TƏLİM MƏQALƏSİ 50
Yaxşı Çobanın səsinə qulaq asın
«Onlar səsimə qulaq asacaq» (YƏH. 10:16).
NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz
İCMALa
1. Nəyə görə İsa şagirdləri ilə münasibətini çoban qoyun münasibətinə bənzətmişdi?
İSA MƏSİH şagirdləri ilə arasındakı münasibəti çobanla qoyun arasındakı münasibətə bənzətmişdi (Yəh. 10:14). Bu çox düzgün bənzətmədir. Qoyunlar çobanlarının səsini tanıyır və onun dediyinə uyğun hərəkət edirlər. Bir səyyah bunu öz gözləri ilə görmüşdü. O deyir: «Biz qoyunların şəklini çəkmək istəyirdik. Onları ha səslədik ki, bizə yaxınlaşsınlar, yaxın gəlmədilər, çünki səsimizi tanımırdılar. Sonra balaca bir çoban gəldi. Bu oğlan qoyunları səsləyən kimi dərhal onun ardınca getdilər».
2, 3. a) İsanın davamçıları onun səsinə qulaq asdıqlarını necə göstərirlər? b) Bu və növbəti məqalədə nə haqda danışacağıq?
2 Bu səyyahın gördükləri İsanın şagirdləri ilə bağlı dediklərini xatırladır. İsa demişdi: «Onlar səsimə qulaq asacaq» (Yəh. 10:16). İsa göydə olduğu halda, biz onun səsinə necə qulaq asa bilərik? Ağamızın səsinə qulaq asdığımızı göstərməyin əsas yolu təlimlərinə riayət etməkdir (Mət. 7:24, 25).
3 Bu və növbəti məqalədə İsanın bəzi təlimlərini araşdıracağıq. İsa öyrədirdi ki, elə şeylər var, onları etməyə son qoymalıyıq, elə şeylər var ki, onları etməliyik. Əvvəla, gəlin görək Çobanımız İsa Məsih hansı iki şeyi etməyə son qoymağımızı buyurur.
«HƏDDİNDƏN ARTIQ NARAHAT OLMAĞI QURTARIN»
4. Luka 12:29 ayəsinə əsasən, «həddindən artıq narahat olmağı»mıza nə səbəb ola bilər?
4 Luka 12:29 ayəsini oxuyun. İsa Məsih davamçılarını təşviq etmişdi ki, maddi ehtiyaclarına görə həddindən artıq narahat olmağı qurtarsınlar. Biz bilirik ki, İsanın bütün məsləhətləri doğru və hikmətlidir. Biz onun dediklərinə əməl etmək istəyirik. Amma bəzən bu, çətin olur. Görəsən, nəyə görə?
5. Nəyə görə bəziləri maddi tələbatlarına görə narahat olurlar?
5 Bəziləri fikir çəkir ki, nə yeyəcəklər, nə geyinəcəklər, harada qalacaqlar. Ola bilsin, onlar kasıb ölkədə yaşayırlar, ailəni güc-bəla ilə dolandırırlar. Yaxud da ailəni dolandıran şəxs həyatını itirib və ailə maddi sıxıntı çəkir. Bəlkə də, COVID-19 pandemiyası nəticəsində kimsə işini və ya gəlir yerini itirib (Vaiz 9:11). Ola bilsin, siz də bu və ya digər çətinliklərlə üzləşirsiniz. Bəs bu halda İsanın «narahat olmağı qurtarın» əmrinə necə riayət edə bilərsiniz?
6. Butrusla baş verən bir hadisəni təsvir edin.
6 Bir dəfə Butrus və digər həvarilər Cəlilə dənizində qayıqda olarkən fırtına qopmuşdu. Birdən onlar suyun üstü ilə yeriyən İsanı gördülər. Butrus ona dedi: «Ağa, əgər sənsənsə, mənə əmr et suyun üstü ilə yanına gəlim». İsa ona «gəl» dedi. Butrus qayıqdan çıxıb suyun üstü ilə İsaya tərəf getdi. Amma görün nə baş verir: «[O,] fırtınaya baxanda qorxub batmağa başladı və: “Ağa, məni xilas et!” — deyə qışqırdı». İsa əlini uzadıb onu xilas etdi. Maraqlıdır ki, Butrus diqqətini İsaya cəmlədiyi müddətdə coşqun dənizin üzəri ilə gəzə bilirdi, amma Butrus diqqətini fırtınaya cəmləyəndə qorxuya və şübhəyə qapıldı və batmağa başladı (Mət. 14:24—31).
