Fəsil 77
Miras məsələsi
CAMAAT, görünür, İsanın fəriseyin evində nahar etdiyindən xəbərdardır və minlərlə adam bayırda toplaşıb onu gözləyir. İsaya qarşı çıxan və onu sözdə tutmağa çalışan fəriseylərdən fərqli olaraq, camaat İsanı ehtiramla və həvəslə dinləyir.
İsa əvvəlcə öz şagirdlərinə müraciət edir: «Özünüzü fəriseylərin mayasından, yəni ikiüzlülükdən gözləyin». O, nahar vaxtı artıq göstərdi ki, fəriseylərin dini sistemi başdan-ayağadək riyakarlıqla doludur. Hərçənd fəriseylər pis olduqlarını möminlik pərdəsi arxasında gizlədə bilərlər, amma onların iç üzü gec-tez aşkara çıxacaq. İsa deyir: «Elə gizli şey yoxdur ki, bir gün üzə çıxmasın; elə bir sirr yoxdur ki, sonradan üstü açılmasın».
Sonra İsa 12 həvarisini Qalileyaya təbliğə göndərdiyi zaman dediyi ruhlandırıcı sözləri təkrar edir: «Bədəni öldürüb ondan sonra heç nə bacarmayanlardan qorxmayın». İsa davamçılarını əmin edir ki, Allah heç vaxt onları unutmayacaq, axı O, bapbalaca quşları belə unutmur. O bəyan edir: «Sizi xalq məclislərinə, hakimlərin və dövlət adamlarının qarşısına çəkib gətirəndə... müqəddəs ruh sizə nə demək lazım olduğunu həmin an öyrədəcək».
Bu vaxt camaat arasından bir adam ona müraciət edir: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün». Musanın Qanununa əsasən, ilk doğulan oğula ikiqat miras düşür, bu halda mübahisəyə yer yoxdur. Görünür, bu kişi ona düşən paydan artıq pay istəyirdi.
İsa yerində olaraq bu mübahisəyə girişmir. O soruşur: «Ay kişi, məni aranızda hakimlik etməyə və ya malınızı bölməyə kim təyin edib?» Sonra burada toplaşanlara ciddi xəbərdarlıq edir: «Gözlərinizi dörd açın və özünüzü hər cür tamahkarlıqdan qoruyun, çünki insanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil». Bəli, insan nə qədər var-dövlət toplasa da, bir gün öləcək, malı isə qalacaq. İsa həm bu fikri vurğulamaq, həm də Allahın qarşısında yaxşı ad qazanmaq üçün çalışmayanların ağılsızlığını göstərmək üçün bir məsəl çəkir:
«Bir varlının torpağı bol məhsul verdi. Bu adam ürəyində düşünməyə başladı: “Mən indi necə edim? Məhsulu yığmağa yerim yoxdur”. Sonra dedi: “Bilirəm nə edəcəyəm! Anbarlarımı söküb, yerinə daha böyüklərini tikəcəyəm. Bütün taxılımı, sərvətimi ora yığacağam. Sonra özümə deyəcəyəm: «Canım, dincəl, ye, iç, kef elə, çünki topladığın bu var-dövlət sənə ömrünün axırına kimi bəsdir»”. Ancaq Allah ona dedi: “Ey ağılsız, elə bu gecə sənin canını alacaqlar. Bəs bu topladığın sərvət kimə qalacaq?”»
İsa bu fikri belə tamamlayır: «Allahın gözündə varlanmaq əvəzinə, özünə var-dövlət toplayanların aqibəti belə olur». Çox güman ki, İsanın şagirdləri ağılsızcasına var-dövlət toplamaq tələsinə düşməyəcəklər, amma gündəlik qayğılar onların diqqətini asanlıqla yayındırıb Yehovaya xidmətdən uzaqlaşdıra bilərdi. Beləcə, İsa fürsətdən istifadə edərək təxminən il yarım bundan əvvəl Dağüstü təbliğində verdiyi məsləhəti yenidən təkrar edir. O, üzünü şagirdlərinə tutub deyir:
«Buna görə də sizə deyirəm: “Nə yeyəcəyik?” — deyə canınızdan ötrü və: “Nə geyəcəyik?” — deyə bədəninizdən ötrü qayğı çəkməyi qurtarın... Quzğunlara baxın: onlar nə əkir, nə biçir, nə zirzəmiləri var, nə anbarları. Buna baxmayaraq, Allah onları yedizdirir... Zanbaqların necə boy atdığına baxın: onlar nə zəhmət çəkir, nə ip əyirir, amma inanın ki, hətta Süleyman, bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir».
İsa sözünə davam edir: «Buna görə də yemək-içmək dərdi çəkməyi və həddindən artıq narahat olmağı qurtarın, çünki bütün bu şeylərin dalınca dünya millətləri düşür. Amma sizin Atanız bunlara ehtiyac duyduğunuzu bilir. Onun padşahlığını həyatınızda həmişə birinci yerə qoyun, onda bunlar da sizə veriləcək».
Xüsusilə maddi çətinliklər zamanı İsanın bu məsləhətinə ciddi yanaşmaq lazımdır. Əgər kimsə maddi ehtiyacından ötrü çox narahat olub, ruhani dəyərlərə laqeydlik göstərməyə başlayırsa, bu göstərir ki, belə adam Allahın Öz xidmətçilərinin qayğısına qala biləcəyinə şübhə edir. Luka 12:1—31; Qanunun təkrarı 21:17.
▪ Bir adamın mirasla bağlı xahişinin arxasında nə dura bilərdi və İsa hansı məsləhəti verir?
▪ İsa hansı məsəli danışır və onun məğzi nədir?
▪ İsa hansı nəsihətini təkrarlayır və nəyə görə bu lap yerinə düşür?