İKİNCİ FƏSİL
Xoşbəxt nikaha hazırlıq
1, 2. a) Hər şeyi əvvəlcədən planlaşdırmağın vacibliyini İsa necə göstərdi? b) Hər şeyi əvvəlcədən planlaşdırmaq xüsusilə hansı sahədə vacibdir?
EV TİKMƏK üçün əsaslı surətdə hazırlıq görmək tələb olunur. Evin bünövrəsi qoyulmazdan öncə torpaq sahəsi alınmalı və plan çəkilməlidir. Bundan əlavə, vacib olan bir şey də var. İsa demişdi: “Sizlərdən kim bir qüllə tikmək istəyirsə, onu tamamlayacaq qədər pulu varmı, deyə oturub əvvəlcə məsrəfləri hesablamır” (Luka 14:28).
2 Evin tikilməsində tətbiq edilən prinsiplər, xoşbəxt nikahın qurulmasında da zəruridir. Bir çoxları: “Evlənmək istəyirəm” deyirlər. Bəs onların arasında çətinliklər barədə düşünənlər çoxdurmu? Müqəddəs Kitab nikah haqqında iltifatla danışsa da, onun özü ilə gətirdiyi çətinlikləri də göstərir (Süleymanın məsəlləri 18:22; 1 Korinflilərə 7:28). Buna görə də evlənmək istəyən şəxs, ailə həyatının xeyir–duaları və çətinlikləri haqqında realistik nöqteyi–nəzərə sahib olmalıdır.
3. Ailə qurmaq niyyətində olan insanlara Müqəddəs Kitab nə üçün dəyərli köməkdir və o hansı üç suala cavab verməkdə kömək edəcək?
3 Müqəddəs Kitab bu sahədə kömək edə bilər. Onun məsləhəti, nikahın Banisi olan Yehova Allah tərəfindən ilhamlanıb (Efeslilərə 3:14; 2 Timoteyə 3:16). Gəlin qədim və eyni zamanda olduqca müasir kitabda yerləşən prinsiplərin köməyi ilə növbəti bəndləri müəyyən edək: 1) Nikaha daxil olmağa hazır olub olmadığını hər bir insan necə müəyyən edə bilər? 2) Gələcək həyat yoldaşında hansı keyfiyyətləri axtarmaq lazımdır? 3) Tanışlıq zamanı oğlanla qız təmiz münasibətlərini necə qoruya bilərlər?
NİKAHA HAZIRSINIZMI?
4. Nikahın xoşbəxtliyini qorumaqda əsas yeri tutan nədir və nəyə görə?
4 Bir evin tikilməsi üçün çox pul xərclənə bilər, ancaq onu uzun müddət yaxşı vəziyyətdə saxlamaq üçün daha çox vəsait lazımdır. Ailə həyatı ilə də vəziyyət eynidir. Nikaha daxil olmağın özü böyük qüvvə tələb edən kimi görünə bilər, lakin illər boyunca ər–arvad arasındakı qarşılıqlı münasibəti qorumağın vacibliyini də nəzərə almaq lazımdır. Burada nəzərdə tutulan nədir? Səmimi qəlbdən verilən sədaqətlilik əhdinin yerinə yetirilməsi vacib rol oynayır. Ər–arvad arasındakı qarşılıqlı münasibət Müqəddəs Kitabda belə təsvir edilir: “İnsan anasını və atasını buraxacaq və arvadına bağlanacaqdır və bir bədən olacaqlar” (Təkvin 2:24). İsa Məsih göstərdi ki, Müqəddəs Kitaba əsasən boşanmağın yeganə səbəbi “zina”, yə’ni nikahdan kənar cinsi əlaqə ola bilər. Yalnız bu halda boşanan insan yenidən evlənə bilər (Matta 19:9). Ailə qurmaq niyyətində olan hər bir kəs, Müqəddəs Yazıların bu normalarını yadda saxlamalıdır. Əgər siz sədaqətli qalmaq üçün belə bir əhd bağlamağa hazır deyilsinizsə, deməli, nikaha da hazır deyilsiniz (Təsniyə 23:21; Vaiz 5:4, 5).
