, lakin hansı mə’nanı daşımadığını necə göstərir?
10 İsanın əkinçi və müxtəlif torpaq növləri haqqında çəkdiyi məsəldə, daha az məhsul verən ərazilərdə şahidlik edən kəslər üçün təsəlliverici cavab var. İsa, dedi ki, toxum Allahın Kəlamında olan Padşahlıq haqqındakı xəbəri, torpaq isə insanların simvolik ürəklərini təmsil edir. Bə’zi toxumlar “yaxşı torpağa düşdü və bitib... bəhrə verdi” (Luka 8:8). Hansı bəhrəni? Buğdanın saplağı böyüyüb yetişdikdə, kiçik saplaqlar deyil, bəhrə şəklində yeni toxumlar verir. Bunun kimi də, məsihçinin verdiyi məhsul mütləq yeni şagirdlər deyil, Padşahlığın yeni toxumlarıdır.
11. Padşahlığın məhsulunun mə’nasını necə izah etmək olar?
11 Beləliklə, bu halda məhsul nə yeni şagirdləri, nə də gözəl məsihçi keyfiyyətlərini nəzərdə tutur. Səpilən toxum Padşahlıq haqqındakı kəlam olduğu üçün, məhsul da onun kimi çoxlu toxumlar olmalıdır. Bu halda məhsul vermək Padşahlıq haqqında danışmaq deməkdir (Matta 24:14). Şəraitimizdən asılı olmayaraq, Padşahlığın bu cür məhsulunu vermək, yə’ni səmavi Padşahlıq haqqında xoş xəbəri bəyan etmək iqtidarındayıqmı? Şübhəsiz ki, elədir! Elə həmin məsəldə İsa bunun səbəbini izah edir.
Allahın izzətlənməsi üçün əlimizdən gələni edirik
12. Məsihçilərin hamısı Padşahlığın məhsulunu verə bilirmi? İzah edin.
12 İsa dedi: “Bərəkətli torpağa səpilmiş olan [toxumların] bə’zisi yüz, bə’zisi altmış, bə’zisi otuz qat səmərə verər” (Matta 13:23). Tarlaya səpilən hər toxumun nə qədər məhsul verəcəyi şəraitdən asılıdır. Buna bənzər şəkildə, bizim də xoş xəbərin təbliğində nə qədər edə biləcəyimiz şəraitimizdən asılıdır və İsa bunu anladığını göstərmişdi. Kiminsə daha çox imkanı var, kim isə daha sağlam və daha çox qüvvəyə malikdir. Beləliklə, başqalarının etdiyindən, ola bilsin, daha çox, yaxud daha az etsək də, əgər əlimizdən gələni ediriksə, Yehova bundan məmnun qalır (Qalatiyalılara 6:4). Hətta qocalıq və ya üzücü xəstəlik təbliğ işində iştirakımızı məhdudlaşdırsa da, şəfqətli Atamız Yehova, şübhəsiz ki, bizi ‘çox məhsul verənlər’ sırasına daxil edir. Nə üçün? Çünki biz Ona sidqi-ürəkdən xidmət edir və ‘bütün varımızı’ veririkb (Mark 12:43, 44; Luka 10:27).
13. a) Padşahlığın məhsulunu verməyə ‘getməyimizin’ başlıca səbəbi nədədir? b) İnsanların e’tinasızlıq göstərdikləri yerlərdə məhsul verməkdə bizə nə kömək edər? (31-ci səhifədəki çərçivəyə baxın.)
