Fəsil 62
Təvazökarlıq dərsi
FİLİPPİ QEYSƏRİYYƏSİ bölgəsində cinə tutulmuş oğlanı sağaltdıqdan sonra İsa Məsih şagirdləri ilə Kapernahuma qayıtmağa hazırlaşır. O, yenə də şagirdlərinə öləcəyi haqda və onların üzərlərinə düşəcək məsuliyyət barədə danışıb onları hazırlamaq fikrindədir. Buna görə də o istəyir ki, onlar tək getsinlər. İsa şagirdlərə deyir: «İnsan Oğlu ələ veriləcək, onu öldürəcəklər. Lakin o, üç gündən sonra diriləcək».
İsa bundan əvvəl də onlara bu barədə danışmışdı. Üstəlik, həvarilərdən üçü onun görkəminin dəyişməsini öz gözləri ilə görmüş və həmin vaxt onun «dünyadan ayrılacağı» haqdakı söhbəti eşitmişdilər. Amma onlar yenə də bu məsələni axıra qədər dərk etmirlər. İsanın öləcəyi fikri bir qədər əvvəl Peterin ağlına batmırdı, indi isə heç kim bunu inkar etmir. Lakin bu haqda soruşmağa da çəkinirlər.
Nəhayət, onlar İsa üçün bütün xidməti boyu bir növ dayaq məntəqəsi olan Kapernahuma gəlib çatırlar. Həmçinin bu şəhər Peter və bir neçə həvarinin doğma yurdudur. Burada məbəd vergisi yığan kişilər Peterə yaxınlaşıb soruşurlar: «Müəlliminiz məbəd vergisini ödəmir?» Ola bilsin ki, onlar İsanı adəti pozmaqda təqsirləndirmək istədiklərindən bu sualı verirlər.
Peter: «Ödəyir», — deyə cavab verir.
Deyəsən, bundan dərhal sonra İsa evə gəlir. O, hadisədən xəbərdardır. Peter hələ ağzını açmamış İsa ondan soruşur:
— Necə düşünürsən, padşahlar rüsumu və can vergisini kimdən yığırlar: öz oğullarından, yoxsa başqalarından?
— Başqalarından.
— Deməli, oğullar vergidən azaddır.
İsa Məsihin Atası Kainatın Padşahıdır və məbəddə məhz onun Atasına ibadət edilir. Bu səbəbdən Allahın Oğlu qanunən məbəd vergisindən azaddır. Buna baxmayaraq, İsa Peterə buyurur: «Amma qalmaqal yaratmamaq üçün gölə get, tilovu suya at və tilova düşən birinci balığı tut, onun ağzını aç, orada bir gümüş pul tapacaqsan. Pulu götür, həm mənim, həm də öz əvəzinə onlara ver».
Kapernahuma qayıtmış şagirdlər, ehtimal ki, Peterin evində toplaşdıqda bu sualı ortaya qoyurlar: «Səmavi padşahlıqda ən böyük kim olacaq?» İsa bu sualın haradan gəldiyini bilir. Onlar Filippi Qeysəriyyəsindən qayıtdıqları baş yolda şagirdlərin nə barədə danışdıqlarından xəbərdar idi. O soruşur: «Yolda nə haqda mübahisə edirdiniz?» Şagirdlər utandıqlarından susurlar, axı onlar yolda kimin ən böyük olacağı haqda mübahisə edirdilər.
Təxminən üç ildir ki, İsa şagirdlərini öyrədir. Bu qədər vaxt ərzində təlim aldıqdan sonra da onların belə mövzuda mübahisə etmələri qəribə deyilmi? Buradan görünür ki, insanın qeyri-kamilliyi və aldığı dini tərbiyə ona güclü təsir göstərə bilər. İsanın şagirdləri yəhudi dinində böyümüşdülər. Bu dində insanın mənsəbinə və mənşəyinə hər bir işdə xüsusi diqqət verilirdi. Ola bilsin, Peter özünü böyük hesab edirdi, çünki İsa ona Padşahlığın müəyyən «açarlarını» vəd etmişdi. Yaqubla Yəhya da, yəqin, bu fikirdə idilər, axı onlara İsanın görkəminin dəyişməsini görmək nəsib olmuşdu.
Necə olursa-olsun, İsa onların baxışlarını düzəltmək üçün təsiredici bir əyani nümunədən istifadə edir. O, bir uşağı çağırıb onların ortasına qoyur və uşağı qucaqlayıb deyir: «Sizə deyirəm, dəyişib uşaq kimi olmasanız, səmavi padşahlığa əsla girməyəcəksiniz. Özünü bu uşaq kimi kiçildən səmavi padşahlıqda ən böyük olacaq. Bunun kimi bir uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir».
İsa şagirdlərin səhv baxışlarını böyük məharətlə düzəldir! O hirslənib onlara yekəxana, tamahkar, şöhrətpərəst demir. Bunun əvəzinə o, uşaqları nümunə gətirərək onlara tərbiyə verir. Axı uşaqlar təvazökar olurlar, onlar şöhrətpərəstlikdən uzaqdırlar və heç vaxt mənsəb güdmürlər. Beləcə, İsa göstərir ki, şagirdləri uşaqlar kimi təvazökar olmalıdırlar. İsa sözünə belə yekun vurur: «Aranızda ən təvazökar kimdirsə, böyük odur». Matta 17:22—27; 18:1—5; Mark 9:30—37; Luka 9:43—48.
▪ Kapernahuma qayıdarkən İsa yolda hansı təlimi təkrarlayır və şagirdlər bunu necə qəbul edirlər?
▪ Nə üçün İsa məbəd vergisi ödəməkdən azaddır, buna baxmayaraq, nə üçün vergini ödədi?
▪ Şagirdlər arasında mübahisəyə səbəb nə olur və İsa onların səhv baxışlarını necə düzəldir?