Yehovaya bütöv ürəklə xidmət edin
«Oğlum,.. atanın Allahını tanı, səmimi qəlbdən [ibranicə «bütöv ürəklə»]... Ona qulluq et» (1 SALN. 28:9).
BU SUALLARIN CAVABINI TAPIN
Simvolik ürək nədir?
Ürəyimizin vəziyyətini yoxlamaq üçün hansı üsul var?
Bütöv ürəklə Yehovaya xidmətimizi davam etdirmək üçün nə etməliyik?
1, 2. a) Allahın Kəlamında bədənin hansı üzvü digərlərinə nisbətən məcazi mənada daha tez-tez işlənir? b) Nəyə görə «ürək» sözünün məcazi mənasını başa düşmək vacibdir?
ALLAHIN KƏLAMINDA bədən üzvlərinin məcazi mənada işlənməsinə tez-tez rast gəlinir. Məsələn, Allahın sadiq bəndəsi Əyyub demişdi: «Yenə də zalımlıq əlimdən gəlmir». Süleyman padşah yazmışdı: «Yaxşı xəbər qəddi düzəldər». Yehova Yezekeli əmin etmişdi: «Sənin inadını [«alnını», «Kitabı Mukaddes»] çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm». Həvari Pavelə isə demişdilər: «Bizim qulaqlarımıza bəzi qəribə şeylər eşitdirirsən» (Əyy. 16:17; Sül. məs. 15:30; Yez. 3:9; Həv. iş. 17:20, İncil, 1996).
2 Lakin bədən üzvlərindən biri digərlərinə nisbətən məcazi mənada Müqəddəs Kitabda daha çox işlənir. Bunun nə olduğunu sadiq Xannanın duasından görürük: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir» (1 Şam. 2:1). Müqəddəs Kitabı yazan şəxslər «ürək» sözünü təxminən min dəfə istifadə ediblər və əksər hallarda onlar bunu məcazi mənada işlədiblər. Məcazi ürəyin nəyi təmsil etdiyini başa düşməyimiz olduqca vacibdir, çünki Müqəddəs Kitabda deyilir ki, biz onu qorumalıyıq. (Süleymanın məsəlləri 4:23 ayəsini oxu.)
SİMVOLİK ÜRƏK NƏDİR?
3. «Ürək» sözünün Müqəddəs Kitabda istifadə olunduğu mənanı necə müəyyən etmək olar? Əyani nümunə əsasında izah edin.
3 Allahın Kəlamında «ürək» sözünün tərifi verilməsə də, onun mənasını müəyyən etmək mümkündür. Necə? Nümunə üçün min dənə xırda daş parçasından sıx şəkildə düzəldilmiş incə divar mozaikasını götürək. Divarda təsvir olunan şəkli tam görmək üçün biz geri çəkilib bütöv mozaikaya baxmalıyıq. Eynilə, əgər «geri çəkilib» Müqəddəs Kitabda «ürək» sözünün istifadə olunduğu bir çox ayələrə baxsaq, görəcəyik ki, onlar birgə götürüldükdə bir «şəkil» əmələ gətirir. Bəs bu, hansı şəkildir?
4. a) «Ürək» nəyi təmsil edir? b) İsanın Matta 22:37 ayəsində yazılan sözlərinin mənası nədir?
4 Müqəddəs Kitabı qələmə alanlar insanın bütün daxili varlığını təsvir etmək üçün «ürək» sözündən istifadə etmişlər. «Ürək» deyildikdə arzularımız, düşüncələrimiz, xarakterimiz, əhval-ruhiyyəmiz, bacarıqlarımız, niyyətlərimiz və məqsədlərimiz nəzərdə tutulur. (Qanunun təkrarı 15:7; Süleymanın məsəlləri 16:9; Həvarilərin işləri 2:26 ayələrini oxu.) Bir arayış kitabçasında qeyd olunur ki, «ürək» «insanın bütöv daxili varlığı» deməkdir. Bəzi hallarda isə «ürək» sözü məhdud mənada işlənir. Misal üçün, İsa demişdi: «Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla və bütün ağlınla sev» (Mat. 22:37). Bu ayədə «ürək» insanın daxilində olan əsil emosiya, arzu və hisslərini ifadə edir. Ürək, can və ağıl sözlərini ayrı-ayrılıqda istifadə etməklə İsa vurğuladı ki, biz Allaha olan məhəbbətimizi hisslərimizlə, eləcə də həyatımızdan və əqli qabiliyyətlərimizdən necə istifadə etməyimizlə göstərməliyik (Yəh. 17:3; Efes. 6:6). Ancaq ayrılıqda «ürək» sözü insanın bütün daxili varlığına aiddir.
