Fəsil 76
Bir fəriseyin evində
İSA MƏSİH lal adamı sağaltdığı gücün mənbəyini əleyhdarlarına izah etdikdən sonra bir fərisey onu evinə nahara dəvət edir. Fəriseylər ayin üzrə nahardan qabaq əllərini dirsəyə qədər yuyurlar. Eləcə də nahardan sonra, hətta nahar zamanı müxtəlif xörəklər arası da bu ayinə riayət edirlər. Düzdür, bu ayin Allahın yazılı qanununu pozmur, lakin Allahın təmizliklə bağlı tələblərindən əlavə şeylər tələb edir.
İsa bu ayini icra etmədikdə ev sahibi bərk təəccüblənir. Təəccübünü üzə vurmasa da, İsa bunu hiss edir və deyir: «Siz fəriseylər, camı və nimçəni üzdən təmizləyirsiniz, amma daxiliniz soyğunçuluq və pisliklə doludur. Ağılsızlar! Məgər üz tərəfi yaradan, daxili də yaratmayıb?»
İsa əllərini ayin üzrə yuyan, amma ürəkdən şər işləri təmizləməyən fəriseylərin riyakarlığını ifşa edir. O məsləhət görür: «Siz daxildən gələn sədəqələr verin, onda sizin üçün hər şey təmiz olacaq». Bəli, onları sədəqə verməyə məhəbbət dolu ürək təşviq etməlidir, özlərinin salehliyini nümayiş etdirmək istəyi yox.
İsa sonra deyir: «Vay halınıza, fəriseylər! Çünki siz nanə, sədəfotu və digər göyərtilərin onda birini verirsiniz, amma ədalətə və Allaha qarşı məhəbbətə barmaqarası baxırsınız. Ondabiri vermək borcunuzdur, amma gərək qalan şeylərə də etinasız yanaşmayaydınız». Allahın İsrail xalqına verdiyi Qanun tarladan yığılmış məhsulun onda birini verməyi tələb edirdi. Nanə və sədəfotu xörəyə dad vermək üçün işlədilən xırda bitkilərdir və fəriseylər hətta bu cür xırda bitkilərdən də ondabir vergisini ödəməyə ciddi yanaşırlar. Lakin məhəbbət göstərmək, xeyirxah və təvazökar olmaq kimi daha önəmli tələbləri kənara qoyurlar. Buna görə də İsa onları ittiham edir.
İsa davam edir: «Vay halınıza, fəriseylər! Çünki siz sinaqoqlarda yuxarı başda oturmağı və bazar meydanlarında camaatdan salam almağı sevirsiniz. Vay halınıza, çünki siz adamların bilmədən üstündə gəzdikləri gözə çarpmayan qəbirlər kimisiniz». Fəriseylərin natəmizliyi ilk baxışdan görünmür. Onların dindarlığı riyakarlıq üstündə qurulub, yalnız zahiri görünüşü var, daxildən isə heç nəyə dəyməz.
Allahın Qanununu yaxşı bilən bir qanunşünas bu ittihamları eşidəndə etirazını bildirir: «Müəllim, bu sözlərlə sən bizi də təhqir edirsən».
İsa qanunşünasları da təqsirli çıxarıb deyir: «Ey qanunşünaslar, vay sizin də halınıza! Çünki siz camaatın boynuna ağır yük qoyursunuz, özünüz isə barmağınızı da o yükə vurmaq istəmirsiniz. Vay halınıza, çünki siz peyğəmbərlər üçün məqbərələr ucaldırsınız, halbuki onları öldürən elə sizin atalarınız olub».
İsanın dediyi yük — şifahi ənənələrdir. Lakin bu qanunşünaslar onlardan kiçiciyini belə dəyişməzlər ki, adamların yükü bir qədər yüngülləşsin. Bundan əlavə, İsa göstərir ki, qanunşünaslar peyğəmbərləri öldürməyə razılıq verirlər və onları xəbərdar edir: «“Bəşər nəsli dünyaya gələndən bəri bütün peyğəmbərlərin axıdılmış qanı bu nəsildən tələb ediləcək; Habildən tutmuş, qurbangahla Allahın evi arasında öldürülmüş Zəkəriyyənin qanına görə” bax bu nəsil cavabdehdir».
Fidyəyə ehtiyac duyan bəşər nəsli Adəmlə Həvvanın uşaqları doğulanda meydana gəlməyə başladı. Beləcə, Habil bəşər nəslinin başlanğıcında yaşayıb. Peyğəmbər olmuş Zəkəriyyənin qəddarcasına qətlindən sonra Suriya ordusu Yəhudeyanı viran qoydu. Lakin İsa peyğəmbərlik edir ki, onunla bir dövrdə yaşayan nəsli daha müdhiş viranəlik gözləyir. Bu viranəlik təxminən 38 il sonra, eramızın 70-ci ilində baş verir.
İsa ittihamına davam edir: «Vay halınıza, ey qanunşünaslar! Çünki siz bilik qapısını açan açarı götürmüsünüz. Nə özünüz içəri girdiniz, nə də girmək istəyənləri qoydunuz». Bəli, qanunşünaslar Allahın Kəlamını xalqa izah etməli, mənasını açıqlamalıdırlar. Onlar isə nəinki bunu etmirlər, üstəlik, Allahın Kəlamını başa düşmək üçün xalqı hər cür imkandan məhrum edirlər.
Fəriseylər və qanunşünaslar bu rüsvayçılıqdan sonra İsanın əlindən zəncir çeynəyirlər. İsa oradan çıxanda onlar onu dövrəyə alırlar və sıxışdıraraq üstünə suallar yağdırırlar. Onlar İsanı həbs etməyə bəhanə tapmaq üçün onu sözdə tutmaq istəyirlər. Luka 11:37—54; Qanunun təkrarı 14:22; Mikeya 6:8; 2 Salnamələr 24:20—25.
▪ İsa fəriseylərlə qanunşünasları nə üçün ittiham edir?
▪ Qanunşünaslar insanların boynuna hansı yükləri qoyurlar?
▪ «Bəşər nəsli» nə vaxt meydana gəldi?