5. Sədaqətlilik əhdinin yerinə yetirilməsi bir çoxlarını qorxutsa da, nəyə görə nikah bağlamaq istəyənlər bu əhdə yüksək qiymət verməlidirlər?
5 Bağlanılan əhdi yerinə yetirmək fikri bir çoxlarını qorxudur. Bir gənc e’tiraf edir: “Ömrüm boyu arvadıma bağlı olacağımı anladıqda, özümü küncə sıxılmış, qıfıllı qapı arxasında əl–qolu bağlanmış bir əsir kimi hiss etdim”. Lakin nikah bağlamaq istədiyiniz şəxsi həqiqətən də sevirsinizsə, sədaqətlilik əhdi sizə bir yük kimi görünməyəcək. Əksinə, belə əhdə təhlükəsizlik mənbəyi kimi baxacaqsınız. Bağlanılan əhdi yerinə yetirmək məs’uliyyətini dərk etmək, ər–arvadda sevincli və kədərli anlarda birlikdə olmaq, baş verən hər bir hadisə zamanı bir–birlərinə dayaq olmaq istəyi oyadacaqdır. Məsihin davamçısı olan həvari Pavel yazırdı ki, həqiqi məhəbbət “hər şeyə qatlaşar” və “hər şeyə tab gətirər” (1 Korinflilərə 13:4, 7). Bir qadın deyir: “Sədaqətlilik əhdi sayəsində özümü daha çox təhlükəsiz hiss edirəm. Öz aramızda və insanlar qarşısında bir–birimizə bağlı qalacağımızı təsdiq etdikdən sonra daxilimdə yaranan rahatlıq mənim xoşuma gəlir” (Vaiz 4:9–12).
6. Gənc yaşlarında nikah bağlamağa tələsməmək nə üçün yaxşıdır?
6 Bu cür əhdə müvafiq tərzdə yaşamaq üçün yetkinlik lazımdır. Buna görə də Pavel, “gəncliyin çiçəklənmə dövrü” keçmədikcə evlənməməyi məsləhət görür, çünki bu dövrdə cinsi hisslər ön plana keçib, insanın nəzərlərini poza bilər (1 Korinflilərə 7:36, YD). Gənclər böyüdükcə tez dəyişirlər. Çox gənc yaşında evlənənlərin əksəriyyəti, bir neçə ildən sonra həm özlərinin, həm də həyat yoldaşlarının tələbatları və arzularının dəyişdiyini müəyyən edirlər. Statistik mə’lumatlardan göründüyü kimi, gənc yaşlarında evlənənlər arasında bədbəxt olanların və boşananların sayı, nikaha daxil olmaq üçün bir qədər gözləyənlərə nisbətən çoxdur. Buna görə də ailə qurmağa tələsməyin. Gənclikdə bir neçə il subay yaşamaq, sizə dəyərli təcrübə verə bilər ki, siz bunun sayəsində daha yetkin və ləyaqətli həyat yoldaşı olmağa hazır olacaqsınız. Əgər ailə qurmağı bir qədər tə’xirə salsanız, özünüzü daha yaxşı dərk etmək imkanınız olacaqdır; bu isə, ailədə yaxşı qarşılıqlı ünsiyyəti inkişaf etdirmək üçün vacibdir.
