Fəsil 75
Xoşbəxtliyin mənbəyi
İSA MƏSİH Qalileyadakı xidməti zamanı möcüzələr göstərmişdi. İndi Yəhudeyada da bunlara bənzər möcüzələr göstərir. Misal üçün, o, burada bir adamdan insanı lal edən cini qovur. Camaat heyrətə gəlir, bəziləri isə, Qalileyada olduğu kimi, eyni bəhanəni təkrar edirlər: «Bu adam cinlərin hökmdarı Beelzebubun əli ilə cinləri qovur». Başqaları isə onun Məsih olduğunu sübut edən dəlillər istəyir və onu sınamaq üçün göydən bir əlamət göstərməsini təkid edirlər.
İsa onların fikirlərini bilir və buradakı əleyhdarlarına da Qalileyada olduğu kimi cavab verir. O qeyd edir ki, daxildən parçalanmış padşahlıq dağılacaq. İsa soruşur: «Əgər Şeytan da içəridən parçalanıbsa, onun padşahlığı necə davam gətirəcək?» Sonra onlara təhlükə qarşısında olduqlarını göstərir: «Əgər mən cinləri Allahın gücü [barmağı] ilə qovuramsa, deməli, Allahın padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur».
İsanın möcüzələrini görənlər qədimdə Musa peyğəmbərin göstərdiyi möcüzənin şahidi olmuş adamlar kimi hərəkət etməli idilər. O vaxt onlar: «Bu Allahın barmağıdır!» (YD) — deyə nida etmişdilər. Daş lövhələr üzərində Allah «Öz barmağı» ilə «On əmr»i yazmışdı. Məhz Allahın bu «barmağı», yəni Onun fəal qüvvəsi olan müqəddəs ruh, cinləri qovmaq və xəstələri sağaltmaq üçün İsaya güc verir. Beləcə, Allahın Padşahlığı onun təyin edilmiş padşahı İsa Məsih simasında gəlib, amma onlar bunu dərk etmirlər.
Sonra İsa öz evini qoruyan yaraqlı-yasaqlı bir adam haqqında məsəl çəkir. Lakin daha güclü bir adam gəlir və onu məğlub edir. Bu məsəl vasitəsilə İsa Şeytan üzərində hakimiyyətə malik olduğunu və buna görə cinləri qova bildiyini göstərir. İsa bunun ardınca Qalileyada danışdığı «murdar ruh» məsəlini təkrar edir. Murdar ruh adamdan çıxır, amma adam onun yerini yaxşı şeylə doldurmasa, bu ruh başqa yeddi ruhla geri qayıdır. Onda bu adamın vəziyyəti əvvəlkindən beşbetər olur.
Bu təlimləri dinləyən izdihamın içindən bir qadın ucadan deyir: «Səni bətnində daşıyan və döşləri ilə əmizdirən qadın nə xoşbəxtdir!» Peyğəmbərin anası olmaq hər bir yəhudeyalı qadının arzusudur, o ki qaldı Məsihin anası olmaq! Bəli, bu qadının hisslərini başa düşmək olar. Yəqin, o düşünür ki, Məryəm İsanın anası olduğu üçün bəxtəvərdir.
Amma İsa həqiqi xoşbəxtliyin mənbəyini göstərərək qadının düşüncəsini düzgün səmtə yönəldir: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» İsa heç vaxt eyham belə vurmamışdı ki, onun anası Məryəmə xüsusi şərəf göstərilməlidir. Əksinə, İsa göstərir ki, əsil xoşbəxtlik qohumluq tellərindən və ya digər şeylərdən yox, Allaha sədaqətlə xidmət etməkdən asılıdır.
İsa, Qalileyada olduğu kimi, burada da göydən əlamət tələb edənləri danlayır və onlara Yunus peyğəmbərin əlamətindən savayı başqa bir əlamət verilməyəcəyini deyir. Yunus peyğəmbər üç gün balığın qarnında qalması və ninevalıları tövbəyə gətirmiş cəsarətli təbliği ilə bir əlamət olmuşdu. İsa izah edir: «Hərçənd burada Yunusdan daha böyük peyğəmbər durub». Həmçinin Səba məlikəsi Süleymanın hikmətinə heyran qalmışdı. İsa bəyan edir: «Hərçənd Süleymandan daha hikmətlisi burada durub».
Sonra İsa izah edir ki, çırağı yandıranda zirzəmiyə və ya səbət altına yox, açıq yerə qoyurlar ki, otağa girən işığı görsün. Ola bilsin, o demək istəyir ki, bu tərs adamlara təlim vermək və onların gözü qabağında möcüzələr göstərmək yanan çırağı gizlətmək kimi bir şeydir. Onların gözləri tox deyil, yəni hədəfə tuşlanmayıb. Buna görə də İsanın möcüzələrinin məğzi onlar üçün bağlı qalır.
İsa elə indicə cini qovub lal adamın dilini açmışdı. Gözü tox və hədəfə tuşlanmış adamlar bu işi layiqincə qiymətləndirər və xoş xəbəri bəyan etməyə təşviq olunardılar. Əfsus ki, İsanın rəqibləri bunu etmirlər. İsa sözünü belə yekunlaşdırır: «Buna görə də ayıq ol. Ola bilsin, içindəki işıq zülmətdir. Əgər bədənin büsbütün nur içindədirsə və onun heç bir hissəsində zülmətdən əsər-əlamət yoxdursa, çıraq səni işıqlandırdığı kimi, bədənin də tamamilə nura qərq olacaq». Luka 11:14—36; Çıxış 8:18, 19; 31:18; Matta 12:22, 28.
▪ İsa lal adamı sağaldanda camaat nə deyir?
▪ «Allahın barmağı» nədir? Allahın Padşahlığı hansı mənada gəlmişdi?
▪ Əsil xoşbəxtlik nədədir?
▪ Gözün tox olması nə deməkdir?