Fəsil 74
Martanın aldığı məsləhət və dua haqqında təlim
İSA MƏSİH Yəhudeyada təbliğ edəndə bir gün Betaniya kəndinə gəlir. Burada Marta ilə Məryəm bacıları və onların qardaşı Lazar yaşayırlar. Görünür, İsa onlarla xidmətinin başlanğıcında tanış olub və onlarla dostlaşıb. İndi İsa onlara qonaq gəlir və Marta onu hörmətlə qarşılayır.
Marta İsa üçün əlindən gələni edir. Axı vəd edilmiş Məsihi öz evində qonaq etmək böyük şərəfdir! Buna görə də Marta layiqli süfrə açmaq istəyir və çalışır ki, burada qalmaq İsaya xoş olsun.
Bacısı Məryəm isə İsanın ayaqları yanında oturub qulaq asır. Bir azdan Marta gəlib İsaya şikayətlənir: «Ağa, bacım məni tək qoyub kömək eləmir, niyə ona bir söz demirsən? Ona de ki, durub mənə kömək etsin».
Lakin İsa Məryəmə heç nə demir. Əksinə, əl-ayağa düşmüş Martaya məsləhət verir. O, mehribancasına deyir: «Marta, Marta, sən çox şey üçün narahat olub özünü yorursan. Əslində insana az şey lazımdır, hətta bir şey də kifayət edər». İsa deyir ki, bir nahardan ötrü bir belə vaxt sərf edib cürbəcür xörəklər hazırlamaq lazım deyil. Cəmi bir-iki xörək kifayətdir, hətta bir xörək də bəs edər.
Əlbəttə, Marta bütün bunları təmiz niyyətlə edir, o, qonaqpərvərlik göstərməyə çalışır. Lakin başı hazırlıq görməyə qarışdığından şəxsən Allahın Oğlundan təlim almaq imkanını əldən verir. Buna görə də İsa sözünü belə qurtarır: «Məryəm özünə yaxşı pay seçib və bu, ondan alınmayacaq».
Başqa bir vaxt bir şagird İsadan soruşur: «Ağa, Yəhya şagirdlərinə öyrətdiyi kimi, sən də bizə dua etməyi öyrət». Görünür, İsa il yarım bundan əvvəl Dağüstü təbliğində dua barədə təlim verəndə bu şagird orada olmayıb. Buna görə də İsa duanın bəndlərini yenidən deyir və sonra bir məsəl çəkərək duada israrlı olmağın vacibliyini vurğulayır.
«Tutaq ki, bir adamın dostu var, — deyə İsa sözə başlayır, — və o, gecə yarısı dostunun yanına gəlib deyir: “Dostum, mənə üç çörək ver, indicə yoldan bir dostum gəlib, onun qabağına qoymağa heç nəyim yoxdur”. Ev sahibi içəridən deyir: “Məni narahat eləmə. Qapı bağlıdır, uşaqlarım da yanımda yatırlar. Mən durub sənə heç nə verə bilmərəm”. Sizə onu deyim ki, bu adam dostluq xatirinə durub ona heç nə verməsə də, dostu israr etdiyi üçün duracaq və lazım olan şeyləri ona verəcək».
İsa heç də demir ki, Yehova Allah bu məsəldəki dost kimi, xahişlərə könülsüz hay verir. Xeyr, İsa göstərmək istəyir ki, əgər qaraqabaq dost təkidlə edilən xahişlərə cavab verirsə, ürəyi məhəbbətlə dolu olan səmavi Atamız bunu mütləq edəcək. Sonra İsa deyir: «Beləliklə, durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün və sizə açacaqlar. Çünki diləyən istədiyini alır, axtaran tapır və qapını döyənə açırlar».
Daha sonra İsa qeyri-kamil, günahlı ataları nümunə gətirir: «Doğrudan da, məgər aranızda elə bir ata var ki, oğlu balıq istəyəndə balıq əvəzinə ona ilan versin? Yaxud yumurta istəyəndə ona əqrəb versin? Beləliklə, əgər siz pis olduğunuz halda uşaqlarınıza yaxşı nemətlər verə bilirsinizsə, məgər göydəki Ata ondan istəyənlərə müqəddəs ruhundan verməyəcək?» Bəli, İsa bizi dualarda israrlı olmağa şövqlə təşviq edir. Luka 10:38—11:13.
▪ Marta nəyə görə İsa üçün çoxlu şey hazırlamaq istəyir?
▪ Məryəm nə edir və nə üçün İsa Martanı yox, onu tərifləyir?
▪ İsa dua ilə bağlı təlimi nə üçün təkrarlamalı olur?
▪ İsa duada israrlı olmağın vacibliyini necə göstərir?