Fəsil 88
Varlı adam və Lazar məsəli
İSA MƏSİH şagirdlərinə dünya malından düzgün istifadə etmək barədə danışır və onlara başa salır ki, eyni zamanda həm Allahın, həm də var-dövlətin nökəri ola bilməzlər. Bu söhbəti fəriseylər də eşidir və pulgir olduqlarından İsaya rişxənd etməyə başlayırlar. İsa onlara deyir: «Siz insanların qarşısında özünüzü saleh göstərirsiniz, lakin Allah ürəyinizi bilir. İnsanların gözündə uca sayılan şey Allahın gözündə iyrəncdir».
Artıq vaxt yetişib, varlı, siyasətdə və dində nüfuzlu adamların vəziyyəti kökündən dəyişəcək. Onlar alçaldılırlar. Ruhani nemətlərə susayanlar isə yüksəldilirlər. İsa bu dəyişikliyə işarə edərək fəriseylərə deyir:
«Qanun və Peyğəmbərlər [Vəftizçi] Yəhyaya qədər idi. Ondan başlayaraq Allahın padşahlığı haqqında xoş xəbər təbliğ edilir və hər cür adam var gücü ilə ora girməyə can atır. Yerlə göy yox olsa belə, Qanundan bir hərfin nöqtəsi də boşa çıxmaz».
Mirzələr və fəriseylər Musanın Qanununa riyakarcasına itaət etmələri ilə fəxr edirdilər. İsa Yerusəlimdə bir koru möcüzə ilə sağaldarkən fəriseylərin necə öyündükləri, yəqin, yadınızdadır: «Biz Musanın şagirdləriyik. Biz bilirik ki, Musa ilə Allah danışıb». Musanın Qanunu həlim insanları Allahın təyin etdiyi Padşaha, İsa Məsihə tərəf yönəltmək üçün göndərilmişdi. Bu Qanun məqsədinə artıq yetişib. Beləcə, Yəhyanın xidmətə başlaması ilə cürbəcür insanlar, xüsusilə də, həlimlər və kasıblar Allahın Padşahlığının təbəəsi olmaq üçün əllərindən gələni edirlər.
Musanın Qanununun icrası artıq başa çatmaq üzrə idi və bir azdan bu Qanuna riayət etmək tələbi qüvvədən düşəcəkdi. Məsələn, Qanun müxtəlif səbəblərə görə kişiyə arvadını boşamağa icazə verirdi. Amma İsa belə deyir: «Arvadını boşayıb başqasına evlənən zina edir, boşanmış qadına evlənən də zina edir». Yəqin ki, İsanın verdiyi bu açıqlamalar fəriseyləri yandırıb-yaxır. Axı onlar çox şeyə görə boşanmağa icazə verirlər.
İsa fəriseylərə söylədiklərinin ardınca bir məsəl danışır. Bu məsəldə mövqeləri, yaxud vəziyyətləri kökündən dəyişən iki kişidən söhbət gedir. Həmin adamların kimləri təmsil etdiyini və onların vəziyyətindəki dəyişikliyin mənasını anlamağa çalışın.
İsa sözə başlayır: «Bir varlı adam var idi. O, kətan və bənövşəyi libas geyinir, günlərini dəbdəbə içində və keflə keçirirdi. Bir də Lazar adlı bir dilənçi vardı. Onun bədəni büsbütün yara içində idi. Adətən onu varlının qapısına qoyardılar. O, varlının süfrəsindən düşən qırıntılarla qarnını doydurmaq istərdi. İtlər də gəlib onun yaralarını yalayırdılar».
İsanın bu məsəlində varlı adam təkcə fəriseylərlə mirzələri yox, həmçinin sadukeylərin və böyük kahinlərin də daxil olduğu yəhudi din rəhbərlərini təmsil edir. Onlar ruhani nemətlər və imtiyazlar cəhətdən varlıdırlar və özlərini bu məsəldəki varlı adam kimi aparırlar. Bənövşəyi padşah libası bu adamların imtiyazlı mövqelərindən, ağ kətan isə onların öz gözlərində saleh olduqlarından xəbər verir.