ƏVVƏLCƏ ÖZÜNÜZÜ TANIYIN
7. Nikaha daxil olmaq istəyən şəxs nəyə görə əvvəlcə özünü tanımalıdır?
7 Həyat yoldaşınızda görmək istədiyiniz keyfiyyətləri sadalamaq sizə asandırmı? Çoxları üçün bunu etmək çətin deyil. Bəs sizin öz keyfiyyətləriniz barədə nə demək olar? Sizə xas olan hansı keyfiyyətlər ailə həyatınızın xoşbəxtliyinə kömək edəcəkdir? Siz necə ər və ya arvad olacaqsınız? Məsələn, öz səhvinizi açıqca e’tiraf edir və verilən məsləhəti qəbul edirsinizmi, yoxsa düzəliş veriləndə həmişə özünüzə bəraət qazandırmağa hazırsınız? Adətən ruhdan düşməyən və gülərüzsünüz, yoxsa qaşqabaqlı və çox vaxt narazılıq edənsiniz? (Süleymanın məsəlləri 8:33; 15:15). Unutmayın ki, nikah sizin xasiyyətinizi dəyişməyəcək. Əgər siz məğrur, tez inciyən və ya hər şeyi bədbincəsinə görənsinizsə, ailə qurduqdan sonra da həmin insan olacaqsınız. Özümüzü kənardan görmək bizə çətindir, belə isə, nə üçün valideynlərinizdən, yaxud da yaxın dostunuzdan, sizə səhvlərinizi göstərmələrini və məsləhət vermələrini xahiş etməyəsiniz? Özünüzdə hansı dəyişikliyi etmək lazım olduğunu öyrəndikdən sonra, nikaha daxil olmağı qəti qərara alana qədər bu sahədə sə’ylə çalışın.
8—10. Müqəddəs Kitabda, nikaha hazırlaşmaq məsələsində insana kömək edən hansı məsləhətlər verilir?
8 Müqəddəs Kitab bizi təşviq edir ki, Allahın müqəddəs ruhunun bizdə fəaliyyət göstərməsinə və “məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq” kimi keyfiyyətlər hasil etməsinə yol verək. Müqəddəs Yazılarda həmçinin deyilir: “Ruhən və əqlən yeniləşin və Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyinin” (Qalatiyalılara 5:22, 23; Efeslilərə 4:23, 24). Nikaha daxil olmamışdan əvvəl bu məsləhəti həyata keçirmək, banka pul yığmağa bənzəyir: gələcəkdə, ailə quranda bu sizə çox faydalı olacaqdır.
9 Məsələn, qadın öz xarici görünüşündən çox, “gizli olan daxili” varlığına fikir verməyi öyrənməlidir (1 Peter 3:3, 4). Təvazökarlıq və sağlam düşüncə, ona “gözəllik tacı” olan müdrikliyi əldə etməsinə kömək edəcəkdir (Süleymanın məsəlləri 4:9; 31:10, 30; 1 Timoteyə 2:9, 10). Kişinin, qadınlarla nəzakət və hörmətlə davranmağı öyrənməsi vacibdir (1 Timoteyə 5:1, 2). Qərar qəbul etməyi və məs’uliyyəti öz üzərinə götürməyi öyrənməklə bərabər, o, həmçinin təvazökar və həlim olmağa da alışmalıdır. Zülmkarlıq nikahda problemlərin yaranmasına səbəb olacaqdır (Süleymanın məsəlləri 29:23; Mika 6:8; Efeslilərə 5:28, 29).
10 Bu sahələrdə nöqteyi–nəzəri dəyişmək asan olmasa da, bu, bütün məsihçilərin üzərində çalışmalı olduqları bir işdir. Bu isə yaxşı həyat yoldaşı olmaqda sizə kömək edəcəkdir.
HƏYAT YOLDAŞI SEÇƏRKƏN NƏYƏ DİQQƏT YETİRMƏK LAZIMDIR
11, 12. İki insan bir–birlərinə uyğun olub olmadıqlarını necə öyrənə bilərlər?
