Fəsil 72
İsa 70 şagirdi təbliğə göndərir
İNDİ eramızın 32-ci ilinin payızıdır. İsanın vəftizindən üç il keçib. Bir az bundan əvvəl o, Çardaqlar bayramında iştirak etmək üçün şagirdləri ilə Yerusəlimə gəlib. Görünür, onlar hələ də bu ətrafdadırlar. Axırıncı altı ayı İsa, əsas etibarilə, Yəhudeyada və İordan çayının əks sahilində olan Pereyada xidmət edir. Bu ərazilərdə də insanlar həqiqəti eşitməlidirlər.
İsa 30-cu ilin Pasxa bayramından sonra təxminən səkkiz ay Yəhudeyada təbliğ etmişdi. Lakin sonradan, 31-ci ilin Pasxa bayramında yəhudilər onu öldürmək istədiklərindən o, növbəti bir il yarım müddətdə ən çox Qalileyada təlim vermişdi. Bu vaxt ərzində İsa şagirdlərini öyrətmiş və onlardan böyük bir təbliğçi dəstəsi təşkil etmişdir. Beləliklə, İsa sonuncu məqsədyönlü təbliğ kampaniyasını Yəhudeyada başlayır.
Əvvəlcə İsa şagirdlərindən 70 nəfəri seçib iki-iki ayırır və bu 35 cüt təbliğçini Padşahlıq haqqında təbliğ etməyə göndərir. Onlar sonradan İsanın həvariləri ilə baş çəkəcəyi kənd və şəhərlərə gedirlər.
İsa bu 70 şagirdə sinaqoqlara getmək göstərişi vermir, bunun əvəzinə onlara tapşırır ki, birbaşa evlərə, insanların yanına getsinlər. O deyir: «Hansı evə girsəniz, əvvəlcə: “Bu evə salam olsun!” — deyin». İsa izah edir ki, əgər həmin evdə sülhsevər adam varsa, onların salamını alacaq. Bəs şagirdlər nə barədə danışmalı idilər? İsa tapşırır: «“Allahın padşahlığı yaxındır”, — deyin». Bu yetmiş nəfərin fəaliyyətini işıqlandıran bir əsərdə belə yazılıb: «Öz Ağaları kimi, onlar da getdikləri hər yerdə evdən-evə təbliğ edirdilər» («Matthew Henry’s Commentary»).
İsa təxminən bir il bundan əvvəl Qalileyaya təbliğə göndərdiyi 12 şagirdinə verdiyi tapşırıqları bu 70 şagirdə də verir. O, onlara ev sahibləri ilə söhbətə necə başlamağı öyrədir, onları əleyhdarlarla üzləşəcəklərindən xəbərdar edir, həmçinin onlara xəstələri sağaltmaq üçün güc verir. Bir azdan İsa özü həmin yerlərə gedəcəkdi. İndi şagirdlərin bu heyrətli işlərini görənlər onların Ustadının gəlişini həsrətlə gözləyəcəkdilər.
Yetmiş nəfərin və onların ardınca İsanın gördükləri iş uzun çəkmir. Bir azdan Padşahlığın bu təbliğçiləri İsanın yanına qayıdırlar. Onlar sevinə-sevinə deyirlər: «Ağa! Cinlər də sənin adını eşidəndə bizə boyun əyirlər!» Xidmətləri barədəki bu gözəl hesabat, şübhəsiz, İsanın qəlbini dağa döndərir. O deyir: «Şeytanın göydən ildırım kimi düşdüyünü gördüm. Mən sizə ilanları və əqrəbləri tapdalamaq hökmü... vermişəm».
İsa bilir ki, axır günlərdə, Allahın Padşahlığı doğulandan sonra Şeytan və onun cinləri göydən yerə atılacaqlar. Bu adi insanların gözəgörünməz cinləri qova bilməsi həmin işin mütləq olacağına daha bir zəmanət oldu. Buna görə də İsa Şeytanın göydən düşdüyünü qətiyyətlə deyir. İsanın 70 şagirdə dediyi «ilanları və əqrəbləri tapdalamaq hökmü» isə simvolik məna daşıyır. Bununla yanaşı, İsa deyir: «Ruhların sizə boyun əydiyinə görə yox, adınızın göylərdə yazıldığına görə sevinin».
İsa sevindiyindən cuşa gəlib. O, səmavi Atasına bu təvazökar xidmətçilərini belə heyrətli işlərdə istifadə etdiyi üçün həmd edir. Sonra üzünü şagirdlərə tutub deyir: «Sizin gördüyünüzü görən gözlər necə də xoşbəxtdir. İnanın, bir çox peyğəmbər və padşah sizin gördüklərinizi görmək arzusunda idi, amma görmədi; eşitdiklərinizi eşitmək arzusunda idi, amma eşitmədi». Luka 10:1—24; Matta 10:1—42; Vəhy 12:7—12.
▪ İsa xidmətinin ilk 3 ilində harada təbliğ etmişdi və son 6 ayında harada təbliğ edir?
▪ Xoş xəbəri insanlara çatdırmaq üçün İsa 70 şagirdə hara getməyi tapşırır?
▪ İsa Şeytanın göydən düşdüyünü qabaqcadan necə görür?
▪ Hansı mənada 70 şagird ilanları və əqrəbləri tapdalayırlar?