Fəsil 87
Gələcəyin barədə düşün
İSA MƏSİH elə indicə itmiş oğul haqda məsəlini danışıb qurtardı. Onu dinləyənlər arasında şagirdləri, nadürüst vergiyığanlar, digər günahlı sayılan adamlar, mirzələr və fəriseylər var idi. İndi o, şagirdlərinə bir varlı adam haqqında məsəl söyləyir. Bu varlı adamın qulağına nökərbaşısı haqqında xoşagəlməyən xəbər çatıb.
İsa danışır ki, varlı adam nökərbaşını yanına çağırır və ona işdən qovulacağını bildirir. Nökərbaşı öz-özünə deyir: «Ağam vəzifəmi əlimdən alır, bəs mən nə edəcəyəm? Torpaq qazmağa qüvvəm yox, dilənməyə də utanıram. Aha! Bilirəm nə etmək lazımdır ki, işdən qovulandan sonra adamlar məni öz evlərində qəbul etsinlər».
Görəsən, nökərbaşı nə edir? O, ağasına borcu olanları bir-bir yanına çağırır. Birincisindən soruşur: «Ağama nə qədər borclusan?»
O deyir: «Yüz bat [2200 litr] zeytun yağı».
Nökərbaşı deyir: «Qəbzini al və otur, cəld əlli bat yaz».
Sonra başqasından soruşur: «Bəs sənin borcun nə qədərdir?»
O deyir: «Yüz kor [22 000 litr] buğda».
Nökərbaşı deyir: «Qəbzini götür və səksən kor yaz».
Nökərbaşının qəbzlərdə dəyişiklik etməyə ixtiyarı çatır, çünki ağasının maliyyə işlərinə hələ də o baxır. O, borcları azaltmaqla özünə dostlar qazanır ki, işini itirdiyi təqdirdə onlara ağız aça bilsin.
Nökərbaşının bu hərəkəti ağanın xoşuna gəlir. İsa deyir: «Nadürüst nökərbaşının ağılla tərpəndiyini görən ağası onu təriflədi. Doğrudan da, bu zəmanənin oğulları nurun oğullarına nisbətən öz dövrünün adamları ilə daha ağılla davranırlar».
Sonra İsa şagirdlərinə bu məsəlin mahiyyətini göstərir: «Özünüzə dünya malı ilə dost qazanın ki, bu mal qurtaranda onlar sizi əbədi məskənlərə qəbul etsinlər».
İsa bu nökərbaşını nadürüstlüyünə görə yox, fərasətinə, yəni ağıllı tərpəndiyinə görə tərifləyir. Çox vaxt «bu zəmanənin oğulları» var-dövlətlərindən və ya mövqelərindən istifadə edərək onlara yaxşılıqla əvəzini verə biləcək insanlarla dostluq edirlər. «Nurun oğulları» olan Allahın xidmətçiləri də «dünya malı»ndan, yəni var-dövlətlərindən xeyirləri üçün ağılla istifadə etməlidirlər.
Ən əsası isə onlar, İsanın dediyi kimi, «dünya malı»ndan onları «əbədi məskənlərə» qəbul edəcək şəxslərlə dost olmaq üçün istifadə etməlidirlər. «Kiçik sürü»nün üzvləri üçün bu məskən göydədir, «başqa qoyunlar» üçün isə yerdə, Cənnətdə olacaq. Bu məskənlərə bizi yalnız Yehova Allah və İsa Məsih qəbul edə bilər. Buna görə də biz «dünya malı»nı Padşahlıq işinin irəliləməsi üçün sərf edərək onlarla dostluğumuzu möhkəmləndirməyə çalışmalıyıq. Var-dövlət tükənəndə və ya dəyərini itirəndə əbədi həyata təminatımız əlimizdən çıxmayacaq.
Sonra İsa deyir ki, maddi, yəni xırda işlərdə sadiq olanlar mühüm işlərdə də sadiq olacaqlar. O davam edir: «Beləliklə, əgər siz dünya malı ilə rəftarda sadiq olmasanız, kim sizə həqiqi sərvəti [yəni ruhani, yaxud Padşahlıq işini] etibar edər? Özgəsinin malına [Allahın Öz xidmətçilərinə etibar etdiyi Padşahlıqla bağlı işlərinə] qarşı sadiq olmasanız, kim sizə sizin üçün hazırlanmış mükafatı [əbədi məskənlərdə olan həyat mükafatını] verər?»
Biz eyni zamanda həm Allahın həqiqi xidmətçisi, həm də «dünya malının», yəni var-dövlətin qulu ola bilmərik. Bu barədə İsa belə deyir: «Heç bir nökər iki ağaya qulluq edə bilməz, çünki ya birinə nifrət edib, o birini sevəcək, ya da birinə sadiq qalıb digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin nökəri ola bilməzsiniz». Luka 15:1, 2; 16:1—13; Yəhya 10:16.
▪ İsanın söylədiyi məsəldə nökərbaşı sonradan ona kömək edə biləcək adamlarla necə dost olur?
▪ «Dünya malı» nədir və onun vasitəsilə dostlar qazanmaq necə mümkündür?
▪ «Əbədi məskənlər» nədir və bizi ora kimlər qəbul edir?