Fəsil 82
İsa yenə Yerusəlimə gedir
QISA bir müddətdən sonra İsa Məsih yenə də yoldadır. O, şəhərlərdən, kəndlərdən keçə-keçə xalqa təlim verir. Görünür, İsa Yəhudeyadan baxdıqda İordan çayının o tayında yerləşən Pereya bölgəsindədir və oradan Yerusəlimə gedir.
Yəhudi fəlsəfəsinə görə, məhdud sayda adam xilas olacaqdır. Yəqin, bu səbəbdən bir adam İsadan soruşur: «Ağa, doğrudan da, az adam xilas olacaq?» İsanın verdiyi cavab insanları xilas olmaq üçün nəyin vacib olduğu üzərində düşünməyə vadar edir. O deyir: «Dar qapıdan girmək üçün var gücünüzlə çalışın».
Bu cür səylər vacibdir, İsanın sözündən məlum olur ki, «çoxları girməyə çalışacaq, lakin bacarmayacaqlar». Nə üçün bacarmayacaqlar? İsa izah edir ki, ev yiyəsi durub qapını bağlayanda adamlar bayırda qalacaqlar, onlar qapını döyüb deyəcəklər: «Ağa, bizə qapını aç». O isə cavab verəcək: «Mən sizi tanımıram. Məndən əl çəkin, bədəməllər!»
Bayırda qalmış adamlar, görünür, kefləri istədiyi vaxt gəlirlər. Lakin qurtuluş qapısı artıq bağlanmış və kilidlənmişdir. İçəri girmək üçün vaxtında (hətta bu onlar üçün namünasib vaxt olsa da) gəlmək lazım idi. Doğrudan da, vaxtı uzadıb Yehova Allaha ibadəti həyatında birinci yerə qoymayanların aqibəti acı olacaq.
İsa yəhudilərə xidmət etmək üçün göndərilmişdir. Əfsuslar olsun ki, onların çoxu xilas üçün Allahın gördüyü tədbirdən imtina etməklə gözəl imkanı əldən buraxırlar. Buna görə də İsa deyir ki, onlar bayıra atıldıqda hönkür-hönkür ağlayıb dişlərini qıcayacaqlar. Bunlardan fərqli olaraq, «şərqdən və qərbdən, şimaldan və cənubdan», yəni bütün millətlərdən olan insanlar «gəlib Allahın padşahlığında süfrəyə əyləşəcəklər».
İsa sözünə davam edir: «Axırıncılardan [nifrət hədəfi olan qeyri-yəhudilər və tapdanıb əzilən yəhudilər] kimisi birinci, birincilərdən [varlı və dini cəhətdən nüfuzlu yəhudilər] kimisi axırıncı olacaq». Onların axırıncı olmaları göstərir ki, bu laqeyd və nankor adamlar Allahın Padşahlığına girməyəcəklər.
Bu dəm fəriseylər İsanın yanına gəlib deyirlər: «Buradan çıx get, Hirod [Antipa] səni öldürmək istəyir». Bəlkə də bu şayiəni Hirod özü yayıb ki, İsa bu bölgədən qaçıb getsin. Ola bilsin, Hirod Vəftizçi Yəhyanın hadisəsində olduğu kimi, ikinci dəfə Allahın peyğəmbərinin ölümündə günahlı olmaqdan qorxur. Amma İsa onlara deyir: «Gedin, o tülküyə deyin ki, bu gün və sabah cinləri qovub insanlara şəfa verəcəyəm və üçüncü gün işimi bitirəcəyəm».
İsa orada işini bitirdikdən sonra Yerusəlimə yolunu davam edir, çünki o deyir: «Ola bilməz ki, peyğəmbər Yerusəlimdən kənarda qətlə yetirilsin». Axı nəyə görə İsa mütləq Yerusəlimdə öldürülməli idi? Yerusəlim paytaxtdır, yəhudilərin ali məhkəməsi, 71 üzvdən ibarət olan Sinedrion orada yerləşir və qurbanları da Yerusəlimdə gətirirlər. Buna görə də «Allahın Quzusu» məhz Yerusəlimdə qətlə yetirilməli idi.
«Eh, Yerusəlim, Yerusəlim! — deyə İsa heyfsilənir. — Peyğəmbərləri qətlə yetirən və sənə göndərilənləri daşa basan Yerusəlim! Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də sənin övladlarını neçə dəfə bu cür yığmaq istədim. Heyf, istəmədiniz! Bu Ev tərk edilib sizə boş qalacaq». Xalq Allahın Oğlunu rədd etdiyindən özünü məhvə düçar edir.
İsa Yerusəlimə gedərkən yolda onu fəriseylərin rəhbərlərindən birinin evinə dəvət edirlər. Şənbə günü olduğundan adamlar diqqətlə İsaya göz qoyurlar. Orada bədəninə, ola bilsin, qollarına, ayaqlarına su yığılan bir xəstə var. İsa oradakı fəriseylərə və qanunşünaslara sual verir: «Necə bilirsiniz, qanuna görə şənbə günü adam sağaltmaq olar, ya yox?»
Hamı susur. Onda İsa xəstəyə toxunub sağaldır və onu yola salır. Sonra soruşur: «Hansınızın oğlu və ya öküzü şənbə günü quyuya düşsə, dərhal onu oradan dartıb çıxarmaz?» Yenə də heç kəsdən səs çıxmır. Luka 13:22—14:6; Yəhya 1:29.
▪ İsa xilas olmaq üçün nəyin vacib olduğunu göstərir və nə üçün çoxları çöldə qalır?
▪ Birinci olacaq «axırıncılar» və axırıncı olacaq «birincilər» kimlərdir?
▪ Hirodun İsanı öldürmək istəyi haqqındakı şayiə nədən doğa bilər?
▪ Nəyə görə peyğəmbər məhz Yerusəlimdə qətlə yetirilməli idi?