Padşahlıq haqqındakı həqiqət toxumunu səpirik
“Toxumunu səhər səp və axşama qədər əlinə rahatlıq vermə” (VAİZ 11:6).
1. Bu gün məsihçilər hansı mə’nada toxum səpirlər?
KƏND təsərrüfatı qədim Yəhudi cəmiyyətində vacib rol oynayırdı. Elə buna görə də, bütün insan həyatını Və’d edilən diyarda yaşamış İsa, kənd təsərrüfatı ilə bağlı olan əyani misallar çəkirdi. Məsələn, o, Allahın Padşahlığı haqqındakı xoş xəbərin təbliğini toxumun səpilməsinə bənzədirdi (Matta 13:1—9, 18—23; Luka 8:5—15). Kənd təsərrüfatı ərazisində yaşayıb yaşamadığımızdan asılı olmayaraq, ruhani toxumları səpmək məsihçilər üçün bu gün də ən vacib işdir.
2. Təbliğ işimiz nə dərəcədə vacibdir və bu işin aparılması üçün bu gün nə edilir?
2 Bu axır zamanlarda Müqəddəs Kitabın həqiqət toxumunu səpmək işində iştirak etmək, böyük şərəfdir. Bu işin vacibliyi, Romalılara 10:14, 15 ayələrində yaxşı göstərilir: “Və’z edən yoxdursa, necə eşidəcəklər? Və əgər göndərilməzlərsə, necə və’z edəcəklər? Necə ki, yazılmışdır: Sülh müjdələyənlərin, yaxşı şeylər müjdələyənlərin ayaqları nə gözəldir!” Müsbət münasibət göstərərək, Allahın verdiyi bu tapşırığı sə’ylə yerinə yetirmək indi misilsiz dərəcədə vacibdir. Buna görə də Yeqovanın Şahidləri durmadan çalışaraq, Müqəddəs Kitabı və onun öyrənilməsi üçün ədəbiyyatları 340 dildə nəşr edir və paylayırlar. Bu materialın hazırlanmasında, Yeqovanın Şahidlərinin mərkəzi idarəsində, eləcə də müxtəlif ölkələrdəki filiallarında 18 000-dən artıq könüllü işçi iştirak edir. Təxminən altı milyon Şahid, Müqəddəs Kitabın bu ədəbiyyatlarını dünyanın hər yerində yayır.
3. Padşahlıq haqqındakı həqiqət toxumunun səpilməsi sayəsində nəyə nail olunur?
3 Bu zəhmətli iş hansı səmərələri verir? Məsihçiliyin yarandığı ilk günlərdə olduğu kimi, bu gün də çoxları həqiqəti qəbul edirlər (Həvarilərin işləri 2:41, 46, 47). Lakin daha vacib iş, Padşahlığın yeni vəftiz olunmuş təbliğçilərinin sayı yox, bu geniş şəhadətliyin nə dərəcədə Yeqovanın adına izzət gətirməsi və Ona, yeganə həqiqi Allah olaraq haqq qazandırmasıdır (Matta 6:9). Bundan əlavə, Allahın Kəlamı ilə tanış olaraq, çoxları öz həyatını yaxşılaşdırır və xilasa ümid qazanırlar (Həvarilərin işləri 13:47).
4. Həvarilər, təbliğ etdikləri adamlar üçün nə dərəcədə narahat olurdular?
4 İnsanların həyatının xoş xəbərdən asılı olduğunu aydın dərk edərək, həvarilər təbliğ etdikləri kəslər üçün çox narahat olurdular. Bu, həvari Pavelin yazdığı sözlərdən açıq görünür: “Ürəkdən sizin həsrətinizi çəkən bizlər, sizə yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı da vermək istədik. Çünki siz bizim üçün çox əziz oldunuz” (1 Saloniklilərə 2:8). Pavel və digər həvarilər, insanlara bu cür qayğı göstərməklə, bu xilasedici işdə fəal iştirak edən İsadan və mələklərdən nümunə götürürdülər. Gəlin, Allahın bu səmavi xidmətçilərinin, Padşahlıq haqqındakı həqiqət toxumunun səpilməsində oynadıqları vacib rola diqqət yetirək və görək vəzifəmizi yerinə yetirməkdə onların nümunəsi bizə necə kömək edər.