11 Yaşadığınız ərazinin adətinə görə, həyat yoldaşını hər kəs özümü seçir? Əgər belədirsə, xoşunuza gələn olanda necə davranmalısınız? Hər şeydən əvvəl özünüzdən soruşun: “Niyyətim doğrudan da ailə qurmaqdırmı?” Başqasının hissləri ilə oynayaraq, əbəs ümidlər vermək qəddarlıqdır (Süleymanın məsəlləri 13:12). Sonra belə bir sual üzərində düşünün: “Nikah bağlamağa hazırammı?” Əgər hər iki suala da cavabınız müsbətdirsə, onda sizin növbəti addımlarınız yerli adət ən’ənələrdən asılı olacaqdır. Bə’zi ölkələrdə, bir insana müəyyən vaxt ərzində göz yetirdikdən sonra onunla yaxından tanış olmaq arzusunu bildirmək olar. Razılıq verilməzsə, zəhlətökənlik etməyin. Unutmayın ki, bu məsələdə başqasının da qərar qəbul etmək ixtiyarı var. Ancaq seçdiyiniz şəxs razılıq verərsə, faydalı bir işlə məşğul olaraq, bir yerdə vaxt keçirmək üçün qayğı göstərə bilərsiniz. Bu, həmin şəxslə nikaha daxil olmağın müdriklik olub olmadığını anlamaqda sizə kömək edəcəkdira. Bu zaman siz nəyə diqqət yetirməlisiniz?
12 Bu suala cavab vermək üçün, iki musiqi alətini, məsələn, pianino və gitaranı təsəvvür edin. Əgər onlar yaxşı kökləniblərsə, hər ikisində gözəl musiqi ifa etmək olar. Bəs hər iki alətdə eyni vaxtda çalmaq lazım gəldikdə nə olur? O zaman onlar eyni ahənglə səslənməlidir. Sizin və gələcək həyat yoldaşınızın da vəziyyəti buna bənzərdir. Hər biriniz, ehtimal ki, şəxsi xüsusiyyətlərinizi “kökləmək” üçün lazımi qüvvə sərf etmişsiniz. Lakin bununla əlaqədar belə bir vacib sual yaranır: Siz ahəng uyğunluğu ilə “səslənirsinizmi”? Başqa sözlərlə desək, bir–birinizə uyğun gəlirsinizmi?
13. İmanınıza şərik olmayan şəxslə tanışlıq etmək nə üçün son dərəcə müdriksizlikdir?
13 Sizin eyni iman və prinsiplərə sahib olmağınız vacibdir. Həvari Pavel yazırdı: “İmansızlarla eyni boyunduruğa girməyin” (2 Korinflilərə 6:14; 1 Korinflilərə 7:39). Allaha olan imanınıza şərik olmayan şəxslə ailə qurmaq, şübhəsiz ki, ciddi fikir ayrılığına səbəb olacaqdır. Ancaq hər iki tərəfin Yehova Allaha sədaqətli olması, birlik üçün ən möhkəm təməl yaradır. Yehova, xoşbəxt olmağınızı və ailə qurduğunuz şəxslə bağladığınız tellərin daha da möhkəm olmasını istəyir. Allah, “üç qat” məhəbbət telləri ilə Ona və bir–birinizə bağlı olmağınızı arzu edir (Vaiz 4:12).
14, 15. Eyni imana sahib olmaq nikahda razılığın yeganə üsuludurmu? İzah edin.
14 Allaha birlikdə ibadət etmək xüsusilə vacib olsa da, razılığın yeganə üsulu deyil. Birlikdə dinc yaşamaq üçün, sizin gələcək həyat yoldaşınızla oxşar məqsədləriniz olmalıdır. Sizin hansı məqsədləriniz var? Məsələn, uşaq sahibi olmağa aid hər ikinizin münasibətiniz necədir? Həyatınızda önəmli olan nədir?b (Matta 6:33). Əsl xoşbəxt nikahda ər–arvad yaxın dostdurlar və bir yerdə olmaq onlara xoşdur (Süleymanın məsəlləri 17:17). Bunun üçün onlar eyni maraqlara malik olmalıdırlar. Belə deyilsə, nəinki nikahı, hətta yaxın dostluq münasibətini belə qorumaq çətindir. Əgər gələcək həyat yoldaşınız müəyyən bir şeyi, məsələn, piyadə gəzməyi xoşlayır, amma sizin bundan xoşunuz gəlmirsə, bu o deməkdirmi ki, siz ailə qurmalı deyilsiniz? Bu heç də belə deyil. Ola bilsin ki, siz daha vacib olan eyni maraqlara sahibsiniz. Bundan əlavə siz, gələcək həyat yoldaşınızın xoşladığı hər hansı bir işdə iştirak edərək, onu sevindirə bilərsiniz (Həvarilərin işləri 20:35).