ÜRƏYİMİZİ NƏYƏ GÖRƏ QORUMALIYIQ?
5. Nəyə görə biz Yehovaya bütöv ürəklə xidmət etmək üçün əlimizdən gələni etmək istəyirik?
5 Davud padşah oğlu Süleymana xatırladaraq demişdi: «Oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən [ibranicə «bütöv ürəklə»] və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir» (1 Saln. 28:9). Həqiqətən də, Yehova, biz də daxil olmaqla, bütün insanların ürəyini araşdırır (Sül. məs. 17:3; 21:2). Yehovanın ürəyimizdə tapdıqları Onunla olan münasibətlərimizə və gələcəyimizə böyük təsir göstərir. Buna görə də bizim əsaslı səbəbimiz var ki, Davudun Yehovadan ilham alaraq yazdığı bu məsləhətə riayət edək və Ona bütöv ürəklə xidmət etmək üçün əlimizdən gələni əsirgəməyək.
6. Yehovaya xidmət etmək qətiyyətimizlə əlaqədar nəyi dərk etməliyik?
6 Bir xalq kimi Yehovaya canla-başla ibadət etməyimiz bizim Ona bütöv ürəklə xidmət etmək istədiyimizdən xəbər verir. Lakin eyni zamanda biz dərk edirik ki, Şeytanın pis dünyasının göstərdiyi təzyiqlər və günahlı bədənimizin meyilləri böyük qüvvədir və bunlar bizim Allaha bütöv ürəklə xidmət etmək qətiyyətimizi zəiflədə bilər (Yer. 17:9; Efes. 2:2). Buna görə də Yehovaya xidmət etmək istəyimizin zəifləmədiyinə, başqa sözlə, sayıqlığımızı itirmədiyimizə əmin olmaq üçün müntəzəm olaraq ürəyimizi yoxlamalıyıq. Bunu necə etmək olar?
7. Ürəyimizin vəziyyətini nə üzə çıxardır?
7 Ağacın özəyi görünmədiyi kimi, insanın da daxilən necə olduğunu görmək olmur. Bununla belə, İsanın Dağüstü təbliğindəki sözlərinə əsasən, ağac bəhrəsindən tanındığı kimi, insanın ürəyinin vəziyyətini onun hərəkətlərindən görmək olar (Mat. 7:17—20). Gəlin bir nümunəyə nəzər salaq.
ÜRƏYİMİZİ YOXLAMAQ ÜÇÜN KONKRET ÜSUL
8. İsanın Matta 6:33 ayəsindəki sözləri Yehovaya bütöv ürəklə xidmət edib-etmədiyimizi müəyyən etməyə necə kömək edir?
8 Dağüstü təbliğində İsa bir qədər öncə dinləyicilərinə demişdi ki, onların Yehovaya bütün ürəklə xidmət etmək istədikləri hansı hərəkətdən bəlli olacaq. Biz oxuyuruq: «Beləliklə, padşahlığı və Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da sizə veriləcək» (Mat. 6:33). Həqiqətən də, həyatımızda nəyi birinci yerə qoymağımız ürəyimizin dərinliklərində olan arzu, düşüncə və planlarımızdan xəbər verir. Beləliklə, həyatımızda nəyi birinci yerə qoyduğumuzu yoxlamaqla Yehovaya bütöv ürəklə xidmət edib-etmədiyimizi müəyyən edə bilərik.
9. İsa bəzi adamları nə etməyə dəvət etdi və onların bu dəvətə olan münasibəti nəyi üzə çıxartdı?
