Fəsil 73
Xeyirxah samariyalı
İSA MƏSİH, görünür, Yerusəlimdən 3 kilometr aralıda yerləşən Betaniya kəndi yaxınlığındadır. Burada onun yanına bir adam gəlir. Musanın Qanununa yaxşı bələd olan bu adam ondan soruşur: «Müəllim, əbədi həyatı almaq üçün nə etməliyəm?»
İsa hiss edir ki, qanunşünas bu sualı elə-belə vermir, o, İsanı sınamaq istəyir. Bəlkə də onun məqsədi odur ki, İsa yəhudilərin xatirinə dəyəcək bir söz desin. Buna görə də İsa bu məsələ ilə bağlı qanunşünasın öz fikrini bildirməsi üçün soruşur: «Qanunda nə yazılıb? Necə başa düşürsən?»
Qanunşünasın cavabından bəlli olur ki, o, qanunu çox gözəl bilir. O, Tövratdan — Qanunun təkrarı 6:5 və Levililər 19:18 ayələrini sitat gətirir: «“Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və var gücünlə sev” və: “Yaxınını özünü sevdiyin kimi sev”».
İsa ona deyir: «Düz dedin: “Həmişə belə et və yaşayacaqsan”».
Lakin bu kişi qane olmur, çünki İsanın cavabı kifayət qədər açıq deyil. Qanunşünas istəyir ki, İsa onun baxışlarının doğru olduğunu və başqa adamlara qarşı düzgün davrandığını təsdiq etsin. Buna görə də o soruşur: «Bəs mənim yaxınım kimdir?»
Yəhudilər belə düşünürlər ki, yalnız soydaşları onların yaxınıdır. Onlara elə gəlir ki, Levililər 19:18 ayəsinin konteksti buna işarə edir. Sonralar hətta həvari Peter belə demişdi: «Siz yaxşı bilirsiniz ki, yəhudinin başqa millətdən olan adamla ünsiyyət qurmasına və ya onun yanına getməsinə Qanun yol vermir». Beləliklə, bu qanunşünasın, ola bilsin, İsanın şagirdlərinin də fikrincə, saleh olmaq üçün təkcə yəhudilərə xeyirxahlıq göstərmək bəs edər, qeyri-yəhudilər isə onların «yaxını» deyil.
Görəsən, İsa dinləyicilərinin xatirinə dəymədən onların baxışlarını necə düzəldəcək? İsa bir məsəl danışır və ola bilsin, bu hadisə həqiqətən də olub. O nəql edir: «Bir adam [yəhudi] Yerusəlimdən Yerixoya düşürdü və yolda quldurların əlinə keçdi. Quldurlar onu soyundurub döydülər və ölümcül halda qoyub getdilər».
«Bu vaxt oradan bir kahin keçirdi, — deyə İsa davam edir, — lakin onu gördükdə yolun o biri tayına keçib getdi. Habelə bir Levili də həmin yerə çatıb onu görəndə yolun o biri tərəfinə keçib getdi. Ancaq o yol ilə gedən bir samariyalı həmin yerə çatıb bu adamı görəndə yazığı gəldi».
Məbəddə xidmət edən kahinlərin və levililərin bir çoxu Yerixo şəhərində, Yerusəlimdəki məbəddən 23 kilometr aralıda yaşayırlar. Məbəd Yerixodan 900 metr hündürlükdə yerləşdiyindən bu yol enişli və təhlükəlidir. Gözlənilirdi ki, bu kahin və levili bəlaya düşmüş yəhudiyə kömək edəcəklər, amma belə olmur. Onların yerinə bu kişiyə bir samariyalı yardım göstərir. Yəhudilər samariyalılara elə dərin nifrət bəsləyirlər ki, bir qədər bundan əvvəl İsanı alçaltmaq üçün ona «samariyalı» demişdilər.
Bəs həmin samariyalı kişi yəhudiyə necə kömək edir? İsa danışır: «Ona yaxınlaşdı, yaralarına yağ və şərab töküb sarıdı. Sonra onu öz eşşəyinə mindirib bir karvansaraya gətirdi və orada onun qayğısına qaldı. Ertəsi gün samariyalı iki dinar [muzdlu fəhlənin iki günlük əmək haqqı] çıxarıb karvansara sahibinə verdi və dedi: “Bu adama yaxşı bax, əgər artıq xərcin çıxarsa, qayıdanda ödəyərəm”».
İsa hadisəni danışıb qurtarandan sonra qanunşünasdan soruşur: «Səncə, bu üç nəfərdən kim quldurların əlinə düşmüş adamın yaxını kimi davrandı?»
Qanunşünas samariyalının alicənab olduğunu dilinə gətirə bilmir, sadəcə deyir: «Onunla şəfqətlə davranan».
İsa ona: «Get, sən də belə et», — deyərək sözünə yekun vurur.
Əgər İsa qanunşünasa birbaşa desəydi ki, qeyri-yəhudilər də onun «yaxını»dırlar, həmin adam bunu qəbul etməyəcəkdi və İsanı dinləyənlərdən çoxu da onun tərəfində olacaqdı. Həyatdan götürülmüş bu hekayət təsdiq edir ki, yaxınımız ancaq millətimizdən və ya irqimizdən olan adamlar deyil. Bəli, İsa böyük məharətlə təlim verir. Luka 10:25—37; Həvarilərin işləri 10:28; Yəhya 4:9; 8:48.
▪ Qanunşünas İsadan nə haqda soruşur və onun məqsədi nədir?
▪ Yəhudilər kimləri «yaxın» sayırlar və hətta şagirdlərin də bu cür düşündüyünü nədən təxmin etmək olar?
▪ İsa qanunşünasın düzgün nəticəyə gəlməsinə necə nail olur?