15 Uyğunluq, oxşar olmağınızla deyil, nə dərəcədə bir–birinizə uyğunlaşmağınızla müəyyən edilir. “Bir–birimizlə hər işdə razılaşırıqmı?” sualı əvəzinə, belə düşünmək daha yaxşı olar: “Aramızda fikir ayrılığı olan zaman nə baş verir? Biz, qarşılıqlı hörmət və ləyaqəti qoruyaraq, məsələni rahat müzakirə edə bilirikmi? Yoxsa fikir ayrılığımız çox vaxt şiddətli mübahisəyəmi çevrilir?” (Efeslilərə 4:29, 31). Ailə qurmaq istəyirsinizsə, məğrur və inadkar, heç vaxt güzəştə getməyən, yaxud həmişə nə isə tələb edən və hər şeyi öz istədiyi kimi planlaşdıran insandan ehtiyat edin.
ƏVVƏLCƏDƏN ÖYRƏNİN
16, 17. Gələcək həyat yoldaşı seçərkən kişi və ya qadın nəyə fikir verə bilərlər?
16 Məsihçi yığıncağında məs’uliyyət daşıyan insanlar “qabaqcadan imtahan” olunmalıdırlar (1 Timoteyə 3:10). Bu prinsipdən siz də istifadə edə bilərsiniz. Məsələn, subay qadın soruşa bilər: “Bu adam özünə necə ad qazanıb? Onun dostları kimlərdir? İradəlidirmi? Yaşlı insanlarla necə davranır? Necə ailədəndir? Ailə üzvləri ilə münasibəti necədir? Pula münasibəti necədir? Spirtli içkidən sui–istifadə edirmi? Tez qəzəblənən və ya qəddardırmı? Məsihçi yığıncağında hansı məs’uliyyətləri daşıyır və onları necə yerinə yetirir? Mən ona dərin hörmət bəsləyə bilərəmmi?” (Levililər 19:32; Süleymanın məsəlləri 22:29; 31:23; Efeslilərə 5:3–5, 33; 1 Timoteyə 5:8; 6:10; Titusa 2:6, 7).
17 Subay kişi isə növbəti sualları verə bilər: “Bu qadın, Allaha məhəbbət və hörmət təzahür etdirirmi? Ev işlərini bacarırmı? Evləndikdən sonra onun ailəsi bizdən nə gözləyəcək? O, müdrik, əməksevər və qənaətcildirmi? Adətən onun etdiyi söhbətlər nə barədə olur? Başqalarının yaxşılığı üçün səmimi qayğı göstərirmi, yoxsa təkcə özünü düşünür ya da həddindən artıq başqalarının işinə qarışır? E’tibara layiqdirmi? Başçılıq prinsipinə tabe olmağa hazırdırmı, yoxsa inadkar, ya da öz bildiyini edəndir?” (Süleymanın məsəlləri 31:10–31; Luka 6:45; Efeslilərə 5:22, 23; 1 Timoteyə 5:13; 1 Peter 4:15).