13 Padşahlığın məhsulunu verməyimizin səbəblərini unutmuruqsa, bacardığımız qədər ‘gedib məhsul vermək’ istəyinə sahib olacağıq (Yəhya 15:16). İsa bu səbəblərdən ən başlıcasını xatırlatdı: “Atam çox məhsul vermənizlə izzətlənir” (Yəhya 15:8). Bəli, bizim təbliğ fəaliyyətimiz Yehovanın adını bütün insanların qarşısında izzətləndirir (Məzmur 109:30). Təxminən 75 yaşında olan Honor adlı bir Şahid qadın deyir: “Hətta insanlar e’tinasız yanaşsalar da, Uca Olanı təmsil etmək böyük şərəfdir”. 1974-cü ildən bəri Allaha sə’ylə xidmət edən Klaudiodan insanların e’tinasızlıq göstərməsinə baxmayaraq, təbliğ etməyi nəyə görə davam etdirdiyini soruşduqda, o cavabında, İsanın Yəhya 4:34 ayəsində yazılmış sözlərini sitat gətirdi: “Mənim yeməyim Məni Göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır”. Klaudio əlavə edir: “İsa kimi mən də, Padşahlığın təbliğçisi olmaq işimi yalnız başlamaq deyil, həmçinin tamamlamaq istəyirəm” (Yəhya 17:4). Bütün dünyada Yehovanın Şahidləri bu sözlərlə razıdırlar. (Səhifə 31-dəki “Səbrlə səmərə vermək necə mümkündür?” adlı çərçivəyə baxın.)
Təbliğ etmək və öyrətmək
14. a) Vəftizçi Yəhyanın və İsa Məsihin fəaliyyəti hansı iki məqsədə xidmət edirdi? b) Bizim günlərdə məsihçi fəaliyyətini necə təsvir edərdiniz?
14 Müjdələrə əsasən Padşahlığın ilk təbliğçisi vəftizçi Yəhya olmuşdur (Matta 3:1, 2; Luka 3:18). Onun əsas məqsədi ‘şəhadət etmək’ idi və o, bunu dərin iman və ‘bütün insanların iman edəcəyi’ ümidi ilə edirdi (Yəhya 1:6, 7). Doğrudan da, Yəhyanın təbliğ etdiyi insanların bə’ziləri Məsihin şagirdləri oldular (Yəhya 1:35-37). Beləliklə, Yəhya həm təbliğ edir, həm də şagirdlər hazırlayırdı. İsa da həm təbliğçi, həm də müəllim idi (Matta 4:23; 11:1). Buna görə də, təəccüblü deyil ki, İsa davamçılarına yalnız Padşahlıq haqqındakı xəbəri təbliğ etməyi yox, həm də bu xəbəri qəbul edən insanlara onun şagirdi olmaqda kömək etməyi buyurmuşdu (Matta 28:19, 20). Bu gün biz də həm təbliğ edir, həm də öyrədirik.
15. Eramızın birinci əsrində və günümüzdə yaşayan insanların təbliğ fəaliyyətinə qarşı münasibətləri arasında hansı oxşarlıq var?
15 Eramızın birinci əsrində Pavelin təbliğ və tə’limini eşidən insanlardan “bə’ziləri inandılar, bə’ziləri də inanmadılar” (Həvarilərin işləri 28:24). Bu gün də insanlar həmin münasibəti göstərirlər. Təəssüflər olsun ki, Padşahlıq toxumunun çox hissəsi məhsul verməyən torpağa düşür. Lakin, yenə də, İsanın dediyi kimi, bə’zi toxumlar yaxşı torpağa düşür, kök atır və böyüyür. Məsələn, bütün dünyada orta hesabla hər il həftədə 5000-dən artıq insan Məsihin həqiqi davamçısı olur! Bu yeni şagirdlər, başqaları inanmadığı halda deyilənlərə “inandılar”. Onların ürəkləri nəyin sayəsində Padşahlıq haqqındakı xəbərə həssas olmuşdur? Çox vaxt Şahidlərin göstərdikləri səmimi maraq vacib rol oynayır, bu, əkilən toxumu suvarmağa bənzəyir (1 Korinflilərə 3:6). Bu sahədə olan çox nümunələrdən cəmi ikisini nəzərdən keçirək.