Varlı adamın təmsil etdiyi bu lovğa təbəqə kasıb, adi adamlara yuxarıdan aşağı baxaraq onları amhaarets, yəni «torpaq adamları» adlandırır. Beləcə, dilənçi Lazar din rəhbərlərinin ruhani qidadan və hər hansı imtiyazdan məhrum etdikləri kasıb adamların timsalıdır. Bu səbəbdən bədəni yara içində olan Lazar kimi, adi adamlar da ruhani cəhətdən xəstə sayılaraq alçaldılır və itlərə yoldaş olmağa layiq görülürdü. Lakin Lazar sinfinə mənsub olanlar ruhani qidanın həsrətini çəkirlər. Buna görə də onlar varlı adamın «süfrəsindən» düşə biləcək ruhani qida «qırıntılarını» yığmaq arzusu ilə onun qapısından çəkilmirlər.
Sonra İsa varlı adamla Lazarın vəziyyətindəki dönüşü təsvir edir. Bu dönüş necə olur və nəyi təmsil edir?
Varlı adamla Lazarın vəziyyəti dəyişir
Varlı adam ruhani nemətləri və imtiyazları əlinə toplamış din xadimlərini, Lazar isə ruhani nemətlərə susayan sadə xalqı təmsil edir. Amma sonradan bu iki adamın vəziyyəti kökündən dəyişir.
İsa nəql edir: «Bir gün dilənçi öldü və mələklər onu İbrahimin yanına apardılar. Varlı adam da öldü və dəfn edildi. O, Məzarda əzab çəkən vaxt başını qaldırıb uzaqda İbrahimi və yanındakı Lazarı gördü».
Bu məsəldəki varlı adam və Lazar real şəxslər deyil, cəmiyyətdəki təbəqələri təmsil etdiklərindən onların ölümü də rəmzi məna daşıyır. Bəs onların ölümü nəyi təmsil edir?
İsa bu məsəli danışmazdan öncə: «Qanun və Peyğəmbərlər [Vəftizçi] Yəhyaya qədər idi. Ondan başlayaraq Allahın padşahlığı haqqında xoş xəbər təbliğ edilir», — deyərək dönüş mərhələsinin yetişdiyinə işarə etdi. Deməli, Vəftizçi Yəhyanın və İsa Məsihin təbliğ fəaliyyəti ona gətirib çıxarır ki, həm varlı adam, həm də Lazar öz köhnə vəziyyətləri, yaxud şəraitləri üçün «ölürlər».
Lazar sinfinə məxsus təvazökar və tövbə edən insanlar özlərinin ruhani cəhətdən yoxsul keçmişləri üçün «ölür» və Allahın lütfü ilə dolu bir şəraitə düşürlər. Keçmişdə onlar din xadimlərinin ruhani süfrəsindən düşən qırıntılara möhtac idilərsə, indi İsanın Müqəddəs Yazılardan onlara verdiyi həqiqətlər sayəsində ruhani tələbatları büsbütün ödənilir. Beləcə, onlar «İbrahimin yanına» düşür, başqa sözlə, Böyük İbrahim olan Yehova Allahın gözündə yuxarı mövqeyə keçirlər.
Varlı adam sinfinə mənsub olanlar isə Allahın Padşahlığı haqqında İsanın təbliğ etdiyi xoş xəbəri inadla rədd etdiklərindən Allahın lütfünü itirirlər. Beləcə, bu adamlar onların gözündə Allahın lütfünə layiq olan mövqeləri üçün ölürlər və məcazi mənada əzab çəkirlər. Gəlin görək varlı adam indi nə deyir:
«İbrahim ata! Mənə rəhm et. Lazarı göndər, barmağının ucunu suya batırıb dilimi sərinlətsin, çünki alovun içində əzab çəkirəm». İsanın şagirdləri Allahın alovlu hökmlərini bəyan edir və bu xəbər varlı adam sinfinə mənsub olanları, sanki, alovda yandırır. Onlar istəyirlər ki, şagirdlər bu hökmləri artıq bəyan etməsinlər və onların vəziyyəti yüngülləşsin.