İsa - Padşahlıq haqqındakı həqiqətin Səpicisi
5. İsa yer üzündə əsasən hansı işlə məşğul idi?
5 Kamil insan olan İsa, öz müasirlərinə maddi cəhətdən əhəmiyyətli dərəcədə kömək etmək üçün lazımi qüvvəyə sahib idi. Məsələn, İsa, həmin vaxt xəstəliklər barədə mövcud olan bir çox yanlış təsəvvürləri qəti surətdə puç edə bilərdi və ya biliyin başqa sahələrində irəli addımlamağa insanlara kömək edə bilərdi. Lakin İsa, artıq xidmətinin başlanğıcında aydın izah etdi ki, aldığı tapşırıq xoş xəbəri təbliğ etməkdən ibarətdir (Luka 4:17—21). Xidməti sona çatana yaxın isə, o dedi: “Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim” (Yəhya 18:37). Buna görə də İsa, Padşahlıq haqqındakı toxumu səpməklə məşğul idi. İsa öz müasirlərinə Allah və Onun niyyətləri barədə öyrədərək, onlara hər hansı başqa bilikdən vacib olan biliyi verirdi (Romalılara 11:33—36).
6, 7. a) İsa, göyə qalxmazdan əvvəl, hansı gözəl və’di verdi və o, bunu necə yerinə yetirir? b) İsanın təbliğ işinə olan münasibəti şəxsən sizə necə tə’sir edir?
6 İsa özü barədə Padşahlıq haqqındakı həqiqət toxumunun Səpicisi kimi danışırdı (Yəhya 4:35—38). O, hər bir imkandan istifadə edib xoş xəbərin toxumunu səpirdi. İsa, hətta dirək üzərində ölərkən də, gələcəkdə yer üzündə olacaq cənnət haqqında danışırdı (Luka 23:43). Ancaq işgəncə dirəyi üzərində ölməsi, onun, xoş xəbərin təbliğinə olan dərin marağına son qoymadı. Göyə qalxmazdan əvvəl, İsa öz həvarilərinə əmr etdi ki, Padşahlıq haqqındakı həqiqət toxumunu səpməyə və şagirdlər hazırlamağa davam etsinlər. Sonra İsa gözəl bir və’d verdi. O, dedi: “Budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm” (Matta 28:19, 20).
7 İsa bu sözlərlə göstərdi ki, xoş xəbərin təbliğ işinə “dövrün sonuna qədər hər gün” hökmən kömək edəcək, istiqamət verəcək və onu müdafiə edəcəkdir. İsa, təbliğ işinə bu günə qədər şəxsən qayğı göstərir. O, bizim “Başçımızdır” Padşahlıq haqqındakı həqiqət toxumunun səpilməsinə o, başçılıq edir (Matta 23:10, YD). O, məsihçi yığıncağının Başçısı kimi, bütün dünyada görülən bu işə görə Yeqovanın qarşısında məs’uliyyət daşıyır (Efeslilərə 1:22, 23; Koloslulara 1:18).
Mələklər xoş xəbəri e’lan edirlər
8, 9. a) Mələklər insanların işlərinə səmimi marağı necə göstərirlər? b) Biz hansı mə’nada mələklər üçün teatr tamaşasıyıq?
8 Yeqova Allah Yer kürəsini yaradanda, mələklər “tərənnüm” edir və “sevinclə çağırışır”dılar (Eyub 38:4—7). O vaxtdan bəri göylərdəki həmin varlıqlar, insanların işinə böyük maraq göstərirlər. Yeqova onların vasitəsilə insanlara öz fikirlərini e’lan edirdi (Məzmur 103:20). Bu, xoş xəbərin bizim günlərimizdə təbliğ olunmasına münasibətdə xüsusilə ədalətlidir. Həvari Yəhya aldığı vəhydə “göyün ortasında uçan başqa bir” mələyi gördü. “Onun əbədi bir Müjdəsi var idi ki, yer üzündə yaşayanlara, hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa təbliğ etsin. Və o, yüksək səslə deyirdi: Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi” (Vəhy 14:6, 7).