9 Gəlin İsanın: «Padşahlığı... həyatınızda həmişə birinci yerə qoyun», — deməsindən az sonra baş verən bir hadisəyə nəzər salaq. Bu hadisə əyani olaraq göstərir ki, insanın həyatında nəyi birinci yerə qoyması onun ürəyinin vəziyyətini üzə çıxarır. Müjdəçi Luka həmin hadisəni nəql edərkən yazmışdı ki, İsa Yerusəlimdə onu nə gözlədiyini bildiyinə baxmayaraq, ora «getmək qətiyyətində» idi. İsa həvariləri ilə «yol gedərkən» üzləşdiyi bir neçə adama: «Ardımca gəl», — deyərək onları davamçısı olmağa dəvət etdi. Bu adamlar İsanın dəvətini qəbul etməyə hazır idilər, lakin onların bəzi şərtləri var idi. Onlardan biri cavab verdi: «İcazə ver, əvvəlcə gedim atamı dəfn edim». O birisi isə belə dedi: «Ağa, sənin ardınca gedəcəyəm, amma icazə ver gedim əvvəl evdəkilərlə sağollaşım» (Luka 9:51, 57—61). Həmin insanların belə şərt qoymaları ilə İsanın bütün ürəklə Allahın iradəsini yerinə yetirmək qətiyyəti arasında necə də böyük fərq var idi! Onların öz arzularını Padşahlığın maraqlarından üstün tutması Yehovaya bütöv ürəklə xidmət etmək istəmədiklərini üzə çıxartdı.
10. a) İsanın davamçıları onun dəvətinə necə hay verdilər? b) İsa qısaca olaraq hansı nümunəni çəkdi?
10 Bu saxta şagirdlərdən fərqli olaraq, biz müdrik davranaraq İsanın davamçıları olmaq dəvətinə hay verdik və indi hər gün Yehovaya xidmət edirik. Bu, bizim ürəyimizdə Yehovaya olan münasibətimizdən xəbər verir. Hətta yığıncaqda fəal olsaq belə, yadda saxlamalıyıq ki, ürəyimizin vəziyyəti təhlükə altında ola bilər. Söhbət hansı təhlükədən gedir? Bu sualın cavabını elə həmin söhbətdə İsanın saxta şagirdlərinə dediyi sözlərdən öyrənirik: «Əlini xışın üstünə qoyub arxadakı şeylərə baxan adam Allahın padşahlığına layiq deyil» (Luka 9:62). Bəs biz bu nümunədən özümüz üçün hansı ibrət dərsi götürə bilərik?
YAXŞILIQDAN BƏRK YAPIŞMIŞIQMI?
11. İsanın nümunəsindəki işçinin dönüb «arxadakı şeylərə» baxması onun işinə necə təsir edir və nəyə görə?
11 İsanın çəkdiyi bu qısa nümunəni xəyalımızda canlandırmaq üçün gəlin ona bir az rəng və detallar əlavə edək. Tarlada işləyən əkinçi torpağı şumlayır. Bu zaman o, daima sərin evi barədə düşünür. Orada onu ailəsi, dostları, ləziz yeməklər, musiqi, doğmaları ilə keçirdiyi xoş vaxt gözləyir. O, bütün bu şeylərin həsrətindədir. Xeyli torpaq sahəsi şumladıqdan sonra o dözməyib «arxadakı şeylərə» baxır. Səpin vaxtına qədər hələ çox iş görülməli olsa da, o yayındığı üçün əlindəki işi yaxşı görə bilmir. Təbii ki, işçinin ağası ondan narazı olacaq, çünki o, dözümlə işini yerinə yetirmir.
12. İsanın çəkdiyi nümunədəki işçi ilə bəzi müasir məsihçilər arasında hansı oxşarlıq var?
12 İndi isə gəlin bu nümunəni bizim günlərə tətbiq edək. Tarlanı şumlayan işçi ilk baxışdan yaxşı vəziyyətdə imiş kimi görünən, ancaq, əslində, ruhani təhlükədə olan məsihçini təmsil edə bilər. Müqayisə üçün xidmətdə fəal olan bir qardaşı təsəvvür edək. O, yığıncaq görüşlərində və təbliğ xidmətində iştirak etsə də, fikri-zikri bu dünyada olan və onun çox xoşuna gələn şeylərdədir — ürəyinin dərinliyində o, bunların həsrətini çəkir. Bir neçə il xidmət etdikdən sonra arzuları ona güc gəlir və o dönüb «arxadakı şeylərə» baxır. Xidmətdə görüləsi iş hələ çox olsa da, o, «həyat sözündən» ikiəlli yapışmır və bu, onu ruhani fəaliyyətinə pis təsir göstərir (Filip. 2:16). Biçinin Sahibi olan Yehovanın işçilərindən biri öz işini dözümlə yerinə yetirməyəndə təbii ki, bu, Onu kədərləndirir (Luka 10:2).