7. Həvari Butrusla baş verənlərdən hansı dərsi götürə bilərik?
7 Butrusla baş verənlərdən özümüzə dərs götürə bilərik. Butrus qayıqdan çıxıb dənizə ayağını qoyanda onun məqsədi Ağasının yanına qədər suyun üstü ilə yerimək idi. O düşünmürdü ki, diqqəti yayınacaq və batmağa başlayacaq. Amma əfsuslar olsun ki, fırtına onu məqsədindən yayındırdı. Düzdür, biz bu gün suyun üzəri ilə gəzə bilmirik, amma iman sınaqları ilə üzləşirik. Əgər diqqətimiz Yehovadan və Onun vədlərindən yayınsa, biz ruhani cəhətdən batmağa başlayacağıq. Həyatımızda nə cür fırtına qopursa qopsun, daima ağlımızda Yehova olmalıdır və Onun bizə kömək etməyə qadir olduğunu unutmamalıyıq. Bunun üçün nə edə bilərik?
8. Maddi şeylərə görə həddən artıq narahat olmamağa bizə nə kömək edəcək?
8 Narahatçılığımızı Yehovaya etibarla əvəz etməliyik. Qayğıkeş Atamız Yehova vəd edir ki, ruhani şeyləri həyatımızda hər şeydən üstün tutsaq, maddi ehtiyaclarımızı təmin edəcək (Mət. 6:32, 33). Yehova bu vədini həmişə yerinə yetirib (Qan. 8:4, 15, 16; Zəb. 37:25). Yehovanın nəzərindən heç quşlar, güllər belə yayınmır, o ki qaldı biz. Buna görə də nə yeyəcəyimizə, nə geyinəcəyimizə görə biz qətiyyən narahat olmamalıyıq! (Mət. 6:26—30; Filip. 4:6, 7). Övladını sevdiyi üçün valideyn çalışır ki, uşağının başının üstündə damı olsun, ac-susuz, əyin-başsız qalmasın. Eynilə, Yehova da xalqına sevgisindən irəli gələrək onların maddi tələbatlarını təmin edir. Bəli, əmin ola bilərik ki, Yehova əlini üstümüzdən çəkməyəcək!
9. Bir ər-arvadın hadisəsindən nə öyrəndiniz?
9 Gəlin bir hadisəyə baxaq və görək Yehova bizim ehtiyaclarımızı necə ödəyir. Tamvaxtlı xidmətdə olan bir ər-arvad köhnə maşınları ilə bir saatdan çox yol getmişdilər ki, qaçqın düşərgəsində yaşayan bir neçə bacını götürüb yığıncağa gətirsinlər. Qardaş deyir: «Yığıncaqdan sonra bu bacıları evə yeməyə dəvət etdik. Amma sonra yadımıza düşdü ki, evdə süfrəyə qoymağa heç nəyimiz yoxdur». Bəs bu ər-arvad nə etdi? Qardaş deyir: «Evə gələndə qapının ağzında iki paket ərzaq gördük. Biz bilmirdik, onları ora kim qoyub. Yehova bizim qayğımıza qaldı». Bir müddətdən sonra bu ər-arvadın maşınları xarab oldu. Bu maşın onların xidmətləri üçün zəruri idi. Amma maşını təmir etmək üçün pulları yox idi. Nə qədər xərcləri çıxacağını öyrənmək üçün maşını yaxınlıqdakı ustanın yanına apardılar. Elə oradaca bir kişi gəlib soruşdu: «Bu kimin maşınıdır?» Qardaş dedi ki, onundur və təmirə ehtiyacı var. Kişi isə belə dedi: «Bu, düzələn şeydir. Arvadım elə belə bir maşın axtarırdı, özü də bu rəngdə. Neçəyə satarsınız?» Onlar razılığa gəldilər. Artıq qardaşın əlində başqa maşın almaq üçün kifayət qədər pul var idi. Qardaş sözünə belə yekun vurur: «Yəqin, təsəvvür edirsiniz, həmin günün sonunda hansı hissləri keçirmişdik. Biz bilirdik ki, bu, təsadüf deyildi, bu, Yehovanın qayğısı idi».
10. Zəbur 37:5 ayəsi maddi ehtiyaclarımıza görə narahat olmamağa bizi necə təşviq edir?
10 Əgər yaxşı Çobanımız İsaya qulaq asırıqsa və maddi ehtiyaclarımıza görə daha həddən artıq narahat olmuruqsa, əmin ola bilərik ki, Yehova bizi ehtiyac duyduğumuz şeylərlə təmin edəcək. Beşinci abzasda sadalanan çətinliklər haqqında düşünün. (Zəbur 37:5 ayəsini oxuyun; 1 But. 5:7.) Yehova bu günə qədər ailə başçınız və ya müdiriniz vasitəsilə sizin gündəlik ruzinizi yetirirdi. Ola bilsin, ailə başçısı daha ailəni təmin edə bilmir və ya biz işimizi itirmişik. Yehova bizim qeydimizə başqa yolnan qalacaq, bundan arxayın ola bilərik. İndi isə gəlin görək qayğıkeş Çobanımız başqa nəyi etməməyimizi buyurub.