9 Müqəddəs Kitab mələkləri, “qurtuluşu miras alacaq olanlara yardım etmək üçün göndərilən xidmətçi ruhlar” adlandırır (İbranilərə 1:14). Mələklər, özlərinə tapşırılan vəzifəni yerinə yetirərək, bizə və bizim fəaliyyətimizə nəzarət etmək imkanına malikdirlər. Biz, teatr səhnəsində göz qabağında olduğu kimi, öz işimizi səmavi tamaşaçıların qarşısında yerinə yetiririk (1 Korinflilərə 4:9). Biz, Padşahlıq haqqındakı həqiqət toxumunu tək səpmədiyimizi bilərək, necə də rahatlıq və xoş həyəcan hissi duyuruq!
Öz vəzifəmizi çalışqanlıqla yerinə yetiririk
10. Vaiz 11:6 olan praktiki məsləhət bizim təbliğ işimizə necə tətbiq edilə bilər?
10 Nəyə görə İsa və mələklər bizim işimizə bu qədər maraq göstərirlər? İsa, bunun səbəblərindən birini bu sözlərlə göstərdi: “Sizə deyirəm ki, tövbə edən bir günahkar üçün də Allahın mələkləri hüzurunda sevinc olur” (Luka 15:10). Biz də insanlara həqiqi maraq göstəririk. Biz, Padşahlıq haqqındakı həqiqət toxumunu hər yerdə vicdanla səpirik. Vaiz 11:6 olan sözləri bizim fəaliyyətimizə aid etmək olar. Müqəddəs Kitab bizə məsləhət edir: “Toxumunu səhər səp və axşama qədər əlinə rahatlıq vermə; çünki hansının, bunun, yaxud o birisinin... yoxsa ikisinin də eyni dərəcədəmi yaxşı olacağını bilməzsən”. Bəli, xoş xəbəri qəbul edənlərin hər birinə yüzlərlə, bəlkə də minlərlə bu xəbəri rədd edən adam düşür. Amma xilas haqqındakı müjdəni “bir günahkar” qəbul edəndə, mələklər kimi, biz də sevinirik.
11. Müqəddəs Kitaba əsaslanan nəşrləri istifadə etmək nə dərəcədə effektli ola bilər?
11 Xoş xəbərin təbliğ edilməsi bir çox amillərlə bağlıdır. Bu işdə vacib vəsaitlərdən biri, Yeqovanın Şahidlərinin istifadə etdikləri Müqəddəs Kitab əsasında dərc olunmuş ədəbiyyatlardır. Bu nəşrlər də müəyyən cəhətdən, hər yerə səpilən toxumlara bənzəyir. Biz, həmin ədəbiyyatların harada səmərə verəcəyini bilmirik. Bə’zən ədəbiyyatlar, onları bir kimsə oxumazdan əvvəl əldən ələ keçir. Bə’zi hallarda İsa və mələklər hadisəyə elə istiqamət verirlər ki, bu nəşriyyatlar düzürəkli adamlara çatsın. Aşağıda göstərilən bir neçə hadisə, Yeqovanın rəhbərliyi sayəsində və insanlara verilən ədəbiyyatların köməyi ilə hansı gözlənilməz və təəccüb doğuran nəticələrin əldə edildiyini göstərir.
Həqiqi Allahın işi
12. Köhnə jurnal, Yeqovanı tanımaqda bir ailəyə necə kömək etdi?
12 Robert, Layla və onların uşaqları, 1953-cü ildə böyük şəhərdən, Pensilvaniya ştatında olan bir kəndə köçdülər və köhnə ferma evində yerləşdilər. Robert qısa vaxtdan sonra pilləkənin altında hamam quraşdırmaq qərarına gəldi. O, bir neçə taxtanı sökərkən gördü ki, siçanlar divarın o biri tərəfinə kağız parçaları, qoz qabıqları və başqa zibillər yığıblar. Bütün bunların arasında “Qızıl əsr” jurnalının bir nüsxəsi də vardı. Uşaqların tərbiyəsi haqqında olan mövzu Roberti xüsusilə maraqlandırdı. Bundan əlavə, o, Müqəddəs Kitaba əsaslanmış aydın rəhbərliyə heyran qalaraq, özlərinin “„Qızıl əsrin“ dininə” qoşulacaqlarını Laylaya bildirdi. Bir neçə həftədən sonra onların qapılarına Yeqovanın Şahidləri gəldilər, ancaq Robert dedi ki, onların ailəsini yalnız “„Qızıl əsrin“ dini” maraqlandırır. Yeqovanın Şahidləri izah etdilər ki, indi “Qızıl əsr” jurnalı “Oyanın!” adlanır. Robert və Layla, Yeqovanın Şahidləri ilə Müqəddəs Kitabı müntəzəm olaraq öyrənməyə başladılar və nəticədə vəftiz olundular. Onlar, öz növbələrində, həqiqət toxumunu uşaqlarına əkdilər və bol məhsul topladılar. Bu gün həmin ailənin 20-dən artıq üzvü, o cümlədən Robertlə Laylanın yeddi uşaqları Yeqova Allahın vəftiz olunmuş xidmətçiləridilər.
