FƏSİL 73
Xeyirxah səməriyyəli
ƏBƏDİ HƏYATI ALMAQ ÜÇÜN NƏ ETMƏK LAZIMDIR?
XEYİRXAH SƏMƏRİYYƏLİ
İsa Məsih hələ də Yerusəlimin həndəvərindədir. Çoxlu yəhudi onun yanına gəlir. Bəziləri ondan öyrənmək, bəziləri isə onu sınamaq istəyirlər. Tövrata yaxşı bələd olan bir adam ondan soruşur: «Ustad, əbədi həyatı almaq üçün nə etməliyəm?» (Luka 10:25).
İsa peyğəmbər hiss edir ki, qanunşünas bu sualı boş yerə vermir. Bəlkə də, onun məqsədi odur ki, İsa peyğəmbər yəhudilərin xatirinə dəyəcək bir söz desin. Peyğəmbər həmin adamın bu məsələ ilə bağlı artıq formalaşmış fikri olduğunu bilir. Buna görə də İsa peyğəmbər elə sual verir ki, onun ürəyindəkilərini üzə çıxarsın.
İsa peyğəmbər soruşur: «Qanunda nə yazılıb? Necə başa düşürsən?» Bu kişi Tövratı oxuduğu üçün ona əsasən cavab verir. O, Qanunun təkrarı 6:5 və Lavililər 19:18 ayələrindən sitat gətirərək deyir: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev” və “başqasını özünü sevdiyin kimi sev”» (Luka 10:26, 27). Bəs kişinin sualına cavab budur?
İsa peyğəmbər qanunşünasa deyir: «Düz dedin: “Həmişə belə et, onda əbədi həyatı alacaqsan”». Bəs bununla söhbətə nöqtə qoyulur? Qanunşünas sadəcə fakta əsaslanan cavab istəmir. O, özünə bəraət qazandırmağa can atır, istəyir ki, İsa peyğəmbər onun baxışlarının doğru olduğunu və başqa adamlara qarşı adil davrandığını təsdiq etsin. Buna görə də soruşur: «Bəs mən kimi sevməliyəm?» (Luka 10:28, 29). İlk baxışdan sadə kimi görünən bu sual əslində dərin məna daşıyır.
Yəhudilər belə düşünürlər ki, yalnız soydaşlarını, yəni yəhudi adət-ənənələrinə riayət edənləri sevməlidirlər. Onlara elə gəlir ki, Lavililər 19:18 ayəsi buna işarə edir. Yəhudilər hətta iddia edirlər ki, onların qanununa görə qeyri-yəhudilərlə ünsiyyət etmək düzgün deyil (Həvarilərin işləri 10:28). Beləliklə, bu qanunşünasın və ola bilsin, İsa Məsihin bəzi şagirdlərinin də fikrincə, saleh olmaq üçün təkcə yəhudilərə xeyirxahlıq göstərmək bəs edər. Qeyri-yəhudilərlə isə soydaşları olmadığı üçün onlarla pis rəftar etmək olar.
Görəsən, İsa peyğəmbər bu kişinin və digər yəhudilərin xatirinə dəymədən onların baxışlarını necə düzəldəcək? O, bir məsəl çəkir: «Bir adam Yerusəlimdən Ərihaya enirdi. Yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər, ölümcül halda qoyub getdilər. Bu vaxt bir kahin də o yolla gedirdi, lakin onu gördükdə yolun o tayına keçib getdi. Habelə bir lavili də həmin yerə çatıb onu görəndə yolun o biri tərəfinə keçib getdi. O yol ilə bir səməriyyəli də gedirdi. O, həmin yerə çatanda bu adamı gördü. Ona yazığı gəldi» (Luka 10:30—33).
İsa peyğəmbəri dinləyənlər yəqin bilirlər ki, əksər kahinlər və məbəddə xidmət edən lavililər Əriha şəhərində yaşayırlar. Məbəddən qayıdanda onlar 23 kilometr yol getməli olurlar. Bu yol təhlükəlidir və orada quldurlar gizlənir. Əgər kahin və lavili soydaşının orada pis vəziyyətdə olduğunu görərsə, məgər ona kömək etməli deyil? Peyğəmbərin danışdığı məsəldə onlar kömək etmirlər. Kömək əlini uzadan yəhudilərin nifrət etdiyi səməriyyəli olur (Yəhya 8:48).
Bəs həmin səməriyyəli yəhudiyə necə kömək edir? Peyğəmbər məsəlinə davam edir: «[Səməriyyəli] yaxınlaşıb onun yaralarına yağ və şərab tökdü, yaralarını sarıdı. Sonra onu öz eşşəyinə mindirib bir karvansaraya gətirdi və orada onun qayğısına qaldı. Ertəsi gün səməriyyəli iki dinar çıxarıb karvansara sahibinə verdi və dedi: “Bu adama yaxşı bax, artıq xərcin çıxsa, qayıdanda ödəyərəm”» (Luka 10:34, 35).
Məsəli danışandan sonra Dahi Ustad, İsa Məsih qanunşünasa düşündürücü sual verir: «Səncə, bu üç nəfərdən hansı biri quldurların əlinə düşmüş adama məhəbbət göstərdi?» Ola bilsin ki, onun səməriyyəli deməyə dili gəlmir və buna görə o, «ona mərhəmət göstərən» deyir. İsa Məsih bu məsəlin canını vurğulayaraq ona deyir: «Get, sən də belə elə» (Luka 10:36, 37).
Necə də gözəl və məharətli təlim üsuludur! Əgər İsa peyğəmbər qanunşünasa birbaşa desəydi ki, qeyri-yəhudiləri də sevməlidirlər, çətin ki, həmin adam və digər yəhudilər bununla razılaşardılar. Peyğəmbərin danışdığı bu sadə məsəl və insanlara tanış olan xırdalıqlar sayəsində onu dinləyənlər qanunşünasın verdiyi «Mən kimi sevməliyəm?» sualına aydın cavab tapa bilərdilər. Başqasını doğrudan da sevən o kəsdir ki, Müqəddəs Yazılarda əmr olunduğu kimi, xeyirxahlıq və məhəbbət göstərir.