13. Yehovaya bütöv ürəklə xidmət etmək nə deməkdir?
13 Bu nümunədən alacağımız dərs aydındır. Bizə sevinc və məmnunluq gətirən yığıncaq görüşlərində və xidmətdə müntəzəm iştirak etməyimiz tərifəlayiqdir. Lakin Yehovaya bütöv ürəklə xidmət etmək özünə daha çox şeyi daxil edir (2 Saln. 25:1, 2, 27). Əgər məsihçi ürəyinin dərinliklərində arxadakı şeyləri, yəni bu dünyada olan müəyyən şeyləri sevməyə davam edirsə, o, Allah qarşısında malik olduğu yaxşı adı itirmək təhlükəsindədir (Luka 17:32). Biz yalnız sözün əsil mənasında pislikdən ikrah etdiyimiz və yaxşılıqdan bərk yapışdığımız təqdirdə Allahın Padşahlığı üçün yararlı ola bilərik (Rom. 12:9; Luka 9:62). Buna görə də hər birimiz əmin olmalıyıq ki, Şeytan dünyasında olan heç bir şey, nə qədər faydalı və cəlbedici olmasından asılı olmayaraq, bizə bütün ürəklə Padşahlığın işini görməyə mane olmur (2 Kor. 11:14; Filipililərə 3:13, 14 ayələrini oxu).
SAYIQLIĞINIZI İTİRMƏYİN!
14, 15. a) Şeytan ürəyimizin vəziyyətinə necə təsir etməyə çalışır? b) Şeytanın üsulu nəyə görə bu qədər təhlükəlidir? Nümunə əsasında izah edin.
14 Qəlbimizdə Yehovaya bəslədiyimiz məhəbbət bizi özümüzü Ona həsr etməyə təşviq edib. Çoxlarımız artıq uzun illər ərzində Yehovaya sadiq qalmaqla Ona bütöv ürəklə xidmət etməyə qəti qərarlı olduğumuzu sübut etmişik. Lakin Şeytan bizdən əl çəkmək niyyətində deyil. Ürəyimiz hələ də onun hədəfidir (Efes. 6:12). O dərk edir ki, biz qəfildən Yehovanı atmayacağıq. Buna görə də Şeytan hiyləgərcəsinə bu «dövrün» vasitəsilə bizim Allaha xidmətdə göstərdiyimiz səyi tədricən zəiflətməyə çalışır. (Mark 4:18, 19 ayələrini oxu.) Nəyə görə Şeytanın bu üsulu effektivdir?
15 Bu suala cavab vermək üçün təsəvvür edin ki, siz 100 vatlıq lampa işığı altında kitab oxuyursunuz, lakin birdən lampa yanır. Qaranlıqda qaldığınız üçün dərhal onun yerinə başqasını taxırsınız. Otaq yenidən işıqlanır. Növbəti axşam yeni lampa işığı altında kitab oxuyursunuz. Ancaq sizdən xəbərsiz kimsə 100 vatlıq lampanı 95 vatlıq lampa ilə əvəz edib. Siz fərqi hiss edəcəksinizmi? Yəqin ki, yox. Bəs əgər səhərisi gün kimsə həmin lampanı 90 vatlıq lampa ilə əvəz etsə, onda necə? Güman ki, bunu da hiss etməyəcəksiniz. Nəyə görə? Çünki lampanın işığı tədricən zəiflədiyindən sizin bundan xəbəriniz yoxdur. Eynilə, Şeytanın dünyasının təsiri səyimizi yavaş-yavaş zəiflədə bilər. Əgər bu baş verərsə, onda demək olar ki, Şeytan Yehovaya xidmətdə göstərdiyimiz «100 vatlıq» səyimizi azaltmağa nail olub. Məsihçi ehtiyatı əldən versə, tədricən baş verən bu dəyişiklik onun nəzərindən qaça da bilər (Mat. 24:42; 1 Pet. 5:8).
DUA ETMƏK OLDUQCA VACİBDİR
16. Biz özümüzü Şeytanın hiylələrindən necə qoruya bilərik?
16 Yehovaya bütöv ürəklə xidmətimizi davam etdirmək üçün özümüzü Şeytanın hiylələrindən necə qoruya bilərik? (2 Kor. 2:11). Bu məsələdə dua olduqca vacib rol oynayır. Pavel həmimanlılarını «İblisin hiylələrinə» qarşı möhkəm durmağa təşviq etdikdən sonra əlavə etdi: «Hər vaxt... hər cür dilək və yalvarışla dua edin» (Efes. 6:11, 18; 1 Pet. 4:7).