13. Puerto-Rikodan olan ər-arvadı, Müqəddəs Kitaba maraq göstərməyə nə təşviq etdi?
13 Təxminən 40 il əvvəl, Puerto-Rikodan olan Uilyamı və onun arvadı Eydunu, Müqəddəs Kitabı öyrənmək heç maraqlandırmırdı. Hər dəfə, Yeqovanın Şahidləri onların qapılarını döyəndə, bu ər-arvad özlərini elə aparırdılar ki, guya evdə yoxdurlar. Bir dəfə Uilyam, evdə tə’mir işi üçün lazımi şeyləri almaq məqsədilə, istifadəyə yararlı olan tullantıların satıldığı yerə getdi. O, qayıtmaq istəyərkən, tullantı olan böyük qabda yaşılaçalar sarı cildli bir kitab gördü. Kitab “Din” adlanırdı və 1940-cı ildə Yeqovanın Şahidləri tərəfindən nəşr edilmişdir. Uilyam kitabı evinə gətirdi və yalan dinlə həqiqi din arasındakı fərq barədə oxuduğu mövzu onu çox maraqlandırdı. Növbəti dəfə Yeqovanın Şahidləri gələndə, Uilyam və Eydu onları sevinclə dinlədilər və onlarla bərabər Müqəddəs Kitabı öyrənməyə başladılar. Onlar, bir neçə aydan sonra, 1958-ci ildə “Allahın iradəsi” adlı beynəlxalq konqresdə vəftiz olundular. O vaxtdan bəri, onların köməkliyi sayəsində 50-dən artıq adam məsihçi qardaşlığına qoşulubdur.
14. Bir hadisənin göstərdiyi kimi, Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlarımızın sayəsində nəyə nail olmaq mümkündür?
14 Karlın cəmi 11 yaşı vardı və o, çox dəcəl idi. O, həmişə xoşgəlməz hadisələrə düşürdü. Onun atası Alman metodist kilsəsində təbliğçi idi və Karla deyirdi ki, pis adamlar öləndən sonra cəhənnəm atəşində yanırlar. Buna görə də, Karl cəhənnəmdən çox qorxurdu. Bir gün, 1917-ci ildə, Karl küçədə üzərində mə’lumat olan kağız parçası gördü və onu götürdü. Oxuyan kimi, “Cəhənnəm nədir?” sualı onun diqqətini cəlb etdi. Bu, cəhənnəm haqqında mühazirəyə də’vət idi. Bu mühazirəni, hazırda Yeqovanın Şahidləri adlanan, Müqəddəs Kitabın Tədqiqatçıları təşkil etmişdilər. Təxminən bir il keçdi, Müqəddəs Kitabın öyrənilməsinə həsr edilən bir neçə məşğələdən sonra Karl vəftiz olundu və beləliklə də, Müqəddəs Kitabın Tədqiqatçılarından biri oldu. Onu 1925-ci ildə Yeqovanın Şahidlərinin ümumdünya mərkəzi idarəsində işləməyə də’vət etdilər və o, bu günə qədər də orada xidmət edir. Bununla da, küçədən götürülmüş kağız parçasının oxunması ilə, səksən ildən artıq davam edən məsihçi həyatı başladı.
15. Yeqova, öz qərarına əsasən, nə edə bilər?
15 Doğrusu, bu hadisələrdə mələklərin iştirak edib etmədiklərini və əgər ediblərsə, nə dərəcədə iştirak etdiklərini öyrənmək bacarığı insanlara verilməyib. Buna baxmayaraq biz, İsa ilə mələklərin təbliğdə fəal iştirak etmələrinə və Yeqovanın işə öz qərarına əsasən istiqamət verməsinə şübhə etməməliyik. Bu və bir çox digər hadisələr göstərir ki, bizim ədəbiyyatlar, biz onları insanlara verdikdən sonra, çox xeyirli işlər edə bilir.