Şəxsi maraq vacib rol oynayır
16, 17. Xidmətdə rast gəldiyimiz insanlara səmimi maraq göstərmək nəyə görə vacibdir?
16 Belçikada yaşayan Karolina adlı gənc məsihçi bacımız bir dəfə yaşlı qadına təbliğ etdi, lakin həmin qadın Padşahlıq haqqındakı xəbərə maraq göstərmədi. Qadının əlinin sarıqlı olduğunu görən Karolina və onun yoldaşı köməklərini təklif etdilər, amma qadın e’tirazını bildirdi. İki gündən sonra həmin Şahidlər qadının evinə gəlib, onun özünü necə hiss etdiyini xəbər aldılar. Karolina deyir: “Bu öz tə’sirini göstərdi. Qadın ona şəxsən maraq göstərdiyimizə görə həddindən artıq təəccübləndi. O, bizi evinə də’vət etdi və biz Müqəddəs Kitabı öyrənməyə başladıq”.
17 Birləşmiş Ştatlarda yaşayan məsihçi Sendi də təbliğ etdiyi insanlara səmimi maraq göstərir. O, yeni doğulan uşaqlar haqqında yerli qəzetlərdə e’lanları tapır, sonra həmin valideynlərin yanına “Mənim Müqəddəs Kitab hekayələri kitabım”c nəşri ilə gəlir. Adətən ana körpə ilə evdə oturduğu və onu məmnuniyyətlə qonaqlara göstərdiyi üçün, çox vaxt yaxşı söhbətlər başlanır. Sendi deyir: “Mən valideynlərə körpə ilə oxu vasitəsilə əlaqə yaratmağın nə qədər vacib olduğunu izah edirəm. Daha sonra, müasir cəmiyyətdə uşaqları tərbiyə etməyin nə dərəcədə çətin olduğu haqda danışıram”. Bu yaxınlarda belə bir görüşün sayəsində bir qadın və onun altı uşağı Yehovaya xidmət etməyə başladılar. Təşəbbüs və səmimi maraq göstərərək, biz də xidmət zamanı belə bir sevinci dada bilərik.
18. a) ‘Çox məhsul vermək’ tələbini yerinə yetirməyə nəyə görə hər birimizin qüvvəsi çatar? b) İsanın şagirdi olmaq üçün Yəhyanın Müjdəsində xatırlanan hansı üç tələbə müvafiq olmağa qərarlısınız?
18 ‘Çox məhsul vermək’ tələbini yerinə yetirmək qüvvəsində olduğumuzu dərk etmək necə də xoşdur! İstər gənc, istər yaşlı, istər sağlam, istər zəif olduğumuzdan və insanların bizi yaxşı dinləmələrindən, yaxud e’tinasız yanaşmalarından asılı olmayaraq, hər birimiz çox məhsul verə bilərik. Necə? Bu, ruhun səmərəsini daha çox təzahür etdirməklə və Allahın Padşahlığı haqqındakı xəbəri imkanımız daxilində daha çox yaymaqla mümkündür. Eyni zamanda biz İsanın ‘sözünə sadiq qalır’ və çalışırıq ki, ‘bir-birimizə qarşı məhəbbətimiz’ olsun. Bəli, şagirdlər üçün Yəhyanın Müjdəsində xatırlanan bu üç tələbə müvafiq olmaqla, həqiqətən də Məsihin şagirdləri olduğumuzu sübut etmiş oluruq (Yəhya 8:31; 13:35).
[Haşiyələr]
a Məsəldəki meynənin budaqları İsanın həvarilərini və Allahın səmavi Padşahlığını miras alacaq başqa məsihçiləri təmsil etsə də, oradakı həqiqətlər Məsihin bu gün yaşayan davamçılarının hamısı üçün faydalıdır (Yəhya 3:16; 10:16).
b Qocalıq və ya xəstəlik üzündən evdən çıxa bilməyən kəslər, yəqin ki, məktub və telefon vasitəsilə (icazə verilən yerlərdə), həmçinin evinə gələnlərlə xoş xəbəri bölüşə bilərlər.
c Yehovanın Şahidləri tərəfindən nəşr edilib.