«MÜHAKİMƏ ETMƏYİN»
11. Mətta 7:1, 2 ayələrinə əsasən, İsa nə etməməyi buyurmuşdu və nəyə görə bu bizə çətin gələ bilər?
11 Mətta 7:1, 2 ayələrini oxuyun. İsa bilirdi ki, onu dinləyən insanlar qeyri-kamildirlər və əksər hallarda başqalarının mənfi cəhətlərinə diqqət yetirirlər. Buna görə də belə demişdi: «Mühakimə etməyin». Ola bilər, biz çalışırıq ki, dindaşımızı mühakimə etməyək, amma hamımız qeyri-kamilik. Əgər görsək ki, bizdə insanlara tənqidi yanaşmaq meyli var, onda nə etməliyik? İsaya qulaq asmalıyıq və var gücümüzlə çalışmalıyıq ki, daha başqalarını mühakimə etməyək.
12, 13. Yehovanın Davudla rəftarı barədə düşünmək bizə başqalarını daha mühakimə etməməyə necə kömək edəcək?
12 Bu sahədə Yehovadan örnək götürə bilərik. O, insanın yaxşı cəhətinə diqqət yetirir. Bunu Davud padşah ciddi günah edəndə onunla rəftarından aydın görürük. Məsələn, Davud Badsəba ilə zina etmişdi və onun ərini öldürtmüşdü (2 İşm. 11:2—4, 14, 15, 24). Nəticədə, Davud nəinki özünü, arvadları da içində olmaqla, bütün ailəsini bəlaya salmışdı (2 İşm. 12:10, 11). Başqa bir vaxt isə Davud Yehovaya tam etibar etməmişdi. Yehovanın əmrinə zidd olaraq İsrail ordusunu siyahıya almışdı. Ola bilsin, onu buna vadar edən qürur və ordusunun sayına güvənməsi idi. Bəs bunun aqibəti nə oldu? Təxminən 70 000 israilli xəstəlikdən öldü! (2 İşm. 24:1—4, 10—15).
13 Əgər siz həmin dövrdə İsraildə yaşasaydınız, Davuda necə yanaşardınız? Yehovanın mərhəmətinə layiq olmadığını düşünüb onu mühakimə edərdiniz? Yehova belə etmədi. O, diqqətini Davudun həyatı boyu necə sadiq olduğuna və ürəkdən tövbə etdiyinə cəmlədi. Beləcə, Yehova Davudun ciddi günahlarını bağışladı. Yehova bilirdi ki, Davud Onu sevir və əmrlərinə riayət etmək istəyir. Nə yaxşı ki, Yehova bizdə gözəl xüsusiyyətlərə fikir verir (1 Pad. 9:4; 1 Saln. 29:10, 17).
14. Məsihilərə başqalarını mühakimə etməyə son qoymağa nə kömək edir?
14 Yehova insanlardan kamillik gözləmirsə, biz də belə davranmalıyıq, insanlarda yaxşı şeylərə diqqət yetirməliyik. İnsanların nöqsanlarını görmək, onları tənqid etmək asandır. Ruhani düşüncəli məsihi başqalarının nöqsanlarını görsə də, onlarla yaxşı münasibətdə olur. Cilalanmamış almazın görünüşü gözəl olmaya bilər. Amma ağıllı adam bilir ki, almazı cilalayandan sonra o, çox gözəl və qiymətli olacaq. Eynilə qeyri-kamil insan da, bir növ, cilalanmamış almaza bənzəyir. Yehova Allah və İsa Məsih kimi, biz də insanların qeyri-kamilliyinə yox, yaxşı xüsusiyyətlərinə diqqətimizi cəmləməliyik.
15. İnsanların vəziyyətini nəzərə almaq onlara tənqidi yanaşmamağa necə kömək edəcək?
15 İnsanları mühakimə etməməyə onların yaxşı xüsusiyyətlərini görməklə yanaşı, başqa nə kömək edə bilər? Onların həyat şəraitini təsəvvür etməyə çalışın. Gəlin belə bir hadisəyə baxaq. Bir dəfə İsa məbəddə olarkən kasıb dul qadının xəzinə qabına iki xırda pul atdığını görmüşdü. İsa soruşmadı: «Nəyə görə bu qadın belə az pul atır?» O, diqqətini qadının nə qədər ianə etdiyinə yox, niyyətinə və şəraitinə cəmlədi və əlindən gələni etdiyinə görə onu təriflədi (Luka 21:1—4).