Bizə sərvət e’tibar edilib
16. Biz, 2 Korinflilərə 4:7 ayəsindən nə öyrənirik?
16 Həvari Pavel, “saxsı qablarda” olan “sərvət” haqqında danışırdı. Sərvət, Allahın verdiyi tapşırığı, saxsı qablar isə, Yeqovanın bu sərvəti verdiyi insanları təqdim edir. Bu insanlar qeyri-kamildirlər və imkanları məhduddur, buna görə də, əgər onlara belə bir tapşırıq verilibsə, Pavelin dediyi kimi, “ən üstün qüdrət bizə yox, Allaha aid” olmalıdır (2 Korinflilərə 4:7). Bəli, biz ümid edə bilərik ki, tapşırılan işi yerinə yetirməyimiz üçün bizə lazım olan qüvvəni Yeqova verəcəkdir.
17. Biz, Padşahlıq haqqındakı həqiqət toxumunu səpərkən nə ilə qarşılaşacağıq və buna baxmayaraq, biz nə üçün müsbət əhval-ruhiyyəni qoruyub saxlamalıyıq?
17 Çox vaxt biz fədakarlıq etməli oluruq. Bə’zi ərazilərdə narahatçılıqlarla əlaqədar təbliğ etmək çətin olur. Belə yerlərdə insanların əksəriyyəti xoş xəbərə tamamilə laqeyd yanaşırlar, hətta düşməncəsinə münasibət göstərirlər. Ola bilsin ki, belə ərazilərdə çox qüvvə sərf edilir, lakin elə gəlir ki, hər şey əbəsdir. Amma, əgər bizim xidmətimizdən bu qədər çox şey asılıdırsa, qüvvə əsirgəməyə dəyməz. Unutmayın ki, səpdiyiniz toxumlar insanlara indi xoşbəxtlik gətirər, gələcəkdə isə əbədi həyat verə bilər. Məzmur 126:6 olan: “Səpəcəyi toxumu daşıyıb ağlayaraq gedən, əlbəttə, taylarını daşıyaraq sevinclə gələcəkdir” sözləri dəfələrlə təsdiq olunub.
18. Müntəzəm olaraq xidmətimizə necə diqqət yetirə bilərik və biz bunu nə üçün etməliyik?
18 Gəlin hər bir münasib fürsətdən istifadə edək ki, Padşahlıq haqqındakı həqiqət toxumunu bol-bol səpək. Gəlin heç vaxt unutmayaq ki, toxumları səpən və sulayan biz olsaq da, onları böyüdən Yeqovadır (1 Korinflilərə 3:6, 7). Lakin Yeqova gözləyir ki, İsa və mələklər bu işdə öz borclarını yerinə yetirdikləri kimi, biz də öz xidmətimizi tam surətdə icra edək (2 Timoteyə 4:5). Gəlin necə öyrətdiyimizə, nöqteyi-nəzərimizə və xidmətdəki sə’yimizə müntəzəm olaraq diqqət yetirək. Nə üçün? Pavel cavab verir: “Bunu etməklə sən, həm özünü, həm də sənə qulaq asanları xilas edərsən” (1 Timoteyə 4:16).
Biz nə öyrəndik?
• Bizim səpin işimiz hansı yaxşı səmərələri verir?
• İsa Məsih və mələklər təbliğ işində bu gün necə iştirak edirlər?
• Padşahlıq haqqındakı həqiqət toxumunun səpiciləri kimi, biz nə üçün səxavətli olmalıyıq?
• E’tinasızlıq və ya ədavətlə qarşılaşanda, xidmətimizi davam etdirməyə bizi nə təşviq etməlidir?
[25-ci səhifədəki şəkil]
Qədim israildəki əkinçilər kimi, bugünkü məsihçilər də padşahlıq haqqındakı həqiqət toxumunu bol-bol səpirlər
[26 və 27-ci səhifələrdəki şəkil]
Yeqovanın şahidləri müqəddəs kitaba əsaslanan müxtəlif ədəbiyyatları 340 dildə nəşr edir və paylayırlar