18. Tanışlıq zamanı kiçik nöqsanlar üzə çıxarsa nəyi yadda saxlamaq lazımdır?
18 Unutmayın ki, seçdiyiniz şəxs romanın ideallaşdırılmış qəhrəmanı yox, Adəmin qeyri–kamil nəslindəndir. Hər bir kəsin çatışmayan cəhətləri var və istər sizə, istərsə də gələcək həyat yoldaşınıza xas olan cəhətlərdən bə’zilərinə göz yummaq olar (Yaqub 3:2; Romalılara 3:23). Bundan əlavə, zəifliklərini dərk etmək, ruhən irəliləməkdə insana kömək edə bilər. Tutaq ki, tanışlıq zamanı aranızda mübahisə oldu. Düşünün: hətta bir–birinə məhəbbət və hörmət bəsləyən insanlar arasında belə bə’zən narazılıqlar olur. (Təkvin 30:2; Həvarilərin işləri 15:39 ilə müqayisə edin.) Bəlkə də sizin hər ikinizə sadəcə “nəfsinə hakim” olmaq və problemi sülh yol ilə həll etməyi öyrənmək lazımdır? (Süleymanın məsəlləri 25:28). Gələcək həyat yoldaşınız öz keyfiyyətləri üzərində işləmək istəyirmi? Bəs siz? Siz, hər şeyi ürəyinizə salmamağı və az inciməyi öyrənə bilərsinizmi? (Vaiz 7:9). Problemləri həll etməyi öyrənməklə, evləndiyiniz zaman vacib olan açıq ünsiyyət nümunəsini qurmaq olar (Koloslulara 3:13).
19. Tanışlıq zamanı ciddi nöqsanlar üzə çıxarsa, necə müdrik davranmaq olar?
19 Əgər sizi dərindən narahat edən nöqsan cəhətlər görürsünüzsə, bəs onda necə? Bu haqda ətraflı düşünmək lazımdır. Güclü romantik hisslərə və nikah bağlamaq istəyinə qapılmış olsanız da, ciddi nöqsanlara göz yummayın (Süleymanın məsəlləri 22:3; Vaiz 2:14). Əgər dostluq etdiyiniz insana qarşı ciddi şübhələriniz varsa, belə əlaqəni dayandırmaq və həmin şəxslə əhd bağlamamaq müdrik davranış olar.
TANIŞLIQ ZAMANI MÜNASİBƏTLƏRİNİZDƏKİ TƏMİZLİYİ QORUYUN
20. Tanışlıq zamanı oğlan və qız nöqsansız əxlaq təmizliyini necə qoruya bilərlər?
20 Tanışlıq zamanı münasibətlərdəki təmizliyi necə qorumaq olar? Birincisi, öz əxlaqınızın nöqsansızlığına əmin olun. Yaşadığınız ərazidə hələ evlənməmiş oğlanla qızın əl–ələ tutması, öpüşməsi və qucaqlaşması münasib sayılırmı? Məhəbbətin bu şəkildə ifadəsi başqalarında mənfi fikir oyatmasa da, evlənməyi tam qərara alana qədər bu kimi münasibətlərə yol verilməməlidir. Ehtiyatlı olun ki, məhəbbətin bu cür ifadəsi, natəmiz davranışa və ya əxlaqsızlığa səbəb olmasın (Efeslilərə 4:18, 19; müqayisə edin Nəşidələr Nəşidəsi 1:2; 2:6; 8:5, 9, 10). Ürək aldadıcı olduğu üçün evdə, otaqda, dayanacaqda dayanmış avtomobildə və ya nalayiq hərəkətə şərait yarana bilən başqa bir yerdə tənha qalmaqdan uzaqlaşmaqla müdrik davranmış olarsınız (Yeremya 17:9). Əgər tanışlıq zamanı əxlaq təmizliyini qorusanız, bu aydın surətdə göstərəcək ki, sizdə özünü idarə etmək bacarığı var və siz başqa insanın xoş güzaranı üçün təmənnasız qayğını şəxsi istəyinizdən üstün tutursunuz. Daha vacibi isə odur ki, tanışlıq zamanı münasibətlərin təmizliyi, öz xidmətçilərinə natəmizlikdən və əxlaqsızlıqdan çəkinməyi əmr edən Yehova Allahı sevindirir (Qalatiyalılara 5:19–21).