Təkrar üçün suallar
• Biz hansı məhsulu bol-bol verməliyik?
• Nəyə görə ‘çox məhsul vermək’ məqsədi əlçatandır?
• İsanın şagirdi olmaq üçün Yəhyanın Müjdəsindən hansı üç vacib tələbi nəzərdən keçirdik?
[31-ci səhifədəki çərçivə/şəkil]
Səbrlə səmərə vermək necə mümkündür?
İNSANLARIN əksəriyyətinin Padşahlıq haqqındakı xəbərə e’tinasız yanaşdığı yerlərdə sədaqətlə təbliğ etməyə davam etməkdə bizə nə kömək edə bilər? Bə’zi praktiki məsləhətlərə baxaq.
“İsanın bizi tamamilə müdafiə etdiyini dərk etmək nikbinlik ruhu doğurur və insanların göstərdikləri münasibətdən asılı olmayaraq, səbrli olmağa kömək edir” (Harri, 72 yaş, vəftiz olunma tarixi 1946-cı il).
“Məni həmişə 2 Korinflilərə 2:17 ayəsi ruhlandırır. Orada deyilir ki, biz “Məsihə aid olan adamlar olaraq, Allahın hüzurunda” olan xidmətdə iştirak edirik. Mən xidmətdə olarkən iki ən gözəl dostlarım da mənimlədir” (Klaudio, 43 yaş, vəftiz olunma tarixi 1974-cü il).
“Sözün açığı, təbliğ mənim üçün asan deyil. Lakin mən Məzmur 18:29 ayəsindəki sözlərin doğruluğuna əmin oluram: “Allahımla divar aşaram” (Cerard, 79 yaş, vəftiz olunma tarixi 1955-ci il).
“Xidmət zamanı Müqəddəs Kitabdan heç olmasa bir ayə oxuyuramsa, bu məni sevindirir, çünki bu o deməkdir ki, kiminsə ürəyi Müqəddəs Kitab vasitəsilə sınandı” (Eleanor, 26 yaş, vəftiz olunma tarixi 1989-cu il).
“Təbliğ zamanı həmişə müxtəlif təqdimələrdən istifadə edirəm. Lakin bu təqdimələr o qədərdir ki, ömrümün qalan illərində onların hamısından istifadə etməyə vaxt yetməz” (Pol, 79 yaş, vəftiz olunma tarixi 1940-cı il).
“Mənə qarşı göstərilən mənfi münasibəti özümə aid etmirəm. İnsanlarla danışaraq və onların nöqteyi-nəzərini dinləyərək dostluq münasibətini qorumağa çalışıram” (Daniel, 75 yaş, vəftiz olunma tarixi 1946-cı il).
“Olur ki, yeni vəftiz olunanlar mənim təbliğ fəaliyyətimin sayəsində Şahid olduqlarını deyirlər. Sən demə, sonradan kim isə onlarla Müqəddəs Kitabı öyrənmiş və ruhən böyüməkdə onlara kömək göstərmişdir. Xidmətimizin kollektiv iş olduğunu anlamaq çox xoşdur” (Coan, 66 yaş, vəftiz olunma tarixi 1954-cü il).
Səbrlə səmərə verməkdə sənə nə kömək edir? (Luka 8:15).
[28-ci səhifədəki şəkillər]
Ruhun səmərəsini təzahür etdirərək və Padşahlıq haqqındakı xəbəri təbliğ edərək biz çox məhsul veririk.
[32-ci səhifədəki şəkillər]
Həvarilərinə: ‘Çox məhsul verin’ dedikdə İsa nəyi nəzərdə tuturdu?