«Lakin İbrahim ona dedi: “Bala, unutma ki, sən bütün ömrün boyu firavan yaşamısan, Lazar isə bir xoş gün görməyib. İndi o, burada təsəlli tapır, sən isə əzab çəkirsən. Üstəlik, aramızda dərin uçurum qoyulub ki, nə bizdən sizə, nə də sizdən bizə keçmək istəyənlər keçə bilməsin”».
Lazar sinfi ilə varlı adam sinfinin vəziyyətindəki bu köklü dəyişiklik son dərəcə ədalətli və düzgündür. Bu dəyişiklik bir neçə ay sonra, eramızın 33-cü ilinin Əllinci gün bayramında, köhnə əhd yeni əhdlə əvəz edilən zaman baş verəcəkdi. Məhz onda aydın olacaqdı ki, Allah Öz lütfünü fəriseylərə və digər din rəhbərlərinə yox, İsanın şagirdlərinə verir. Beləliklə, simvolik varlı adamla İsanın şagirdləri arasındakı «dərin uçurum» Allahın dəyişilməz, ədalətli hökmünü təmsil edir.
İş belə olduqda varlı adam «İbrahim ataya» yalvarır: «Xahiş edirəm, Lazarı atamın evinə göndər, çünki mənim beş qardaşım var». Belə deməklə varlı adam boynuna alır ki, onun digər ata ilə, yəni Şeytan İblislə daha yaxın münasibəti var. Varlı adam özünün «beş qardaşı», yəni dini müttəfiqləri «bu əzab məkanına düşməsinlər» deyə xahiş edir ki, Lazar Allahın hökm xəbərlərini yumşaltsın.
«Lakin İbrahim dedi: “Onlarda Musa və Peyğəmbərlər var, qoy onları dinləsinlər”». Bəli, bu «beş qardaş» əzablardan qurtulmaq istəyirsə, Musanın və digər peyğəmbərlərin yazdıqlarını izləməlidirlər. Bu yazılar İsanın Məsih olduğunu göstərir. Varlı adam buna etiraz edir: «Xeyr, dinləmirlər, ay İbrahim ata! Amma ölülərdən kimsə gəlsə, tövbə edərlər».
Lakin o, belə cavab alır: «Əgər Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən kiminsə dirilməsi də onları inandırmaz». Allah insanları inandırmaq üçün xüsusi bir əlamət və ya möcüzə göstərməyəcək. Onun lütfünü qazanmaq istəyən hər kəs Müqəddəs Yazıları oxumalı və bu yazılara əsasən yaşamalıdır. Luka 16:14—31; Yəhya 9:28, 29; Matta 19:3—9; Qalatiyalılara 3:24; Koloslulara 2:14; Yəhya 8:44.
▪ Nəyə görə varlı adamla Lazarın ölümü rəmzi məna daşıyır və onların ölümü nəyi təmsil edir?
▪ İsanın dediyinə əsasən, Vəftizçi Yəhyanın xidmətinin başlanğıcında hansı dəyişiklik olur?
▪ İsanın ölümündən sonra nə ləğv ediləcəkdi və bu, boşanma məsələsinə necə təsir göstərəcəkdi?
▪ İsanın danışdığı məsəldə varlı adam və Lazar kimləri təmsil edir?
▪ Varlı adam hansı əzablara düçar olur və əzabını yüngülləşdirmək üçün nə xahiş edir?
▪ «Dərin uçurum» nədir?
▪ Varlı adamın əsil atası və beş qardaşı kimdir?