21. Tanışlıq zamanı münasibətlərin təmizliyini qorumaq üçün hansı açıq ünsiyyət lazımdır?
21 İkincisi, tanışlıq zamanı olan təmiz münasibətlər, səmimi ünsiyyəti də özünə daxil edir. Tanışlıq dövrü nikaha doğru irəlilədikcə, bə’zi şeyləri açıq müzakirə etmək lazımdır. Harada yaşayacaqsınız? Hər ikiniz də işləməyi planlaşdırırsınızmı? Övlad sahibi olmaq istəyirsinizmi? Bundan əlavə, ədalətlilik tələb edir ki, insan nikaha tə’sir edə bilən keçmişi ilə bağlı hər hansı bir hadisəni danışsın. Buraya, külli miqdarda borc və ya öhdəçilik, yaxud ciddi xəstəliklə əlaqədar məsələlər daxildir. İİV (QİÇS–ə səbəb olan virus) ilə yoluxan bir çox insanlarda simptomlar dərhal mə’lum olmur; buna görə də əvvəllər pozğun cinsi həyat tərzi sürən, yaxud damar vasitəsilə narkotik qəbul edən insandan QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) üçün qanını analizə verməyini xahiş etmək səhv deyil. Bunu, gələcək həyat yoldaşı və ya onun qayğıkeş valideynləri edə bilər. Analiz xəstəliyin olduğunu göstərərsə və qarşı tərəf bu münasibətlərə son qoymaq istəyərsə, xəstəliyə tutulan şəxs əlaqəni davam etdirməyə məcbur etməməlidir. Əslində, əvvəllər son dərəcə təhlükəli həyat tərzi sürən insanlar, tanışlığa başlamazdan qabaq təşəbbüs göstərib QİÇS üçün qanlarını analizə versələr daha yaxşı olar.
TOYLA HƏR ŞEY BİTMİR
22, 23. a) Toya hazırlaşan zaman təmkinliyi necə itirmək olar? b) Toy və nikah haqqında düşünərkən, hansı təmkinli nöqteyi–nəzərə sahib olmaq lazımdır?
22 Toyqabağı son bir neçə ay ərzində hər ikiniz müxtəlif hazırlıqlarla çox məşğul olacaqsınız. Bu hazırlıqları təmkinliklə görsəniz, gərginlik müəyyən qədər az olacaqdır. Təmtəraqlı toy, ehtimal ki, qohumları və dostları sevindirə bilər, lakin bu, yeni evlənənləri və onların ailələrini fiziki və maddi cəhətdən əldən sala bilər. Yerli ən’ənələrə müəyyən dərəcədə riayət etmək müdrik hərəkətdir, lakin onlara qul olaraq və bəlkə də bəhsə girərək əməl etmək, toyun əsl mə’nasını kölgələyər və sizi həmin günə xas olan sevincdən məhrum edə bilər. Başqalarının hisslərini nəzərə almaq vacib olsa da, toyda baş verəcək hər bir işə görə, ilk növbədə, bəy cavabdehdir (Yəhya 2:9).
23 Unutmayın ki, toy yalnız bir gün olur, sizin bağladığınız əhd isə ömrünüz boyu davam edəcəkdir. Bütün diqqətinizi yalnız toy gününə yönəltməyin. Bunun əvəzinə, Yehova Allahın rəhbərliyini axtarın və qarşıdakı ailə həyatı barədə düşünün. Belə etməklə, xoşbəxt nikaha yaxşı hazırlaşmış olacaqsınız.
a Bu üsul, məsihçilər üçün görüşə çıxmağın münasib sayıldığı ölkələrdə tətbiq ediləndir.
b Hətta məsihçilərin arasında belə, yığıncağın işlərindən sanki kənarda duran insanlar ola bilər. Səmimi qəlbdən Allaha xidmət etmək əvəzinə, onlar, ola bilsin, bu dünyaya məxsus olan düşüncə və hərəkət tərzinin tə’siri altına düşürlər (Yəhya 17:16; Yaqub 4:4).