16. Veronikanın hadisəsindən nə öyrəndiniz?
16 Veronika adlı bir bacının hadisəsi başqalarının vəziyyətini nəzərə almağın nə qədər vacib olduğunu göstərir. Onun olduğu yığıncaqda bir ana-bala var idi. Veronika deyir: «Mənə elə gələrdi ki, onlar yığıncaq işlərində elə də fəal deyillər. Buna görə də onlara tənqidi yanaşırdım. Sonra bacı ilə xidmətdə əməkdaşlıq etdim. O mənə oğlunda autizm xəstəliyi olduğundan, ona baxmağın çətinliklərindən danışdı. Bacı özlərini dolandırmaq, ruhani ehtiyaclarını ödəmək üçün əlindən gələni edirdi. Bəzən oğlunun səhhəti ilə bağlı bacı başqa yığıncağa getməli olurdu. Ağlıma heç gəlməzdi ki, onun belə çətinlikləri var. İndi bu bacını Yehovaya xidmət etmək üçün əlindən gələni etdiyinə görə çox qiymətləndirirəm. Ona böyük hörmətim var».
17. Yaqub 2:8 ayəsində bizə nə buyrulur və biz buna necə əməl edə bilərik?
17 Əgər görsək ki, dindaşımızı mühakimə edirik, nə etməliyik? Əvvəla, unutmamalıyıq ki, bacı-qardaşlarımızı sevməliyik. (Yaqub 2:8 ayəsini oxuyun.) Həmçinin Yehovaya dua edib yalvarmalıyıq ki, bizə onları daha mühakimə etməməyə kömək etsin. Duamıza uyğun davranaraq özümüz təşəbbüs göstərib, tənqidi yanaşdığımız insanla ünsiyyət etməliyik. Onunla birgə xidmətə çıxa bilərik, yaxud yemək süfrəsinə dəvət edə bilərik. Bu, onu yaxından tanımağımıza kömək edə bilər. Bu zaman çalışmalıyıq ki, Yehovadan və İsadan örnək götürüb fikrimizi ondakı yaxşı xüsusiyyətlərə cəmləyək. Beləcə, göstərəcəyik ki, yaxşı Çobanımızın «mühakimə etməyin» əmrinə qulaq asırıq.
18. Yaxşı Çobanın səsinə qulaq asdığımızı necə göstərə bilərik?
18 Qoyunlar çobanın səsinə qulaq asdığı kimi, İsanın davamçıları da onun səsinə qulaq asır. Əgər biz maddi ehtiyaclarımıza görə həddindən artıq narahat olmağa son qoymaq üçün və başqalarını daha mühakimə etməmək üçün var gücümüzlə çalışırıqsa, Yehovanın və İsanın köməyi sayəsində bu bizdə alınacaq. Odur ki, gəlin kiçik sürüyə və ya başqa qoyunlara aid olmağımızdan asılı olmayaraq, daima yaxşı Çobanımızın səsinə qulaq asaq (Luka 12:32; Yəh. 10:11, 14, 16). Bəs İsanın davamçıları hansı iki şeyi etməlidir? Növbəti məqalədə bunu öyrənəcəyik.
NƏĞMƏ 101 Birlik içində yaşayaq
a İsa Məsih demişdi ki, onun qoyunları səsinə qulaq asacaqlar, yəni, davamçıları onun təlimlərini öyrənib, həyatlarında tətbiq edəcəklər. Bu məqalədə İsanın iki möhtəşəm təlimi haqqında danışacağıq. Bunlar maddi şeylərə görə narahat olmağa və başqalarını mühakimə etməyə son qoymaqdır. Məqalədə öyrənəcəyik ki, bu məsləhətləri necə tətbiq edə bilərik.
b ŞƏKLİN İZAHI. Bir qardaş işini itirib, ailəsini dolandırmaq üçün əlində çox az pulu var, üstəlik, qalacaq yerləri yoxdur, ev tapmalıdır. Ehtiyatlı olmasa, bu şeylərə görə o qədər narahatlıq keçirər ki, Yehovaya ibadətdən yayınar.
c ŞƏKLİN İZAHI. Qardaş yığıncağa gecikib. Amma onun gözəl xüsusiyyətləri var. O, qeyri-formal şahidlik edir, yaşlı insana kömək edir, ibadət evinin qulluğu ilə bağlı işlərdə iştirak edir.