17. İsanın dualarından biz nə öyrənirik?
17 Şeytana qarşı möhkəm durmaq üçün biz İsanı, eləcə də onun Yehovaya bütöv ürəklə xidmət etmək arzusunu təqlid etməliyik. Yer üzündəki həyatının son gecəsində İsanın necə dua etməsi barədə görün Luka nə yazıb: «İsa şiddətli iztirab çəkərək daha da hərarətlə dua edirdi» (Luka 22:44). İsa həmin hadisədən də qabaq hərarətlə dua edirdi, lakin bu dəfə — yer üzündə ən şiddətli sınağı ilə üzləşdiyi zaman o, «daha da hərarətlə» dua etdi və onun duası cavabsız qalmadı. İsanın nümunəsindən görünür ki, duaların da dərəcəsi var. Buna görə də sınaqlarımız şiddətləndikcə və Şeytan daha hiyləgər üsullara əl atdıqca dualarımızda Yehovadan bizi müdafiə etməsini daha hərarətlə diləməliyik.
18. a) Dua barədə özümüzə hansı sualları verməliyik və nəyə görə? b) Ürəyimizə hansı amillər təsir göstərir və necə? (16-cı səhifədəki çərçivəyə baxın.)
18 Bu cür dualar bizə necə təsir edəcək? Pavel demişdi: «Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin. Allahın verdiyi qəlb rahatlığı bütün insan fikirlərini üstələyir; o, ürəyinizi... qoruyacaq» (Filip. 4:6, 7). Yehovaya bütöv ürəklə xidmətimizi davam etdirmək üçün hərarətlə və müntəzəm şəkildə dua etməyimiz vacibdir (Luka 6:12). Buna görə də özümüzdən soruşmalıyıq: «Mən hərarətlə və müntəzəm şəkildə dua edirəmmi?» (Mat. 7:7; Rom. 12:12). Cavabımız ürəyimizdə Yehovaya xidmət etmək arzusunun nə dərəcədə güclü olduğundan xəbər verəcək.
19. Yehovaya bütöv ürəklə xidmətinizi davam etdirmək üçün nə etmək əzmindəsiniz?
19 Həyatımızda nəyi birinci yerə qoymağımız ürəyimizin vəziyyəti barədə çox şey deyir. Biz əmin olmalıyıq ki, nə arxada qoyduğumuz şeylər, nə də Şeytanın əl atdığı fəndlər bizim Yehovaya bütöv ürəklə xidmət etmək qətiyyətimizi zəiflətməyib. (Luka 21:19, 34—36 ayələrini oxu.) Buna görə də biz Davud kimi yalvarırıq: «Ürəyimi bütöv et» (Məz. 86:11, YD).
[16–cı səhifədəki çərçivə]
ÜRƏYİMİZƏ TƏSİR EDƏN ÜÇ AMİL
Fiziki ürəyimizi yaxşı vəziyyətdə saxlamaq üçün müəyyən tədbirlər görməliyik. Bunu məcazi ürəyimiz barədə də demək olar. Gəlin üç amilə nəzər salaq.
1 Qida. Ürəyimizin sağlamlığı üçün müntəzəm şəkildə sağlam qida qəbul etmək mütləqdir. Buna bənzər tərzdə biz çalışmalıyıq ki, kifayət qədər sağlam ruhani qida qəbul edək: müntəzəm şəkildə şəxsi öyrənmə keçirməli, dərindən düşünməli və görüşlərdə iştirak etməliyik (Məz. 1:1, 2; Sül. məs. 15:28; İbr. 10:24, 25).
2 İdman. Ürəyimizin sağlam olması üçün vaxtaşırı olaraq onun döyüntülərini artırmaq lazımdır. Bunun üçün idmanla məşğul olmalıyıq. Eynilə, xidmətdə canla-başla iştirak etmək, məsələn, xidmətimizi genişləndirmək məcazi ürəyimizi yaxşı vəziyyətdə saxlamağa kömək edir (Luka 13:24; Filip. 3:12).
3 Ətraf mühit. Yaşamalı və işləməli olduğumuz bu allahsız dünya həm fiziki, həm də məcazi ürəyimiz üçün stress mənbəyidir. Lakin səmimi-qəlbdən bizə qayğı göstərən və Yehovaya bütöv ürəklə xidmət edən həmimanlılarımızla mümkün qədər tez-tez ünsiyyət etmək bu stressi azalda bilər (Məz. 119:63; Sül. məs. 13:20).